Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlətin media siyasəti azad, demokratik jurnalistikanın inkişafını təmin edir

“SƏS” qəzetinin baş redaktoru Bəhruz Quliyev Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin ötən həftə imzaladığı sərəncama münasibətini belə ifadə etdi:
– Bünövrəsi “Əkinçi” qəzetinin nəşri ilə qoyulan Azərbaycan milli mətbuatının keçdiyi keşməkeşli və tarixi yol söz yox ki, xalqımızın şərəf salnaməsidir. Hər il 22 iyul tarixində xalqımız Azərbaycan milli mətbuatının ildönümlərini böyük coşqu ilə qeyd edir. Bu sərəncam ideya-məfkurəvi ruhu ilə ümummilli lider Heydər Əliyevin formalaşdırdığı müstəqil dövlətin media siyasətindən qaynaqlanır. 

Müasir Azərbaycan mətbuatının inkişafı ulu öndərin adı ilə bağlıdır. Milli mətbuatın yaranmasının yubileylərinin ölkə miqyasında təntənə ilə keçirilməsi ənənəsinin əsası da məhz unudulmaz rəhbərimiz Heydər Əliyev tərəfindən qoyulub. Məhz ümummilli lider Heydər Əliyevin demokratik baxışı, siyasi iradəsi və böyük səyləri nəticəsində plüralizmi, söz və mətbuat azadlığını məhdudlaşdıran maneələr aradan qaldırıldı, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırıldı.
 Prezident Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli fərmanı ilə Nazirlər Kabineti nəzdində mətbuatda və digər kütləvi informasiya vasitələrində dövlət sirlərini mühafizə edən baş idarə ləğv edilib, bununla da mətbuatda tətbiq edilən senzura aradan qaldırılıb. Nəticədə, milli mətbuatın inkişafı və demokratikləşməsi yolunda daha yeni perspektivlər açılıb. Bu siyasətin ardıcıllığını təmin etmək məqsədilə 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv olunub, xüsusilə dövlətin mətbuat üzərindəki nəzarət funksiyasından imtina edilib. Milli mətbuatımızın 125 illiyinin bütün ölkə miqyasında qeyd edilməsi və dövlət tərəfindən mükafatlandırmalar ilə hər bir jurnalistin marağına cavab verən, sevincinə səbəb olan ənənənin təməli qoyulub. 
Baş redaktor açıqlamasının davamında bildirdi ki, bu ənənə bu gün Prezident İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirilir: “Milli mətbuatın 130, 135, 140, 145 illiyi ilə bağlı verilən sərəncamlar, 2008-ci ildə təsdiq olunmuş KİV-in inkişafına dövlət dəstəyi konsepsiyası, eyni zamanda, jurnalistlərə müxtəlif dövlət mükafatlarının, jurnalistlər üçün fərdi mənzillərin verilməsi bunun bariz nümunəsidir”.
 Müsahibimiz qeyd etdi ki, bu gün Azərbaycanda güclü, müstəqil, obyektiv informasiya daşıyıcısı olan, eyni zamanda dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirən, milli maraqların təəssübkeşi olan mətbuatın formalaşması və inkişafı dövlətin mətbuat siyasətinin əsas prioritet istiqamətini təşkil edir. Azərbaycan dövlətinin media siyasəti azad, demokratik jurnalistikanın inkişafını təmin edir.
Əldə edilən ­uğurlarının nəticəsində Azərbaycan mətbuatı dünya mediasının tərkib hissəsi olaraq özünəməxsus rolu ilə seçilir. Hazırda ölkə mətbuatının istənilən strukturu – qəzetlər, saytlar, portallar ölkəmizdə mövcud olan müasir media texnologiyalarından yararlanaraq tərəqqi yolunu davam etdirir, çoxminli oxucu kütləsinin marağını təmin edən informasiyalarla gündəmə daxil olur, vəzifələrinin öhdəsindən layiqincə gəlir. 
 Bəhruz Quliyev Prezident İlham Əliyevin milli mətbuatımızın 145 illiyi haqqında imzaladığı sərəncamda müstəqillik illərində ölkədə azad, demokratik medianın uğurlarına çox yüksək qiymət verildiyini vurğulayaraq söylədi ki, sənəddə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycanda müasir kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı üçün geniş imkanlar yarandığı xüsusi qeyd edilir. Göstərilir ki, 1993-cü ildən başlayaraq ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmışdır. KİV-in problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür.
 Dövlət başçısının göstərdiyi kimi, son dövrdə həyata keçirilən sistemli islahatlar, şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan sosial innovasiyaların tətbiqi, idarəetmə sahəsində baş verən keyfiyyət dəyişiklikləri, ictimai nəzarət və siyasi dialoq mühitinin genişləndirilməsi dinamik inkişaf edən Azərbaycanda müasir dövlət quruculuğunun başlıca istiqamətlərini təşkil edir. Prezident sərəncamında mediamızın qarşısında duran tarixi vəzifələrə də toxunulub: “Kütləvi informasiya vasitələri də ölkəmizdə həyata keçirilən köklü islahatlardan kənarda qalmamalı, kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi hazırkı dövrdə qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğunlaşmalı, cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılması sahəsində öz səylərini daha da gücləndirməlidir. Modernləşmə, rasionallıq, obyektivlik, kreativlik, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi medianın inkişafını şərtləndirən başlıca amillər olmalıdır”.
 Bəhruz Quliyev sonda dedi: “Mən də fürsətdən istifadə edərək, milli mətbuatımızın növbəti yubileyinin ümummilli səviyyədə qeyd edilməsini təmin edən sərəncam imzalamasına görə möhtərəm Prezidentimiz İlham Əliyevə redaksiya kollektivi adından dərin minnətdarlığımı bildirirəm. Azərbaycan dövlətçiliyinin qorunmasında, təbliğində və inkişafında fəaliyyət göstərən bütün həmkarlarımızı milli mətbuatımızın 145-ci ildönümü münasibəti ilə təbrik edir, fəaliyyətlərində davamlı uğurlar arzulayıram”.

 

Hazırladı:
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”

 

10 2020 22:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə