Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Radikallıq virusu epidemiya kimi təhlükəlidir

Son günlər müxalifətyönlü KİV-də və sosial şəbəkələrdə özlərini az qala virusologiya mütəxəssisi və epidemiya üzə ekspert kimi göstərənlər koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda sərt karantin tədbirlərinin uzadılmasının ya mənasız olduğunu, ya da ümumiyyətlə, ehtiyac duyulmadığını iddia edir, bununla da xalqı gərginlikdə saxlamağa çalışırlar. Bu mülahizələrin sağlam düşüncə məhsulu olmasına inanmaq sadəlövhlük olardı. Həm də yaxşı ki, hakimiyyət bu iddiaların qarşısında azacıq da olsa zəiflik göstərib geri çəkilmir. Əks təqdirdə, ölkədə kütləvi ölüm hallarının qarşısını almaq əsla mümkün olmazdı.

Bu gün dünyada baş verən prosesləri izlədikcə, bir daha əmin olursan ki, COVID-19 adlı taclı qatil öz gözəgörünməyən “ordusu” ilə bütün bəşəriyyətə, sözün əsl mənasında, “müharibə” elan edib. Əllaməçiliklə məşğul olub buna şübhə edənlərə, elə onlara inananlara da, sadəcə dünya mətbuatının yaydığı gündəlik hesabat­lara, 200-ə yaxın ölkədə bu bəlanın qur­banlarının dəhşətli statistikasına diqqət yetirməyi məsləhət görərdik.

Ən azından, sadə xalqa Almani­ya, Fransa və İspaniyanı, yaxud yaxın qonşularımız olan Rusiyanı, Xəzərin o ta­yındakı Qazaxıstanı real olmayan faktlar, hadisələrlə bağlı misal çəkib aldatmağa çalışmasınlar. Bu gün dünyanın ən nəhəng dövlətləri belə heç də o iddiada deyillər ki, onlar COVID-19 kimi dəhşətli bir virusa qalib gəliblər.

Başlayaq daha yaxın olan Rusiyadan. Bu ölkənin səhiyyə naziri Mixail Muraşko iyulun 8-də “Rusiya 1” telekanalındakı “Xəbərlər” proqramında Nailə Əsgərzadə ilə müsahibəsində deyir: “İdarə edilə bilən olsa belə, bu gün bizdə xəstəlik səviyyəsi hələ də var və ümumiyyətlə, ölkədə xəstəxana çarpayılarında 112 min insan müalicə alır”.

Buna qədər isə Rusiyada gündə 6,5 mindən çox insanın COVID-19-a yoluxduğu təsdiqlənib. Koronavirus­la mübarizə üzrə operativ qərargahın məlumatına görə, epidemiyanın bütün dövrü ərzində ölkədə 700 mindən çox epidemiyaya yoluxma faktı aşkar edil­mişdir.

Sankt-Peterburq Qanunverici Məclisinin deputatı İqor Vısotski “Na­tion News”a verdiyi müsahibədə, koronavirus səbəbi ilə tətbiq olunan məhdudlaşdırıcı tədbirlərin aradan qal­dırılmasında nizam-intizamın vacibliyini yüksək qiymətləndirib. Bunu Azərbaycan hakimiyyətinin nümayəndələri də ilk yumşalma tədbirlərinə qərar verəndə xəbərdarlıq etmişdilər.

Çərşənbə günü, iyulun 8-də Cons Hopkins Universitetinin verdiyi məlumata görə, dünyanın möhtəşəm dövləti olan Amerika Birləşmiş Ştatlarında pandemi­ya dövründə təsdiqlənmiş koronavirus infeksiyasına yoluxanların sayı 3 mil­yonu keçib. Universitetin saytında dərc edilmiş məlumatlara əsasən, ölkədə cəmi 3 milyon 9 min 611 nəfər COVID-19 xəstəsi aşkar edilmiş, onlardan 131 min 594 nəfər ölmüş, 936 min 476 xəstə sa­ğalmışdır. Dünyaya meydan oxuyan bu ölkədə hazırda 1 milyon 900 mindən çox insan xəstəxanalardadır. Təkcə iyulun 8-də ABŞ-da rekord sayda – 60 min 209 yoluxma hadisəsi qeydə alınmışdır.

Braziliyada yoluxanların sayı da kəskin artmaqda davam edir. Son məlumata görə, bu ölkədə amansız virusa yoluxanların sayı 1 milyon 668 min 589-a çatıb, 66 min 741nəfər ölüb, 1 milyon 107 mindən çox adam sağalıb.

Xəstə sayına görə sıralamada üçüncü olan Hindistanda son bir gündə ölkənin Səhiyyə Nazirliyinin məlumatına əsasən, aşkar edilən yoluxma hadisələrinin sayı 22 min nəfəri keçərək, ümumilikdə, 742 min 417-ə yüksəlib. 20 min 642 insan həyatını itirib, 440 min nəfər sağalıb.

Koronavirusa yoluxanların və ölənlərin sayına görə, qonşu İranda da vəziyyət ağır olaraq qalmaqdadır. İyulun 7-də bu ölkədə koronavirus xəstəliyinə yoluxmuş insanlar arasında 200 ölüm hadisəsi qeydə alınıb ki, bu da fevral ayında ölkədə baş vermiş böhrandan bəri rekord göstəricidir. İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Simu Sadət Lariyə istinadən ölkənin “Mehr” infor­masiya agentliyi xəbər verir ki, burada COVID-19-dan ölənlərin ümumi sayı 11 min 931-ə çatıb. Təkcə iyulun 7-də xəstəliyə yoluxan 2 min 637 insan aşkarlanıb və beləliklə, onların ümu­mi sayı 245 min 688-ə çatıb. Mətbuat katibinin sözlərinə görə, ölkədə ən azı 207 min insan koronavirusdan müalicə alsa da, 3 min 270 xəstə hələ də kritik vəziyyətdədir.

İranda vəziyyətin belə hal alması­nın əsas səbəbini özünü daha ağıllı sayıb Azərbaycanın hakimiyyət or­qanlarına “yol göstərmək” istəyən “qəhrəmanlarımız” bilsələr yaxşıdır: Bu ölkədə hakimiyyət, məhz, onların dediyi kimi hərəkət edib. Belə ki, aprel ayından bəri İran koronavirus səbəbi ilə tətbiq olunan təcrid rejimini aradan qaldırıb. Vəziyyətin gərginləşməsinə baxmaya­raq, iyunun əvvəlində İran Prezidenti Həsən Ruhani iqtisadi səbəblərə görə, belə bir rejimi bərpa edə bilməyəcəyini söyləyib. Lakin indi vəziyyətin nəzarətdən çıxdığını görən rəsmi Tehran koronavirusun daha çox yayıldığı əyalət orqanlarına yenidən məhdudlaşdırıcı tədbirlərə əl atmağa icazə vermək məcburiyyətində qalıb. Hazırda üzünü Azərbaycan iqtidarına tutub karantin re­jiminin əhəmiyyətsizliyini söyləyənlərə, bunun ləğv edilməsini təkidlə tələb edənlərə sual edirəm: İran hakimiyyəti karantin tədbirlərini ləğv etməklə düzmü edib? Siz də Azərbaycanda karantinin ləğv edilməsini və xəstəliyin kəskin artmasınımı istəyirsiniz ki, sonra da şəbeh vurub hakimiyyəti xalqı koronavi­rusdan qoruya bilmədiyinə görə ittiham edəsiniz?

Elə bilməyin ki, vəziyyət təkcə ABŞ, İran və Braziliyada belədir. Müxalifət nümayəndələrinin və bir sıra sosial şəbəkə “qəhrəmanlarının” tez-tez misal çəkdikləri Almaniyada son bir gündə 397 yeni koronavirusa yoluxma aşkar edilib. Robert Kox İnstitutundan verilən məlumata görə, pandemiya dövründə Avropanın bu yüksək rifah ölkəsində, ümumilikdə, 197 min 341 nəfərdə COVID-19 təsdiqlənmişdir. Təkcə iyulun 8-də bu ölkədə 12 koronavirus xəstəsi ölüb. COVID-19-dan ölənlərin ümumi sayı isə 9036-a çatıb.

Azərbaycanda özünütəcrid qayda­larına bütün vasitələrlə əhaliddə əks reaksiya yaratmaq istəyənlərin həqiqi niyyətlərinin nədən ibarət olduğu bizə məlumdur. Lakin informasiya əsrinin nailiyyətlərindən lazımı səviyyədə istifadə edə bilməyən sadə insanlar, ya güzəran üzündənmi, ya da sadəlövhlüklərindənmi bəzən onlara inanırlar. Amma dünyada proseslər heç də ölkədəki sabitliyi ən çirkin vasitələrlə pozmağa çalışanların dediyi kimi getmir. Bu gün oxuduğum son məlumatda deyilir ki, Almaniya sentyabrdan etibarən qoruyucu maska­lar istehsalını artırmağa və hər il pan­demiyaya qədərki dövrdən 2,5 milyard daha çox, yəni, təxminən, 7 milyard maska istehsal etməyə hazırlaşır. Bu barədə xəbəri bu ölkənin İqtisadiyyat Nazirliyinə istinadən “Rheinische Post” nəşri yazır. Orada qeyd edilir ki, buna, ümumilikdə, 60 milyon avro həcmində məqsədyönlü sərmayə yönəldiləcək. Xüsusilə, hökumət virusların daxil olma­sının qarşısını alacaq, flisli filtrlər istehsal edən sistemlərə investisiya qoyacaq ki, onlardan maska istehsalında istifadə edilsin. Yəqin bizim müxalifət Almaniya­da olsa idi deyərdi ki, hakimiyyət xalqın vəsaitini dağıdır, nəsə başqa marağı var. Axı biz görürük ki, onlar dövlət başçısının səhiyyənin inkişafı üçün həyata keçirdiyi tədbirləri yüz yerə yozurlar.

İyulun 8-də Qərbin və dünyanın demokratiya beşiyi sayılan Fransanın Səhiyyə Nazirliyi xalqı koronavirusun ikinci dalğasına hazırlaşmağa çağırıb. Bu ölkənin Səhiyyə Nazirliyinin Baş Direktor­luğunun rəhbəri Jerome Salomon deyib: “Biz bu və ya digər mövsümdə virusun davranışının necə olacağı haqda hər şeyi bilmirik. Virus əvvəlki kimi yayılır. Mümkün ola biləcək yeni alovlanmaya və hətta, ikinci dalğaya hazırlaşmaq lazımdır”.

Fransalı məmur Jerom Salomon “Le Figaro”ya verdiyi müsahibədə bildirib ki, “ilk dalğadan öyrənmək və vəziyyətin inkişafını ən yaxşı şəkildə proqnozlaş­dırmaq üçün hər şeyi edirik”. Məmur xəbərdarlıq edib ki, gigiyena, fiziki məsafəni ciddi şəkildə izləmək və zəruri hallarda maska taxmaq lazımdır. Yüksək çinli məmur ölkədəki epidemiyanın yenidən başlaması riskinin hər bir insa­nın davranış tərzindən asılı olduğunu da xüsusi qeyd edib. Bu da səbəbsiz deyil. Çünki Fransa o ölkələrdəndir ki, burada pandemiya zamanı 168 min koronavirus xəstəsi qeydə alınıb və az bir zamanda, təxminən, 30 min adam ölüb.

Özlərini dünyalarca məşhur hesab edib İngiltərəni nümunə çəkənlərin isə, bir daha bəlli oldu ki, düşüncə tərzi hay-küy axtaran cızmaqaraçıların düşüncəsindən qətiyyən fərqlənmir. Fərqlənmiş olsaydı, ən azından dünya­da baş verən hadisələri oxuyub düzgün nəticə çıxarar və özünü canıyanan kimi göstərib dövlət orqanlarına dərs verməyə çalışmaz, insanları çaşdırmazdılar. Çünki onun, necə deyərlər, bəh-bəhlə nümunə göstərdiyi min ildən yuxarı müstəqillik tarixi olan qosqoca Böyük Britaniya ko­ronavirusdan ölənlərin sayına görə, dün­yada üçüncü yerdədir və burada da hələ heç nə bitməyib. Pandemiya dövründə koronavirus xəstələrinin sayı 287 min 874-ə çatmış Böyük Britaniyada 44 min 741 nəfər “taclı qatilin” qurbanı olub.

Doğrudur, İngiltərənin bizdən fərqi ondadır ki, bu ölkədə çox güclü alim və mütəxəssislərlə yanaşı, həm də son dərəcə yüksək potensiala malik elmi-tədqiqat müəssisələri var, elm adamları təkcə öz ölkələrini deyil, bütün bəşəriyyəti bu qorxulu bəladan qurtarmaq üçün əzmkarlıqla işləyir və yeni kəşfləri ilə koronavirusa qalib gəlməyə çalışırlar. Bəs bizimkilər nə işlə məşğuldur?!

Pandemiyanın dünya dövlətlərini necə ayaqda saxladığını Azərbaycanda karantinə ehtiyac görməyənlərin diqqətinə çatdırmaq üçün ən yeni bir məlumatı da qeyd etmək istəyirəm. Əhalinin sayına görə Avstraliyanın ikinci böyük şəhəri Melburnun sakinləri, pandemiyanın kəskinləşməsi səbəbi ilə karantinin yenidən tətbiq ediləcəyi haq­qında elan veriləndən sonra supermarket rəflərini sanki süpürgələyiblər. 8 iyuldan 9 iyula keçən gecə, yəni bu gündən Mel­burnda altı həftəlik karantin tətbiq olunub. Sakinlər yalnız ərzaq məhsulları və ilkin tələbat mallarını almaq üçün evlərini tərk edə bilərlər.

Bizim “çoxbilmişlərin” yanaşmasın­dan belə çıxır ki, Avstraliya hakimiyyəti də düz iş görmür, açıb buraxsın xalqı küçəyə, kim ölər, kim qalar. Əcəba, beləmi düşünürsünüz və xalqa beləmi gün ağlayırsınız? İşdir-şaiyət, hakimiyyət sahibi olsanız, xalqın təhlükəsizliyini beləmi təmin edəcəkdiniz?

Azərbaycanda hakimiyyətin həyata keçirdiyi hər hansı tədbiri qara rəngə bo­yamağa çalışırsınız. Amma dünyada baş verənlərlə müqayisəyə gələndə susur­sunuz. Bəzən hakimiyyətə qarşı elə iddi­alar qaldırırsınız ki, sanki Azərbaycanın müstəqillik yaşı İngiltərənin dövlətçilik yaşına bərabərdir. Amma unudursunuz ki, fərsiz idarəçiliyiniz sayəsində 27 il əvvəl bu ölkədə vətəndaş müharibəsi alovlanmışdı. Hətta, Gəncədən Bakıya hücum planı həyata keçirilirdi ki, sizlər üçün Azadlıq meydanında dar ağacı qursunlar.

Dediklərinizə, hətta, qabaqcıl ölkələrdə baş verən hadisələr heç bir təsir göstərmir və sız qramafon kimi sərsəm fikirlərinizi təkrarlamaqda davam edirsiniz. Diqqət edin: dünyanın böyük hadisələrinin statistikasını aparmaq üzrə ixtisaslaşan “Worldometer” por­talının verdiyi məlumata görə, iyulun 8-ə olan məlumata əsasən planetin 1 milyon əhalisinə ölüm nisbəti 70,1 nəfər təşkil edir. ABŞ-da 1 milyon nəfərə 405, Braziliyada 315, Hindistanda 15, Bö­yük Britaniyada 654 adam düşür. Bəs Azərbaycanda neçədir, heç hesablamaq ağlınızdan keçibmi? Yoxsa bu sizə əl vermir?! Elə isə, o sadə hesablamanı diqqətinizə çatdırım: nəzərə alsaq ki, ölkəmizdə 10 milyondan bir qədər artıq əhali var, o zaman hər 1 milyona 27 ölüm hadisəsi düşür. Əmin olun ki, əgər dövlət vaxtında lazımi tədbirləri həyata keçirməsəydi və təkrar karantin rejimini tətbiq etməsəydi, bu rəqəm bir neçə dəfə artıq olacaqdı. Sizə də deyəsən elə bu lazımdır. Ona görə də radikallıq virusu­nu epidemiyaya çevirmək istəyirsiniz. Məsləhətdir ki, özünüzü çox gücə salmayasınız, sizin radikallıq virusunuz heç zaman epidemiyaya çevrilməyəcək. Amma immunitetinizi itirə bilərsiniz və vay o günə koronavirusa yoluxasınız, onda sizi heç nə qurtarmayacaq.

İlqar RÜSTƏMOV, “Xalq qəzeti”

10 2020 03:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə