Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünya COVID-19 pandemiyasına qarşı vaksin axtarışındadır

Bəşəriyyət bu gün çətin sınaq qarşısında – COVID-19 pandemiyasına qarşı mübarizədədir. Artıq altı aya yaxındır ki, bütün dünya ölkələrini cənginə almış, 12 milyondan çox insanın yoluxmasına səbəb olmuş bu təhlükəli bəladan hər gün yüzlərlə insan həyatını itirməkdədir. Odur ki, bu virusun təhlükəli fəsadları üzə çıxarkən bəzi ölkələr zəruri tədbirlər həyata keçirdilər. Təbii ki, Azərbaycan da daxil olmaqla. Dövlətlər sərhədlərini bağladı, sosial izolyasiya tədbirləri, sərt karantin rejimi tətbiq etdilər. Narahatlıqla bütün diqqətlər Ümumdünya Səhiyyə Təşkilatına yönəldi. Bu qurum da vətəndaşlara öz sağlamlığını qorumaq üçün özünütəcrid və gigiyenik qaydaları gözləməyə, qoruyucu maskalardan istifadə etməyə səslədi. 

Bəs bu təhlükəli bəladan xilas olmağın, ondan qorunmağın başqa tibbi üsulu--konkret dərmanı və ya peyvəndi yoxmu?! Bu suala, hətta səhiyyəsinin inkişafına görə ön sıralarda olan ölkələr belə tam cavab verməkdə çətinlik çəkirlər. Çünki hələ ki, COVID-19-a qarşı təsirli tibbi vasitə və peyvənd tapılmayıb. Bunun üçün dünya liderləri başda olmaqla, aparıcı ölkələrin mütəxəssisləri araşdırmalar, sınaqlar həyata keçirirlər.
COVID-19-un profilaktikası və müalicəsi üçün peyvənd və dərman vasitələrinin işlənib hazırlanması səylərini ÜST əlaqələndirir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri hesab edirlər ki, COVİD-19-a qarşı vaksinin istehsalı üçün təxminən 31 milyard dollar sərmayə tələb olunacaq. Hələ ki, müxtəlif qurumlar sınaqlarını davam etdirirlər. Bu istiqamətdə bir neçə ölkədə tibbi kliniki sınaqlar üzərində iş gedir.
Oksford Universitetinin bir qrup əməkdaşı “AstraZeneca” farmasevt şirkəti ilə əməkdaşlıq edir. Bu alimlər indiyə kimi SARS-COV-a, eləcə də digər infeksiya və viruslara qarşı çoxsaylı vaksinlər hazırlayıblar. Hələlik ilkin mərhələdə kliniki peyvəndləmə əməliyyatı həyata keçirilsə də, nəticəsi açıqlanmayıb.
Hələ may ayında ABŞ-ın “Moderna” biotexnologiya şirkətinin qırx iki gün ərzində hazırladığı eksperiment xarakterli “mRNA-1273” preparatı ilk olaraq, gəmiricilər üzərində sınaqdan keçirilib. Bəlli olub ki, preparat nəticəsində siçanlarda həqiqətən də immunitet formalaşıb və onlar ən azı 13 gün ərzində yoluxmaya məruz qalmayıblar. Maraqlısı odur ki, onlarda heç bir ağırlaşma və əks əlamətlər müşahidə olunmayıb.
“Moderna” şirkəti mütəxəssislərinin koronavirusla mübarizə aparmaq üçün təcrübə etdikləri peyvənd artıq kliniki sınaqlardan da keçib. Belə ki, şirkət peyvəndin insanların immunitetinə ciddi təsir göstərdiyini açıqlayıb. Yəni, peyvənd təcrübələrində iştirak etmiş səkkiz nəfərdə virusu yararsız hala gətirən antitellər tapılıb.
COVID-19 pandemiyasının yayıldığı Çində də vaksinlərin hazırlanması ilə bağlı tədqiqatlar aparılır. Bu ölkədə peyvənd hazırlanması ilə bağlı təcrübəyə malik “CanSinoBIO” şirkəti ilk sırada gəlir. Vaxtilə “Ebola” virusuna qarşı vaksini də hazırlayan şirkət bu dəfə özünü COVID-19-a vaksin hazırlanmasında sınayır.
Hazırda COVID-19-a yoluxma sayına görə birinci yerdə olan ABŞ-ın prezidenti Donald Tramp koronavirus vaksinin yaradılmasının mümkünlüyünə münasibət bildirərkən jurnalistlər qarşısında bəyan edib ki, Birləşmiş Ştatlar yeni koronavirus əleyhinə vaksini bu ilin sonuna qədər, yaxud bir qədər tez hazırlaya bilər: “Biz COVID-19 əleyhinə vaksini və preparatı ilin sonuna kimi, mümkündür ki, ondan əvvəl alacağımıza ümid edirik. Bu istiqamətdə işlər çox yaxşı gedir”.
Ukrayna Prezidenti Vladimir Zelenski isə koronavirus vaksinini ixtira edəcək şəxsə külli müdarda pul mükafatı--bir milyon ABŞ dolları vəd edib.
 Qardaş Türkiyədə də vaksin və dərman preparatının üzərində aparılan araşdırmalar davam edir. İlk dəfə olaraq, ölkənin Sənaye və Texnologiyalar naziri Mustafa Varank ölkəsinin COVID-19-a qarşı sintez dərmanı,--“Favicovir”-i istehsal etdiyini bildirib. Yerli sintez dərmanın lisenziya verildikdən sonra COVID-19 xəstələrinin müalicəsində istifadə edilməsi planlaşdırılır. Bundan əvvəl Türkiyə Milli Müdafiə Nazirliyinin yerli mexaniki süni tənəffüs aparatı istehsal etməsi də böyük maraqla qarşılanmışdır. 
Qonşu Rusiyada da vaksinlə bağlı tədqiqatlar davam edir. Rusiyada keçirilmiş sorğuya əsasən, əhalinin 44 faizi vaksin hazır olacağı halda peyvənd edəcəyini bəyan edib.
Ölkənin səhiyyə naziri Mixail Muraşko “Rusiya-1” telekanalının azərbaycanlı aparıcısı Nailə Əsgərzadəyə müsahibəsində bildirib ki, koronavirusa qarşı vaksinasiya vətəndaşlar arasında könüllü olacaq.
Oksford Universitetində hazırlanmış peyvənd Braziliyada və Cənubi Afrikada kliniki,  Braziliyada isə COVID-19 pandemiyasından daha çox əziyyət çəkmiş minlərlə tibb işçisi üzərində sınaqdan keçirilir.

 

Əfsanə BAYRAMQIZI, 
“Xalq qəzeti”

 

10 2020 22:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə