Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünya ölkələri COVID-19-la mübarizədə yeganə çıxış yolunu məhdudiyyətlərin yenidən sərtləşdirilməsində görürlər

Dünyanın bir çox ölkələri koro­navirusla bağlı məhdudiyyətləri yumşaltdıqdan sonra ciddi problemlərlə üzləşiblər. Məhdudiyyətlərin yumşaldıldığı ölkələrdə COVID-19-a yolu­xanların və bu virusdan ölənlərin sayında sürətli artım baş verir. Mütəxəssislər yolux­ma sayının artması səbəbinin yumşaldılma tədbirlərindən sonra insanların qaydalara riayət etməmələri, maska taxmamaları və ya sosial məsafəni gözləməmələrində görür, buna görə də məhdudiyyətlərin tətbiqinin zərurətə çevrildiyini bildirirlər.

Ötən gün ABŞ-da 60 mindən çox yeni yoluxma faktı qeydə alınıb ki, bu da əvvəlki gündəlik göstəricidən bir neçə min çox­dur. Son bir həftədə Birləşmiş Ştatların 30-dan çox ştatında yoluxma hallarının ciddi artımı qeydə alınıb. Həmin ştatların səhiyyə departamentlərinin nümayəndələri bildiriblər ki, xəstəxanalara və reanimasiyaya yerləşdirilən pasiyentlərin sayı xeyli artıb və ciddi çarpayı prob­lemi yaranıb.

ABŞ-ın məşhur infeksio­nisti Antoni Faucinin fikrincə, hazırda koronavirusla mübarizə aparmaq üçün ən səmərəli yol məhdudiyyətlərin yenidən tətbiq olunmasıdır. O deyib ki, virusun yaratdığı problemlərdən əziyyət çəkən hər bir ştat ciddi məhdudiyyətlər tətbiq etməlidir.

Digər mütəxəssis Əli Xan isə deyib ki, məhdudiyyətlərin tətbiqi yeganə yoldur. Əgər belə olmasa, hər şey nəzarətdən çıxa bilər.

Bir neçə həftə əvvəl COVID-19-la bağlı məhdudiyyətlərin yumşaldıl­masından sonra Avstriyada da yoluxma halları artmağa başlayıb. İyulun əvvəlindən etibarən ölkədə aktiv yoluxma halları sürətlə artdığına görə rəsmi qurumlar önləyici tədbirlər görməyə başlayıblar. Yuxarı Avstriya federal əyalətinin qubernatoru Tomas Şteltser və Səhiyyə məsələləri üzrə referent Xristine Haberlander bildiriblər ki, pandemiyaya qarşı səmərəli mübarizənin təmin edilməsi üçün məhdudiyyətlərin sərtləşdirilməsi tələb olunur. T.Şteltser əhalinin maskadan istifadə qaydalarına riayət etməsinə nəzarət məqsədilə hətta hərbi qüvvələrin cəlb ediləcəyini də bəyan edib. Vyana şəhərinin meri Mixael Ludviq də yaxın günlərdə COVID-19 qaydalarının sərtləşdiriləcəyini istisna etməyib.

COVID-19-a yoluxma sa­yında yenidən artım səbəbindən Avstraliyanın Viktoriya ştatı­nın Melburn və daha bir neçə şəhərində təcrid rejimi altı həftəlik müddətə bərpa olunur. Bu ərazilərdə yaşayan insanlara iki nəfərdən çox toplaşmaq, qonaq getmək qadağan olunub. İaşə müəssisələri yalnız evlərə çatdırılma xidməti göstərəcək. Təhsil müəssisələrində məşğələlər dayandırılıb. Karan­tin zonalarında yaşayan əhali evlərini yalnız işə, həkimə və mağazaya getmək üçün tərk edə bilər.

İsraildə koronavirus infeksiyasının yayılması səbəbindən hakimiyyət yenidən məhdudiyyət tədbirlərinə əl atmağa məcbur olub. İsrailli professor Leonid Eydelman yoluxma hallarının çox olduğu ərazilərdə karantin rejiminin tətbiqinin zəruri olduğunu bildirib. O, təhlükəsiz və kütləvi peyvəndlərin 2021-ci ilin ikinci rübündən tez tətbiq ediləcəyinə inanmadığını qeyd edərək insanları bu virusla yaşamağı öyrənməyə çağırıb.

Fələstin Dövlətinin hakimiyyət orqanları da karantin tədbirlərini sərtləşdirib.

Koronavirusa yoluxma sayında gündəlik sürətli artım Qazaxıstanda da qeydə alınır. Qazaxıstanın Səhiyyə naziri Aleksey Tsoy bununla əlaqədar ölkədə mövcud karantin rejimi­nin uzadılmasını istisna etməyib. O, məhdudlaşdırıcı tədbirlərin müddətinin uzadılması ilə bağlı son qərarın karantinin ikinci həftəsinin sonuna yaxın verilə biləcəyini deyib.

COVID-19 pandemiyası ilə əlaqədar avqustun 1-dək Özbəkistanda şəhərlərdə və regionlar arasında nəqliyyatın hərəkəti yenidən məhdudlaşdırılır, yaşı 65-dən yu­xarı olanlar bir daha özünütəcrid rejiminə keçirlər. Bu qərar ölkədə COVID-19-un kəskin surətdə artması, ölüm hallarının çoxalması ilə əlaqədar qəbul edi­lib. Bundan başqa, toy və digər ailə şənliklərinin keçirilməsi də yenidən qadağan olunur.

Özbəkistanın Səhiyyə Nazirliyi yanında koronavirusla mübarizə üzrə qərargahın üzvü professor Həbibulla Okilov ölkənin sərt karantin rejiminə qayıtmasının səbəbinin yumşal­dılma tədbirlərindən sonra insan­ların qaydalara əməl etməməsi olduğunu deyib. O bildirib ki, hazırkı vaxtda resurslar tükənir, xəstəxanalar dolur, həkim çatış­mazlığı problemi yaşanır. Bütün bunlara görə ölkədə sərt karantin rejiminin tətbiqi zərurətdir.

Fransanın səhiyyə üzrə baş direktoru Jerom Salomon isə bildirib ki, sürətlə yayılan ko­ronavirusun mövsümi davranışı haqqında hələ də çox şeyi bil­mirik. Bütün dövlət xidmətləri, mütəxəssislər, yerlərdəki aidiyyəti şəxslər səfərbər olunub. Vəziyyət hələ də ciddidir. Epide­miyanın yenidən alovlanmasına əsas səbəb insanların davranı­şıdir. Əgər biz bunun qarşısını almaq istəyiriksə hər kəs gigi­yena qaydalarına riayət etməli, fiziki məsafə saxlamalı və tibbi maska taxmalıdır. Bu qaydalara qapalı məkanlarda xüsusi diqqət yetirilməlidir.

İspaniyada da vəziyyət ürəkaçan deyil. Ölkənin şimal-qərb regionunda rəsmilər çıxış yolu kimi məhdudiyyətlərin yenidən tətbiqini görürlər. Ekspertlər hesab edirlər ki, İspaniyada virusa yoluxanların real sayı 2,5 milyondan çoxdur, yəni orta hesabla İspaniya sakinlərinin hər 20 nəfərindən biri COVID-19 xəstəliyinə tutulub. Bundan başqa, 53 minə yaxın tibb işçisi, yəni ölkədəki bütün tibb işçilərinin 10 faizi virusa yoluxub.

Kataloniyanın bir hissəsində də karantin rejimi tətbiq olunub, 210 min insan karantinə alınıb.

Kolumbiyanın Prezidenti İvan Duke ölkədə karantin reji­minin avqustun 1-dək uzadılması barədə qərar qəbul edildiyini bildirib.

Bolqarıstanın hakimiyyət orqanları da fövqəladə vəziyyət rejiminin iyulun axırına qədər uzadılması barədə qərar verib.

Koronavirusun ən sürətlə yayıldığı ölkələrdən biri də Ukraynadır. Yaranmış vəziyyətlə əlaqədar hakimiyyət orqanla­rı ölkə paytaxtının və bir çox vilayətlərin karantin şərtlərinin yumşaldılmasına hazır olmadığı­nı bəyan edib.

Rumıniyada koronavirus xəstələrinin sayının artması hökuməti ciddi narahat edir. Vətəndaşları sanitar normalara riayət etməyə, sosial məsafə sax­lamağa çağıran müvafiq qurum­lar vəziyyətin kəskinləşməsinin yeni məhdudiyyətlərin tətbiqi ilə nəticələnə biləcəyini bildirib.

Ən ağır vəziyyətin yaşan­dığı ölkələrdən biri də İrandır. Yoluxanların və ölənlərin sayında gündən-günə baş verən sürətli artımla əlaqədar İranda məhdudiyyətlər yenidən sərtləşdirilib. Ölkə rəsmiləri məhdudiyyətlərin vəziyyətə uyğun olaraq daha da sərtləşdiriləcəyini istisna etməyiblər.

AZƏRTAC

10 2020 02:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə