Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Naqif Həmzəyev: Azərbaycan ATƏT-in Minsk qrupundan növbətçi bəyanatlar deyil, Qarabağa sülh gətirəcək əməli addım gözləyir

Milli Məclisin deputatı, İnsan hüquqları kömitəsinin üzvü Naqif Həmzəyev Azərbaycan Prezidenti İlham Əliyevin buğünlərdə Azərbaycan telekanallarına müsahibəsində Ermənistanın ölkəmizə 30 ildən artıq müddətdə davam edən təcavüzünün mahiyyəti, işğalçı dövlətin sülh danışıqlarında daim sərgilədiyi riyakarlıq və  oyunbazlıqla bağlı mediaya açıqlamasında bildirib:

– Azərbaycan dövlətçiliyinə və xalqına qarşı ermənilər tərəfindən törədilən beynəlxalq cinayətlər bir əsrdən artıqdır ki, davam edir. Erməni millətçiləri tərəfindən tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasının gerçəkləşdirilməsi məqsədi ilə on minlərlə azərbaycanlı məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən ölkəmizin xarici siyasəti təcavüzkar Ermənistanı işğalçılıq hərəkətlərinə son qoymağa və münaqişəni dinc yolla həll etməyə dəvət edir. Lakin beynəlxalq təşkilatlar qarşısında bu proses daim təcavüzkar Ermənistan tərəfindən pozulur. İşğalçı dövlət Ermənistan beynəlxalq hüquq normalarına məhəl qoymadan qeyri-konstruktiv siyasətini davam etdirir.

Prezident İlham Əliyev iyulun 6-da yerli televiziyalara müsahibəsində növbəti dəfə vurğulayıbki, heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək. İşğal edilmiş bütün torpaqlar işğalçılardan azad edilməlidir, Azərbaycan vətəndaşları öz dədə-baba torpaqlarına qayıtmalıdırlar. Bu, prinsipial mövqedir və dünya birliyi bu mövqeyi dəstəkləyir. Buna görə də Azərbaycan dünyada müstəqil siyasət yürüdən, qlobal siyasi proseslərə və beynəlxalq münasibətlər sisteminə öz baxışı olan bir dövlət kimi tanınır.

Azərbaycan rəhbəri İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli inkişafı, iqtisadi potensialının güclənməsi, həyata keçirilən müstəqil xarici siyasət müstəqil dövlətimizin nüfuzunun yüksəlməsini, beynəlxalq aləmə daha sıx inteqrasiyasını, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmləndirilməsini təmin edib. İşğalçı Ermənistanda isə Prezident İlham Əliyevin qeyd etdiyi kimi, insan haqlarının və demokratiyanın pozulması bu günün işi deyil. Ermənistanda heç vaxt demokratiya olmayıb.

Ermənistan 30 ildən artıqdır ki, beynəlxalq aləmə əsl xislətini Azərbaycana təcavüz edən ölkə kimi tanıdıb. Xocalı soyqırımını törədən faşistlər demokrat ola bilməzlər. Başqasının torpağına göz dikən, bir milyon insanı evsiz-eşiksiz qoyan ölkə demokrat ola bilməz. Onlar bir milyon Azərbaycan vətəndaşının və Ermənistanda yaşayan azərbaycanlıların elementar insan haqlarını pozublar. Ancaq ermənilərə himayədarlıq edənlər, ilk növbədə, Ermənistan hökumətinin Avropada çirkin lobbiçilik fəaliyyəti bu ölkənin təcavüzkar siyasətinin davam etməsinə imkan verir.

Deputat daha sonra Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun  fəaliyyətinin qənaətbəxş olmaması ilə bağlı deyib:

– Qarabağ münaqişəsində atəşkəsə nəzarət missiyasını daşıyan ATƏT-in Minsk qrupu həmsədrləri növbətçi görüşlərindən savayı, heç bir diplomatik səy göstərmir. ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları İnstitutu işğal edilmiş Azərbaycan torpaqlarında qanunsuz məskunlaşmaya, ekoloji vəziyyətin korlanmasına göz yukur. Beynəlxalq qurumlar Ermənistandakı xunta rejiminin və faşist diktaturasının bölgəni narkotik maddələr və silah qaçaqmalçılığı bazasına çevirməsinə, keçirilmiş saxta seçkilərə münasibət bildirmir. Hesabat xarakterli səfərlər və mücərrəd ifadəli bəyanatlar Minsk qrupunun əməli baxımdan fəaliyyətsizliyindən xəbər verir.

Ümumiyyətlə, yarandığı vaxtdan etibarən ATƏT-in Minsk qrupunun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyi bildirilsə də, indiyə qədər bu qurumun fəaliyyəti sülh prosesində arzu olunan nəticəni verməyib. Beynəlxalq təşkilatların, ikili standartlar və qarşılıqlı güzəşt prinsipini üstün tutması Ermənistanın qeyri-konstruktiv mövqedən çıxış edərək işğalçılıq siyasətini davam etdirməsini stimullaşdırır. 

ATƏT-in Minsk qrupu regionda sülh, sabitlik və tərəqqi, xalqların və millətlərin dinc, dostluq şəraitində yaşamağını doğrudan istəyirsə, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli naminə işğalçı tərəfə təsir göstərməlidirlər. O ki qaldı Minsk qrupunun bəyanatına, biz ondan başqa bəyanatlar, konkret addımlar gözləyirik. Azərbaycan ATƏT-in Minsk qrupundan növbətçi bəyanat deyil, Qarabağa sülh gətirəcək əməli addım gözləyir.  Ermənistanın baş naziri deyir: “Qarabağ Ermənistandır”. Buna Azərbayvan Prezidenti İlham Əliyev bu sayıqlamanı bütün kəskinliyi ilə cavablandırır. Bəs Minsk qrupu niyə buna cavab vermir? Dövlətimizin başçısının söylədiyi kimi, Ermənistan rəhbərinin cəfəng bəyanatı, əslində, Minsk qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz hala gətirir.

Naqif Həmzəyev açıqlamasının sonunda ölkə rəhbəri İlham Əliyevin Ermənistandakı hazırkı kəskin durum barədə söylədiklərinə də münasibətini bildirib:

  Prezident İlham Əliyevin  telekanallara son müsahibəsində son 20 ildə Ermənistanı talan etmiş quldur xuntanın əməllərinə göz yummuş xarici havadarların bu gün də diktatura rejiminin özbaşınalıqlarını sakitcə seyr etdiklərini haqlı ittiham edərək dedi: “Baş nazir həm hakimdir, həm prokurordur, həm icra orqanının rəhbəridir, həm də sanki parlamentin sədridir. Qanunvericilik, məhkəmə-hüquq və idarəetmə mexanizmi bir adamın əlində cəmlənib və Ermənistanda diktatura artıq formalaşıbdır. Ancaq baxın, beynəlxalq təşkilatlar, - indi bunu bir çox adamlar deyir, - buna nə reaksiya verir? Heç bir reaksiya vermir”.

Dövlətimizin baçşçısının vurğuladığı kimi, haradadır ATƏT-in media üzrə nümayəndəsi? Haradadır Avropa Şurası? Niyə Ermənistan tənqid olunmur? Niyə Ermənistan üzrə, siyasi məhbus üzrə məruzəçi təyin edilmir? Yalnız onlara sərf edən susmağa üstünlük verirlər. Bu isə beynəlxalq hüququn prinsiplərinə sayğısızlıqdır. Prezident İlham Əliyevin telemüsahibədə bəyan etdikləri isə Azərbaycanın prinsipial mövqeyindən bir addım da geri çəkilməyəcəyi, öz ərazi bütövlüyünü bərpa etmək əzmində və gücündə olduğu barədə düşmən dövlətə və onun havadarlarına  daha bir kəskin mesajdır.

Hazırladı:
R.TAHİR,

“Xalq qəzeti”

10 2020 11:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə