Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan pandemiyadan az itkilərlə çıxacaq

Xətai rayonunda modul tipli hospitalın açılışında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev televiziya kanallarına müsahibəsində ölkədə hazırkı vəziyyət və pandemiyaya qarşı mübarizə sahəsində görülən işlərlə bağlı geniş danışmış, bir çox prinsipial məsələlərə dair qəti mövqeyini ifadə etmişdir. Bu məsələ ilə bağlı Milli Məclisin deputatı Aydın Hüseynovdan “Xalq qəzeti”nə açıqlama verməsini xahiş etdik. Deputat dedi:

– Pandemiya başlayandan və ölkəmizdə ilk yoluxma qeydə alınandan, dövlət başçımız buna dərhal reaksiya verərək, əhalinin sağlamlığını qorumaq məqsədi ilə qabaqlayıcı tədbirlərə start verdi. Nazirlər Kabineti yanında operativ qərargah yaradıldı. Martın 14-dən etibarən vəziyyətə uyğun məhdudlaşdırıcı tədbirlər, karantin rejimi tətbiq edildi. Ali və orta məktəbləri, uşaq bağçalarını, quru sərhədləri bağlayan ilk ölkələrdən olduq. Eyni zamanda, vətəndaşlarımız digər ölkələrdən Azərbaycana təxliyə edildilər və ölkədə yerləşən dörd, beş ulduzlu bütün əsas otellər, istirahət zonaları karantində saxlanılan insanların xidmətinə verildi. Bir sözlə, ölkə pandemiyaya qarşı mübarizəyə hazır vəziyyətə gətirildi.

Koronavirusun yaratdığı təhlükəyə qarşı dövlətimiz hərtərəfli mübarizə aparsa da, COVID – 19 getdikcə öz təsirini daha çox göstərdi, yoluxanların və ölənlərin sayı artdı. Profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi və pandemiyanın mənfi nəticələrinin azaldılması üçün dövlət başçısı bir sıra tədbirlər haqqında fərman imzaladı. Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Laboratoriya müayinələri, virusun diaqnozu və müalicəsi üçün lazım olan bəzi tibbi avadanlıq və ləvazimatlar Azərbaycana gətirildi. Yeni laboratoriyalar alındı, maska və kombinezon istehsal edən müəssisələr işə salındı. Bir sıra tibb müəssisələri koronaviruslu xəstələrin istifadəsinə verildi.

Bu gün əminliklə deyə bilərik ki, koronavirusa qarşı mübarizə məqsədilə ölkəmizdə vacib olan bütün addımlar atılıb, əhalinin sağlamlığının qorunması ön plana keçib. Ayın 6-da açılışı edilən modul tipli hospital sayca 6-cıdır və orada 800 xəstənin yerləşməsi nəzərdə tutulur. Bir ay-ay yarım ərzində istifadəyə veriləcək daha bir modul tipli xəstəxananın 1300 yerlik olacağı nəzərdə tutulur. Xəstəxanaların tez bir zamanda inşa edilməsi göstərir ki, ölkəmiz hətta gözlənilməz vəziyyətdə də lazımi addımlar ata bilər. Qeyd edək ki, modul tipli ilk xəstəxana kompleksi paytaxtda mayın 7-də, 2-ci, 3-cü, 4-cü komplekslər Bilgəh, Sumqayıt və Abşeronda iyunun 7-də, 4-cü kompleks Gəncədə iyunun 24-də, 5-ci isə iyulun 6-da Xətai rayonunda üstifadəyə verildi. Əlavə on modul tipli xəstəxananın tikintisi nəzərdə tutulur. Hazırda koronaviruslu xəstələrin müalicəsi üçün ölkəmizdə 45 xəstəxana ayrılıb. Onlardan 36-sı son vaxtlarda inşa edilib və istifadəyə verilib. Prezidentin əvvəlki modul tipli xəstəxanaların açılışındakı çıxışından keçən dövr ərzində, vəd ediləndən də artıq işlər görülüb və planlaşdırılıb. Dövlət başçısı çıxışında bu fikirləri xüsusi vuğuladı:

– Hazırda ölkəmizin 45 xəstəxanasında koronavirus xəstələri müalicə alır. Onlardan 36-sı son müddət ərzində inşa edilib; Yeni yaradılmış modul tipli xəstəxanada 800 xəstənin yerləşməsi nəzərdə tutulur; Bir ay-ay yarım ərzində istifadəyə veriləcək daha bir modul tipli xəstəxana 1300 yerlik olacaq; Əlavə on modul tipli xəstəxananın tikintisi nəzərdə tutulur; “Yeni klinika”da çarpayıların sayının 700 – 750-yə çatdırılması nəzərdə tutulur; Ehtiyac yaranacağı təqdirdə 5 mindən çox xəstənin yerləşdirilməsi üçün potensial mövcuddur.

Bu fikirlərdən də aydın görünür ki, respublikamızın əlaqədar orqanları koronavirusla mübarizədə, operativ və ciddi irəliləyiş əldə edə bilib. Çünki Azərbaycanda məhdudlaşdırıcı tədbirlərə başlananda, Avropa ölkələrinin bir çoxunda karantin rejimi tətbiq edilmədi. Ölkəmizdə isə vəziyyətə ciddi nəzarət edildiyindən, insanlar tələblərə riayət etdiklərindən, sağalanların sayı yoluxanların sayından çox oldu və aprelin sonundan sərt karantin rejiminin mərhələ ilə yumşaldılmasına başlandı.

Pandemiya vəziyyətində heç bir ölkə tam şəkildə özünü sığortalanmış hesab edə bilməz. Bu gün pandemiyadan ən çox əziyyət çəkənlər inkişaf etmiş ölkələrdir. İndi dünyada bir çox ölkələr yenidən məhdudlaşdırıcı tədbirlərə qayıdırlar. Azərbaycanla eyni sayda əhalisi olan bəzi inkişaf etmiş dövlətlərdə yoluxanların sayı 60-70 mindir, ölənlərin sayı isə 10 minlərlə ölçülür. Ölkəmizdə isə bu günlər sağalanların sayı əvvəlki günlərə nisbətən artmaqdadır.

Adambaşına düşən testlərin sayına görə Azərbaycan dünyada, təqribən 40-cı yerdədir. Fevral ayında Azərbaycanda cəmi altı laboratoriya mövcud olduğu halda, hazırda onların sayı 29-a çatıb və gələcəkdə 44 olacaq.

Bu günə qədər 500 mindən çox test aparılıb və adambaşına düşən testlərin sayına görə Azərbaycan dünyada, təqribən 40-cı yerdədir.

Prezident bildirdi ki, məhdudlaşdırıcı tədbirlərin görülməsi ilə bağlı addımlar vəziyyətə uyğun atılır. Bir müddət bundan əvvəl yoluxanların sürətlə artan sayı hazırda sabitləşib. İndiki karantin rejiminin nə qədər davam edəcəyi vəziyyətdən asılı olacaq. Xəstəliyin yayılmasının başlıca səbəbi bəzi insanların məsuliyyətsizliyidir. Belə hallarda karantin rejimini pozanlara qarşı sərt addımlar atmaq məcburiyyəti yaranır. Heç kim qanundan üstün deyil– biz xalqımızıın sağlamlığını qorumalıyıq. Mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır. Qaydaları pozan insanlar daha məsuliyyətli olarlarsa və nizam-intizama riayət edərlərsə, pandemiyanı nəzarətdə saxlamaq mümkün olacaq. Yoluxmanın azalmamasına səbəb isə müxtəlifdir: – Virusun təbiəti, tibbi xarakteri hələ sonadək öyrənilməyib; Vaksinin tapıldığı elan olunmayıb; Virusun yayılması bir ölkədən asılı deyil; əvvəllər müayinə testləri indiki qədər çox deyildi; Yalnız xətələnənlər deyil, xəstəliyin ilk dövrlərində həkimə müraciət edərənlərin sayı artıb. Buna uyğun olaraq, müalicə alıb, sagalanların sayı da çoxalıb.

Qeyd edək ki, Azərbaycan ÜST tərəfindən müəyyənləşdirilmiş prinsiplər əsasında pandemiya ilə mübarizə aparır. Təşkilatın nümayəndəsi, Ankara şəhər xəstəxanasının həkimi Fərid Kazımzadə bildirir ki, istənilən Avropa ölkəsində səhiyyə sistemi nə qədər güclü olsa da, pandemiya qarşısında iflas etdiyini gördük. Azərbaycan bunun qarşısını almaq üçün ciddi mübarizə aparır, xüsusən pandemiyanın başlanğıcında görülən işləri qeyd etmək lazımdır: "Ancaq təbii ki, qabaqlayıcı tədbirlər kifayət etmir, ilk növbədə, insanların qoyulan qaydalara, məhdudiyyətlərə əməl etməsi bir başa yoluxma sayına təsir edir. Biz də bu mübarizəni izləyirik və inanırıq ki, tezliklə uğurlu nəticələr alınacaq".

Prezident də hospitalın açılışında bu vacib məsələyə toxunaraq dedi: “Bilirsiniz ki, biz pandemiya dövründə adətən karantin rejimini bir, ya iki həftə ərzində elan edirdik. Vəziyyəti təhlil edərkən, nəzarət mexanizmlərini gücləndirərkən baxırdıq ki, bu sərtləşdirilmiş tədbirlər nəyə gətirib çıxarır. Deyə bilərəm ki, bir müddət bundan əvvəl yoluxanların sürətlə artan sayı indi sabitləşib. Son bir neçə gün ərzində, dediyim kimi, artıq 500 ətrafında yeni yoluxan insan var. Ancaq biz hələ müsbət dinamikaya çıxmamışıq. Bu günə qədər xəstələnənlərin sayı sağalanların sayından çoxdur və bu mənfi dinamika, qeyd etdiyim kimi, bizim səhiyyə sistemimizə də əlavə yükdür. Ona görə indiki rejim nə qədər davam edəcək və bu rejim daha da sərtləşəcək, yoxsa yumşalacaq, yaxın gələcəkdə biz bunu görəcəyik”.

ÜST-ün nümayəndəliyi Azərbaycanda çox fəal iş aparır və bu xəstəliyin yayılmaması üçün əməli addımlar atır. Ölkəmiz həmrəyliyi sözdə yox, əməldə göstərir. Bu günədək 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı edilməsi sübut edir ki, Azərbaycan ayaqda möhkəm duran ölkədir və çətin dövrdə özünə qapanmır. Dövlətimiz humanitar yardımı piar üçün yox, ölkələrə həmrəylik borcu kimi edir. Azərbaycan dünyada çox yüksək imicə malik ölkədir və belə imicə malik olmağın asan başa gəlmədiyi sirr deyil. Dövlətimizin ünvanına hədyan yağdıran erməni diaspor və lobbi gücləri və onların toruna düşənlərin uzun illərdir iş aparmalarına baxmayaraq, dünya miqyasında önəmli rol oynayan ölkəyə çevrilmək düşünülmüş siyasətin nəticəsidir.

Məlum olduğu kimi, dövlətimizin BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması ilə bağlı təşəbbüsü 130-dan çox ölkə tərəfindən dəstəklənərək, dünya miqyasında yüksək qiymət alıb. Azərbaycan bu rəğbəti uzun illər ardıcıl fəaliyyət hesabına, prinsipial, müstəqil siyasəti sayəsində qazanıb. Bu, həm də 9 il əvvəl 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilən Azərbaycana yenidən verilən böyük beynəlxalq dəstəkdir.

İnanırıq ki, dövlət başçısı və hökumət tərəfindən görülən tədbirlər hədər getməyəcək, Azərbaycan pandemiyadan az itkilərlə çıxan ölkələr siyahısında ön sıralarda olacaq.

Təqdim etdi: Zərifə HÜSEYNOVA, “Xalq qəzeti”

10 2020 02:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə