Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan – Aİ əməkdaşlığı tərəflərin maraqlarına uyğun inkişaf edir

Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Bizim Avropa İttifaqının bir çox üzv ölkəsi ilə sıx əməkdaşlığımız mövcuddur. Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Biz Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların yekun mərhələsindəyik. Mətnin 90 faizi artıq razılaşdırılıb.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Gənc müstəqil dövlətimizin xarici siyasətdəki uğurları artmaqdadır. Çünki Heydər Əliyev siyasi kursunun bütün istiqamətləri kimi xarici siyasətdə də ulu öndərin tezis və prinsiplərinə yüksək səviyyədə sədaqət nümayiş etdirilir. Prezident İlham Əliyev istənilən addımı atarkən xalqın mənafeyini və milli dövlətçiliyimizin maraqlarını üstün tutur. Məsələn, bu il iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən sammitində dövlət başçımız Azərbaycanın maraq və mənafelərini elə şəkildə təmin etdi ki, həmin tədbirin videomaterialına baxarkən iftixar və qürur hissi duyduq.

Yeri gəlmişkən, həmin sammitdən bir gün əvvəl -- iyunun 17-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edərək Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçiriləcək sammiti ilə bağlı fikir mübadiləsi aparmağı məqsəuyğun saymışdı. Həmin məqsədəuyğunluğun da öz səbəbləri var idi. Belə ki, telefon söhbəti zamanı enerji təhlükəsizliyi məsələsinə toxunularaq Cənub Qaz Dəhlizi layihəsinin bu işə töhfə verəcəyi vurğulanmışdır. Bundan başqa, söhbət zamanı Avropa İttifaqı--Azərbaycan əlaqələrinin hər iki tərəf üçün çox vacib olduğu bildirilmiş, Azərbaycanla Avropa İttifaqı arasında Tərəfdaşlıq Sazişi üzərində işin getdiyi qeyd olunmuşdur.
O ki qaldı dövlət başçımızın istənilən məqamda Azərbaycanın maraq və mənafelərini qoruduğu barədə tezisə, deyə bilərik ki, cənab Şarl Mişellə telefon söhbətində də bu məqam öndə idi. Belə ki, Prezident Ermənistan --Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin mövqeyini bir daha ifadə edərək cənab Mişelə demişdir ki, Ermənistan rəhbərliyinin daim danışıqlar formatını dəyişdirmək cəhdləri, Dağlıq Qarabağın Ermənistana aid olması ilə bağlı bəyanatlar verməsi münaqişənin həllinə əngəl törətməklə bərabər, danışıqlar prosesinə də böyük zərbə vurur. Həmin telefon söhbətində Avropa İttifaqı Şurasının Prezidentinin diqqətinə bir daha çatdırılmışdır ki, münaqişənin həlli yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür. Ən əsası o idi ki, həmin gün Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Avropa İttifaqı--Azərbaycan əlaqələrinin hər iki tərəfin maraqlarına uyğun olaraq -- bu, Avropa İttifaqı üçün çox böyük öhdəlikdir -- bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.
 Şərq Tərəfdaşlığı ölkələrinin iyunun 18-də keçirilmiş videokonfrans formatında sammitində də Prezident İlham Əliyev Azərbaycanın maraqlarını ənənəvi prinsipiallıq və qətiyyətlə müdafiə etdi. Öz çıxışına “Azərbaycan Şərq Tərəfdaşlığının fəal tərəfdaş ölkəsidir” – fikirləri ilə başlayan dövlət başçımız əlavə etdi ki, iki il bundan əvvəl Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında “Tərəfdaşlıq Prioritetləri” sənədi paraflanıb ki, burada hər iki tərəfin müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyi vurğulanır: “Ermənistan və Azərbaycan arasında olan münaqişə eyni prinsiplər əsasında həll edilməlidir. Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalını davam etdirir. Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonu 30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir”. 
Dövlət başçımız təəssüflə xatırlatmışdır ki, Ermənistan bu qətnamələrə, habelə ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlərə əməl etmək əvəzinə işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir: “Danışıqların mahiyyət və formatını məhv etməyə çalışan Ermənistanın baş nazirinin dediyinin əksi olaraq, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır”.
Dövlət başçımızın dəfələrlə dediyi kimi, Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Ticarətimizin təqribən 50 faizi üzv dövlətlərin payına düşür. On beş ilə yaxındır ki, Azərbaycan Avropa bazarlarına xam neft nəql edən etibarlı təchizatçıdır. Yaxın zamanda biz Avropa İttifaqının üzv dövlətlərini təbii qazla təchiz etməyə başlayacağıq: “Ölkəmiz Azərbaycanı Avropa İttifaqı bazarlarına bağlayacaq 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi olan Cənub Qaz Dəhlizinin tikintisinin təşəbbüskarı olmuş və onu maliyyələşdirmişdir. Cənub Qaz Dəhlizi enerji əməkdaşlığı, enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir”.
Şərq Tərəfdaşlığı ölkələrinin iyunun 18-də keçirilmiş videokonfrans formatında sammitində yadda qalan məqamlardan biri də Ermənistan baş nazirinin özünü növbəti dəfə rüsvay etməsi oldu. Həmin tədbirin moderatoru olan Şarl Mişel Azərbaycan Prezidentinə “cənab İlham Əliyev” -- deyə söz vermişdisə, Ermənistanın baş naziri Nikol Paşinyanın ermənicə replikasına etiraz edərkən “Bizə tərcümə gəlmir, Paşinyan” -- deyərək, yersiz və məzmunsuz danışan baş naziri şagird yerinə qoydu. Bu, az imiş kimi, Nikol Paşinyan kiməsə dərs vermək iddiasında olduğunu da gizlətmədi: “Mən Azərbaycan Prezidentini təklif etdiyim konstruktiv məcraya və formulaya qayıtmağı dəvət edirəm ki, bu formulaya əsasən Dağlıq Qarabağ münaqişəsinin həlli Dağlıq Qarabağ, Ermənistan və Azərbaycan xalqları üçün məqbul olmalıdır”.
Nikol Paşinyan bu savadsızlıq, riyakarlıq və təcrübəsizliyin cavabını almalıydı, aldı da. Azərbaycan Prezidentinin erməni baş nazirin həyasızcasına dünya ictimaiyyətini aldatmaq cəhdini ifşa etməsi az qala bir həftə Ermənistan mətbuatında əsas mövzulardan biri oldu: “Çıxışımda dediklərim beynəlxalq təşkilatların qətnamələrinə əsaslanan tarixi həqiqətdir. Birincisi, bu, hər kəsə bəlli olan bir faktdır ki, Ermənistan Azərbaycanın ərazisini işğal edib. İkincisi isə Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar. Parisin Orli Hava Limanında terror hadisəsi törədən Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya edilib və Ermənistan prezidenti tərəfindən əfv olunub. Məhz buna görə belə məsələlər ətrafında müzakirə gedəndə ona sakit oturmağı tövsiyə edərdim”.

 

İttifaq MİRZƏBƏYLİ, 
“Xalq qəzeti”

 

 

8 2020 21:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə