Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Faşizm ideologiyasına bağlılıq Ermənistanı beynəlxalq aləmdə ifşa edir

“Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın mövqeyi tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanır” – Prezident İlham Əliyevin bu fikirləri iyulun 6-da yerli televiziya kanallarına verdiyi müsahibəsində bir daha səsləndi. Ümumiyyətlə, dövlət başçımız bütün beynəlxalq tədbirlərdə, o cümlədən, dövlət və hökumət başçıları ilə keçirdiyi görüşlərdə Ermənistanın işğalçı siyasətini, faşizm ideologiyasına meyilliliyini diqqətə çatdırır və münaqişənin nizamlanmasının yeganə yolunun beynəlxalq hüquq normaları olduğunu bildirir. Artıq Ermənistanın faşist ideologiyasına açıq şəkildə hüsn-rəğbəti işğalçı ölkəni beynəlxalq aləmdə ifşa edir.

Dövlət başçısının yeritdiyi uğurlu xarici siyasət sayəsində Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar BMT-nin qəbul etdiyi məlum dörd qətnamədən sonra Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Av­ropa İttifaqı, Avropa Şurası Parlament Assambleyası, NATO və digər təşkilatlar da qətnamələr qəbul ediblər. Həmin sənədlərdə Azərbaycan ərazilərinin işğalı pislənilib, güc tətbiqi vasitəsilə ərazi iddialarının real­laşdırılmasının qəbuledilməzliyi vurğulanıb, ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunul­mazlığı bir daha təsdiq edilib və Ermənisrtan silahlı qüvvələrinin işğal olunmuş bütün ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunub.

Dövlətimizin başçısı müsahibəsində bir daha bəyan etdi ki, həm Ermənistan, həm də beynəlxalq vasitəçilər dərk etməlidirlər ki, münaqişənin həlli yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür. Heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına imkan verilməyəcək. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi aydın və prinsipialdır. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, ölkəmizin beynəlxalq aləmdə möhkəmlənən mövqeyinin nəticəsidir ki, Azərbaycanın ərazi bütöv­lüyü ilə əlaqədar bütün aparıcı beynəlxalq təşkilatlar müxtəlif dövrlərdə, o cümlədən, son vaxtlarda daha konkret ifadələr işlədir, qərarlar, qətnamələr qəbul edirlər. Bu da münaqişənin həlli ilə bağlı hüquqi baza­nın möhkəmləndirilməsinə xidmət edir.

Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, məhz Münxen Təhlükəsizlik Konfransında dövlət başçımızın məlum çıxışından sonra Ermənistanda Kürəkçay sülh müqaviləsini sanki əzbərləyirlər. Məlum olduğu kimi, Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında debat təşkil olundu. Hər bir vətəndaşımız, eyni zamanda, dünya ictimaiyyəti canlı yayımlanan bu debat çərçivəsində Ermənistanın ifşası və xüsusən də, Paşiyanın özünü gülünc vəziyyətə salmasının bir daha şahidi oldu.

Təəssüf ki, dünyada mövcud olan ikili standart Ermənistanı getdikcə daha da azğınlaşdırır. Dövlət başçısı müsahibəsində bu faktı da diqqqətə çatdır­dı və beynəlxalq təşkilatların laqeyd münasibətini kəskin tənqid etdi. Məsələn, ATƏT-in Minsk qrupu həmsədlərinin, həmçinin digər beynəlxalq təşkilatların Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır” iddiasına hələ də reaksiya verməmələri möhtərəm Prezidentimizin də vurğula­dığı kimi, əslində, Paşinyanın bu sayıqlaması Minsk qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst edir. Amma Azərbaycan Prezidenti dəfələrlə bəyan edib, rəsmi Bakı danışıqları imitasiya üçün aparmaq niyyətində deyil. Danışıqlar masasında təcavüzkarla işğala məruz qalan arasında fərq qo­yulmalı, bu dialoq “status-kvo”nun dəyişdirilməsinə xidmət etməklə münaqişənin həllində pozitiv dinami­ka yaratmalıdır.

Məlumdur ki, Ermənistan tərəfi iki ildir danışıq­ların formatını dəyişməyə cəhd göstərir. Separatçılıq mahiyyətindən əl çəkməyərək, prosesə qondarma Dağ­lıq Qarabağ respublikasının nümayəndələrini də cəlb etmək istəyir. Lakin həmsədrlər işğalçının bu separatçı mövqeyini tənqid etməkdən, ona təzyiq göstərməkdən çəkinir. Halbuki, məhz vasitəçilər tərəfindən buna adekvat cavab verilməlidir. Rəsmi Bakı haqlı olaraq ATƏT-in Minsk qrupunun həmsədrlərindən daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar gözləyir.

Separatçı Dağlıq Qarabağda seçki şousu keçi­rilir, saxta prezidentin Şuşada andiçmə mərasimi təşkil olunur. Ermənistanın bu təxribatçı davranışına seyrçi mövqedə qalmaq işğalçını arxayınlaşdırır və münaqişənin daha böyük təhlükəyə çevrilməsinə zəmin yaradır. Əslində, məhz bu təxribatçı addımlarla bağlı Ermənistana xəbərdarlıq olunmalı, işğalçı buna görə beynəlxalq hüquq normalarını pozduğunu və məsuliyyət daşıdığını dərk etməlidir.

Könül NURULLAYEVA,
Milli Məclisin deputatı, parlamentin AŞPA-dakı nümayəndə heyətinin üzvü

10 2020 02:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə