Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əhliman Əmiraslanov: xüsusi qaydalara ciddi əməl etməklə pandemiyanı nəzarətdə saxlaya və ona qalib gələ biləcəyik

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov dünyada koronavirus pandemiyası elan olunduğu ilk günlərdən Prezident İlham Əliyevin tapşırığı ilə və nəzarəti altında ölkəmizdə gerçəkləşdirilən genişmiqyaslı, kompleks tədbirlərdən söz açaraq bildirb:

– Koronavirus pandemiyasının elan olunmasından bir neçə ay vaxt keçməsinə baxmayaraq, bu gün təəssüflər olsun ki, bu xəstəliyə yoluxma və ölüm göstəriciləri artmaqda davam edir. Dünyada genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə baxmayaraq vəziyyəti sabitləşdirmək hələ ki, mümkün olmayıb. 

Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, ciddi karantin rejiminin tətbiq olunması kimi tədbirlər ölkəmizdə ilk günlərdən uğurla həyata keçirilir.  Prezident İlham Əliyevin 6 iyul 2020-ci ildə Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Xəzər Televiziyasına verdiyi müsahibədə də qeyd etdiyi kimi,  bu infeksiyaya yoluxan şəxslərin müalicəsi məqsədilə  ölkəmizdə 45 xəstəxana ayrılıb və xəstələrin müalicəsi üçün istifadəyə verilib. Bu xəstəxanaların 36-sı prezident İlham Əliyevin sərəncamı ilə son dövrlərdə tikilib. Qeyd edilən xəstəxanalar Bakıda və regionlarda fəaliyyət göstərir, onlar ən müasir avadanıqlarla təmin ediliblər.

Bir məsələni də qeyd edim ki, bir çox ölkələrdə koronavirusla bağlı həm diaqnostika, həm də müalicə heç də dövlətin hesabına həyata keçirilmir. Azərbaycanda isə hər bir xəstə stasionar şəraitdə dövlət hesabına müalicə alır. Dövlətimiz, Prezidentimiz lazımi hər şeyi edir ki, koronavirusa qarşı uğurla mübarizə aparaq. Amma son vaxtlar bəzi rəqəmlər bizi narahat edir.

Doğrudur, bu göstəricilər bir çox ölkələrlə müqayisədə xeyli yaxşıdır və vəziyyət tam nəzarət altındadır. Əhalisinin sayı Azərbaycan ilə müqayisə olunacaq, səhiyyə sistemləri nümunəvi hesab olunan bir sıra qabaqcıl ölkələrdə yoluxanların sayı 60-70 min, ölənlərin sayı isə on minlərlə ölçülür. Bu o deməkdir ki, heç bir ölkə əhalisi koronavirusa yoluxmaqdan sığortalanmış deyil. 

Komitə sədri daha sonra pandemiya ilə bağlı kartantin dövründə xüsusi qaydalara riayət olunmasının zəruriliyini vurğulayaraq deyib: “Hər bir vətəndaş tibbi maskadan istifadə etməli, gigiyenik qaydalara riayət etməli, sosial məsafə saxlamalıdır. Vətəndaşlarımız nizam-intizama ciddi riayət etməlidirlər. Xüsusi qaydalara ciddi əməl etməklə pandemiyanı nəzarətdə saxlaya və ona qalib gələ biləcəyik. Mən əminəm ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə aparılan genişmiqyaslı kompleks tədbirlər öz nəticəsini verəcək, yaxın vaxtlarda pandemiya ilə mübarizədə daha yüksək nəticələr əldə edəcəyik”.

Hazırladı:
R.TAHİR,
“Xalq qəzeti”

10 2020 11:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə