Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkəmizin COVID–19-a qarşı mübarizə təcrübəsi diqqət çəkir

Pandemiya başlayandan bu günədək Prezident İlham Əliyevin virusa qarşı mübarizə tədbirlərinə şəxsən nəzarəti, vətəndaşların sağlamlığına diqqəti və qayğısı bütün ölkələr üçün nümunədir. Səhiyyəsi yüksək inkişaf edən Avropa ölkələrinə nisbətən bizdə yoluxma və ölüm sayının az olmasının əsas səbəbi, məhz, dövlət tərəfindən gərəkən tədbirlərin həyata keçirilməsidir. Azərbaycanda pandemiya ilə mübarizə sistemi dünyada effektivliyinə görə ilk sıralarda dayanır. Çünki ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən müəyyənləşdirilmiş prinsiplər əsasında pandemiya ilə mübarizə aparır.

Azərbaycan Prezidentinin pandemiya­ya qarşı mübarizəyə verdiyi böyük diqqətin nəticəsidir ki, məhz, onun göstərişinə uy­ğun olaraq yeni növ koronavirus sahəsində çalışan bir qrup xarici mütəxəssis hazırda ölkəmizdədir. COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətindəki tədbirlər çərçivəsində Rusiya və Türkiyədən gələn infeksion xəstəliklər üzrə mütəxəssislər, reani­motoloq və pulmonoloqların ölkəmizə gəlməkdə məqsədi operativ qərargahın tibbi heyəti ilə görüşlər keçirmək, pande­miyaya qarşı görülən tədbirlər sahəsində təcrübə mübadiləsi aparmaqdır. Həmçinin Kuba Respublikasının mütəxəssisləri də pandemiyaya qarşı mübarizə sahəsində təcrübə mübadiləsi aparmaq məqsədilə ölkəmizə gələcəklər. Operativ qərargahın məlumatına görə, Türkiyə Respublikasının Səhiyyə Nazirliyinin COVID-19 üzrə elmi heyətinin üzvləri, eləcə də Rusiya və Türkiyədən olan yüksəkixtisaslı həkimlər xüsusi rejimli xəstəxanalarda olacaq, xəstəliyin qarşısının alınması üçün yerli mütəxəssislərlə birgə müalicə və profi­laktika sahəsində çalışacaqlar. Təcrübələr onu göstərir ki, pandemiya ilə mübarizə o zaman uğurlu nəticə verir ki, dövlət tərəfindən görülən işlər, müəyyənləşdirilən qaydalar cəmiyyət tərəfindən də ciddi şəkildə icra olunur. Eyni zamanda, onu da diqqətə çatdırmaq yerinə düşər ki, ko­ronavirusa qarşı bu mübarizədə ən böyük yük həkimlərin üzərinə düşür. Ölkəmizdə iyulun 9-a qədər olan məlumata görə, 22 min 464 yoluxanın 13 min 591 nəfərinin sağalaraq evlərinə dönməsi məhz fədakar həkimlərimizin yorulmaq bilmədən çalış­maq əzminin nəticəsidir. Onlar canlarını riskə ataraq xəstələri həyata qaytarmaq üçün gecə-gündüz xidmət göstərirlər. Bu yolda həyatlarını itirənlər də olub, indi re­animasiyada müalicəyə cəlb olunanlar da. Təkcə Azərbaycan Tibb Universitetinin 35 həkimi koronavirusa yoluxub və xəstəxana şəraitində can savaşındadırlar. Dövlət başçımız da həkimlərin fədakarlığını çı­xışlarında dəfələrlə dilə gətirmişdir: “Mən bir daha bütün həkimlərə minnətdarlığımı bildirmək istəyirəm. Onlar öz həyatlarını risk altına atırlar. Onlar aylarla öz ailə üzvlərini görə bilmirlər və çox ağır şəraitdə xüsusi geyimlərdə gecə-gündüz xəstələrin yanındadırlar, onların həyatını xilas edirlər. Bizdə ölüm səviyyəsinin çox aşağı olması, ilk növbədə, həkimlərin peşəkarlığı, fədakarlığı hesabınadır”. Əməkhaqqına əlavələrin edilməsi, ölkə başçısının onlara həmişə mənəvi dayaq durması, əməkhaqlarının artırlması üçün sərəncam imzalaması həkimlərə güc, stimul verir, onları daha əzmlə işləməyə həvəsləndirir. Həkimlərimizin öz vəzifələrini vicdanla, məsuliyyətlə yerinə yetirməsi, sözün əsl mənasında, onların dövlətə, xalqa, başlı­cası isə öz nəcib sənətlərinə sədaqətlərinin təzahürüdür. Prezident İlham Əliyev iyulun 6-da Xətai rayonunda modul tipli hospitalın açılışında televiziya kanal­larına müsahibəsində ölkədə koronavi­rusla mübarizə sahəsində görülən işlərlə bağlı da geniş danışmış, bir çox prinsipial məsələlərə dair qəti mövqeyini ifadə etmişdir.

Qeyd etməliyik ki, may ayından indiyədək 6 modul tipli xəstəxananın istifadəyə verilməsi Azərbaycanın gözlənilməz vəziyyətlərdən çıxış yolu tapmağa həmişə hazır olduğunu göstərir. Sonuncu xəstəxanada 800 xəstənin yerləşdirilməsi nəzərdə tutulur. Növbəti istifadəyə veriləcək daha bir modul tipli xəstəxana 1300 yerlik olacaq və əlavə on belə xəstəxananın tikintisi nəzərdə tutulur. Hazırda ölkəmizdə 36-sı son müddət ərzində inşa edilən 45 xəstəxanada koro­navirus xəstələri müalicə alırlar. Onlardan “Yeni klinika”da çarpayıların sayı əvvəlcə 500 idisə, indi bu sayın 700-750-yə çat­dırılması nəzərdə tutulur. Qeyd etməliyik ki, ehtiyac yaranacağı təqdirdə 5 mindən çox xəstənin yerləşdirilməsi üçün potensial mövcuddur.

İndi dünyada bir çox ölkələr yenidən məhdudlaşdırıcı tədbirlərə qayıdırlar, ölkəmizdə isə ilk günlərdən qabaqlayıcı tədbirlər görüldü və vəziyyət nəzarətdə saxlanıldı. Təcrübə onu göstərir ki, heç bir ölkə pandemiyadan tam şəkildə özünü sı­ğortalanmış hesab edə bilməz. Bu gün pan­demiyadan ən çox əziyyət çəkən ölkələrin əksəriyyəti inkişaf etmiş ölkələrdir. Azərbaycanla əhalisi eyni olan bəzi inkişaf etmiş ölkələrdə yoluxanların sayı 60-70 min, ölənlərin sayı isə 10 mindir. Tədbirlərlə bağlı qərarlar qəbul olunarkən, mövcud vəziyyət dərindən təhlil olunur, mütəxəssislərlə məsləhətləşmələr apa­rılır. Dövlətin də əsas məqsədi insanla­rımızı, onların sağlamlığını, həyatını bu xəstəlikdən qorumaqdır.

Fevral ayında Azərbaycanda cəmi altı laboratoriya mövcud olduğu halda, hazırda onların sayı 29-a çatıb və daha 15 yeni laboratoriya sifariş edilib. Laboratoriya­ların sayı 44-ə çatacaqdır. Bu günə qədər ölkəmizdə 500 mindən çox test aparılıb və adambaşına düşən testlərin sayına görə Azərbaycan dünyada təqribən 40-cı yerdədir. Pandemiyanın ilk günlərindən hazırkı dövrə qədər dövlət tərəfindən bütün lazımi addımlar atılıb. Yoluxma­ların artmasının əsas səbəbi bəzi insan­ların məsuliyyətsizliyi, tələblərə laqeyd münasibətidir. Buna görə karantin rejimini pozanlara qarşı cərimələr tətbiq etmək məcburiyyəti yaranır. Mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır. Qaydaları pozan insanlar daha məsuliyyətli olarlarsa və nizam-intizama riayət edərlərsə, pandemiyanı nəzarətdə saxla­maq mümkün olar. Çünki dövlət tərəfindən vacib olan bütün mübarizə vasitələrindən yüksək səviyyədə istifadə edilir.

Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda görülmüş işlərə yüksək qiymət verir. Azərbaycan da ÜST-ü beynəlxalq arenada dəstəkləyir, ehtiyacı olan ölkələrə maliyyə yardımı məqsədilə bu təşkilata 10 milyon dollar ianə verib. ÜST-ün nümayəndəliyi Azərbaycanda çox fəal iş aparır və bu xəstəliyin yayılmaması üçün əməli addımlar atır. Pandemiyadan sonra da Azərbaycan ÜST-lə əməkdaşlığını uğurla davam etdirəcək. Çünki Azərbaycan bu günə qədər 30-dan çox ölkəyə hu­manitar və maliyyə yardımı göstərib və bunu piar üçün yox, ölkələrə həmrəylik borcu kimi edib. Ölkəmiz həmrəyliyi sözdə yox, əməldə göstərərək, dünyada çox yüksək imic qazanıb. Humanitar və maliyyə yardımı bir daha onu göstərir ki, Azərbaycan ayaqda möhkəm duran ölkədir və çətin dövrdə özünə qapanmır. BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü irəli sürməkdə Azərbaycanın məqsədi COVID-19-la mübarizədə vahid yanaşmanın tətbiqinə, ölkələrin özlərinə qapanmamasına, inkişaf etmiş ölkələrin ağır vəziyyətdə olan ölkələrə kömək göstərməsinə nail olmaqdır. Bu təşəbbüsün lehinə 130-dan çox ölkənin səs verməsi Azərbaycana olan münasibəti sübut edir. Ölkəmiz bu rəğbəti uzun illər ardıcıl fəaliyyət hesabına, prinsipial, müstəqil siyasətimiz sayəsində qazanıb.

Qeyd etməliyik ki, ÜST-ün nümayəndəsi, Türkiyədə çalışan həkim Turanə Rəsulova "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" adlı video layihəsinə açıqlamasında bildi­rib ki, Azərbaycana gəldiyimiz gündən gördüyümüz mübarizə tədbirləri bizi yaxşı mənada çox heyrətləndirdi. Azərbaycanda pandemiya ilə mübarizə sistemi dünyada effektivliyinə görə ilk sıralarda dayanır. Azərbaycan ÜST tərəfindən müəyyənləşdirilmiş prinsiplər əsasında pandemiya ilə mübarizə aparır: "Biz regionlarda, Bakıda olan COVID xəstəxanalarında olduq, orada olan şərait dünyanın qabaqcıl ölkələri ilə eyni səviyyədədir, ancaq bütün bu işlərin qarşı­sında biz cəmiyyət olaraq qoyulan qayda­lara əməl etməsək, yoluxma artacaq".

Ankara şəhər xəstəxanasının həkimi Fərid Kazımzadə bildirib ki, istənilən Avropa ölkəsində səhiyyə sistemi nə qədər güclü olsa da, pandemiya qarşısında iflas etdiyini gördük. Azərbaycan bunun qarşısını almaq üçün ciddi mübarizə aparır, xüsusən pandemiyanın başlanğıcında görülən işləri qeyd etmək lazımdır: "Ancaq təbii ki, qabaqlayıcı tədbirlər kifayət etmir, ilk növbədə insanların qoyulan qaydalar, məhdudiyyətlərə əməl etməsi birbaşa yoluxma sayına təsir edir. Biz də bu mübarizəni izləyirik və inanırıq ki, tezliklə uğurlu nəticələr alınacaq".

Əminik ki, ölkəmizdə səfərdə olan Rusiya və Türkiyədən gələn infeksion xəstəliklər üzrə mütəxəssislər, reanimo­toloq və pulmonoloqlar da Azərbaycanda pandemiyaya qarşı görülən tədbirlərdən təcrübə toplayacaq, onu nümunəvi mübarizə üsulu kimi qəbul edəcəklər.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

12 2020 01:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə