Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan cinayətkarlıq, korrupsiya və rüşvətxorluğun tüğyan etdiyi ölkədir

Prezident İlham Əliyevin Bakının Xətai rayonunda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalın açılışında televiziya jurnalistlərinə verdiyi müsahibə ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır. Dövlət başçımız ölkəmizin reallıqlarını gündəmə gətirdi, xüsusilə Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı problemlərə konkret münasibət bildirdi. Bu günlər ziyalılarımız, ictimaiyyət nümayəndələri sosial şəbəkələrdə, qəzetlərdə və televiziya verilişlərində Prezidentin bu problemlərə münasibətinə geniş şərhlər verirlər. Biz də Bakı Slavyan Universitetinin elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzovun fikirlərini təqdim edirik:

– Rafiq müəllim, Prezident jurnalistlərin suallarını cavablandırarkən Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mühüm məqamlara da toxundu…

– Azərbaycan xalqı öz Prezidentinin səbirli və qətiyyətli lider olduğunu yaxşı bilir. Bu müsahibədə Prezidentimizin aydın və qətiyyətli mövqeyi, faktlarla hadisələrə konkret münasibət bildirməsi hər bir azərbaycanlını ürəkdən sevindirdi.

Prezident Ermənistandakı vəziyyətlə bağlı əhəmiyyətli faktları gündəmə gətirərək dedi: “Əgər 20 il ərzində bir ölkəyə rüşvətxorlar, cinayətkarlar, oğrular rəhbərlik edibsə, bu ölkə cinayətkarlar, oğrular, rüşvətxorlar ölkəsidir. Başqa cür ola bilməz. Onların dırnaqarası müstəqillik tarixi rüsvayçılıq tarixidir. Müstəqilliyin ilk illərində Azərbaycan xalqına qarşı törədilmiş ərazi iddiası, Xocalı soyqırımı, işğal və Azərbaycan vətəndaşlarının öz doğma torpaqlarından didərgin salınması, ondan sonrakı mərhələdə qanunsuz yollarla hakimiyyətin zəbt edilməsi. Bütün Ermənistan rəhbərləri hakimiyyətə qanunsuz yollarla gəliblər. Bu ölkənin, sadəcə olaraq, tarixinə baxmaq kifayətdir. 1990-cı illərin sonlarında Ermənistan parlamentində terror hadisəsi onların əsl mahiyyətini üzə çıxarır. Bu, terrorçu ölkədir və 2018-ci ilə qədər quldur, kriminal, rüşvətxor xuntanın hakimiyyəti Ermənistanı bu acınacaqlı vəziyyətə gətirib çıxardı.”

Cənab Prezident xarici ölkələrə səfərlərindəki çıxışlarında da dəfələrlə bu məsələlərə toxunub, Ermənistanın korrupsiya və rüşvətxorlar ölkəsi olduğunu diqqətə çatdırıb.

Prezidentimiz dedi ki, bu ölkədə siyasi opponentlər təqib edilir, partiya rəhbərlərinin deputat toxunulmazlığı götürülür, onlar hədələnir, qohumlarına qarşı cinayət işləri açılır, hakimiyyət zəbt edilib, hakimiyyət bölgüsü tamamilə mövcud deyil. Baş nazir həm hakimdir, həm prokurordur, həm icra orqanının rəhbəridir, həm də sanki parlamentin sədridir. Qanunvericilik, məhkəmə-hüquq və idarəetmə mexanizmi bir adamın əlində cəmlənib və Ermənistanda diktatura artıq formalaşıbdır.

– Prezidentin toxunduğu məsələlərdən biri də ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlıdır. Sizcə dövlət başçısının bu məsələyə münasibəti Minsk qrupunun fəaliyyətində müəyyən fəallıq yarada bilərmi?

– Əvvəla, onu deyim ki, Minsk qrupunun fəaliyyətində heç bir irəliləyiş yoxdur. Azərbaycan xalqı Minsk qrupunun fəaliyyətsizliyini onsuz da yaxşı bilir və əslində, ondan elə bir ciddi addım da gözləmir. Ötən illərin təcrübəsi onu göstərir ki, bu qrup, əslində, Ermənistana kömək məqsədilə yaradılıb. Onlar Azərbaycana ikili standartlarla yanaşan Avropa Şurasının havasına oynayırlar. Boş bəyanatlarla bu xalqı aldatmaq yetər. Cənab Prezident də haqlı olaraq dedi ki, biz bunlardan konkret bəyanatlar gözləyirik və onu eşitmək istəyirik: “Ermənistanın baş naziri deyir: “Qarabağ Ermənistandır”. Buna mən cavab verirəm və lazımi cavab verirəm. Amma Minsk qrupu niyə buna cavab vermir? Niyə cavab vermir ki, bu ifadə, əslində, Minsk qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir. Minsk qrupunun həmsədrləri buna adekvat reaksiya veriblər? Verməyiblər!”.

Çünki havadarları buna imkan vermir. Cənab Prezident deyir ki, biz danışıqları mahiyyət üzrə aparmaq istəyirik. İndi onlar bir söz çıxarıblar – substantiv danışıqlar. Özləri bu sözü çıxarıblar, aydındır bunun mahiyyəti nədir – bəli, mahiyyət üzrə danışıqlar formatı dəyişmədən və masa üzərində olan danışıqlar predmetinə əlavə etmədən. Belə olan halda, əlbəttə, biz danışıqlarda iştirak edəcəyik. Əks halda, mənasız danışıqların aparılmasına heç bir ehtiyac qalmayacaq. Bax, biz Minsk qrupundan bunu gözləyirik və öz mövqeyimizdə möhkəm dayanmışıq, haqq-ədalət bizim tərəfimizdədir. Biz haqlı olduğumuzu həm beynəlxalq arenalarda göstərmişik, həm də döyüş meydanında və heç kimin Aprel döyüşləri yadından çıxmasın. Bəli, Azərbaycan öz gücünü onsuz da düşmənə göstərib. Xalqımız hər an Ali Baş Komandanın əmrinə hazırdır.

Müsahibəni qələmə aldı: M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

12 2020 01:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə