Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qaydalara əməl olunmazsa, istənilən nəticəni əldə etmək mümkünsüzdür

Bəşəriyyət sanki şokdadır. Artıq dörd aydan artıqdır ki, koronavirus pandemiyası dünyanı cənginə alıb və bəşəriyyətə “müharibə elan edib”. Rəsmi xəbərlər də təsdiqləyir ki, dünyada koronavirus infeksiyasına yoluxma və bu virusdan ölüm halları sürətlə artmaqda davam edir. Mütəxəssislərin bildirdiyi kimi, son 100 ildə ikinci pandemiya hesab olunan koronavirus hələ də varlı-kasıb, vəzifəli, vəzifəsiz -- ağbirçək, ağsaqqal tanımır. Pandemiyanın təhlükəliliyinin bir səbəbi də indiyədək onun vaksininin tapılmamasıdır. Hələlik , bu virusdan qorunmağın yeganə yolu izolyasiya tədbirləri hesab olunur. İnsanlar ehtiyatı əldən verməməli, qaydalara, tələblərə ciddi əməl etməlidirlər . Ən başlıcası, tibbi maskadan istifadə etmək, sosial məsafə saxlamaq dezinfeksiyaedici məhlullardan yararlanmaq tövsiyə olunur. Koronavirusdan qorunmaq üçün ölkəmizdə kifayət qədər tibbi maska və dezinfeksiyaedici məhlul ehtiyatı var.
Bu təhlükəli virusdan qorunmaq üçün bütün imkanlardan istifadə edilir, əhali arasında maarifləndirmə işi gündən – günə gücləndirilir. Pandemiya ilə əlaqədar əhalinin maarifləndirilməsi və məlumatlandırılması istiqamətində sosial məsuliyyət tədbirlərinin davam etdirilməsi zəruri məsələlərdən biri hesab olunur. Çünki qlobal miqyasda sürətlə yayılan koronavirusla bağlı ölkəmizdə tətbiq edilən sosial izolyasiya tədbirləri barədə ətraflı məlumat verilməsi, bu şəraitdə insanların necə davranmaları, virusla bağlı dünyada və ölkəmizdə son vəziyyətin şərh olunması günün vacib tələblərindəndir. 

 

Maarifləndirmə prioritetdir


Koronavirusla mübarizənin səmərəliliyinin artırılması, əhalinin təlaşa düşməməsi və sadə gigiyena qaydalarına riayət etməsinin təşviqi məqsədilə hazırlanmış və mütəmadi olaraq televiziya kanallarında nümayiş etdirilən düzgün davranış qaydalarından bəhs edən “Koronavirusdan necə qorunmalıyıq?”, “Koronavirusdan qorunmaq üçün ticarət obyektlərində necə davranmalıyıq?”, “Yaşlıları koronavirusdan qoruyaq!”, “Koronavirusdan qorunmaq üçün əllərimizi necə yumalıyıq?", “Tibbi maskalardan nə zaman və necə istifadə etməliyik?” və digər bu kimi sosial çarxlar mühüm rol oynayır. Bu gün hər birimiz bu xəstəliyin ciddiliyini qiymətləndirməli, qaydalara və qarşıya qoyulan tələblərə əməl etməklə, koronavirusun kökünü kəsməkdə həmrəylik nümayiş etdirməliyik. Necə olur ki, bir tərəfdən təhsil müəssisələri , bir sıra iş yerləri bağlanır, ancaq bazarlarda, küçə və parklarda insanlar qaynaşır?
Təəssüf ki, bu gün ölkəmizdə bu həmrəylik ürəkaçan səviyyədə deyil. Bir tərəfdən özünü müxalifət adlandıran bir qrup araqarışdıranın əhali arasında çaşqınlıq yaratması, belə bir virusun olmadığı barədə sosial şəbəkələrdə yalan məlumatlar yayması və guya, bunun siyasiləşdirilməsində əsas məqsədin mitinqlərin qarşısının alınması olması barədə dezinformasiya yaymaları, digər tərəfdən isə eqoist insanların tibbi maskalardan istifadə etməmələri xəstəliyin qarşısının alınmasına mane olur. Açıq etiraf edək ki, bəzi gənclərin parklarda, istirahət mərkəzlərində hələ də qucaqlaşaraq oturmaları, tibbi maskadan istifadə etməmələri də pandemiyanın sürətlə yayılmasına təsir edən amillərdəndir. Hətta “tibbi maska mənim gözəlliyimə xələl gətirir” – deyənlər də var. Bu kimi hallar pandemiyanın hələ də tüğyan etməsinə şərait yaradır. Belələri sanki unudurlar ki, dövlətin həyata keçirdiyi tədbirlər-- təhsil müəssisələrinin bağlanması, bir sıra iş yerlərinin fəaliyyətini dayandırması, paytaxtda və digər iri şəhərlərdə, həmçinin respublikamızın bir sıra rayonlarında ciddi karantin rejiminin tətbiqi, bölgələri də əhatə etməklə, ölkədə 2 min çarpayılıq 10 modul tipli xəstəxananın quraşdırılmasına start verilməsi əhalinin sağlamlığının qorunmasına xidmət edir. Yeri gəlmişkən, modul tipli xəstəxanaların beşi artıq quraşdırılaraq istifadəyə verilib. O cümlədən qısa müddət ərzində ən müasir laboratoriyalar alındı və onların sayı artıq 26- ya çatdırılıb. 


Tibbi təminat yüksək səviyyədədir


Bundan əlavə, bütün tibb müəssisələrinin texniki təminatı, xüsusi avadanlıqların, dərman preparatlarının , testlərin alınması və ölkəyə gətirilməsi, indiyədək 20 mindən artıq vətəndaşımızın ölkəyə qaytarılması təmin edildi. Onlar üçün 4-5 ulduzlu otellərdə karantin təşkil olundu, həkimlərin xəstəxanalara səfərbər olunması, təchizat məsələləri həll edildi, əmək haqlarının 3-5 misli miqdarında əlavələr verilməsinə başlanıldı. Həyata keçirilən qabaqlayıcı tədbirlər təkcə bunlarla bitmədi. Qısa müddət ərzində qoruyucu vasitələrin ölkəmizdə istehsalı təşkil olundu və bu sahədə olan problemlər operativ şəkildə aradan qaldırıldı.
Həmişə olduğu kimi, bu dəfə də əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanıldı. Sosial təminatın, iqtisadiyyatın dayanıqlılığının təmin edilməsi və sahibkarlara yardım məqsədilə zəruri tədbirlər həyata keçirildi. Qısa müddət ərzində sosial – iqtisadi sahədə 4 işçi qrupu yaradıldı və onların təklifləri əsasında Nazirlər Kabineti tərəfindən Tədbirlər Planı hazırlanıb təsdiq edildi. 
Göründüyü kimi, hökumətin intensiv və düzgün fəaliyyəti sayəsində qısa zamanda səhiyyə infrastrukturu koronavirusla mübarizəyə istiqamətləndirildi, aidiyyəti dövlət qurumlarının fəaliyyəti bacarıqla əlaqələndirildi və bir çox mühüm məsələlər həll edildi. Məhz bütün bunların nəticəsi olaraq, Azərbaycan dünyada ən az itki verən dövlətlər sırasında oldu. Hətta, koronavirus pandemiyası dünyanın ən inkişaf etmiş ölklərinə vurduğu ağır zərbələri Azərbaycana vura bilmədi. Bunu hazırda pandemiyaya yoluxanların və dünyasını dəyişənlərin sayı da təsdiqləyir. Təsadüfi deyil ki, Azərbaycanın koronavirusa qarşı mübarizəsi həm beynəlxalq qurumlar, həm də ayrı-ayrı dövlət və hökumət başçıları tərəfindən xüsusi qeyd edilir.
Ümumiyyətlə, dövlətimizin koronavirusla mübarizə sahəsində strategiyası özlüyündə bir neçə istiqaməti əhatə edir. Bunlar virusun qarşısının alınması, ölkə səhiyyəsinin və aidiyyati infrastrukturun koronavirusla səmərəli mübarizə üçün tələb olunan standartlara uyğunlaşdırılması, ölkə iqtisadiyyatının dayanaqlılığının təmin edilməsi və əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı məsələlərin həlli, habelə vətəndaşların hərtərəfli məlumatlandırılması və maarifləndirilməsindən ibarətdir.
Mütəxəssislər də qeyd edirlər ki, hələlik bu virusa qarşı hansı vasitələrlə qəti mübarizə aparılacağı ilə əlaqədar bir təcrübə yoxdur. Bu virusdan qorunmağın yeganə yolu sosial izolyasiyadır. Hər bir kəs dərk etməlidir ki, bu gün cəmiyyət ümumbəşəri bəla ilə üz-üzədir. Ona görə də məsələnin ciddiliyini qiymətləndirməli, özünün, yaxınlarının və ətrafının sağlamlığını qorumaq istəyənlər qaydalara və tələblərə ciddi riayət etməlidirlər.


Həm qorumalı, həm də qorunmalıyıq


Karantin rejiminin tətbiqi heç də xəstəliyi müalicə etmək deyil. Bu, xəstəliyin başqa insanlara keçməməsi üçün onu təcrid olunmuş vəziyyətdə saxlamaq üçün atılan addımdır. Qeyd edək ki, bəzi adətlərimizə – məsələn, görüşərkən öpüşmək, qucaqlaşmaq və digər hallara diqqət yetirməliyik. Unutmamalıyıq ki, təhlükəli virus hər birimizin başı üzərində dolaşmaqdadır. Təəssüf ki, bəzilərinin laqeydliyi və biganəliyi görülən tədbirlərə kölgə salır. Bunu son vaxtlar virusa yoluxanların sayının artması da təsdiqləyir. Hazırda karantin rejiminin uzadılmasına səbəb olan əsas amillərdən biri də budur. 
Pandemiyaya yoluxanların sayının yüksək səviyyədə qalması hamımızın narahatlığına səbəb olub. Söz yox ki, cəmiyyət koronavirusun yayılmasının qarşısını almaq üçün həyata keçirilən məhdudiyyət tədbirlərini anlaşıqla qarşılayır, hamıdan məsuliyyət, nizam-intizam gözləyir. Baxmayaraq ki, ABŞ- da oturub Milli Şura adlı qondarma qurumu “idarə edən” Cəmil Həsənli, daim öz maraqlarını xalqın taleyüklü məsələlərindən üstün tutan AXCP sədri Əli Kərimli, bugünə qədər siyasi əqidəsini, “fəaliyyətini” hələ də müəyyənləşdirə bilməyən siyasi riyakar Gültəkin Hacıbəyli və xarici ölkələrdə oturub bir qarın çörəyə Vətəni satmağa hazır olan sosial şəbəkə dəllalları kimi xəyanətkarlar hər addımbaşı su bulandırmağa çalışırlar. Ancaq onların qızışdırıcı çağırışlarına məhəl qoyan yoxdur. Hazırkı dövrdə koronavirusla mübarizədə müsbət nəticələrin əldə oluması, hər gün sağalanların sayında artımın olması, xalqın dövlətə olan inam və etibarının nəticəsidir. Bu, həm də bütövlükdə, cəmiyyətimizin, hər bir vətəndaşın məsuliyyətli davranışından, qaydalara əməl etməsindən asılıdır.
Gəlin, etiraf edək ki, hər birimizin ətrafında koronavirusa yoluxmuş şəxslər , ailələr var. Onların necə böyük problemlərlə, əzab-əziyyətlərlə üzləşdiklərinin şahidiyik. Bu, hər birimizin məsuliyyətli davranış nümayiş etdirməsi, birlik və həmrəylimizi daha da gücləndirmək üçün ciddi siqnal olmalıdır. Təsadüfi deyil ki, koronavirusu “əsrin müharibəsi” adlandırırlar. Biz bu “müharibə”dən qalib çıxmaq üçün birlikdə olmalı, qaydalara və tələblərə ciddi əməl etməliyik. Çox sadə olan cəmi üç məsələyə əməl etməklə koronavirusa qalib gələ bilərik: tibbi maska taxmaqla, sosial məsafə saxlamaqla və əllərimizi mütəmadi yumaqla. 

 

Əliqismət BƏDƏLOV, 
“Xalq qəzeti”

8 2020 21:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə