Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın enerji sistemində islahatlar davam etdirilir

Hər bir ölkənin energetika sistemi onun döyünən ürəyidir, əsas motorudur. Bu olmasa, heç nə olan deyil. Bu olmasa, heç bir inkişafdan, heç bir investisiya qoyuluşundan söhbət gedə bilməz. Ona görə enerji olmayan yerdə inkişaf yoxdur.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti


Azərbaycan Prezidenti İlham Əliyev son 17 ildə elektroenergetika sisteminə, eləcə də paytaxtın elektrik şəbəkəsinə daim diqqət və qayğı göstərib. Ötən müddətdə bu sahədə genişmiqyaslı islahatlar gerçəkləşdirilib, yenidənqurma, tikinti işlər böyük vüsət alıb. Təkcə son iki ildə dövlət başçısının tapşırığı ilə hazırlanan Reabilitasiya Proqramı çərçivəsində 1 ədəd 500, 2 ədəd 330, 2 ədəd 220 və 10 ədəd 110 kV-luq yarımstansiya yenidən qurulub, 12 yarımstansiyada təmir-bərpa işləri həyata keçirilib. Respublikada elektrik enerjisi təsərrüfatının yenidən qurulması, bu sahədə ən son innovativ həllərin tətbiqi və nəticə etibarilə əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatı istiqamətində görülən işlər sırasında iyulun 9-da yenidən qurulan 110/35/10 kilovoltluq “8-ci km” yarımstansiyası da xüsusi diqqət çəkir. 

Azərbaycan Prezidenti İlham Əliyevin də açılışında iştirak etdiyi bu yarımstansiyada görülən işlər barədə dövlətimizin başçısına məlumat verilərək bildirilib ki, “8-ci km” yarımstansiyası 52 il əvvəl tikilmiş və istismar müddətini çoxdan başa vurmuşdu. Nəticədə burada tez-tez qısaqapanmalar olurdu və enerji sistemi qəza təhlükəsi ilə üzləşirdi. 
Yenidənqurma nəticəsində bu problemlərin hamısı aradan qaldırılıb. Burada görülən yenidənqurma işləri çərçivəsində yarımstansiyanın açıq və qapalı paylayıcı qurğuları, transformatorları, inzibati-idarəetmə binası və digər zəruri infrastrukturu müasir səviyyədə yenilənib. 
Yarımstansiyanın yenidən qurulmasını zəruri edən səbəblərdən biri də Nizami rayonunda 35 kV-luq şəbəkənin genişlənməsi və gərginlik sinfinin dəyişdirilməsi idi. Görülən işlər nəticəsində yarımstansiyanın gücü 55 MVA-dək artırılıb. Burada yaradılmış Dispetçer İdarəetmə Mərkəzi və mikro SCADA sistemi yarımstansiyanın fəaliyyətinin səmərəliliyini daha da yüksəldib.
Yenidən qurulan bu yarımstansiya Xətai və Nizami rayonlarında yüz minlərlə əhalinin, sənaye, məişət-kommunal, təhsil, tibb və iaşə müəssisələrinin elektrik enerjisi ilə fasiləsiz təmin edilməsində mühüm rol oynayacaq.
Qeyd edək ki, son iki ildə ölkəmizdə sistem əhəmiyyətli 20-dən çox yarımstansiyada tikinti, yenidənqurma, təmir və bərpa işləri aparılır. Bu günədək 220 kV-luq “Müşfiq”, 110 kV-luq “Zabrat”, “Dübəndi” və “Əhmədli” yarımstansiyaları yenidənqurmadan sonra istismara verilib. 220 kV-luq yeni tikilən “Böyükşor” və yenidən qurulan “Xırdalan” yarımstansiyalarında işlər tamamlanıb. Eyni zamanda, 500 kV-luq “Abşeron” və 110 kV-luq 10-dan çox yarımstansiyada işlər davam edir.
Bu gün Azərbaycanda enerji sistemdə aparılan köklü islahatların nəticəsidir ki, ölkə əhalisini dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək mümkün olub. Ümumilikdə, son dövrlərdə bu sahədə həyata keçirilən kompleks tədbirlərin sırasında mövcud yarımstansiyaların müasir səviyyədə yenidən qurulması və bu cür yeni qurğuların inşası xüsusi yer tutur. “8-ci km” yarımstansiyasının yenidən qurulması bu istiqamətdə icra olunan işlərin ardıcıllıqla həyata keçirildiyini nümayiş etdirir.
Artıq Prezident İlham Əliyevin dəqiq müəyyənləşdirdiyi strateji hədəflər, düşünülmüş strategiya ilə Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixracatçı ölkəyə çevrilərək davamlı inkişafı ilə regionun lider dövləti statusuna sahib çıxıb. Dünya birliyinin etibarlı tərəfdaşı olan respublikamızın adının inkişaf etməkdə olan dövlətlər sırasında çəkilməsi isə hər birimizdə qürur hissi doğurur. Təbii ki, bu qürur hissi, ilk növbədə, cənab İlham Əliyevin yorulmaz, səmərəli fəaliyyəti ilə bağlıdır. Möhtərəm Prezidentin gərgin səyi nəticəsində müəyyənləşən yeni inkişaf konsepsiyası ölkəmizin enerji sektorunun bütünlüklə yenilənməsinə səbəb olub. 
Sevindirici haldır ki, cənab İlham Əliyev çıxışlarının birində energetika sistemində görülən işləri yüksək qiymətləndirib. Dövlətimizin başçısı vurğulayıb ki, xüsusilə son illərdə görülmüş işlər enerji təsərrüfatını tamamilə yeniləşdirib, respublikanı qonşu dövlətlərlə birləşdirən yüksək gərginlikli xətlər inşa edilib, bir çox yerlərdə yeni yarımstansiyalar tikilib, transformatorlar quraşdırılıb: “Bölgələrə çoxsaylı səfərlərim çərçivəsində mən həmişə maraqlanıram və vətəndaşlardan soruşuram ki, enerji təminatı necədir? Son illər ərzində hər zaman müsbət rəylər eşidirəm. Bu, məni çox sevindirir. Bu, onu göstərir ki, “Azərenerji” və “Azərişıq” bu istiqamətdə çox böyük işlər görürlər: “Bizim enerji potensialımız artan iqtisadi inkişafımıza uyğun olmalıdır. Eyni zamanda, “Azərenerji” son iki il ərzində mövcud stansiyaların generasiya güclərinin bərpası barədə yeni layihə təqdim edib. Çünki bu stansiyaların əksəriyyəti çoxdan tikilib. Bu stansiyalarda mövcud vəziyyət bizi heç cür qane edə bilməzdi”.
Azərbaycan Respublikası Prezidentinin enerji təsərrüfatında görülən işlərə verdiyi belə yüksək qiymət energetiklərin məsuliyyətini daha da artırır. Ötən 5 il ərzində əldə edilən müsbət göstəricilər onların bu yolda inamla irəli gedəcəklərini, ölkə başçısının etimadını yüksək səviyyədə doğrulda biləcəklərini deməyə əsas verir. 
Son illər ərzində energetika sahəsinə reallaşdırılan çox böyük layihələr sayəsində Azərbaycanda enerji təchizatı ilə bağlı bütün əsas problemlər demək olar ki, həllini tapıb, respublikamız artıq enerji təminatçısına çevrilib. Belə ki, əvvəlki dövrlərdə ölkəmiz elektrik enerjisi üzrə idxaldan asılı idi. İndi isə həm daxili tələbat ödənilir, həm də bu istiqamətdə ixrac həyata keçirilir. 
Bununla bərabər, hazırda Azərbaycanın energetika potensialından daha geniş şəkildə yararlanmaq üçün mühüm layihələr həyata keçirilir. Belə ki, bu il yanvarın 9-da Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında bərpaolunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına dair icra müqavilələri imzalanıb. Müqavilələrə əsasən, “ACWA Power” şirkəti ilə 240 meqavat gücündə külək, “Masdar” şirkəti ilə isə 200 meqavatlıq Günəş elektrik stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra ediləcək. Külək və Günəş enerjisi layihələri üzrə ümumilikdə, təxminən illik 1,4 milyard kilovat/saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır.
“Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu ildə imzaladığı sərəncama uyğun olaraq, bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi məqsədilə 9 beynəlxalq enerji şirkəti ilə əməkdaşlıq əlaqələri yaradılaraq intensiv müzakirələr aparılıb. “ACWA Power” və “Masdar” şirkətləri təkliflərini təqdim edən 7 şirkət arasında üç mərhələdən ibarət seçim prosesi nəticəsində müəyyənləşdirilib. 
Qeyd edək ki, bu iki böyük investorla imzalanan müqavilə sayəsində Azərbaycan regionda ən böyük Günəş və külək elektrik stansiyalarını quracaq. Hazırda bərpaolunan enerjinin ölkənin enerji balansındakı payı 17-18 faizdir və uzunmüddətli strategiya nəticəsində bu göstərici ən azı 30 faizə çatacaq.
Yuxarıda qeyd etdik ki, son illərdə yeni generasiya güclərinin yaradılması hesabına Azərbaycan elektrik enerjisi sahəsində idxalçıdan ixracatçıya çevrilib, 2019-cu ildə 77 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib. 
Bu ilin yanvar-iyun aylarında elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 65,2 milyon kilovat/saat artaraq 12 milyard 950,2 milyon kilovat/saat olub.
İlin birinci yarısında “Azərenerji” ASC üzrə elektrik enerjisinin istehsalı 11 milyard 571,3 milyon kilovat/saat (İES-lərdə 11 milyard 2,6 milyon kilovat/saat, SES-lərdə 568,47 milyon kilovat/saat) olub.
Dövlətimizin başçısı tərəfindən energetika sahəsinin inkişafının diqqət mərkəzində saxlanılmasının nəticəsidir ki, Azərbaycan Davos İqtisadi Forumunun son “Qlobal Rəqabətlilik Hesabatı”nda “əhalinin elektrik təchizatı səviyyəsi” üzrə dünyada 2-ci yer tutan ölkələr sırasında qərarlaşıb.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

 

10 2020 22:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə