Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı–Tbilisi–Ceyhan: neft strategiyasının təntənəsi

Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində hazırlanan milli neft strategiyasının uğurlu icrası nəticəsində 1994-cü il sentyabrın 20-də “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında Saziş” imzalandı. Xalqımızın və dövlətimizin taleyində mühüm rol oynayan və “Əsrin müqaviləsi” adlandırılan həmin Saziş olduqca çətin ictimai-siyasi proseslər dövründə həyata “vəsiqə qazandı”. Çünki o vaxt dövlət müstəqilliyini yenicə bərpa edən Azərbaycan Ermənistanla müharibə şəraitində idi, ölkə iqtisadiyyatı demək olar ki, tamamilə dağıdılmışdı. Xəzər dənizinin zəngin karbohidrogen ehtiyatlarının işlənilməsi və dünya bazarlarına çıxarılması, əldə edilən vəsaitin respublikamızın mövcud ehtiyaclarına, gələcək sosial-iqtisadi inkişafına yönəldilməsi o dövr üçün yeganə çıxış yolu hesab olunurdu.

Belə bir ağır şəraitdə hər hansısa bir ölkənin, şirkətin Azərbaycana böyük investisiyalar yatırması olduqca mümkünsüz görünürdü. Bu amillər böyük dövlətləri və şirkətləri respublikamıza investisiya yatırmaqda ehtiyatla davranmağa vadar edirdi. Lakin ulu öndər Heydər Əliyev şəxsiyyəti, qətiyyəti və siyasi uzaqgörənliyi danışıqların uğurla başa çatmasını və “Əsrin müqaviləsi”nin imzalanmasını reallaşdırdı.

Beləliklə, 1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft müqavilələri imzalandı. Bu saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, dünya xəritəsindəki mövqeyini möhkəmləndirdi. Azərbaycan artıq bütün dünyada neft ölkəsi olaraq tanınmağa başladı.

Ulu öndər Heydər Əliyevin böyük səyləri və şəxsi nüfuzu sayəsində imzalanan “Əsrin müqaviləsi”ndə dünyanın 7 ölkəsinin 11 məşhur neft şirkəti – BP, “Statoil”, “Amoco”, “TPAO”, “Itochu”, “ExxonMobil”, “LUKoil”, “Delta”, “Remco”, “McDermot”, “Hess” şirkətləri iştirak etdilər.

Bu tarixi hadisədən sonra müstəqil Azərbaycanın neft strategiyası dövlətin həm daxili, həm də xarici siyasətinin əsas tərkib hissəsinə çevrildi və beləliklə, ötən əsrin 90-cı illərində dərin böhran keçirən respublikamız XXI əsrin ilk illərindən sürətlə inkişaf edib çiçəklənən bir diyara, dünyanın nüfuzlu dövlətlərindən birinə çevrildi.

“Əsrin müqaviləsi” çərçivəsində hasil ediləcək böyük neft həcmləri ilə ixrac boru kəmərlərinin çoxvariantlılığının zəruriliyi məsələsi ortaya çıxdı və alternativ variantlar üzərində ciddi iş aparılmağa başlanıldı. Belə bir şəraitdə yeni boru kəmərlərinin çəkilməsi labüd idi. Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan kəmərləri Azərbaycan neftinin dünya bazarına çıxarılmasını təmin etdi.

Xatırladaq ki, 1997-ci ilin oktyabrında Bakı-Novorossiysk, 1999-cu ilin aprelində isə Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verildi.

Lakin Bakı-Supsa və Bakı-Novorossiysk boru kəmərləri Azərbaycanın getdikcə artan iri neft həcmlərini dünya bazarına ixrac etmək iqtidarında deyildi. Məhz buna görə də əsas ixrac neft boru kəmərinin qısa zamanda inşası zərurəti yarandı. Belə olan təqdirdə ulu öndər Heydər Əliyev Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri ideyasını gündəmə gətirdi. Respublikamızın həm daxildəki, həm də xaricdəki bədxahları müxtəlif bəhanələr gətirərək beynəlxalq ictimai rəydə guya Azərbaycanın gələcəkdə bu kəmərlə ixrac etmək üçün kifayət qədər nefti olmayacağı barədə fikir yaratmağa çalışır, bu ideyanı utopiya sayırdılar. Lakin zaman ulu öndər Heydər Əliyevin bu konsepsiyasının tamamilə real, həm də iqtisadi cəhətdən səmərəli olduğunu göstərdi.

2002-ci il iyulun 30-da “Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak payının maliyyələşdirilməsi haqqında” Fərman imzalandı. Həmin Fərmanda BTC layihəsində Azərbaycanın iştirakının təmin edilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilməsi, o cümlədən ölkənin iştirak payının maliyyələşdirilməsi ilə bağlı məsələlər öz əksini tapdı. Nəhayət, 2002-ci il sentyabrın 18-də Bakıda - Səngəçal terminalının ərazisində Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçılarının iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməli qoyuldu.

Ulu öndər Heydər Əliyevin neft strategiyasının ardıcıl şəkildə həyata keçirilməsi sahəsində misilsiz xidmətlər göstərən Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı ilk günlərdən etibarən layihənin gedişi ilə bağlı şəxsən maraqlanır, vaxtaşırı olaraq tikinti işləri ilə tanış olurdu. Nəhayət, 2005-ci ilin aprelində tikinti işləri yekunlaşdırıldı. Həmin il mayın 25-də Səngəçal terminalında xam neftin Bakı-Tbilisi-Ceyhan boru kəmərinə vurulması ilə bağlı rəsmi tədbir keçirildi.

2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı. İyunun 14-də isə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neftin ilk partiyası Ceyhan dəniz terminalında “British Hawthorn” tankerinə yüklənərək dünya bazarına yola salındı. 600 min barrel xam neft yüklənmiş həmin tankerin Ceyhan limanından yola salınması ilə Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə dünya bazarına ixracı başlandı. 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi.

Prezident İlham Əliyev həmin mərasimdə söylədiyi nitqində bildirdi ki, “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanda böyük neft siyasəti başlanıb: “Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmış Azərbaycanın yeni neft strategiyası öz imkanlarından istifadə edib bizi qarşıda duran bütün məqsədlərə çatdırdı. “Azəri-Çıraq-Günəşli” neft yataqlarının işlənilməsi nəticəsində hasil olunan Azərbaycan nefti bu gün dünya bazarlarına müxtəlif yollarla ixrac edilir”.

Dövlətimizin başçısı daha sonra qeyd etdi: “Azərbaycan tarixdə ilk dəfə olaraq, Xəzər dənizinin özünə məxsus olan sektoruna xarici investorları dəvət etdi. Ondan əvvəl Xəzər dənizində xarici şirkətlər heç vaxt fəaliyyət göstərməmişdir. Bütövlükdə, Azərbaycan neft ölkəsi kimi tanınır. Dünyada ilk dəfə sənaye üsulu ilə neft Azərbaycanda çıxarılmışdır. O cümlədən, dünyada dəniz yataqlarından ilk dəfə neft Azərbaycanda, Xəzər dənizində hasil edilmişdir. 1994-cü ildə başlanmış yeni layihələr Azərbaycana onun neft şöhrətini təzədən qaytardı”.

Bakı-Tbilisi-Ceyhan boru kəmərinin çəkilməsi ilə reallaşan və ulu öndər Heydər Əliyevin bir neçə onilliklər üçün hesablanan neft strategiyasının həlli və uğurla davam etdirilməsinin nəticəsidir ki, hazırda Azərbaycan dünya birliyində siyasi-iqtisadi inkişafı, qlobal hadisələrə təsir imkanları artan nüfuzlu dövlət kimi tanınır.

Ümummilli lider Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan boru kəmərinin uzunluğu 1768 kilometrdir. Respublikamızın 13 rayonundan – Qaradağ, Abşeron, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafadan keçən kəmərin Azərbaycan hissəsinin uzunluğu isə 443 kilometrdir. Qalan 248 kilometr Gürcüstanın, 1076 kilometr isə Türkiyənin ərazisindən keçir.

Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri əsasən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı Azərbaycandan nəql edir. Bundan əlavə, hazırda Türkmənistan nefti də bu boru kəməri vasitəsilə nəql olunur. 2013-cü ilin oktyabrından etibarən isə boru kəməri ilə yenidən müəyyən həcmlərdə Qazaxıstanın “Tengiz” yatağından çıxarılan xam neftinin nəqlinə də başlanılıb.

Sonda qeyd edək ki, boru kəməri istismara verildiyi 2006-cı ilin iyun ayından bu ilin birinci rübünün sonunadək bu kəmər vasitəsilə ümumilikdə 455 milyon tondan artıq (3,41 milyard barel) xam neft nəql edilib və Ceyhanda 4457 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Cari ilin ilk rübündə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə təqribən 7,7 milyon ton (58 milyon bareldən artıq) xam neft və kondensat ixrac olunub və Ceyhanda 76 tankerə yüklənib. Bu ilin yanvar-may aylarında isə boru kəməri ilə 12 milyon 529,4 min ton neft nəql edilib.

Hazırda boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, kəmər vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən, Türkmənistan, Rusiya və Qazaxıstan nefti də nəql olunur.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

12 2020 01:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə