Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Böyük Türk dünyasının Fikrət Türkməni

Anadolu torpaqlarının hər qarışının əziz və vətən qədər doğma olmasının kökündə nələrin dayandığını sübut etməyə ehtiyac duymasam da, bu məsələdə ayri-ayrı insanların rolunun da az olmadığını isbatlamağa ehtiyac duydum. Vaxtı ilə TC səfirliyində mədəniyyət müşaviri kimi calışmış, bütün mətbuat camesinin təkcə dostu yox, həm də döğması olan Seyid Əhməd Arslan təkcə Türkiyəni yox, doğulub boya başa çatdığı Yozqatı da çoxlarımız üçün doğmalaşdırdı. Yozqat adı gələndə Seyid Əhmədin nurlu sifətini xatırlamamaq mümkün olmadığı kimi, bu qəhrəmən türk elinin yetişdirdiyi dəyərli insanlar sırasına sonralar tanıdığım daha iki simanın da adı qatıldı: biri türk dövlət adamı Cəmil Cicək, biri də bütün türk dünyasının Fikrət Türkməni...

Əslində Seyid Əhməddən başlanan bu sevda Fikrət əfəndinin timsalında daha bir mərtəbəyə yüksəlmiş oldu. Uzun illər Egey Universitetində təkcə professor və ünlü bir elmi mərkəzin rəhbəri yox, həm də qurucusu olan Fikrət Türkmənin həyatı da tədqiqat sahəsi olan folklor qədər zəngin və maraqlıdır. Hər biri 400-450 səhifə olan “Türk dünyası eposları”nın 100 cilddə hazırlanması, uzun illərdən bəri, dünyanın hər yerindən gətirdiyi və ona bağışlanan 30 min nüsxədən çox kitabın hesabına universitetdə yaradılmış "Fikrət Türkmən kitabxanası” onun nağıl ömrünün maraqlı səhifələridir. Sovetlərə tədqiqatçı alim kimi  hələ kecən əsrin 70-ci illərdə gələn, yasaqları aşan ilk insanlardan biridir Fikrət əfəndi. Amma burada da həyatı məcaralardan uzaq olmur: “SSRİ EA-nin dəvəti ilə bir aylıq Sovetlərə getdim, Rusiyada, Azərbaycanda, Özbəkistanda, Qazaxıstanda və Qırğızıstanda oldum. Soyadım Türkmən olduğundan, mənə Türkmənistana getməyimə viza vermədilər”.

Fikrət hocanın ömrünün daha bir şərəfli səhifəsi Egey Universitetində Türk Dünyası Araşdırılması İnstitutunun yaradılması ilə bağlıdır. Bu adda özəl bir vəqf  Turan Yazqan tərəfindən yaradılmışdı, amma Sovetlərin dağılmasından sonra dövlət xətti ilə bu işin görülməsi  olduqca vacib idi. Əslində bu arzunun həyata kecməsi də bir folklor tarixcəsinə bənzəyir. Fikrət hoca deyir ki, dəvət olunduğum bir dövlət tədbirində baş nazir Bülənd Ecevitə yaxınlaşıb kömək istəməyi qərarlaşdırdım. Mən onunla bir dəfə Bakıda görüşmüşdüm, "İnturist” (indiki "Hilton”) otelində, hətta Türk Dünyası ilə bağlı bir mərkəzin yaradılması haqqında fikir və arzularımı da söyləmişdim. Çox səmimi, ədəbiyyata, sənətə qiymət verən bir insan idi.  Tədbirdə Bülənd bəyə yaxınlaşdım, heç fikrimi deməyə macal vermədi, Bakı görüşünümüzü yada saldı və  sənin bir layihən var idi, nə oldu? - deyə soruşdu. Çox qısaca hər şeyin qaydasında olduğunu, amma vəsait olmadığından fəaliyyət üçün bina inşa edə bilmədiyimizi söylədim. Nə qədər vəsait lazım olduğunu soruşdu. İlkin hesablamalarımıza görə 50 milyon lazım olacağını bilirdim, amma 75 milyon türk lirəsi söylədim. Təqdim etdiyim vizit kartımın arxasına 75 milyon lirə yazdı və köməkçisinə verərək, "yarın mütləq yadıma sal” dedi. Mənə baxaraq, "paran bir gün sonra universitetdə olacaq, Fikrət bəy” dedi. Düzü, görüşdən məmnun olsam da, içimdə tərəddüdlərim qalmaqda idi. İki gün sonra rektorluqdan bir zəng gəldi: "75 milyon paranız gəlib, təyinatı da göstərilib: Türk Dünyası Araşdırmaları İnstitutunun tikintisinə”. İndi də o anları xatırlayanda kecirdiyim həyacan və duyğuları ifadə etməkdə cətinlik çəkirəm...

Beləcə institut üçün yer ayırdılar, binanın tikintisinə başladıq, indi Türk Dünyası Araşdırmaları və Sosial Elmlər İnstitunun yerləşdiyi binanı inşa etdik. Deyim ki, bizə ayrılan vəsaitin hamısını ala bilmədik, layihəmiz korrektə olundu, dəyişdirildi. Amma şükürlər olsun ki, nəyəsə nail ola bildik. Yeri gəlmişkən, başda rəhmətlik Ecevit olmaqla bu işdə zəhməti olan hər kəsi xoş duyğularla anırıq. Bu sırada keçmiş təhsil nazirimiz Köksal Topdan, o zamanki rektorumuz  Sermet Akgün, YÖK baş katibinin müavini İsmət Atik kimi  xeyirxah insanları yad etməyi mənəvi borcum hesab edirəm, ölənlərə rəhmət, qalanlara can sağlığı arzulayıram”.

Azərbaycanla əlaqələrindən danışan Fikrət bəy deyir ki, elmi fəaliyyətimdə  və  uğurlarımda Azərbaycanın töhfələri unudulmazdır. 1992-ci ildə Bakı Dövlət Universitetində mənə "Faxri doktor” adı verildi, onlarca təltiflərə sahib olsam da o, anlarda cox həyəcanlı idim. Türkiyə Prezidenti Süleyman Dəmrəl  "Türk Dünyasına xidmət” mükafatını təqdim edəndə o anları yenidən yaşadım.  Dostlarla ara-sıra zəngləşir, hal-əhval tuturuq. Onların böyük bir qismi – Rəsul Rza, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Tofiq Hacıyev həyatda olmasalar da, xatirələri mənim üçün əzizdir. Kamal Abdulla, Anar, Elçin, İsa Həbibbəyli, Əsgər Rəsulov, Oqtay Səmədov, Muxtar İmanov, Ramiz Əsqər, İntiqam Qasımzadə və adlarını bu anda unutduğum dostlarıma salamlarımı çatdırmağı xahiş edirəm....

İzmirə hər yolum düşəndə Afiq Bərdəli, Aydın İbrahimov, Urfət Nuriyev, Asif Kurban, Murad Qaraçanta, Zəki Hözər, Mətin Arıkan, Müge Eldən, Güzfən Diləmrə, Atif Akgün ilə görüşməyi mütləq planlayıram, ola bilsin ki, iş-gücün coxluğundan kimlərsə hərdən yaddan çıxa bilir, amma bu sirada yaddan çıxmayan bir insan var:  Fikrət Türkmən - böyük türk dünyasının Fikrət Türməni. Egey bölgəsinin tarixini səhifə-səhifə vərəqləyən, mənə də Qazax və Özbək köylərini tanıdan və sevdirən böyük kişı. Son dəfə bu ilin əvvəlində İzmirdə olsam da görüşə bilmədim, telefonda söylədiklərindən bir az qayğılandım da: bir gözü əməliyyat olunmuşdu, ikincinə də hazırlaşırdı, şəfalar dilədim. Sonralar öyrəndim ki, hər şey qaydasındadır. Maraqlı bir xəbəri də tədqiqatçı Əli Şamildən aldım: Fikrət Türkmən pandemiya dövründə yazılmış ədəbi nümunələri toplayıb nəşr etdirmək istəyir, Azərbaycana da müraciət ünvanlayıb...

Maraqlı söhbət və lətifələri ilə bütün dostlarının qəlbində heykəlləşən və hər zaman yaradıcılıq eşqi tükənməyən, Fikrət Türkmən, işiniz avand olsun. 75 yaşınız mübarək! 

Namiq Əhmədov,
“Xalq qəzeti"

9 2020 14:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə