Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünya pandemiyanın cəngində: karantin rejimi sərtləşdirilir

Yeni növ koronavirus infeksiyası ilə mübarizə səngimək bilmir. Dünyanın, demək olar ki, bütün ölkələrində infeksiyanın yayılmasının qarşısını almaq məqsədilə sərt karantin tədbirləri həyata keçirilir. Hətta bir sıra ölkələrdə təkrar sərt karantin rejimi tətbiq edilir və bu fakt bir daha təsdiqləyir ki, COVID-19 infeksiyası ilə mübarizə hələ müəyyən müddət davam edəcək. Bu isə insanların sərt karantin rejiminin tələblərinə ciddi şəkildə əməl etmələrini şərtləndirir və karantin rejiminin uğurla yekunlaşması hər bir insanın tələblərə adekvat yanaşmasından asılı olacaq.

Yeni növ koronavirusla mübarizə dünyanın bir nömrəli mövsuzu olaraq qalır. Bu da təbiidir, çünki bütün ölkələrin sosial-iqtisadi vəziyyətini çətinləşdirən təhlükəli infeksiya ilə mübarizə hər bir insanın həyat tərzinə mənfi təsir göstərir. Dünyanın hər yerindən verilən məlumatlarda da koronavirusla mübarizənin daha sərt aparılması bildirilir. 
Məsələn, Fələstində koronavirus səbəbindən karantinin sərtləşdirildiyi vurğulanır. Belə ki, son günlərdə COVID-19 ağırlaşmaları ilə əlaqədar təhlükəsizlik tədbirlərinin də gücləndirildiyi xəbər verilir. Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün karantin rejiminin daha beş gün uzadıldığı bildirilir. Fələstin polisinin bildirdiyinə görə, artıq 121 mağaza bağlanmış, 55 avtomobil müsadirə olunmuş və karantini pozduğu üçün 13 vətəndaş həbs edilmişdir. 
Qazaxıstanda da koronavirusla bağlı vəziyyət mürəkkəb olaraq qalır. Qeyd etmək lazımdır ki, infeksiyanın yayılmağa başladığı ərəfədə Qazaxıstanda fövqəladə vəziyyət elan edilmiş, sərt karantin rejimi tətbiq olunmuşdu. Qazaxların ilk vaxtlar qaydalara ciddi riayət etmələri infeksiya ilə bağlı vəziyyətin normallaşmasına müəyyən qədər kömək etmişdi. Lakin mayın 11-dən sonra karantin tədbirlərinin yumşaldılması ilə vətəndaşlar normalara riayət etməyi unutmağa başladılar. Nəticədə xəstələnən vətəndaşların sayında artım müşahidə olundu. İndi hökumət nümayəndələri bu səhvləri təkrar etməməyə çalışırlar. Nur-Sultan şəhərinin meri Altay Kulginov mətbuata açıqlamasında iki həftəlik karantin rejiminin tətbiq edilməsinin qaçılmaz olduğunu diqqətə çatdırmışdır. 
Hazırda Qazaxıstanda idman və digər kütləvi tədbirlərin keçirilməsi qadağandır. Əhalinin küçələrdə, parklarda və meydanlarda hərəkəti məhdudlaşdırılır – üç nəfərdən çox adamın bir yerə toplanması qadağan edilir. Yaşlı insanlara evdən çıxmağı məsləhət görmürlər. Dövlət orqanlarının, ofislərin və digər təşkilatların işçilərinin 80 faizindən az olmayan hissəsi uzaqdan işləməlidir. Müvəqqəti olaraq gözəllik salonları, bərbərxanalar, hovuzlar, əyləncə mərkəzləri, kinoteatrlar və dini obyektlər işləmir. Regionlar arasında sərnişin avtobus xidməti dayandırılmışdır. 
Koronavrusdan ən çox zərbə alan ölkələrdən biri olan İspaniyanın Kataloniya regionunda COVID-19-a yoluxanların sayının kəskin artması səbəbindən yenidən karantin rejiminin tətbiq edildiyi bildirilir. Hazırda 210 minə yaxın insanın karantinə alındığı vurğulanır. Son günlərdə Seqriya bölgəsində təxminən 400 yeni koronavirusa yoluxma hadisəsi aşkar edilmişdir. Rayonun sərhədləri bağlanmış, yaşlılara evdən çıxmaq qadağan olunmuşdur. Karantin rejimi iyulun 4-dən qüvvəyə minmişdir. Seqriyanın sərhədində buraxılış məntəqələrinin işə salındığı, polislərin qaydalara əməl olunmasına ciddi şəkildə nəzarət etdikləri bildirilir. Bölgənin sakinlərinə rayon daxilində yaşayış məntəqələri arasında hərəkət etməmələri tövsiyə olunur. Bütün kütləvi tədbirlər təxirə salınmışdır: şirkətdə 10 nəfərdən çox adamın işləməsinə icazə verilmir. Yaşlı insanlar evdə qalmalıdır, qocalar evlərinə ziyarət müvəqqəti olaraq qadağan edilmişdir. Qeyd edək ki, Kataloniyada virus 73 min sakində aşkarlanmışdır, onlardan 12,5 min nəfəri dünyasını dəyişmişdir. Ümumilikdə, İspaniyada koronavirus 250 mindən çox insana yoluxmuşdur. 28 min xəstə infeksiya qurbanı olmuş, 150 min nəfər isə sağalmışdır.
Avstraliyanın Melburn şəhərində də koronavirusa görə altı həftəlik karantin rejimi tətbiq olunmuşdur. Viktoriya ştatının baş naziri Daniel Endryus Melburnda altı həftəlik karantin elan etmişdir. Daha əvvəl Avstraliyanın ikinci böyük şəhərində gündə 191 yeni COVID-19 koronavirus infeksiyası aşkar edilmişdir. Məhdudiyyətlər 
8 iyul tarixindən qüvvəyə minmişdir. D.Emdryusun sözlərinə görə, bir çox hallarda, əhəmiyyətli tədbir görmədən, virusun yayılmasının qarşısını almaq üçün yoluxmuş insanların təmaslarını izləmək mümkün deyil. Onun sözlərinə görə, indi bu tədbirlər görülməsə, yoluxma halları daha çox olacaq və vəziyyət nəzarətdən çıxacaq. 
İsveçrədə də koronavirus pandemiyası davam edir. İyulun 6-dan etibarən İsveçrədəki bütün ictimai nəqliyyatda olan sərnişinlərdən maska taxması tələb olunur. Yüksək riskli ölkələrdən İsveçrəyə daxil olan hər kəs on gün karantində saxlanılır. Bu giriş məhdudiyyətləri iyulun 20-dək qüvvədə qalacaq. İyulun 20-dən sonra İsveçrə Avropa Birliyinin qərarlarını izləyəcək və üçüncü ölkələrin, o cümlədən Çin vətəndaşlarının ərazisinə daxil olmasına icazə verəcək. Pandemiya İsveçrənin büdcəsinə mənfi təsir göstərir və buna görə də, büdcə kəsirinin yüksək olacağı proqnozlaşdırılır. 
İsraildə də koronavirusla bağlı vəziyyət ürəkaçan deyil. Pandemiya elan edilməsindən dərhal sonra İsraildə sərt karantin rejimi tətbiq edilmişdi. Qeyd etmək vacibdir ki, İsrail dünyada turistlər üçün sərhədlərini bağlayan ilk ölkələrdən biri olmuşdu. Mayın sonu, iyunun əvvəllərində İsrail hökuməti karantini yumşaltmağa başlamışdı. Belə bir addım atılmasına əsasən yerli iş adamlarının hökumətə ünvanlanan sərt tənqidləri də öz təsirini göstərmişdi. Baş nazir Benyamin Netanyahu biznes dairələrinin etirazını azaltmaq, eləcə də iqtisadi problemlərin dərinləşdirməmək üçün karantin rejiminin yumşaldılmasına razılıq vermişdi. Lakin məhdudiyyətlərin aradan qaldırılmasından bir qədər sonra koronavirusa yoluxma hallarında kəskin artım qeydə alındı. Buna görə də, İsrail hakimiyyəti ölkənin bəzi yerlərində yenidən məhdudiyyətlər tətbiq etmək qərarına gəldi. Ölkədə şadlıq salonları, hovuzlar, mədəniyyət ocaqları, gecə klubları və idman mərkəzləri, o cümlədən otellər fəaliyyətini dondurmuşdur. Yay məktəbləri və düşərgələri də müvəqqəti olaraq bağlanmışdır. Dövlət sektoru işçilərinin ən azı 30 faizi evdən işləməlidir. 
Bundan başqa, hökumət ictimai nəqliyyatda sərnişinlərin sayını da azaltmağa çağırır. İndi avtobus sürücüləri yalnız eyni vaxtda 20 sərnişini daşıya biləcəklər. Sinaqoqlarda, toylarda və cənazə tədbirlərində edilən dualar da daxil olmaqla, hər hansı bir ictimai toplantı məhdudiyyətlər altındadır: bunlara 19 nəfərdən çox adam qatılmamalıdır, hamısının maska taxması və 2 metr sosial məsafəni qoruması tələb olunur. “Haaretz Daily” qəzetinin verdiyi məlumata görə, Konstitusiya, Qanunvericilik və Ədalət üzrə Knesset Komitəsi hökumətin ictimai yerlərdə maska taxılmamasına görə cərimənin 200 şekeldən 500 şekelə (145 dollar) qaldırılması tələbini təsdiqləmişdir. Bir neçə həftə ərzində İsrailin son aylarda koronavirus ilə mübarizədə əldə etdiyi uğurlar, demək olar ki, sıfırlandı. Baş nazir Benyamin Netanyahunun sözlərinə görə, ölkə “tamamilə bağlanmanın addımlığındadır”. “Epidemiya yayılır, bu, aydındır”, – deyə İsrail hökumətinin başçısı bildirmişdir. – Rəqəmlər hər gün kəskin artır, eləcə də ağır pasiyentlərin sayı da çoxalır. Əgər indi fəaliyyətə başlamasaq, önümüzdəki həftələrdə yüzlərlə və ya hətta minlərlə xəstəni ağır vəziyyətdə qəbul edə bilərik”. Səhiyyə nazirinin müavini Yoav Kiş də ötən bazar günü COVID-19-un ikinci dalğasının birincisindən daha təhlükəli olacağını və infeksiya tempini yavaşıtmaq üçün bütün ictimai toplantıları təxirə salmağın lazım olduğunu bildirmişdi. Müxalifət düşərgəsindən “Yeş Atid” partiyasının rəhbəri Yair Lapid isə İsrail hökuməti tərəfindən hazırlanan karantin məhdudiyyətlərini kəskin tənqid etmişdir. 
Kolumbiyada da hakimiyyət karantin rejimini uzatmaq barədə qərar qəbul etmişdir. Belə ki, Kolumbiya Prezidenti İvan Duke COVID-19-a görə tətbiq edilən karantin rejimini avqustun 1-dək uzatmaq qərarına gəldiyini bildirmişdir. Son məlumatlara görə, Kolumbiyada 124 min 494 nəfərin koronavirusa yoluxması qeydə alınmışdır. 
Digər Latın Amerikası ölkəsi- Boliviyada prezidentin səlahiyyətlərini icra edən Janin Anyesin koronavirusa yoluxması barədə məlumat yayılmışdır. Janin Anyes “Twitter” səhifəsində son bir həftə ərzində komandasının üzvlərinin bir çoxunda koronavirusun aşkarlanmasından sonra testdən keçmiş və testin nəticəsinin pozitiv çıxdığını bildirmişdir. 
Braziliyada da COVID-19 ilə bağlı yaranmış dəhşətli mənzərə hökm sürür. Prezident Jair Bolsonaro da infeksiyaya yoluxmuşdur. Braziliya prezidenti hərarət də daxil olmaqla, simptomlar özünü göstərdikdən bir neçə gün sonra koronavirus testinin müsbət çıxdığını demişdir. Xatırladaq ki, cənab Bolsonaro əvvəllər koronavirusun yaratdığı risklərə ciddi yanaşmırdı. Hətta bir dəfə atletizmlə məşğul olduğuna görə tərəfdarlarına yoluxacağı halda belə narahat olmayacağını bildirmişdi. O demişdi ki, mən bunu hiss etməzdim. “Bu, bir az qripəbənzər və ya havada olmaq kimi bir şey olardı” – deyə, qeyd etmişdi. Ölkə başçısının virusun potensial ölümcül təsirinə göz yumması virusun yayılmasının qarşısını almaq üçün görülən qorunma tədbirlərinə etirazlara gətirib çıxarmışdı. Bu tədbirlərdən biri də ictimai yerlərdə maskadan istifadəni tələb edən qanunları zəiflətmək idi. Onu da əlavə edək ki, koronavirus Braziliyada sürətlə yayılır. Cənubi Amerikanın bu ölkəsi COVID-19-a yoluxma hallarının sayına görə dünyada ikinci yerdədir. 
Göründüyü kimi, demək olar ki, bütün ölkələrdə karantin rejimi sərtləşdirilir. İnfeksiyanın yayılmasının qarşısını almaq üçün yeganə vasitənin karantin rejiminin tətbiq olunması və qaydalara ciddi şəkildə əməl olunması göstərilir. Məhz insanların qaydalara əməl etməsi sayəsində karantin rejiminin aradan qaldırılması mümkün olacaqdır.

 

Hazırladı: 
Səbuhi MƏMMƏDOV, 
“Xalq qəzeti”

10 2020 21:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə