Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BMT-nin Baş katibinin Prezident İlham Əliyevin təşəbbüsünü dəstəkləməsi ölkəmizin beynəlxalq nüfuzunun əyani təsdiqidir

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Baş katibi Antonio Quterreş ilə telefon danışığında Azərbaycanın COVID-19 pandemiyasına qarşı mübarizədə Baş katibin və BMT-nin səylərini, o cümlədən çoxtərəfli əməkdaşlığı dəstəklədiyini bildirib. Ölkə rəhbəri COVID-19 pandemiyasına qarşı mübarizə məqsədilə respublikamızın Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə, 30-dan çox ölkəyə isə humanitar və maliyyə yardımı ayırdığını vurğulayıb.

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri statusunda üzv dövlətlər adından BMT Baş Assambleyasının COVID-19-a həsr olunan xüsusi sessiyasının çağırılması barədə müraciətinə qısa müddətdə cavab verdiyinə görə, Baş katib Antonio Quterreşə təşəkkürünü çatdırıb və BMT-nin 130-dan çox üzv dövlətinin bu təşəbbüsü dəstəklədiyini qeyd edib. 
Dövlətimizin başçısı BMT Baş Assambleyasının COVID-19-a həsr olunacaq xüsusi sessiyasının çağırılmasında Baş katibin liderliyinin mühüm əhəmiyyət kəsb etdiyini də diqqətə çatdırıb.
BMT-nin Baş katibi bu nüfuzlu qurumun Baş Assambleyasının COVID-19-a həsr olunacaq xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəklədiyini qeyd edərək, texniki-logistik məsələlərin həlli ilə əlaqədar BMT-nin Azərbaycan tərəfi ilə birlikdə işləməyə hazır olduğunu da deyib. Eyni zamanda, Baş katib Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün fəal surətdə çalışdığını da bildirib.
BMT-nin Baş katibi Antonio Quterreş tərəfindən dövlətimizin başçısının təşkilatın Baş Assambleyasının COVID-19-a həsr olunacaq xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəkləməsi təsadüfi deyil. Bununla bağlı bəzi məqamlara diqqət yetirək. Belə ki, dünyada bu dəhşətli xəstəliyə qarşı mübarizə aparılan ilk vaxtlardan etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tərəfindən regional və qlobal səviyyədə COVID-19-un aradan qaldırılması məqsədilə beynəlxalq həmrəyliyin gücləndirilməsinin zəruriliyi diqqətə çatdırıldı. Bu məqsədin reallaşdırılması üçün dövlətimizin başçısı tərəfindən müəyyən təşəbbüslər irəli sürüldü və əməli addımlar atılmağa başlandı. İlk belə addım Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dövlət və hökumət başçıları səviyyəsində aprel ayında COVID-19-a qarşı mübarizə mövzusunda fövqəladə Zirvə görüşü keçirilməsi ilə gerçəkləşdi. Bundan sonra, daha dəqiq desək, mayın 4-də Prezident İlham Əliyevin rəhbərlik etdiyi Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfransı keçirildi. 
İstər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fövqəladə Zirvə görüşü, istərsə də Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfransı ölkəmizin və onun liderinin nüfuzunun nə qədər yüksək olduğunu bir daha dünyaya nümayiş etdirdi. Eyni zamanda, belə beynəlxalq tədbirlərin həyata keçirilməsi beynəlxalq aləmdə Azərbaycanın koronavirus pandemiyasına qarşı mübarizədə fəal rol oynadığını təsdiqlədi, ölkəmizdə bu məsələyə bilavasitə Prezident İlham Əliyevin şəxsən nəzarət etdiyini, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın prosesə əvəzsiz dəstək verdiyini göstərdi. 
Prezident İlham Əliyevin pandemiyaya qarşı mübarizə çərçivəsində tədbirlərin görülməsi məqsədilə hazırda rəhbərlik etdiyi Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə ali qurumun Baş katibi Antonio Quterreşə müraciət etməsi beynəlxalq aləmdə olduqca yüksək qiymətləndirilib və adı çəkilən büynəlxalq nüfuzlu təşkilatın 130-dan çox üzv dövləti tərəfindən dəstəklənib. 
Bu məqamda onu da xatırladaq ki, müvafiq qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi (97 ölkə) müvafiq təşəbbüsə dəstək verdiyi təqdirdə, xüsusi sessiya təşkil oluna bilər. Artıq bir az əvvəl qeyd etdiyimiz kimi 130-dan çox ölkənin təşəbbüsə dəstək nümayiş etdirməsi barədə BMT Baş katibinin ofisi məlumat yayıb. İyulun 8-də isə yuxarıda vurğuladığımız kimi, 
BMT-nin Baş katibi Antonio Quterreş dövlətimizin başçısı ilə telefon danışığında sözügedən təklifi dəstəklədiyini bildirib.

 

BMT-nin 130-dan çox üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisi kimi dəyərləndirilir. Bunu təsdiqləyən digər bir tarixi hadisəyə də diqqət yetirməyi zəruri bilirəm. Belə ki, 2011-ci il oktyabrın 24-də Azərbaycan 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə BMT-yə üzv olan 193 dövlətdən 155-nin dəstəyi ilə inamlı qələbə qazanaraq, bu nüfuzlu beynəlxalq təşkilatın Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunub. 
Əlbəttə, Azərbaycanın diplomatiya tarixində belə bir uğura imza atması son illər ərzində sabit inkişaf edən, yüksək iqtisadi göstəricilərə nail olan və beynəlxalq siyasətdəki fəaliyyəti ilə dünya ictimaiyyətinin rəğbətini qazanan dövlət kimi tanınmasının parlaq ifadəsi idi.
Ölkə Prezidenti Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalda yaradılan şəraitlə tanışlıqdan sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına verdiyi müsahibədə BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün məqsədi barədə də fikirlərini bildirib. Dövlətimizin başçısı bu barədə deyib: “Biz bu təşəbbüsü irəli sürəndə bir məqsədi güdürdük ki, artıq dünya miqyasında səylərimizi birləşdirək. Bu təşəbbüslə əlaqədar bizim konkret təkliflərimiz də olacaqdır. Çünki türk dünyasında biz bunu keçirdik, 120 ölkəni əhatə edən Qoşulmama Hərəkatı çərçivəsində keçirdik. İndi biz dünya miqyasında bunu keçirmək istəyirik ki, burada vahid bir yanaşma tətbiq olunsun, ölkələr özlərinə qapanmasın, inkişaf etmiş ölkələr ağır vəziyyətdə olan ölkələrə kömək göstərsinlər. Biz bunu görmürük. İndi biz görürük kim kimə kömək göstərir. Peyvənd icad olunandan sonra bu peyvəndi pulla ala bilməyən ölkələrə bu, pulsuz verilsin. Burada donor təşkilatlar, iri biznes qurumları öz sözünü desin. Yəni, biz bu təklifləri buna görə, həm də həmrəyliyi nümayiş etdirmək üçün veririk...”.
Azərbaycan Prezidenti İlham Əliyev müsahibəsində BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təşəbbüsün yüksək səviyyədə dəstəklənməsi ilə bağlı fikirlərini də diqqətə çatdırıb. Bildirib ki, bizə təşəbbüsün reallaşması üçün 97 səs lazım idi. Lakin bu rəqəmdən daha yüksək–130-dan çox ölkənin səsi əldə edildi. Burada iki əsas amil öz rolunu göstərdi – bu mövzunun aktuallığı və beynəlxalq müstəvidə Azərbaycana olan dəstək və rəğbət. Azərbaycan bu rəğbəti uzun illər ardıcıl fəaliyyət hesabına, prinsipial, müstəqil siyasətimiz sayəsində qazanıb. 
Əfqanıstan Prezidentinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun videokonfrans vasitəsilə görüşündə də Qoşulmama Hərəkatının sədri kimi dövlətimizin başçısının BMT Baş Assambleyasının COVID-19-a həsr olunan xüsusi sessiyasının keçirilməsinə dair təşəbbüsünə dünyanın 130-dan çox dövlətinin dəstək verməsinin çox önəmli hadisə olması, bunun Azərbaycan diplomatiyasının böyük uğuru kimi diqqət çəkməsi, eyni zamanda, dövlətimizin başçısının bu təşəbbüsünün dəstəklənməsinin beynəlxalq miqyasda ölkəmizə olan böyük etimadın və hörmətin, respublikamızın dünya birliyində nüfuzunun artmasının daha bir göstəricisi kimi dəyərləndirilib. 

 

Vaqif BAYRAMOV, 
“Xalq qəzeti” 

10 2020 22:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə