Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Parlamentdə yaradılmış dostluq qrupları ölkələrimiz arasında ikitərəfli əlaqələrin genişlənməsində mühüm rol oynayır

“Dövlət qadın siyasətinin nəticəsidir ki, Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevadır, VI çağırış Milli Məclisə də Sahibə Qafarova sədr seçilib”. Bu fikri Milli Məclisin deputatı, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, Azərbaycan -- Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, professor  Jalə Əliyeva Meksika Birləşmiş Ştatları Senatının Azərbaycanla dostluq qrupunun rəhbəri Aqustin Qarsiya Rubio ilə keçirdiyi  onlayn görüş zamanı səsləndirib.

Azərbaycan – Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupuna ilk dəfə rəhbər seçildiyini bildirən Jalə Əliyeva öncə Meksika Senatının üzvlərinə Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarovanın salamını çatdırıb. Deputat  hər iki ölkə arasında  dostluq və əməkdaşlığın inkişafında diplomatik münasibətlərin rolundan danışıb və  parlamentlərarası əlaqələrin əhəmiyyətini yüksək qiymətləndirdi.Qeyd etdi ki, Milli Məclisdə və Meksika parlamentində yaradılmış dostluq qrupları ölkələrimiz arasında ikitərəfli əlaqələrin genişlənməsində mühüm rol oynayır.  

Meksika parlamentinin 2011-ci ildə Dağlıq Qarabağ münaqişəsi və Xocalı faciəsi ilə bağlı obyektiv gerçəkliyi əks etdirən sənədlər qəbul etdiyini  məmnunluqla vurğulayan  işçi qrupunun rəhbəri ölkəmizin  haqq işini və ədalətli mövqeyini dəstəklədiklərinə görə Meksika parlamentarilarına minnətdarlığını bildirib.

Meksika – Azərbaycan dostluq qrupunun rəhbəri Aqustin Qarsiya Rubio pandemiya şəraitində onlayn görüşün təşkilinə görə təşəkkür ünü bildirib və VI çağırış Milli Məclisə seçkilərdə müşahidəçi qismində iştirak etdiyini, seçkinin şəffaf və demokratik keçirilməsindən məmnunluğunu ifadə edib. O, Azərbaycanda gördüklərindən, xüsusilə,  mədəniyyətin inkişafına  heyranlığını bildirib. Ölkələrimiz arasında elm, texnologiya, kənd təsərrüfatı, enerji, nəqliyyat, vulkanologiya, turizm, mədəniyyət, iqtisadiyyat və digər sahələrdə ikitərəfli faydalı əməkdaşlıq üçün geniş imkanlar olduğunu qeyd edən dostluq qrupunun rəhbəri Milli Məclislə əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində bütün imkanlardan istifadə edəcəklərini qeyd edib. Həmçinin parlamentlərarası əlaqələrin daha da genişləndirilməsi üçün hər iki tərəfdən deputatların qarşılıqlı səfərlərinin, görüşlərin və təcrübə mübadiləsinin intensivləşməsini vacib sayıb.

Söhbət zamanı Azərbaycan – Meksika əlaqələrinin inkişafında səfirlərin mühüm xidmətləri olduğu vurğulanıb və  perspektivdə duran bir sıra məsələlər müzakirə  olunub.  Tərəflər COVID-19 pandemiyasının tezliklə bitməsi, bəşəriyyətin bu bəladan xilas olması  və parlamentlər  arasında qarşılıqlı səfərlərin və görüşlərin baş tutması arzulayıb.

Sonda videokonfransda ölkələrimiz arasında diplomatik münasibətlərin yarandığı dövrdən etibarən Meksika – Azərbaycan münasibətlərinin inkişaf templərini, iqtisadi əlaqələri, ticarət dövriyyəsini və s. əks etdirən slaydlar nümayiş olunub.

Videokonfransda Azərbaycanın Meksikadakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Talıbov, Meksikanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini Flores və digər rəsmi şəxslər iştirak ediblər.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

11 2020 10:00 -

Köhnə versiyamızdan xəbərləri izlə