Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Luvr muzeyi karantindən sonra

Luvr muzeyi karantindən çıxmağa hazırlaşır: Muzeyin direktoru Jan-Lük Martinezin sözlərinə görə, əvvəlki dövrlərə qayıtmaq üçün üç il vaxt lazımdır.

Uzun üç ay yarım ərzində Luvr (Louvre), Fransanın bütün muzeyləri kimi, koronavirusla bağlı karantinə görə kilid altında idi və bu həftə publikanı yenidən qəbul etməyə başlayır. Lakin jurnalistlərlə görüşdə onun direktoru Jan-Lük Martinez deyib ki, "əvvəlki vəziyyətə qayıtmaq üçün ən azı üç il vaxt lazımdır". O, ilk növbədə, bəşəriyyətin antik dövrdən XIX əsrin ortalarına qədər yaratdığı dünya incəsənəti incilərinin Fransadakı qoruğuna baş çəkməsini nəzərdə tutub.

"Pessimist olmaq istəmirəm, amma bu, reallıqdır: ən yaxşı halda ziyarətçilərin sayı əvvəlki dövrlə müqayisədə 20-30 faiz səviyyəsində olacaq. Bu isə o deməkdir ki, biz adi günlərdə gələn 40 min ziyarətçi əvəzinə 8-10 min nəfər qəbul edəcəyik", - deyə direktor bildirib.

Jan-Lük Martinezin hesablamalarına görə, istənilən halda Luvrun itkiləri artıq 40 milyon avro təşkil edir. Bu, həm biletlərdən, həm butiklərdəki suvenirlərin, incəsənətə aid kitabların satışından, həm də muzeyin kafe və restoranlarından gələn gəlirlərdir. Luvrun büdcəsi, təxminən 240-250 milyon avro təşkil edir ki, onun da 40 faizi dövlət büdcəsindən və muzeyin öz gəlirlərindən ibarətdir. Bu il həmin gəlirlər əhəmiyyətli dərəcədə azalıb.

Bəs Luvr administrasiyası yaxın aylarda fəaliyyət göstərmək niyyətindədir? Əsas diqqət yerli əhaliyə, eləcə də Avropa İttifaqına daxil olan, sərhədləri artıq açılmış qonşu ölkələrə yönəldilir. Buna görə də muzey fəal şəkildə kampaniya apararaq parisliləri, ətraf departamentlərin və paytaxt regionu olan İl-de-Frans-ın sakinlərini dəvət edir. Bu kampaniyanın nə nəticə verəcəyini indidən demək çətindir.

İstənilən halda biletlərin internet vasitəsilə dəqiq bronlaşdırılması (gün və saat göstərilməklə) hələlik böyük nikbinlik doğurmur. İyunun sonuna olan məlumata görə, yaxın həftələrdə muzeyə getmək istəyənlərin sayı cəmi 12 min olub. Doğrudur, Luvr açıqlayıb ki, bileti yerində də almaq mümkündür. Baxmayaraq ki, muzey personalının böyük hissəsi karantin günlərində məsafədən işləyib, 250-300 nəfər daim Luvrda yeni mövsümün açılışına hazırlaşır. Muzey administrasiyasının xəbərdarlıq etdiyi kimi, bir sıra zalların fəaliyyəti mümkün olmayacaq. Söhbət, əsasən, Şimali Avropa ölkələrinin rəngkarlığının, 1789-cu il böyük Fransız inqilabına qədərki dövrün kolleksiyasının – muzey meydançalarının təxminən 30 faizinin nümayiş etdirilməsindən gedir.

Hazırladı:
M. MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

9 2020 10:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Avqust 2020 | 03:39
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə