Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünyada koronavirusa ən çox yoluxma dünən qeydə alınıb

Bəşəriyyət hələ koronavirusla mübarizə meyda­nında döyüşməkdədir. Bəzi məlumatlara görə, dünyada hətta pandemiyanın ikinci dalğası yayılmağa başlayıb. Bu səbəbdən, bir sıra ölkələrdə yo­luxma sayı sürətlə artmaqdadır və payızda epidemioloji vəziyyətin daha da gərginləşəcəyi barədə xəbərdarlıq edilir. Azərbaycanda da ciddi qabaqlayıcı tədbirlər görülür. Prezident İlham Əliyev iştirak etdiyi müxtəlif tədbirlərdə dönə-dönə vurğulayır ki, ölkə rəhbərliyinin qarşısında duran əsas vəzifə insanları bu amansız xəstəlikdən qorumaq, onların həyatını xilas etməkdir. Bu barədə fikirlərini bildirən Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü Ələşrəf Niftiyev dedi:

– Son vaxtlar dünyada koronavirusa yoluxanların sayının azalmaq əvəzinə artdığı müşahidə edilir. İndiyədək artıq 12,3 milyondan artıq insan bu amansız bəlaya düçar olub, virusdan 551 mindən çox insan ölüb. Son sutka ərzində virusa 230 minə qədər yeni yoluxma aşkarlanıb, 5 565 nəfər ölüb. Dünən təşkilat həyəcan təbili çalıb ki, pandemiyanın başlandığı vaxtdan bəri ötən gün ərzində dünyada ko­ronavirusa ən çox yoluxma qeydə alınıb.

Pandemiyanın qorxunc şəkildə yayıl­dığı ölkələrdən biri də ABŞ-dır. Bu ölkədə də koronavirusdan ən çox ölüm halı qeydə alınmaqdadır. Vəziyyət o həddə çatıb ki, artıq ABŞ Prezidenti Donald Tramp da maska taxacağını bəyan edib. Bildirib ki, Vaşinqton ətrafındakı Uolter Rid adına hərbi hospitala səfəri zamanı qoruyucu maskadan istifadə edəcək.

ABŞ Prezidenti deyib ki, maskadan istifadə özünü doğruldur: "Mən yaralı hərbçilərin müalicə edildiyi, eləcə də koronavirusla mübarizə aparan tibb işçilərinin çalışdığı hərbi hospitala getməyi planlaşdırıram. Oraya gedəndə maska taxmalı olacağam. Düşünürəm ki, bu, doğru addımdır".

Ermənistan əhalisinin hər milyon nəfəri üzrə koronavirusdan ölüm sayına görə dünyada ikinci yerdədir. Bu ölkə həm də hər milyon nəfər əhali üzrə ən çox yoluxma halına görə də ikinci yerdədir. Hər milyon nəfərə 11 872 nəfər yoluxma faktı düşür.

Şübhəsiz ki, infeksiyadan qorunma­ğın ən yaxşı yollarından biri insanların güclü immun sisteminə malik olmasıdır. Yorğunluq, halsızlıq, taqətsizlik hissi, il ərzində 7-8 dəfə hər hansı yoluxucu xəstəliklə üzləşmək və həmin xəstəliklərin uzunmüddətli müalicə tələb etməsi immun sisteminin zəifliyini göstərir.

İmmunitetin möhkəmləndirilməsi üçün qidalanma zamanı meyvə-tərəvəzlərə üstünlük verilməsi, gün ərzində 2-3 litrə qədər maye qəbul edilməsi vacibdir. Bununla yanaşı, idmanla məşğul olmaq, fiziki hərəkətlər də immun sisteminin möhkəmlənməsinə kömək edir. Ən vacib elementlərdən biri C vitaminidir. Ona görə də portağal, naringi, limon kimi sitrus meyvələrindən, yaşıl və qırmızı bibər, cəfəri, kələm, noxud və pomidor kimi tərəvəzlərdən çox istifadə etmək lazımdır.

Vacib məsələlərdən biri də şəxsi gigiyena qaydalarına əməl etməkdir. Əllər azı 1 dəqiqəyə qədər sabunla yuyulmalı, çirkli və yuyulmamış əllərlə ağız, burun və gözə toxunulmamalıdır. Çirkli və işlənmiş maskalardan ikinci dəfə istifadə edilməməlidir.

Söhbəti qələmə aldı: Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

12 2020 01:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə