Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ-da Əminə Dilbaziyə həsr olunan virtual beynəlxalq rəqs müsabiqəsi keçiriləcək

ABŞ-ın Florida ştatında fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası (AAMA) məşhur azərbaycanlı rəqqasə Əminə Dilbazinin 100 illik yubileyi münasibətilə virtual beynəlxalq rəqs müsabiqəsi təşkil edir.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Layihə AAMA nəzdində “Təhsil və mədəniyyət komitəsi”nin sədri Pərvin Muradovanın təşkilatçılığı, AAMA-nın prezidenti Töhfə Eminovanın dəstəyilə gercəkləşdirilir.

P.Muradova bildirib ki, "Florida Keys" beynəlxalq musiqi müsabiqəsinin təşkilatçıları artıq beynəlxalq rəqs müsabiqəsinin qeydiyyatını açıq elan edib. Onun sözlərinə görə, rəqs müsabiqəsi peşəkar, həvəskar və xüsusi qruplara bölünməklə həyata keçiriləcək. Müsabiqəyə qatılmağı arzu edənlər solo və qrup halında olmaqla bütün rəqs növləri üzrə yarışmada iştirak edə bilərlər. 1-ci qrup 12-14, 2-ci qrup 15-17, 3-cü qrup 18-26 yaş kateqoriyalarını əhatə edəcək. Müsabiqəyə təqdim olunacaq iki rəqsdən birinin Əminə Dilbazinin repertuarından və ya xoreoqrafiyasından seçilməsi əsas şərtlərdən biridir.

Qeyd edək ki, Xalq artisti Əminə Dilbazi milli rəqs sənətinin çoxəsrlik ənənələrinin qorunub saxlanılmasında və inkişafında misilsiz xidmətlər göstərib. O, Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində təqdim olunan “Dədə Qorqud”, “Azərbaycan toyu”, “Bir bağçanın gülləri” səhnə əsərlərində əsas partiyaların ifaçısı olub. Onun ifa etdiyi “İnnabı”, “Tərəkəmə”, “Vağzalı”, “Turacı”, “Nazeləmə” rəqsləri tamaşaçıların qəlbində silinməz izlər buraxıb. Rus, Ukrayna, özbək və ərəb rəqslərini də repertuarına daxil edən Əminə Dilbazi “Leyli və Məcnun” operasında, “Arşın mal alan”, “O olmasın, bu olsun” və sair filmlərdə nümayiş olunan rəqslərin də quruluşçu müəllifi olub.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 

9 2020 10:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə