Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İstək də var, imkan da var, iradə də…

Azərbaycan Prezidenti İlham Əliyev Bakının Xətai rayonunda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalın açılışında yerli TV kanallarına müsahibə verib. Müsahibədə koronavirusla mübarizə sahəsində görülən işlər, Azərbaycanın daxili və xarici siyasət məsələləri, ümumən, respublikanın mövcud durumu geniş təhlil edilib. Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə heyətinin üzvü Əkbər QOŞALI fikirlərini bizimlə bölüşdü:

– İlk növbədə onu deyək ki, pande­miyaya qarşı mübarizə tədbirləri sıra­sında tibb müəssisələrinin qısa zamanda tikilib istifadəyə verilməsi vacib addım­ların atıldığını göstərir. Bu göstərici onu ifadə edir ki, dövlət öz fəaliyyətində sabitqədəmdir, dövlət siyasətinin mərkəzində vətəndaş dayanır! Və dövlət vətəndaşın üzüntülərini, uğurlarını öz üzüntüsü, uğuru kimi canında hiss edir. Deməli, müvafiq addımlar üçün istək var, imkan var, iradə var!

Bu 3 “İ”, kiminə qulaq qafiyəsi, kiminə, poetika adına sıralama kimi gələ bilər. Ancaq mən, bu üç kateqoriyanın heç də hər bir ölkədə ödənmədiyini vurğulamaq istərdim. Birində istək var, imkan yoxdur, imkan olanda, bəlkə, iradə yoxdur?

Bu mərasimdə cənab İlham Əliyevin öncəki modul tipli xəstəxana açılışında iştirak və çıxışından keçən dövr ərzində, vəd ediləndən də artıq işlərin görüldüyü, planlaşdırıldığı ilə tanış olduq. Dövlət başçısı bildirdi:

– Hazırda ölkəmizin 45 xəstəxanasında koronavirus xəstələri müalicə alır – onlar­dan 36-sı son müddət ərzində inşa edilib;

– Yeni yaradılmış modul tipli xəstəxanada 800 xəstənin yerləşməsi nəzərdə tutulur;

– Bir ay, ay yarım ərzində istifadəyə veriləcək daha bir modul tipli xəstəxana 1300 yerlik olacaq;

– Əlavə on modul tipli xəstəxananın tikintisi nəzərdə tutulur;

– “Yeni klinika”da çarpayıların sa­yının 700 – 750-yə çatdırılması nəzərdə tutulur;

– “Ehtiyac yaranacağı təqdirdə 5 mindən çox xəstənin yerləşdirilməsi üçün potensial mövcuddur.

Bu fərqləndirmələrdən də aydın şəkildə göründüyü kimi, respublika­mızın əlaqədar orqanları koronavirusla mübarizədə, taktiki-texniki baxım­dan da, sosial-psixoloji baxımdan da operativ və ciddi irəliləyiş əldə edə bilib. Cənab Prezidentin dediyi kimi, bu, ilk günlərdən qabaqlayıcı tədbirlər görülməsinin, durumun nəzarətdə saxlanılmasının nəticəsidir. Əlbəttə, biz hələlik aralıq nəticədən danışırıq. Lakin bu, yekun nəticə üçün çox mühüm bir mərhələnin başlanğıcıdır. Dünya indi elə sürətli proseslərin içindədir, az qala, hər addım, hər aralıq nəticə özlüyündə həlledici xarakter daşıya bilər. Əslində, burada təəccüblü bir şey də yoxdur, əgər köynəyin ilk düyməsi yanlış ilgəyə keçirilsəydi, bütün düymələr yanlış ilgəkdə “yuvalanardı”, sonuncu düymə isə heç bağlana biməzdi…

Bəli, indi ayrı-ayrı ölkələr yenidən və yeni qadağalara əl atır, sərt karantin tədbirlərinə qayıdır; bizim respublika da istisna təşkil etmir. Nəzərə alasaq ki, bugün pandemiyadan ən çox əziyyət çəkən ölkələr inkişaf etmiş, qabaqcıl ölkələrdir, o zaman, Azərbaycandakı gerçək durumun hasil olmasının heç də asan başa gəlmədiyi aydın olar. Məhz ciddi elmi (tibbi, ictimai-siyasi, sosial-iqtisadi) əsaslar üzərində alın­mış qərarlarla tənzimlənən və bun­dan az önəm daşımayan operativlik, “istək – imkan – iradə üçlüyü”nün tətbiqi diqqətə alınmalıdır. Prezident, məhz bu məqama diqqət çəkərək, qərarlar qəbul olunarkən, dünyada və özümüzdə mövcud durumun dərindən təhlil olunduğunu, sahə mütəxəssisləri ilə məsləhətləşmələr aparıldığını dedi: “Əsas məqsəd insanlarımızı, onların sağlamlığını, həyatını bu xəstəlikdən qorumaqdır.

…Fevral ayında Azərbaycanda cəmi altı laboratoriya mövcud olduğu halda, hazırda onların sayı 29-a çatıb və daha 15 yeni laboratoriya sifariş edilib. Labo­ratoriyaların sayı 44-ə çatacaqdır”...

Dövlət başçısının yerli TV-lərə müsahibəsində xüsusi vurğuladığı məqamlardan biri də, məhdudlaşdırıcı tədbirlərin görülməsi, bu yöndə addım­ların duruma uyğun şəkildə atılması ilə bağlı idi: “Vəziyyəti təhlil edərkən, nəzarət mexanizmlərini gücləndirərkən baxırdıq ki, bu sərtləşdirilmiş tədbirlər nəyə gətirib çıxarır”. Bu fikir bir daha təsdiq edir ki, məhz, Preizdent özü hadisələri şəxsi nəzarətdə saxlayır, hesa­batlar qəbul edir. Başqa sözlə, qərarların qəbulunda, məhz, dövlətin zirvəsinin rəyi əsas götürülür. Ona görə də, “bir müddət bundan əvvəl yoluxanların sürətlə artan sayı hazırda sabitləşib”. Çünki “Pande­miyanın ilk günlərindən hazırkı dövrə qədər dövlət tərəfindən bütün lazımi addımlar atılıb”. Və “mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır”.

Burada sadə bir sual ortaya çıxır. Bəs, bu qədər tədbirlər, “istək – imkan – iradə üçlüyü” də mövcudkən, virusa yoluxmaların artımı nəyin ifadəsidir? Məntiqə söykənərək belə demək olar:

– Virusun təbiəti, tibbi xarakteri hələ sonadək öyrənilməyib;

– Bütün sınaqlardan, prosedurlardan çıxmış vaksinin tapıldığı elan olunma­yıb;

– Virusun yayılması ayrıca götürül­müş bir ölkədən asılı deyil;

– Əvvəllər testlər hazırda olduğu qədər kütləvi deyildi;

– Yalnız xətələnənlər deyil, xəstəliyin ilk dövrlərində həkimə müraciət edərək müalicə alıb, sagalanla­rın sayı da çoxalıb və s.

Bu sırada sadə məntiqin dedirt­diyi bir ağrımız da var: o ağrının adı məsuliyyətsizlikdir! Maska taxmayan, məsafə saxlamayan, mədəni sanitar-gigi­yenik qaydalara, dezinfeksiya tələblərinə saymazyana yanaşan adamların hesabı­na, köhnə streotiplərlərlə yeni dövrün çağırışları arasında tərəddüd edənlərin hesabına virusun yayılması tempi arzuo­lunan səviyyədə azaldıla bilmir.

Təsadüfi deyil ki, dövlət başçısı­nın TV-lərə müsahibəsində bu mövzu aparıcı xətt təşkil edirdi. Prezidentin bu istiqamət üzrə fikirlərini ayıraq:

1. Xəstəliyin yayılması­nın başlıca səbəbi bəzi insanların məsuliyyətsizliyidir;

2. Bəzi hallarda karantin rejimini pozanlara qarşı sərt addımlar atmaq məcburiyyəti yaranır;

3. Bütün qaydalar insanların, o cümlədən, karantin rejimini pozanların sağlamlığının qorunmasına hesablanıb;

4. Heç kim qanundan üstün deyil – biz xalqımızın sağlamlığını qorumalıyıq;

5. Mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır;

6. Qaydaları pozan insanlar daha məsuliyyətli olarlarsa və nizam-intizama riayət edərlərsə, pandemiyanı nəzarətdə saxlamaq mümkün olacaq.

Qlobal pandemiya ilə mübarizədə ölkəmizin yeri, rolu necədir, necə gö­rünür? Bu suallar sövq-təbii hamımıza maraqlıdır. Cənab Prezident bu dəfə də, beynəlxaq aləmdəki reaksiyalara diqqət çəkərkən, haqlı olaraq, qürurverici fakt­ları xatırlatdı. Bu planda, öncə, Ümum­dünya Səhiyyə Təşkilatı tərəfindən ölkəmizin gördüyü işlərə yüksək qiymət verildiyini qeyd edən Prezident, onu da dedi ki, “Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatını beynəlxalq arenada da dəstəkləyir, ona maliyyə yardımı göstərir.

...Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəliyi Azərbaycanda çox fəal iş aparır və bu xəstəliyin yayılmaması üçün əməli addımlar atır. Pandemiya­dan sonra da Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığını uğurla davam etdirəcək.”

Bəli, Azərbaycan həmrəyliyi sözdə yox, əməldə göstərən ölkədir! Bugünədək 30-dan çox ölkəyə humani­tar və maliyyə yardımı göstərilib; “hu­manitar və maliyyə yardımı bir daha onu göstərir ki, Azərbaycan ayaqda möhkəm duran ölkədir və çətin dövrdə özünə qapanmır”. Ona görə də: “Azərbaycan ancaq əməkdaşlıq, xeyirxahlıq, yar­dım və dəstək hesabına daha çox dost qazandı”.

Buyurun, Prezidentin sözləridir:

– Azərbaycan heç vaxt hansısa bir ölkənin çətin vəziyyətindən istifadə edib, özü üçün nəyisə əldə etməyə çalışmayıb;

– Azərbaycan humanitar yardımı piar üçün yox, ölkələrə həmrəylik borcu kimi edir;

– Azərbaycan həmrəyliyi sözdə yox, əməldə göstərdi;

– Azərbaycan dünyada çox yüksək imicə malik ölkədir.

Dünyada yüksək imicə malik olma­ğın asan başa gəlmədiyi sirr deyil. Sirr deyil ki, Azərbaycanın, azərbaycanlıların ünvanına hərzə-hədyan yağdıran mütəşəlkkil erməni diaspor və lobbi gücləri, onların toruna düşənlər uzun illərdir iş aparır. Və biz yalnız nomi­nal, günlük çalışmalarla deyil, həm də, bizə qarşı qurulmuş yalan-yapalaq torları yırtmaqla məşğul oluruq. Bütün bunlara rəğmən, dünya miqyasında önəmli rol oynayan ölkəyə çevrilmək titanik səylərin, düşünülmüş siyasətin nəticəsidir.

Məlum olduğu kimi, dövlətimizin BMT Baş Assambleyasının xüsu­si sessiyasının çağırılması ilə bağlı təşəbbüsü, 130-dan çox ölkə tərəfindən dəstəklənərək, dünya miqyasında yüksək qiymət alıb. Amma burda da qarşımıza Ermənistan “çıxır”.

Özü pandemiyadan ən çox zərər çəkən ölkələrdən olan, bu pandemiya ilə bacarmadıqlarını etiraf edən, onlara yardım etsinlər deyə, döymədikləri qapı qalmayan, “yenə də dilənə-dilənə, yalvara-yalvara, oradan-buradan hansısa yardım hesabına yaşamağa çalışan” Ermənistan.

Belə rəzil dövlət BMT Baş Assambleyasının keçirilməsində maraqlı olmalı deyildimi? Məsələyə əsil qiymət yenə cənab İlham Əliyevdən gəldi: “BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsümüzün əleyhinə səs verən Ermənistanın mövqeyi bu ölkədə hökm sürən və dövlət tərəfindən təbliğ edilən Azərbaycanafobiyadır, Azərbaycan dövlətinə, Azərbaycan xal­qına nifrətin təzahürüdür. Bu təşəbbüsün əleyhinə çıxmaq ağılsızlıqdır və qeyri-rasional düşüncənin məhsuludur.

…Ermənistanın mövqeyi onların ksenofob, irqçi və faşist mahiyyətini göstərir”.

Mən də fikirlərimi bu dəqiq təsbitlə bitirirəm: Dövlətimiz zaval görməsin!

Təqdim etdi: Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

10 2020 02:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə