Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Milli mətbuatının dövlətçilik və türkçülük ənənələri

Azərbaycan Milli mətbuatı 145

Ümummilli lider Heydər Əliyevin mətbuata müstəsna diqqət və qayğısı, dövlətin uğurlu media siyasəti 1993-cü ildən bəri ölkəmizdə demokratik KİV-in inkişafında yeni bir mərhələ oldu. Ulu öndərin mətbuat üzərində əvvəlcə hərbi senzuranı, sonra bütövlükdə senzuranı ləğv edilməsi müharibə şəraitində yaşayan və quruculuq yollarında yenicə addımlayan gənc bir ölkənin siyasi durumu ilə ziddiyyət yaratsa da, dünyaya inteqrasiya və demokratik dəyərlərə qovuşmağın önəmli yolu idi. Dövlət başçısının qərarları ilə mərhələ-mərhələ KİV-in fəaliyyəti üçün əlverişli şərait yaradılması, qəzet-jurnalların borclarının silinməsi, medianın maddi-texniki bazasının yeniləşdirilməsi və digər önəmli tədbirlər KİV-in inkişafına təkan verdi. Bütün bunlar bazar iqtisadiyyatı dövründə mətbuatın inkişafına əlverişli şərait yaratmış oldu. Jurnalistlər bu gün də ulu öndər Heydər Əliyevin KİV-ə misilsiz himayədarlığını qədirbilənliklə yad etməkdədirlər.

Azərbaycanda dövlət müstəqilliyinin əldə edilməsi ilə böyük maarifçi Həsən bəy Zərdabinin 145 il əvvəl ilk anadilli qəzetimiz “Əkinçi”ni nəşrə başladığı 22 iyul tarixini millətsevər ziyalılar ölkəmizdə jurnalistika günü elan etmişlər. 2000-ci ildən isə milli jurnalistikanın yubileyləri dövlət başçısının sərəncamı ilə ümumxalq bayramı kimi qeyd olunur.

Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 30-da imzaladığı “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam mətbuatın xalqımı­zın milli oyanış tarixindəki mötəbər yerini və mətbuat bayramının ölkənin ən önəmli hadisələrindən biri olduğunu yenidən təsdiqlədi: “145 il əvvəl – 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siya­si həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. Sonrakı illərdə çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, milli özünüdərk və istiqlal məfkurəsinin formalaş­masında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir”.

Bu günlərdə xalqımız tarixi ənənə və dövlətçilik movqeyinin qorunmasında önəmli xidmətlərə sahiblənmiş Azərbaycan milli mətbuatının 145-ci ildönümünü təntənə ilə qeyd etməyə hazırlaşır. Prezident İl­ham Əliyevin KİV-in inkişafına göstərdiyi ardıcıl diqqətin növbəti nümunəsi olan belə bir sərəncamın imzalanması göstərdi ki, ölkəmizdə milli mətbuatın tarixinə ehti­ram dövlət siyasəti səviyyəsindədir. Nəinki ölkəmizin, eləcə də dünyanın ağır pandemi­ya dövrünü yaşadığı günlərdə mediamızın həyatındakı çox önəmli hadisə unudulmadı, əksinə, Prezident sərəncamı bu dəyəri bir daha artırmış oldu.

Belə bir əlamətdar hadisə ərəfəsində xal­qımızın dövlətcilik və türkçülük ənənələrinin qorunmasında və inkişaf etdirilməsində milli mətbuatımızın apardığı mübarizənin taleyük­lü bir dönəmi ilə bağlı unudulmaz məqamları oxucularımızla bölüşmək istərdik.

1. Azərbaycan Xalq Cümhuriyyətinin mətbu irsində türkçülük

Şərqdə, eləcə də Türk–İslam dünya­sında ilk demokratik, hüquqi və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqının qədim dövlətçilik ənənələrini bərpa etdi, insan hüquq və azadlıqlarının təmin edilməsinə, irqi, milli, dini, sinfi və digər sosial bərabərsizliklərin ləğvinə əsaslı şərait yaratdı. Ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddət ərzində milli dövlət quruculuğu sahəsində fəaliyyətini yüksək qiymətləndirmiş, AXC-nin ya­radıcılarını “xalqımızın qabaqcıl insan­ları, Azərbaycanın gələcəyi haqqında düşünənlər” adlandırmışdır.

Ulu öndərin siyasətini uğurla da­vam etdirən Prezident İlham Əliyev də Azərbaycan Xalq Cümhuriyyəti qurucuları­nın bütün sahələrdəki fəaliyyətlərini yüksək qiymətləndirmişdir. Dövlət başçısı 2017-ci il mayın 16-da imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncamda bu rəsmi dəyər çox aydın ifadə edilmişdir: “Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götür­düyü çətin tarixi vəzifəni imkanları­nın ən son həddində çalışaraq şərəflə yerinə yetirdi”.

Təəssüflər olsun ki, üzun illər bu şərəfli tarix xalqdan, millətdən gizlədilmiş, yaxud da saxtalaşdırılmış bolşevik təfəkkürünün iddaları ilə cəmiyyətə təqdim edilmişdir. Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra bu tarix xalqımıza təkcə azadlıq adlı əvəzsiz bir neməti yox, həm də şərəf duyacağımız bir tarixi də qaytarmış oldu. Tarixçi alimlərimizin, tədqiqatçıların üzünə “tam məxfi” və “məxfi” qrifləri ilə bağlı elan edilmiş arxivlərin, fondların açılışı AXC tarixinə dair önəmli və yeni münasibətləri ortaya qoydu. O cümlədən, müstəqil Azərbaycan mətbuatının bu barədə yazdıqları və bundan sonra da yazacaqları həmin şərəfli tarixin cəmiyyətə çatdırılma­sında mühüm rol oynadı. Burada mətbuat tariximizin böyük tədqiqatçısı professor Şirməmməd Hüseynovun “tarixi keçmişimizi, kökümüzü dəqiq və dürüst öyrənməyin ən mötəbər mənbələrindən biri zamanın kollektiv yaddaşı hesab edilən mətbuatdır” deyimi bir daha təsdiqini tapmış oldu.

Azərbaycan Xalq Cümhuriyyətinin bütün digər ictimai-siyasi qurumları kimi, onun dövri mətbuatı da birdən-birə ya­ranmamışdı. Hələ XIX əsrin I yarısında Azərbaycanda milli və ümumbəşəri ideal­ların məfkurəçiləri və təbliğatçıları olmuş Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli Axundzadə kimi yazıçı, mütəfəkkir və ictimai xadimlər tərəqqinin başlıca yolunu, milli istiqlalın təntənəsini dövri mətbuat nəşr etməkdə, mənəvi və əxlaqi qurumları inkişaf etdirməkdə görürdülər. Bu yolun davamçısı olan Həsən bəy Zərdabi öz böyük sələflərinin arzularını yerinə yetirmiş, 1875-ci ildə “Əkinçi” qəzetinin timsalında ilk milli mətbu nəşri yaratmışdı. “Əkinçi” qəzetinin milli maarifçilik ənənələrinin davamı olaraq XIX əsrin sonlarında Tiflisdə Cəlaləddin və Səid Ünsizadə qardaşlarının ərsəyə gətirdikləri “Ziya” (1879-1880), “Ziyayi-Qafqaziyyə” (1880-1884) və “Kəşkül” (1883-1891), XX əsrin ilk illərində isə Məhəmməd ağa Şahtaxtlının buraxdığı “Şərqi-Rus” (1903- 1905) anadilli qəzetləri meydana çıxmışdır. Rusiyada 1905-ci il inqilabından sonra Əli bəy Hüseynzadə və Əhməd bəy Ağayevin nəşr etdikləri “Həyat” (1905-1906) qəzeti, Əli bəy Hüseynzadənin buraxdığı “Füyuzat” (1906-1907) jurnalı milli idealları yeni tarixi mərhələdə davam etdirmişdir.

1906-cı ilin 7 aprelində Tiflisdə “Mol­la Nəsrəddin” jurnalının ilk nömrəsinin çapdan çıxması ilə Azərbaycanda, eləcə də Yaxın Şərqdə satirik jurnalistikanın əsası qoyulmuşdur. Mollanəsrəddinçilər Yaxın və Orta Şərqdə “Molla Nəsrəddin məktəbi” adlı qüdrətli mətbuat məktəbi yaratmışdılar. Jurnalın Rusiya ilə yanaşı, Asiya, Avropa və Amerikanın bir sıra ölkələrində abunəçiləri var idi. Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin” jurnalı Yaxın və Orta Şərqdə, xüsusilə İran və Türkiyədə ədəbi-ictimai fik­rin, inqilabi-demokratik hərəkatın inkişafına təsir göstərmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti mətbuatı, məhz, bu ənənələr üzərində təşəkkül tapmış və bu irsin sələfləri 1911-ci ildən sonra meydana gəlmişdilər. Xalq cümhuriyyətinin ictimai-siyasi məramlarını ilk dəfə konsep­siya şəklində təbliğ edən “İqbal” (1912- 1915) qəzetinin ardınca 1914 il oktyabrın 15-də “Dirilik” jurnalının, 1915 il oktyabrın 2-də isə ilk dəfə milli proqramlı “Açıq söz” qəzetinin nəşrinə başlanmışdır. Xalqın xilas yolunu məfkurə birliyində görən qəzetin adının altında “Gündəlik türk qəzetidir” sözlərinin yazılması, onun türk dünyası ilə bağlılığının bariz nümunəsi idi. Hətta qəzet mətbuat tariximizdə ilk dəfə olaraq xalqı­mızın adının “müsəlman”, “tatar”, “tüzem” olmasına etirazını bildirmiş, “türk” olduğunu təkidlə sübüt etmişdir.

Bu dövr, eyni zamanda, türkçülük ide­yalarının geniş yayıldığı bir mərhələ kimi də xarakterizə edilir. O illərdən başlayaraq mətbutda türkçülük ideyalarının təbliğinə ciddi önəm verilmişdir. Tədqiqatçı alim Qərənfil Dünyaminqızının dediyi kimi: “1918-1920-ci illər Azərbaycan ictimai-siya­si həyatında çox şərəfli və eyni zamanda da təlatümlü bir dövrdür. Bu dövrdə Azərbaycan milli mətbuatı öz səhifələrində əsasən türk­çülük ideyalarını təbliğ etməklə oxucularının qəlbinə yol tapdı”.

AXC dönəmində hər sahədə olduğu kimi ordu quruculuğunda da Türkiyə– o zamankı Osmanlı dövləti Azərbaycandan yardımını əsirgəmədi. Müstəqil Azərbaycan hökumətinin ordu quruculuğu siyasətində milli hiss, milli birlik, milli iftixar, vətənə, torpağa, bağlılıq duyumu əsas prinsiplərdən biri idi ki, dövrü mətbuat da bunu geniş şəkildə təbliğ edirdi. Əslində, uzun illər İran və Türkiyəyə qarşı müharibə aparan çar Ru­siyası müsəlman gənclərə etibar etməyərək, onların orduya çağrışını dayandırmışdı.

Milli ordunun yaradılması Azərbaycanın müstəqilliyi yolunda böyük əhəmiyyət daşıyırdı. AXC rəhbərlərinin “müsəlman korpusu”nun yaradılması haqqında qərarını, azərbaycanlıların əsgərliyə çağırılması ilə əlaqədar çağırış və onun qaydaları haqqın­da qanunu “Açıq söz” qəzeti dərc etmişdir. Mirzəbala Məmmədzadənin “Azərbaycan çağırıyor” məqaləsində deyildiyi kimi: “Hürriyyət və vətən yolunda can verməyən bir millət, muxtariyyəti və istiqlalı yolun­da varından keçməyən bir millət yaşamaq istəməm deməkdədir”.

Müstəqilliyin qorunması kimi çağrışlar 1918-ci ilin əvvəllərində tez-tez rast gəlinən və demək olar ki, tutduğu mövqe və dayan­dığı platformadan asılı olmayaraq bütün mətbuatın müraciət etdiyi mövzulardan idi. “Birlik tələb olunur”, “Birləşəlim”, “İttifaq edəlim”, “İttihad gərək” kimi çağırışların əks olunduğu qəzetlər, o cümlədən, “Açıq söz”ün 1918-ci il 18 mart qanlı bazar günündən 3 gün əvvəl təqdim etdiyi “Dəhşətli saat gəlir, birlik gərək” kimi yazılar o dövrdə mətbuatın nə qədər fəal bir mövqedə dayandığını ortaya qoyur.

O zaman bolşevik-daşnak S.Şaumyanın tabeliyində olan Bakı Sovetinin qoşunları “vətəndaş müharibəsi” adı ilə tarixin ən vəhşi qırğınını törətdilər. Bir il sonra Üzeyir Hacıbəyov bu qırğını “vətəndaş müharibəsi”, “sinfi mübarizə” adlandıranların yalanını ifşa edərək yazırdı: “Bunun yalan olduğunu isbat edən minlərcə müsəlman füqareyi-kasibəsinin meyitləridir ki, bolşevik qoşunu tərəfindən “müsəlman olduğuna görə” çox rəhmsiz bir surətdə öldürülmüşdülər”.

Təbii ki, Üzeyir bəyin yazdıqlarına bircə əlavə mümkündür: bir az da dəqiq deyilsə, bu qırğınlar bolşevik adı ilə erməni daşnaqlarının törətdiyi faciə idi. O dövrün qəzetlərində yazılanlar da bunları sübut edir: “Bir müsəlman həyətində 30-dan 40-a qədər çocuq, arvad və erkəyin quru yerdə buraxılmış cənazələrini gördüm. Müsəlmanların tələfatı: yalnız qətl edilənlər 5-6 minə qədərdir”. Obyektiv mövqeyi, milli ruhu və yüksək ideya fəallığı ilə seçilən “Açıq söz” 725-ci nömrəsindən sonra könüllü olaraq fəaliyyətini dayandırdı.

Bundan sonra “Açıq söz”ün yerini dövrün ən mütərəqqi mətbu orqan­larından biri sayılan “İstiqlal” qəzeti tutdu. İlk sayı 1919-cu ilin fevralında çıxan bu qəzet 8 səhifəlik idi. Həftədə bir dəfə buraxılan qəzetin 42 nüsxəsi çap edilərək oxuculara çatdırılmışdır. Qəzetin başlığında verilmiş türk şairi Tofiq Fikrətin “Millət yoludur, haqq yoludur tutduğumuz yol. Ey haqq! Yaşa, ey sevgili millət, yaşa, var ol!” misraları həm də AXC-nin məramını əks etdirən epiqraf idi.

Amalı millət yolu, haqq yolu olan AXC yarandığı ilk gündən “türkləşmək, islamlaşmaq, müasirləşmək” şüarını rəhbər tutaraq süqutunun son gününə kimi apardığı islahatları davam etdirmişdir. Mətbuat tədqiqatçısı Asif Rüstəmli “İstiqlal”ın fəaliyyətini dəyərləndirərək yazır: “Qəzet, həqiqətən, millətlərin və insanların azadlığını müdafiə etmiş, təmsilçisi olduğu firqənin demokratik ənənələrinə, yürütdüyü açıq və ardıcıl xəttə sadiq qalmışdır”.

AXC mətbuat və nəşriyyat işinin yenidən qurulması üçün də tarixi qərarlar qəbul etmişdir. Bu dövrün mətbuatı həm keyfiyyət, həm də kəmiyyət baxımından, milli mədəniyyətin mühüm tərkib hissəsi kimi, Azərbaycan həyatının canlı salnaməsinə çevrildi. Mətbuat tədqiqatçısı Z. Mirzəyevanın qeyd etdiyi kimi: “Bu oyanışdan Azərbaycan ziyalıları da bəhrələnmək üçün xalqın azadlığı uğrunda mübarizəyə qalxdılar. Bu mübarizə daha çox mətbuatda, ideoloji sahədə özünü büruzə verdi. Azərbaycan ziyalıları jurnalistikanın köməyi ilə romantik maarifçilikdən realist maarifçilik səviyyəsinə yüksəldi. Cəmiyyətdə siyasi maariflənmə prosesinin başlanması, demokratik ideyaların yayılması ən çox bu dövr mətbuatının fəaliyyəti ilə bağlıdır”.

Milli hökumətin 1918-ci il 9 noyabr tarixli sərəncamı ilə kütləvi informasiya vasitələri üzərində dövlət nəzarəti ləğv edilmişdi. Parlamentin 1919-cu il 30 oktyabr tarixli qərarı ilə qəbul etdiyi “Mətbuat haq­qında nizamnamə”də göstərilirdi ki, mətbuat, litoqrafiya və buna bənzər müəssisələrin açılması üçün, habelə çap məhsulunun nəşri və satılması üçün hökumət idarələrinin heç bir icazəsi tələb olunmur. Bunun nəticəsi idi ki, iki il içərisində ölkədə 100-ə yaxın adda qəzet və jurnal çıxmışdır.

Bu dövr həm də “Azərbaycan” qəzetinin, milli mətbuatımızın tarixində təkcə ərazi ola­raq ölkənin deyil, milli dövlətin adını ifadə edən mətbuat orqanının nəşrə başlaması ilə də əlamətdardır. Akademik İsa Həbibbəylinin dediyi kimi: “Azərbaycan” qəzetinin rəsmi dövlət qəzeti kimi meydana çıxması Azərbaycan tarixinin mühüm hadisəsidir”. Qəzet 1918-ci il 15 sentyabrında Gəncə şəhərində nəşrə başlamış, altıncı sayından etibarən nəşri Bakıda davam etdirilmişdir. Qəzet ilk nömrəsindən Azərbaycan adının və azərbaycançılıq ideologiyasının geniş təbliği ilə məşğul olub və rəsmi dövlət qəzeti statu­sunu qazanmışdır.

Azərbaycan Xalq Cümhuriyyəti Par­lamenti 1918-ci il dekabrın 7-də işə baş­ladıqdan sonra “Azərbaycan” qəzeti onun fəaliyyətini geniş işıqlandırıb və parlamentin mühüm iclaslarından stenoqrafik hesa­batları dərc edib. Cümhuriyyət tarixinin öyrənilməsində qəzetdə dərc olunmuş materi­alların əhəmiyyəti böyükdür. Tədqiqatçıların da qeyd etdiyi kimi, 1918-1920-ci illər ərzində “Azərbaycan” qəzetində ölkəmizin ictimai-siyasi, iqtisadi, elmi və mədəni həyatına dair yüzlərlə məqalə dərc olunub.

Qəzetdə, həmçinin erməni-daşnak quldu­ru Andranikin Zəngəzur, Naxçıvan, Qarabağ və digər regionlarda xalqımıza qarşı törətdiyi vəhşiliklər, Ermənistan ərazisində yaşayan azərbaycanlıların acı taleyi, onların kütləvi məhv edilməsi və ata-baba torpaqlarından qovulması haqqında dərc edilmiş material­lar AXC tarixinin öyrənilməsində dəyərli nümunələrdir.”

Qısa müddətdə böyük nüfuz qazanmış “Azərbaycan” qəzeti Üzeyir bəy Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə, Mirzəbala Məmmədzadə, Xəlil İbrahim, Məhəmməd Hadi, Zülfüqar Hacıbəyov, Əhməd Cavad, Ömər Faiq Nemanzadə, Salman Müm­taz, Fərhad Ağazadə, Şəfiqə Əfəndizadə, Məhəmməd ağa Şaxtaxtlı, Firudin bəy Köçərli, Seyid Hüseyn, İbrahim Xəlilov, Cəfər Cabbarlı, Abdulla Şaiq, Qafur Rəşad Mirzəzadə, Şəfi bəy Rüstəmbəyov, Yusif Vəzir Çəmənzəminli kimi nüfuzlu ziyalıların milli problemləri səsləndirildiyi tribunaya çevrilmişdi.

AXC-nin mətbuat və informasiya sahəsində atdığı daha bir uğurlu addım Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AZƏRTAC) yaradılması ilə bağlıdır. Milli hökumət informasiya blokadasını yarmağa, respublikanı dünyada tanıtmağa, fəaliyyəti haqqında xalqı məlumatlandırmağa ehtiyac duyduğu vaxtda bu agentlik yaradılmışdır.

Sovet hakimiyyəti dövründə 8 dəfə ad dəyişikliyinə məruz qalan, hazırda dünyanın ən aparıcı informasiya agentlikləri ilə bir sırada duran, yerli və xarici kütləvi infor­masiya vasitələri üçün yeganə rəsmi dövlət informasiya mənbəyi olan, gün ərzində Azərbaycan, rus, ingilis, fransız, alman və ərəb dillərində fasiləsiz surətdə dəqiq və ope­rativ informasiyalar hazırlayan Azərbaycan Dövlət Teleqraf Agentliyi bu günümüzə Azərbaycan Xalq Cümhuriyyətinin yadiga­rıdır.

Mətbuat tədqiqatçılarından professor Həmid Vəliyevin təbirincə desək: “Müstəqil Azərbaycanımızın 1 nömrəli informasiya agentliyinin Avropada, Asiyada, Afrikada, Amerikada tanınması, şöhrət qazanması, onun informasiyalarından müxtəlif ölkələrdə istifadə edilməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması bu media qurumu­nun uğurlu perspektivlərə malik olduğunu göstərir”.

Bütün bunlar Azərbaycan milli mətbuatının 145 illik yubileyi haqqında Pre­zident sərəncamında da öz yüksək qiymətini almışdır: “1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra mətbuatımız yeni inkişaf mərhələsinə qədəm qoymuş, öz fəaliyyəti ilə müstəqil dövlət quruculuğu prosesinin fəal iştirakçı­sına çevrilmiş, istiqlal ideyalarının yayıl­masında, habelə milli-mənəvi dəyərlərin qorunub saxlanması və təbliğində mühüm rol oynamışdır”.

Namiq ƏHMƏDOV, “Xalq qəzeti

10 2020 02:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə