Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyənin yardımı dostluğumuzun və qardaşlığımızın daha bir göstəricisidir

Qardaş Türkiyə Azərbaycana koronavirus pan­demiyası ilə mübarizə məqsədi ilə tibbi yardım vasitələri göndərib. Gələn yardım vasitələrinin tərkibi bu şəkildədir: 30 ədəd süni tənəffüs aparatı, 55 min ədəd kombinezon, 50 min ədəd N95 maska, 100 min ədəd cərrahi maska, 5 min tibbi eynək, 200 min əlcək və virusun müalicəsində istifadə olunan 40 min qutu müxtəlif dərman preparatı.

Bəli, Türkiyə də, Azərbaycan da, COVID-19-la mübarizədə bütün ölkələrin işbirliyi və həmrəyliyi ilə uğur qazanacağına inanır. Respublikamız özü bugünədək 30-dan çox ölkəyə yardım göstərib, Ümumdünya Səhiyyə Təşkilatına ehtiyacı olanlara yar­dım məqsədilə iki dəfə ianə edib, aprel-may ayları ərzində iki beynəlxalq qurumun – Türk Şurasının, Qoşulmama Hərəkatının “Virtual Zirvə”sini təşkil edib, BMT Baş Assambleyası­nın Xüsusi sessiyasının çağrılması təşəbbüsü ilə çıxış edib. Bununla belə, Türkiyənin yardımı, məhz, qardaş yardımı olaraq, məhz xüsusi məhəbbətlə göndərildiyi üçün ayrı bir yerə sahibdir.

Belə bir ifadə var: “Hədiyyənin dəyəri onu alarkən və bağışlayarkən keçirdiyin hisslərdədir”. Başqa sözlə, “hədiyyənin dəyəri ona yüklənən anlamla ölçülür”... – mən bu sözləri yardımlara da aid edərdim. İnanı­ram ki, qardaş və qonşu ölkənin yardımına qərar verən dövlət xadimlərindən başlaya­raq, yardımı qablaşdıran, təyyarəyə yükləyən fəhlələrə qədər hər biri, məhz xüsusi hisslər, duyğular keçirib – bu yardım vasitələrinə xüsusi anlam yükləyib...

Türkiyənin bayrağı uca olsun! Qardaş qardaşdır – niyəsiz, necəsiz... Çox xoşdur deyək ki, bu qardaşlıq qanunauyğun xarak­ter daşıyır, təsadüf deyil, tendensiya deyil və özünəməxsus ənənələrə, (heç şübhəsiz, gələcəyə də!) malikdir.

Ən azı XX yüzillik boyunca bu qardaşlıq köməyi, yardımlaşma dəfələrlə öz əsilliyini, dərinlik və üfüq imkanlarını nümayiş etdirib. İstər Çanaqqalada, istərsə də, Azərbaycan Xalq Cümhuriyyəti ərazisinin yadellilərdən azad edilməsində qardaşlar bir-birinə can köməyi, şah damardan qan yardımı edib! Son illərdə, cənab prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev, onlardan örnək alan yüksək çinli rəsmilərimiz ayrı-ayrı mötəbər tribunalardan tarixi dəstəklər ifadə edib.

2014-cü il, aprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olu­nan Sammitdə, Türkiyənin təmsil olunmama­sından sui-istifadə edən Ermənistan prezi­denti Serj Sarkisyanın öz çıxışını bütünlüklə qondarma “erməni soyqırımı” ilə bağlaması qarşılığında, Azərbaycan Prezidentinin dedi­yi tarixi sözləri xatırlatmaq istərdim: “Bu gün təəssüf ki, Ermənistan prezi­denti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. …bu masa arxasında Türkiyə nümayəndələri yox­dur, ancaq mən buradayam və Türkiyə- Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm”. Türkiyənin Van bölgəsində zəlzələnin nəticələrini aradan qaldırmaqçün digər ölkə xilasedicilərinin gəlişinə ehtiyac olmadığını minnətdarlıqla bildirən Türkiyə rəhbərliyinə “bəs nə üçün Azərbaycan xilasedicilərinə izn verdiniz?” deyildiyində, “Onlar izn istəmədi ki! Hadisədən həmən sonra burdaydılar..!” şəklində tarixə düşəcək cavab verdiyini xatırlatmaq istərdim. Yaxud qardaş ölkə Prezidentinin ötən ilin sentyabrında Nyu-Yorkda – BMT Baş As­sambleyasının 74-cü sessiyası çərçivəsində keçirilən iclasda dediyi “BMT-nin qəbul etdiyi qətnamələrə baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonla­rı hələ də Ermənistanın işğalı altındadır. Azərbaycan torpaqlarının işğal altında sax­lanılması qəbuledilməzdir” – sözlərini yada salmaq istərdim.

Əlbəttə və çox şükürlər ki, belə canıya­nanlıq, cəsarət və qardaşlıq örnəkləri çoxdur. Yalnız iki parlaq misal əsasında da görünür ki, Türkiyə–Azərbaycan, Azərbaycan–Türkiyə qardaşlığı, məhəbbəti, yardımı… xalqlarımı­zın, ölkələrimizin ruhuna, təbiətinə əsaslanır. Ona görə də, Türkiyənin bu – yeni yardımı maddi-tibbi dəyərindən daha artıq dərəcədə mənəvi dəyər daşıyır, çünki o təyyarə, həm də duyğu və könül çırpıntısı yüklüydü... Əlbəttə, işin mənəvi planı, duyğu yükü, göndərilən yardımın tibbi, maddi dəyərini qətiyyən azaltmır. Dünyanın da, bizim də yaşadığımız arzuolunmaz dönəmdə – qlobal pandemiya zamanında daha təsirli mübarizə aparmaq üçün hər bir maska da, hər əlcək də, hər ventilyator da... önəmlidir.

Bir daha, qardaş ölkəyə böyük uğurlar, istiqbal və bayraq ucalığı arzulayıram!

Qardaşlığımız sarsılmasın!

Hər iki ölkədə, həmçinin bütün dünyada COVID-19-dan həyatını itirənlərə rəhmət, xəstələrə şəfa diləyirəm!

Əkbər QOŞALI,
Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə heyətinin üzvü

12 2020 01:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Avqust 2020 | 03:39
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə