Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın neolit dövrü əhalisinin genomu üzrə tədqiqatların ilkin nəticələri barədə məqalə dərc edildi

Dünyanın dörd nəhəng elmi nəşriyyat korporasiyalarından biri olan Elsevier elmi jurnallar sisteminə daxil, yüksək impakt faktorlu "Cell" elmi jurnalının bu ilki 181-ci cildinin 5-ci sayında "Anadolu, Şimali Levant və Cənubi Qafqazın Neolitindən Tunc dövrünədək genom tarixi" (Genomic History of Neolithic to Bronze Age Anatolia, Northern Levant, and Southern Caucasus) adlı beynəlxalq elmi tədqiqat layihəsinin ilkin nəticələrinə həsr edilmiş məqalə dərc edilib.

Elmi məqalənin beynəlxalq müəllif kollektivinə Azərbaycan, Almaniya, Türkiyə, İtaliya, ABŞ, İngiltərə, Fransa, Avstraliya və Cənubi Koreya kimi ölkələri təmsil edən tanınmış arxeoloqlar və genetiklər daxil olmuşlar. Müəllif heyətində Azərbaycanı AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru Tufan Axundov və İnstitutun "Elmi ekspozisiya" şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev təmsil ediblər.

Məqalədə nəticələri əks olunmuş tədqiqata Ön Asiya ərazisində neolit, xalkolit, tunc və erkən dəmir dövrünə aid insan qalıqlarından götürülmüş nümunələr cəlb edilib. Müxtəlif regionlardan bəlli genetik məlumatların müqayisəsi tarixə və coğrafiyaya görə mədəni transformasiya proseslərinin dinamikasını göstərir. Nümunələrin arxeogenetik analizi göstərilən tarixəqədərki dövrlərdə mədəni təsirlərin və qədim insanların miqrasiyalarının istiqamətlərini və mahiyyətini dərk etməyə imkan yaratmışdır. Tədqiqata cəlb edilmiş Azərbaycan ərazisindəki neolit dövrünə aid Şomutəpə mədəniyyətinin Menteştəpə (t.ü.f.d. F.Quliyev və fransalı arxeoloq, doktor B.Lyonnetin tədqiqatları) və Qarabağ neoliti mədəniyyətinin Polutəpə (t.e.d. T.Axundovun tədqiqatları) abidələrində aşkar olunmuş insan qalıqlarından nümunələrin genetik analizi elmə yeni faktları məlum edib. Bəlli olmuşdur ki, neolitin sonunda Anadolu və Cənubi Qafqaz genofondu qarşılıqlı təsir proseslərinin məcmusu kimi təzahür edib. Həmçinin, arxeogenetik tədqiqatlar, müasir Suriyanın şimal-qərbində quyu qəbirdə aşkar edilmiş insan qalıqları İlk Tunc dövrünün sonunda müasir İran və Türkmənistanın həmsərhəd arealından miqrasiyanın olduğunu göstərmişdir. Hələlik, bu cür fakt yeganə olduğundan onu "fərdi miqrasiya faktı" kimi dəyərləndirmişlər. Beləliklə tədqiqatlar, miqrasiyaların Son Neolitdə qarşılıqlı istiqamətlər üzrə getməsi barədə nəticəni ortaya çıxarır.

Qeyd edək ki, məqalədə əksini tapmış nəticələr Maks Plank ad. Təbiətşünaslıq İnstitutunun Arxeogenetika Departamenti laboratoriyasının layihəsi üzrə aparılan tədqiqatların ilkin mərhələsinə daxildir. İlin sonunda azərbaycanlı tədqiqatçıların da daxil olduğu tədqiqatlara əsasən regionun Son Tunc və Erkən Dəmir dövrü əhalisinin genetik nümunələrinin analizi üzrə nəticələri elmi ictimaiyyətə açıqlanacaqdır.  

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

9 2020 10:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə