Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

LİDERLİK ÖRNƏYİ

Uca Yaradan həmişə güclü liderləri ağır sınaqlara çəkir. Dünya müharibələri, təbiətin çox ağır kataklizmləri – güclü zəlzələlər, subasmalar, sunamilər, uzunmüddətli quraqlıqlar, təhlükəli yoluxucu xəstəliklər – epidemiyalar, pandemiyalar və digər bəşəri fəlakətlər unsanlara kütləvi şəkildə qənim kəsilsə də, ilk növbədə, liderlərin kimliyini ortaya çıxarır. Bu mənada, ilin əvvəlindən bəri bütün dünyanı çox təhlükəli bəla kimi sarmış COVID-19 pandemiyası da belə bəşəri fəlakətlərdəndir. Yeni növ koronavirusun ilkin əlamətləri keçən ilin sonlarında Çinin Uhan şəhərində üzə çıxanda dünya dövlətlərinin əksəriyyəti bunu adi qrip epidemiyası kimi qəbul edib, çox da dərinə getmədilər. Hətta, müasir və güclü səhiyyə sisteminə sahib olan ən çox inkişaf etmiş ölkələr buna xüsusilə etinasız yanaşdılar. Güman etdilər ki, yoluxma baş verərsə, müalicə olunar, qurtarıb gedər. Amma, necə deyərlər, daş qayaya rast gəlmişdi, bu həna o hənadan deyildi. COVID-19 pandemiyası, ilk növbədə, məhz, güclü dövlətlərə “divan tutdu”.

Azərbaycan isə bu məsələnin ciddiliyini nəzərə alaraq, ilk gündən məsələyə məsuliyyətlə yanaşdı. Prezident İlham Əliyevin bilavasitə göstərişi ilə qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlər görüldü. Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi ilə sıx əlaqələr yaradıldı, infeksiyanın yayılma arealı və gedişatı barədə məlumatlar əldə edildi. Elə bu səbəbdəndir ki, COVID-19 Azərbaycana, nisbətən, gec “ayaq açdı” və digər ölkələrlə müqayisədə geniş yayıla bilmədi: həm infeksiyaya yoluxanların, həm də koronavirusdan ölənlərin sayı xeyli az oldu. Azərbaycan dövləti dünyada pandemiyaya qarşı aparılan mübarizəyə kömək məqsədilə Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə verdi və habelə 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göndərdi.

Azərbaycan Prezidenti bu il aprelin 10-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri statusunda Türk Şurasının, mayın 4-də isə Qoşulmama Hərəkatının sədri kimi, 120 üzvü olan həmin təşkilatın dövlət və hökumət başçılarının onlayn formatda zirvə görüşlərini təşkil etdi. Pandemiya dövründə onlayn formatında ilk dəfə təşkil edilən bu tədbirlərdə ümumi bəlaya – COVID-19-a qarşı mübarizənin daha da gücləndirilməsi yolları araşdırıldı, fikir mübadiləsi aparıldı. Şübhəsiz, bunlar həm ölkəmizdə, həm də dünyada razılıq və məmnuniyyət hissi ilə qarşılandı.

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının mayın 4-də keçirilmiş görüşündə qlobal həmrəyliyin nümunəsi kimi, pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında xüsusi sessiyasının təşkili təşəbbüsünü irəli sürdü. Bu təklifi də dünya dövlətləri razılıq hissi ilə qarşıladılar və təşəbbüs 130-dan çox ölkə tərəfindən dəstəkləndi. Bu günlərdə Azərbaycan Prezidenti ilə telefon əlaqəsi zamanı BMT-nin Baş katibi Antonio Quttereş də Baş Assambleyanın həmin təşəbbüsü dəstəklədiyini bildirdi. İndi Prezident İlham Əliyevin təşəbbüsü ilə baş tutacaq BMT Baş Assambleyasının COVID-19-la mübarizəyə həsr olunacaq xüsusi sessiyasına ciddi hazırlıq görülür.

Göründüyü kimi, Azərbaycan Prezidenti zamanın səsinə səs verən lider kimi, nəinki ölkəmizdə, həmçinin dünyada qəbul olunur. Bəs dövlət başçımızın ünvanına göndərilmiş minnətdarlıq məktublarında nədən bəhs olunur? Diqqət yetirək.

Gördüyünüz işlər təqdirəlayiqdir

Hörmətli cənab Prezident!

Bizim minnətdarlığımız koronavirus dövründə dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərlə əlaqədardır. İlk növbədə, onu deyək ki, səhiyyə sahəsində yaradılmış möhkəm maddi-texni­ki baza bu çətin günlərdə köməyimizə çatdı. Ölkənin səhiyyə müəssisələrində xəstələrin yerləşdirilməsi, onlara lazımi qaydada xidmət göstərilməsi təqdirəlayiq haldır.

Siz bu dövrdə həssas qrupa aid ailələri də yaddan çıxarmadınız. Onlara birdəfəlik ödəmə verilməsini, belə ailələrin üzvü olan tələbələrin təhsil haqqının ödənilməsini təmin etdiniz. Biz özümüz də bu imkanlardan yararlanan vətəndaşlarıq.

Cənab Prezident, dualarımız hər zaman Sizinlədir. Çox sağ olun.

Hörmətlə,

Rauf Fikrət oğlu Zeynalov,

Ləman Nəriman qızı Salayeva,

Bakı şəhəri, Nəsimi rayonu

Siz xalqa bağlı lidersiniz

Möhtərəm Prezident!

Sizin rəhbərliyinizlə Azərbaycan müasir inkişa­fın zirvəsinə yüksəlmişdir, dünya birliyində özünə layıqli yer tutmuşdur. Koronavirus adlı bəlanın bü­tün dünya ölkələrini əsarətə aldığı və iqtisadiyya­tını çökdürdüyü bir vaxtda, Sizin əhalinin rifahı ilə bağlı heç bir layihəni ixtisar etməməyiniz bir daha göstərdi ki, rəhbərimiz xalqına nə qədər bağlıdır və xalqını nə qədər sevir. Aqrar sahəyə, eyni za­manda, Azərbaycan Dövlət Aqrar Universitetinə göstərdiyiniz qayğı və diqqət bizi həm sevindirir, həm də daha da ruhlandırır.

Cənab Prezident, bu qayğı üçün Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Elvira İsmayıl qızı Əhmədova,

Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimi

Gəncə şəhəri

Rəhbər ləyaqətli olanda

Cənab Prezident!

Sizin kimi müdrik və ağıllı rəhbərimiz olduğu­na görə sadə bir Azərbaycan vətəndaşı olaraq qürur duyuram və gördüyünüz bütün işlərə görə Sizə səmimi qəlbdən minnətdarlığımı bildirmək istəyirəm.

Bu çətin və qayğılı günlərdə Siz xalqın qay­ğısına qalır, vətəndaşlara dəstək verirsiniz. Ölkə rəhbərimizin Sizin kimi ləyaqətli insan olması ha­mının ürəyincədir. Siz həm də ulu öndər Heydər Əliyevin işlərinin ləyaqətli davamçısısınız.

Bütün bunlara görə Sizə bir daha minnətdarlığımı bildirirəm. Qoy uca Allah Sizi bütün çətinliklərdən qorusun!

Hörmətlə,

Pyotr Kalugin,

Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi

Vətəndaşın həyatı Sizin üçün hər şeydən vacibdir

Hörmətli Prezidentimiz!

Koronavirusla bağlı həyata keçirdiyiniz tədbirlərlə xalqa sevginizin nə qədər böyük olduğunu bir daha göstərdiniz. Çox qısa zaman ərzində koronavirusla mübarizə çərçivəsində insanları qorumaq üçün nə qədər tədbirlər gördünüz. Ölkədə modul tipli yeni xəstəxanalar istifadəyə verildi.

Hər bir vətəndaşımızın həyatını düşündüyü­nüz üçün Sizə minnətdarıq. Bu ağır dövrdə Sizin vaxtında atdığınız addımlar, xalqın sağlamlığının qorunmasına yönəlmiş siyasətiniz nəticəsində koronavirus bəlasından tezliklə xilas olacağımıza böyük inam bəsləyirik.

Hörmətlə,

Həsən Hüseyn oğlu Ömərov,

Zaqatala rayonu

Sizin sayənizdə sağlamlığımıza qovuşduq

Hörmətli cənab Prezident!

Sizin bütün sahələrdəki fəaliyyətiniz təqdirəlayiqdir. Xüsusilə, səhiyyəyə göstərdiyiniz qayğı Azərbaycanda koronovirus pandemiyasına qarşı mübarizədə yaxşı nəticələr əldə etməyə böyük kömək oldu. Tövsiyələrinizə uyğun olaraq, əvvəlcədən tədbirlər görülməsəydi, hadisələrin gedişatı dəhşətli olardı.

Siz hər bir vətəndaşın sağlamlığının qorunma­sı üçün mümkün olan hər şeyi edirsiniz.

Mən və həyat yoldaşım koronovirus infeksiya­sına tutulandan sonra M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirildik.

Xəstəxanada lazımi dava-dərmanla təmin olunduq. Dezinfeksiya və təmizlik işləri də vaxtın­da yerinə yetirilirdi. Tibbi personal yorulmadan, öz sağlamlığını təhlükəyə ataraq daha çox insanı xilas etmək üçün gecə-gündüz çalışırdı.

Biz artıq Sizin sayənizdə sağalaraq evimizə dönmüşük. Bir daha gördüyümüz diqqət və qayğıya görə Sizə və Mehriban xanıma minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Larisa Ağayeva,

Abşeron rayonu, Xırdalan şəhəri

Qarabağ “düyününü” tezliklə açacağınıza inanırıq

Möhtərəm cənab Prezident!

Otuz ilə yaxındır ki, dünya birliyi Ermənistanın işğalçılıq fəaliyyətini bilə-bilə susur. Bizim bir mil­yondan çox qaçqın və məcburi köçkünümüz doğ­ma yurd-yuvalarından didərgin düşmüşdür. Siz onların sosial vəziyyətinin yaxşılaşdırılması üçün müxtəlif dövlət proqramlarını təsdiq etmisiniz.

Qaçqınların mənzil təminatı, aylıq müavinətlərin təyinatı, eləcə də, qaçqın və məcburi köçkünlərin övladlarının təhsil haqların­dan azad olunması – bütün bunlar onlara arxa duran dövlət başçısının və dövlətin olduğunu bəyan edir. Lakin reallıq budur ki, onlar öz doğma yurdlarına qayıtmalıdırlar. Sizin üçün Qarabağ problemi ən ümdə məsələdir və bununla bağlı Azərbaycanın haqlı mövqeyini bütün çıxışları­nızda diqqətə çatdırırsınız. İyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videkonfrans formatında sammitindəki çıxışınız bunu bir daha təsdiqləyir. Siz Ermənistanın baş naziri Nikol Paşinyana verdiyiniz cavabla onların əsl üzünü ortaya qoy­dunuz.

Biz Sizin siyasətinizi daim dəstəkləyir və Qa­rabağ “düyününü” tezliklə açacağınıza inanırıq.

Hörmətlə,

Reyhan Mülük qızı Ağayeva,

Ağcabədi

Xalqımıza böyük dayaqsınız

Çox hörmətli cənab Prezident!

Bir vətəndaş kimi, əminəm ki, xalqımız koronavirus bəlasından tezliklə və az itki ilə xilas olacaqdır. Siz çətin günlərdə xalqımıza böyük dayaqsınız. Biz sadə vətəndaşlar da daim Sizinləyik. Hər birimizin sağlamlığı naminə gördüyümüz işlərə görə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Bir məsələni də vurğulamaq istəyirəm ki, pandemiya dövründə insanların sağlamlığının və asayişinin keşiyində duran həkimlərimiz və polislərimiz öz xidməti borclarını layiqincə yerinə yetirirlər. Görünən odur ki, onlar COVID-19 virusunun qarşısını əzmlə almağa çalışırlar. Bütün bunlar bizi daha da ümidləndirir, nikbin düşünməyə sövq edir.

Xalqımıza göstərilən xidmətlərə görə Sizə, eyni zamanda, həkim və polislərimizə bir daha təşəkkür edirəm. Allah işlərinizi avand eləsin!

Hörmətlə,

Ramil Hüseynbala oğlu Əliyev,

Masallı rayonu, Qarğalıq kəndi

Allah kölgənizi xalqımızın başı üzərindən əskik etməsin

Hörmətli cənab Prezident!

Siz ölkə vətəndaşlarının həyat səviyyəsinin daha da yaxşılaşdırılmasını ali məqsəd kimi qarşıya qoymuş rəhbərsiniz və daim xalqın sosial rifahının yüksəldilməsi üçün tədbirlər görürsünüz.

Ulu öndərimiz Heydər Əliyevin qurub yarat­dığı müasir Azərbaycanı davamlı şəkildə inki­şaf etdirdiyinizə, ölkəmizi beynəlxalq aləmdə yüksək səviyyədə təmsil etdiyinizə, dövlətimizin əsaslarını daha da möhkəmləndirdiyinizə, yeritdiyiniz uğurlu daxili və xarici siyasətə görə bir vətəndaş kimi Sizə dərin minnətdarlığımı bildirirəm.

Allah Sizin kölgənizi xalqımızın başı üzərindən əskik etməsin, Sizi və xalqımızı qorusun!

Yaşasın Azərbaycanımız!

Hörmətlə,

Anar Cavanşir oğlu Abasəliyev,

Bakı şəhəri, Pirallahı rayonu

Təqdim etdi:

Qüdrət PİRİYEV,

“Xalq qəzeti”

12 2020 01:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə