Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Birinci vitse-prezidentin şəhid ailələrinə qayğısına Mingəçevirdən əks-səda

Bu günə qədər 7600 şəhid ailəsi dövlət tərəfindən evlərlə, mənzillərlə təmin edilibdir. Bu il şəhid ailələrinə verilən mənzillərin, evlərin sayı rekord həddə çatıb – 1500 şəhid ailəsinə evlər, mənzillər veriləcək və beləliklə, növbədə duran şəhid ailələrinin sayı 2 mindən az olacaqdır. Ümid edirəm ki, maksimum iki il ərzində bütün şəhid ailələri dövlət tərəfindən evlərlə təmin ediləcəkdir.
Prezident İlham Əliyevin yeni istifadəyə verilən DOST mərkəzi ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına verdiyi müsahibədən
Bakı, 19 may 2020-ci il


Müasir tariximizə Aprel döyüşləri adı ilə yazılmış məlum uğurumuzun qazanılmasında iştirak edən hər kəs bizim üçün əziz və doğmadır. Çünki həmin döyüşdən sonra biz Lələtəpəyə Azərbaycan bayrağını sancmış, Cocuq Mərcanlıya qayıdışla əzəli torpaqlarımıza Böyük qayıdışın təməlini qoymuşuq. Sevindirici haldır ki, təkcə Aprel döyüşlərinin əlilləri, iştirakçıları və həmin günlərdə şəhid olmuş soydaşlarımızın ailə üzvləri deyil, ümumiyyətlə, bu qəbildən olan bütün insanların problemləri daim dövlət başçımızın və Birinci vitse-prezidentin diqqət mərkəzindədir. 

İyulun 8-də kütləvi informasiya vasitələrinin Mingəçevirdən yaydığı məlumat da bu arqumentin növbəti təsdiqi kimi qəbul edilirdi. Xəbər verilirdi ki, 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş gizirlər Adil Adilzadənin və Teymur Qasımovun Mingəçevirdə yaşayan ailə üzvlərinin mənzil şəraitlərinin yaxşılaşdırılması ilə bağlı müraciətə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən dərhal müsbət münasibət bildirilib.
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyindən verilən məlumatda qeyd edilirdi ki, bu ailələr uzun müddətdir ki, çətin şəraitli, qəzalı vəziyyətdə olan evlərdə yaşayırlar. Həmin evlərin təmiri ilə əlaqədar İctimai Birliyə ünvanlanmış müraciətlə bağlı təşkilat tərəfindən Heydər Əliyev Fondunun rəhbərliyinə məlumat verilib. Məlumat dərhal nəzarətə götürülüb və fondun prezidenti Mehriban xanım Əliyeva şəhid ailələrinin qəzalı vəziyyətdə olan evlərinin əvəzinə bütün məişət təminatı ilə birlikdə yeni fərdi yaşayış sahəsinin tikilib təhvil verilməsinə dair göstəriş verib. Bildirilir ki, qısa zamanda yeni fərdi yaşayış evləri tikilərək hər iki şəhid ailəsinə təhvil veriləcək.
Göründüyü kimi, Mehriban Əliyevanın bu addımı bir daha sübut edir ki, ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə aparılan bir dövrdə heç bir sosial layihə diqqətdən kənarda qalmayıb. O cümlədən, şəhid ailələrinin sosial-məişət problemləri ən yüksək səviyyədə həllini tapır. Prezident İlham Əliyevin dediyi kimi, istənilən şəhid ailəsi bizim üçün əzizdir. Çünki onlar qəhrəmanlarımızın bizə əmanətidir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fikrincə isə, hər kəs bu əmanətə hörmət etməyə, qayğı göstərməyə çalışmalıdır. Ölkənin birinci xanımı bu məsələdə hamımızın örnəyinə çevrilmişdir. Bu xəbər yayılandan sonra şəhid ailələri, qazilər, Qarabağ əlilləri, məcburi köçkün və qaçqınlar sosial şəbəkələrdə Mehriban xanıma minnətdarlıq dolu təşəkkür məktubları göndərdilər. 
Ölkə ictimaiyyətinin bu məmnunluğunu görəndə ölkə rəhbəri bu il mayın 19-da dövlət televiziyasına verdiyi müsahibənin bir məqamı yadıma düşdü. Cənab Prezident dedi: “Baxın, Ermənistanda müharibədə ölənlər olubdur. Onlara mənzil verilir? Onlara avtomobil verilir? Yox. Orada pullar faşistlərin abidələrinin ucaldılmasına xərclənir. Amma biz bütün bu işləri görürük və görməliyik. Bu, bizim mənəvi borcumuzdur. Mənim şəhid ailələri ilə çoxsaylı görüşlərim, əlbəttə ki, cəmiyyət üçün də, şəhid ailələri üçün də çox önəmlidir. Biz şəhidlərin ruhu qarşısında baş əyirik və öz işimizi təkcə sözlə yox, əməllə təsdiq etməliyik. Ona görə artıq 7600 şəhid ailəsinə verilən evlər, – bu il onların sayı 9 minə çatacaq, – bizim əməli işlərimizin gözəl nəticəsidir”.
Yeri gəlmişkən, bu gün dövrü mətbuatda “Heydər Əliyev Fondunun prezidentinin təşəbbüsü ilə tikilmiş şəhərcik”, “Birinci vitse-prezident ­Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşdırılmış layihə” kimi xəbər sərlövhələrinə tez-tez rast gəlirik. Elə bu il mayın 28-də – Respublika Günündə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə açılışı olmuş “Qobu Park-3” yaşayış kompleksi də məhz Mehriban xanımın təşəbbüsü ilə reallaşdırılmış layihələrdən biridir. 
Həmin gün dövlət başçımıza məlumat verilmişdi ki, yeni qəsəbə Lökbatanda istifadəyə verilən “Qobu Park-1” və “Qobu Park-2” yaşayış komplekslərinin yanında inşa edilib. Bütün bu yaşayış komplekslərinin inşası Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib.
Xatırladaq ki, məcburi köçkünlər üçün salınan bu yaşayış komplekslərinin yeri əvvəllər baxımsız sahə olub. Burada yaşamaq üçün heç bir sosial infrastruktur mövcud olmayıb. 2018-ci ildə bu ərazidə “Qobu Park-1”, ötən il isə “Qobu Park-2” yaşayış kompleksləri istifadəyə verilib. Birinci yaşayış kompleksində 1026 ailəlik doqquzmərtəbəli 11 yaşayış binası, ikinci yaşayış kompleksində isə 1300 ailəlik onmərtəbəli 13 bina inşa olunub. Bu komplekslərin ərazisində məktəblər, uşaq bağçaları, poliklinika, tibb, poçt məntəqələri, idman zalları və digər zəruri sosial infrastruktur obyektləri yaradılıb. “Qobu Park-3” yaşayış kompleksində onmərtəbəli 13 yaşayış binası inşa olunub. Kompleksin ərazisində 280 yerlik uşaq bağçası inşa olunub.
Bu məqamda bir faktı da yada salaq. Belə ki, “Qobu Park-3” yaşayış kompleksi qaçqın və məcburi köçkünlər üçün salınmış 111-ci qəsəbədir. Kompleksin ərazisində istehsalat sahələri, ticarət obyektləri və digər zəruri infrastruktur yaradılıb. Ərazidə sakinlərin asudə vaxtının səmərəli təşkili məqsədilə istirahət parkı salınıb, uşaq əyləncə meydançaları quraşdırılıb, geniş yaşıllıq və işıqlandırma işləri görülüb. Burada həm də 3 idman meydançası və 360 yerlik açıq avtomobil dayanacağı sakinlərin ixtiyarına veriləcək.
Xüsusilə qabardılmalı məqamlardan biri isə odur ki, “Qobu Park-3” yaşayış kompleksində məskunlaşmış məcburi köçkünlərimiz Azərbaycan dövlətinin koronavirus pandemiyasına qarşı apardığı mübarizədə də fəal iştirak edəcəklər. Belə ki, burada istifadəyə verilən sterilizə olunmuş tibbi ləvazimatların istehsalı müəssisəsində tibbi heyət üçün üst geyimləri və kombinezonlar istehsal ediləcək. Burada 25 nəfər işlə təmin olunacaq. Müəssisədə çalışacaq işçi heyətin 80 faizi “Qobu Park – 3”ün sakinlərindən formalaşdırılacaq. Yada salınmalı məqamlardan biri də budur ki, müəssisədə istehsal olunacaq məhsullar rəqabətqabiliyyətlidir və idxalı əvəz edəcək.
Tədbirdə çıxış edən dövlət başçımız məmnunluqla bildirdi ki, burada bütün şərait yaradılıb: “Qobu Park-3” bu qəsəbədə salınmış üçüncü böyük yaşayış kompleksidir. “Qobu Park-3” kompleksində 1336 məcburi köçkün ailəsi yerləşəcək. 960 şagirdlik məktəb, – özü də çox gözəl məktəbdir, – fəaliyyət göstərəcək və böyük uşaq bağçası artıq tikilib, istifadəyə hazırdır. Bütövlükdə Qobu qəsəbəsində 3 layihədə toplam 3700-ə yaxın məcburi köçkün ailəsi yerləşdiriləcəkdir”.
Prezident xatırlatdı ki, bu şəhərciklərin tikintisinin təşəbbüskarı Mehriban xanım olub və 2017-ci ildə onun iştirakı ilə burada təməl daşı qoyulub. Dövlət başçımız xüsusilə vurğuladı ki, məcburi köçkünlərin problemləri ardıcıl şəkildə öz həllini tapır: “Bildiyiniz kimi, hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində mənim proqramımın tərkib hissəsi məhz bu məsələ idi. Söz vermişdim ki, beş il ərzində Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi qalmayacaq və nəinki 5 il, 4 il ərzində biz buna nail olduq. Çox böyük uğur idi. Çünki ölkəmizin, demək olar ki, bütün yerlərində çadır şəhərcikləri var idi, köçkünlər çox yararsız vəziyyətdə yaşayırdılar, eyni zamanda, uzun illər vaqonlarda, vaqonların altında, çadırlarda yaşayırdılar. Çadır şəhərciklərinin ləğv olunması hesab edirəm ki, bizim çox böyük uğurumuzdur və indiyədək 100-dən çox qəsəbə-şəhərcik salınıb... Son 4-5 il ərzində neftin qiymətinin bir neçə dəfə kəskin düşməsinin şahidi olmuşuq. Buna baxmayaraq, məcburi köçkünlərlə bağlı olan heç bir layihədə heç bir yubanma yoxdur, heç bir proqramın ixtisarı nəzərdə tutulmur”. 
Dövlət başçımızın çıxışındakı nikbin notlar isə nəinki qaçqın və köçkünlərinmizin, eləcə də, bütün azərbaycanlıların ürəyindən keçən fikirlərin dilə gətirilməsi idi: “Ancaq onu da bilməliyik və bütün Azərbaycan xalqı bilməlidir ki, bu, sizin üçün müvəqqəti yaşayış yeridir. Torpaqlarımız işğaldan azad ediləndən sonra biz bu gün hələ də işğal altında olan torpaqlarda buna oxşar gözəl binalar, şəhərciklər tikəcəyik, ermənilər tərəfindən dağılmış şəhərlərimizi yenidən quracağıq. Ermənilər tərəfindən dağıdılmış və məhv edilmiş milli irsimiz sənədləşdirilib. Biz öz tarixi keçmişimizi yaxşı bilirik və yaxşı bilirik ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. İşğal olunmuş torpaqlar azad ediləndən sonra bütün binalar yenidən qurulacaq, o cümlədən dağılmış tarixi abidələrin mövcudluğunu əks etdirən əməli memarlıq tədbirlərinin görülməsi də nəzərdə tutulur”.

 

İlqar HƏSƏNOV, 
“Xalq qəzeti”nin bölgə müxbiri 

 

 

10 2020 22:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə