Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qalxanabənzər vəz əməliyyatında yeni üsul

Qalxanabənzər vəz əməliyyatında yeni üsul

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında qalxanabənzər vəzinin çoxdüyünlü uru (zob) əməliyyatı yeni üsulla aparılıb. Həmin diaqnozla klinikaya daxil olan xəstə üzərində səs maşınının müşayiəti ilə icra edilən total tiroidektomiya əməliyyatı müvəffəqiyyətlə başa çatıb.

Bu barədə ATU-nun mətbuat xidmətindən məlumat almışıq. Bildirilir ki, əməliyyatı klinikanın endokrinoloq-cərrahı, tibb üzrə fəlsəfə doktoru Azər Hümmətov edib.  35 yaşlı xəstədə qalxanabənzər vəzinin hər iki payında orta və böyükölçülü düyünlər olub. Nəticədə xəstədə boğulma və təngnəfəslik əlamətləri müşahidə edilib. Cərrah deyib: “Belə şikayətləri olan xəstənin əməliyyat edilməsi vacibdir. Çünki çoxdüyünlü zob zamanı xəstəni biopsiya etmək çətin olur. Düyünlər 3 santimetrdən böyük olarsa və xəstəyə boğulma verərsə, bu halda əməliyyatın icrası mütləqdir”.

A.Hümmətov qalxanvarı vəzinin arxa səddində səsə və səs tellərinə nəzarət edən “qayıdan qırtlaq” sinirinin yerləşdiyini və əməliyyat zamanı onun zədələnmə ehtimalının olduğunu diqqətə çatdırıb. Bu səbəbdən əməliyyatda yalnız ATU-nun klinikasında olan səs cihazından istifadə edilməsi məsləhət görülüb: “Cihazın üstünlüyü ondadır ki, o, əməliyyat zamanı “qayıdan qırtlaq” sinirinin aşkarlanmasına kömək edir. Digər tərəfdən cihaz vasitəsilə sinirin yerini təyin etdikdən sonra onu zədələməmək ehtimalı yaranır. Həm də bu cihaz əməliyyat zamanı toxuma bitişməsini müəyyənləşdirməyə imkan verir”, -deyə cərrah qeyd edib.

1 saat 20 dəqiqə davam edən əməliyyat zamanı sinirə zədə yetirilmədən düyünlərin götürüldüyü, vəzin tamamilə xaric olunduğu bildirilıb. Aldığımız məlumatda xəstənin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

6 Oktyabr 2018 12:13 - SƏHİYYƏ
SƏHİYYƏ

Ən son xəbərləri səhifəmizdən də izləyin