Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Jurnalistikamız ədalət və həqiqət prinsiplərinə sadiqdir

Müsahibimiz yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Firuz Mustafadır

Azərbaycan Milli mətbuatı 145


– Firuz müəllim, böyük maarif­çi Həsən bəy Zərdabinin əsasını qoyduğu milli mətbuatımızın inkişaf yolunu, bütövlükdə, necə dəyərləndirmək olar?

– Çox sevindirici haldır ki, bizim mətbuat elə yarandığı ilk vaxtdan, “Əkinçi” qəzetinin ilk sayından etibarən demokratik və xəlqi mövqedə dayanıb, ədalət və həqiqət prinsiplərinə sadiq qalıb. Artıq mətbuatımızın yaşı bizim örta ömrümüzdən iki dəfə artıqdır. Pro­fessional jurnalistikadan söhbət açan­da elə təkcə ilk milli qəzetimizin naşiri və redaktoru Həsən bəy Zərdabini və son böyük jurnalistlərimizdən biri olan Şirməmməd Hüseynovu xatırlamaq yerinə düşər.

– Siz böyük ədəbiyyata jur­nalistikadan, bir sıra qəzetlərin müxbirliyindən və televiziya redak­torluğundan gəlmisiniz. KİV sizin üçün doğma yaradıcılıq sahəsidir. Çağdaş mətbuatımızda hansı ten­densiyalar diqqətinizi daha çox cəlb edir?

– Bu gün jurnalistikada yeni imza­lar görünməkdədir. Təəssüf ki, arabir jurnalist adına xələl gətirən şəxslər barədə də informasiyalar eşidirik. Bü­tün çətinliklərə, problemlərə, arzuolun­maz hallara baxmayaraq belə hesab edirəm ki, mətbuatımız bu gün yeni mərhələyə qədəm qoyub.

Dövlət rəhbəri çıxışlarında jurnalistlərə daha obyektiv və qərəzsiz mövqedə durmağı, cəmiyyətdə baş verən hadisələrə doğru-düzgün qiymət verməyi tövsiyə edir. Prezident İlham Əliyevin milli mətbuatımızın yaran­masının 145 illik yubileyi barədə imzaladığı sərəncamda isə çağdaş jurnalistikanın yaradıcılıq axtarışları belə qiymətləndirilib: modernləşmə, rasionallıq, obyektivlik, kreativlik, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi.

– Firuz müəllim, siz sosial şəbəkələrdə, xüsusilə “Facebook”da çox fəalsınız. Bu, sizə nə verir?

– Mən bir neçə dəfə yazmışam, yenə xatırlatmaq istəyirəm: biz indi elə bir dönəmdə yaşayırıq ki, “Facebook” əyləncə mənbəyindən daha çox, infor­masiya məkanına çevrilib. Deməzdim ki, bu məkanda çox fəalam. Amma ətrafımızda baş verən hadisələrə tez reaksiya vermək, münasibət bildirmək baxımından sosial şəbəkələri, saytları nə əvəz edə bilər?

– Çoxları mətbuatı bədii ədəbiyyatla “əkiz qardaşlar” hesab edirlər. Çağdaş ədəbi prosesdə hansı tendensiyaları müşahidə edirsiniz?

– Ədəbi proses çox geniş anla­yışdır. Amma onu “lokal coğrafiyada” təsəvvür edənlər də var. Demək istədiyim nədir? Bu gün biz elə bir zamanda və elə bir məkanda yaşayı­rıq ki, bir çox prosesləri, o cümlədən, ədəbi prosesi “muxtarlaşdıra”, “lokallaşdıra” bilmərik. Yəni dünya ədəbiyyatı kontekstindən kənarda hansısa ciddi bir əsərin meydana gəlməsi qeyri-mümkündür.

Əlbəttə, biz bu sərhədsiz müstəvidə ədəbiyyatın milliliyi, xəlqiliyi məsələsini də unuda bilmərik. Fikrimi qısa şəkildə belə formula edə bilərəm: indi meydana çıxan ən güclü, ən dolğun əsərlərdə bir fərdin problemi bir millətin, bir cəmiyyətin problemi isə bütöv bəşəriyyətin problemi kimi təqdim edilir.

Bir az obrazlı desək, bir damlada bir okeanı, bir zərrədə bütün caha­nı vermək zərurəti meydana gəlib. Təəssüf ki, ədəbiyyata yeni gələn gənclərin bir çoxu ədəbiyyatın əbədi missiyasını hələ lazımi səviyyədə dərk etmirlər. Amma yaxşı ki, dərk edənlər də var.

– Günümüzün bəşəri probleminə, gerçək “Domokl qılıncı”na çevrilmiş COVID-19 pan­demiyası KİV-in və bədii ədəbiyyatın əsas mövzusuna çevrilə bilirmi?

– Elə bayaqkı fikrimin davamı kimi onu da qeyd edə bilərəm ki, pandemiya özü də “muxtariyyətdən”, “lokallıq”dan uzaq bir bəla kimi təzahür edib. O, sözün mənfi çaların­da desək, sanki, dünyanı bir çətirin altına toplayıb, bütün problemləri vahid bir məxrəcə gətirib, hamını “birləşdirib”, “ümumbəşəri”, “qlobal” bir miqyas alıb.

Belə bir dəhşətli bəlanın əlüstü bədii ədəbiyyata gəlməsi o qədər də asan deyil. Poeziya nisbətən tez reaksiya verir. KİV isə pandemiya­nın gedişini, ona qarşı mübarizəni, gələcək fəsadlarını mümkün ola bilən həssaslıqla izləyir və əks etdirir. KİV-in yaratdığı bu “xammal” zaman keçdikcə bədii ədəbiyyatda “emal” olunacaq, estetik prosesə məhsuldar təsir edəcək.

– Yeri gəlmişkən, COVID-19-u Azərbaycan və dünya ədəbiyyatında hansı obraza, yaxud personaja bənzədərdiniz?

– Madam ki, COVID-19-un “obrazlaşmasından” söz düşdü, bir məsələni də qeyd etməyi lazım bilirəm. Əsl ədəbi əsərlərdə, adətən, bir öncəgörməlik duyumu, hadisələri əvvəlcədən proqnozlaşdırmaq amili də olur. Dünya ədəbiyyatında belə nadir əsərlər olub.

Məsələn, Amerika yazıçısı Din Kunts 1980-ci ildə yazdığı və 1981-ci ildə nəşr olunan “Zülmətin gözü” (The eјes of darkness) romanında, sanki, peyğəmbərlik edib. Fantast yazıçı hələ 40 il əvvəl öz əsərində göstərirdi ki, Çinin Uhan şəhərindəki hərbi labora­toriyada öldürücü bir virus hazırlanır. Virusun adı oxuculara “Uhan-400” kimi təqdim olunur.

Başqa bir misal. Təxminən, iki əsr öncə ingilis ədibi Meri Şelli özünün “Sonuncu adam” romanında qorxunc bir mikrobun bəşər nəslinin, az qala, kökünü kəsdiyini yazıb. Əlbəttə, həmin əsər bir qədər utopik və pessimistdir. Bugünkü təbabət insanlığı çox bəlalardan, o cümlədən, mövcud pandemiyadan qorumağa qadirdir.

O ki qaldı, verilən sualın konkret cavabına, bu cür “obrazı” xatırladan personajlara daha çox bizim folk­lor nümunələrimizdə, “Kitabi-Dədə Qorqud” dastanında, nağıllarımızda rast gəlmək mümkündür. Çobanla su pərisinin təmasından doğulan təpəgöz də insanlara qənim kəsilmişdi. Bir nağılımızda gözəl qız cildinə girən ilan pəhləvanın cismini qurutmuşdu.

– Tamaşaçılar sizdən yeni səhnə əsərləri gözləyir. Tariximizin çox təlatümlü bir dövrü – ADR dönəmi ilə bağlı pyesiniz üzərində iş necə gedir?

– Artıq həmin əsər çox məhdud tirajla nəşr olunub. Hətta ilk rəylər də yazılıb. “Tarixin kölgəsi” adlı həmin əsərin həcmi çox böyükdür, təxminən, beş yüz səhifədir. Orada yüzlərlə tarixi fakta isnad edilib.

Bu genişsüjetli fundamental pyesin ssenarisi əsasında çoxseriyalı tarixi film çəkilə bilər. Əlbəttə, həmin əsər əsasında teatr tamaşası da hazırla­maq olar.

– Yaxın-uzaq ölkələrin nüfuzlu teatrları sizin yaradıcılığınıza böyük maraq göstərir. Son yaradıcılıq əlaqələriniz barədə söz açmağınızı rica edirəm...

– Son üç ildə pyeslərim üç xarici ölkədə –Türkiyə, Rusiya və Ukray­na teatrlarında tamaşaya qoyulub. Gürcüstan, Belarus, Özbəkistan teatrlarına da əsərlərim təqdim olunub. O ki qaldı, nəsr əsərlərimə... Ötən il Rusiyada, Özbəkistanda və İrandakı müxtəlif nəşriyyatlarda iyirmidən çox kitabım çap olunub.

– Bu gün Azərbaycanın 145 yaşlı KİV sistemində yeniləşmə prosesləri gedir. Bu sahənin hamı­lıqla etiraf olunan ağsaqqallarından biri kimi, təklif və tövsiyələrinizi bilmək maraqlı olardı...

– Mən, bütövlükdə, mətbuatımızın gələcəyinə nikbin baxıram. Hesab edirəm ki, milli mətbuatımızın “ikinci nəfəs” dönəmi başlayır və jurnalistika­mızın inkişafı ilə bağlı böyük ümidlərim var.

Arzum isə budur ki, çağ­daş mətbuatımız böyük Həsən bəy Zərdabinin, Cəlil Məmmədquluzadənin, Üzeyir Hacıbəylinin timsalında yaranmış milli-demokratik ənənələri davam etdirsin, ədalət və həqiqət prinsiplərinə daim sadiq qalsın.

Söhbəti qələmə aldı: Məsaim ABDULLAYEV, “Xalq qəzeti”

12 2020 01:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə