Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Əkinçi”də qadın problemləri

Böyük maarifçi demokrat Həsən bəy Zərdabi min bir əziyyətdən sonra nəşrinə icazə aldığı qəzetin adını “Əkinçi” qoysa da, xalqının həyatının mühüm məsələlərini çiynində daşıyır, yeri gəldikdə, senzura və dini xurafatın təqiblərindən yayınıb qadınlarımızın problemlərindən də bəhs edirdi. XIX əsrin sonlarında Bakıda getdikcə güclənən maarifçilik hərəkatı , qəza məktəblərindən yeni tipli məktəblər açılmasına keçid uğrunda göstərilən cəhdlər azərbaycanlı qızların da təhsili məsələsini tarixi zərurətə çevirmişdi. 

1861-ci ildə Bakıda, 1885-ci ildə Gəncədə “Müqəddəs Nina” qız məktəbi fəaliyyətə başlasa da, bu məktəblərdə təhsil alan azərbaycanlı qızların sayı çox az idi. Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikovanın azərbaycanlı qızlar üçün məktəb açmaq təşəbbüsü 1895-ci ildə reallaşdı və Firudin bəy Köçərlinin yazdığı kimi, “bu sahədə yeni bir epoxanın başlanğıcını qoydu”.
Lakin o dövrdə azərbaycanlı qızların problemləri yalnız təhsil almaq məsələsi ilə bitmirdi. 1872-ci ildə çar Rusiyasının fərmanı ilə nikah yaşının qızlar üçün 13, oğlanlar üçün 15 yaşından təyin edilməsinə baxmayaraq qızlar erkən yaşlarından ərə verilir, ailədə kişinin qulu hesab olunur, onlar üçün başlıq (kəbin pulu) alınır, boşandıqda, valideynini itirdikdə, əmlak bölgüsündə ayrı-seçkiliyə məruz qalırdılar. 
Əsrlərlə hökm sürən bu vəziyyət kütləvi ünsiyyət vasitəsinin –- mətbuatın olmaması üzündən genişliyi ilə açıqlana bilmir, ziyalıların və qadınların səsi heç yana çatmırdı. Belə bir imkanı ilk dəfə XIX əsrin IV rübündə görkəmli ziyalı, jurnalist, maarifçi Həsən bəy Məlikov qazanmış, senzura təqiblərinə baxmayaraq müsəlman aləmində qadının hüquqsuz vəziyyətini aləmə bəyan edə bilmişdi. 
Mövcud qadın problemlərini ustalıqla dilə gətirən Həsən bəy yazırdı: “Osmanlı dövləti ki, qeyri - islam dövlətlərindən Avropa əhlinə yavuqdur, bu səbəblərə bir neçə ildir ki, nizami-külliyə qoyub, məktəbxanalar bina edib... ancaq ol məktəbxanalarda ancaq kişilər oxuyur, ünas tayfası elmdən bixəbərdir. Çünki tərbiyənin binası ana ilədir, uşaq 7-8 yaşına gəlincə ona ana tərbiyə edir, ona binaən ünas tayfası tərbiyəsiz qaldığına görə Osmanlı dövlətinin kişilərə elm öyrətməyindən o qədər də nəf (fayda – A.Q.) olmur.
Başqa bir yazıda, o, cəmiyyətlə dövlət, qadınla kişi, arasındakı asılılıq və hüquqsuz vəziyyətdən söz açır, mütiliyi, öz acınacaqlı vəziyyəti ilə barışmağı tənqid edirdi: “Satınalma qulu azad etməyi savab hesab edə-edə biz öz xahişimiz ilə bir-birimizə qul olmuşuq. Rəiyyət padşaha, övrət kişiyə, uşaq ataya,nökər ağaya, şagird ustaya və qeyrə məgər qul deyil?”. 
XIX əsrin 40-cı illərində keçirilən islahatlar zamanı Azərbaycanda digər sahələr kimi, məhkəmə işləri də Ümumrusiya qanunları əsasında fəaliyyət göstərən quberniya, qəza məhkəmələrinin ixtiyarına keçmişdi, kəbin-boşanma işlərinə isə şəriət məhkəmələri baxırdı. Çox zaman dini görüşləri təhrif olunmuş şəkildə yayanlar və fanatik mollalar tərəfindən qadınların şəriət üzrə müəyyən olunmuş hüquqları pozulur, valideyn və həyat yoldaşlarının təzyiqlərinə məruz qalırdılar. Hətta zorakılıq o həddə çatırdı ki, bəzi hallarda ailəli qadınlar tanımadıqları kişilər tərəfindən qaçırılırdı. Bu isə həm qadın, həm də onun əvvəlki əri üçün ağır töhmət, təhqir sayılırdı. Çünki müsəlman aləmində boşanma hadisəsi cəmiyyət tərəfindən hər zaman ağır qəbul olunub. Ona görə qadın geri qaytarılsa da, çox zaman əri ictimaiyyətin tənəsindən çəkinərək onu boşayırdı. Məlum səbəblə əlaqədar nikahı ləğv etmək üçün Cənubi Qafqaz Ruhani İdarəsinə müraciət edildikdə isə bəzən bu proses məhkəmələrin cavabdehi 100 rubl cərimə etməsi ilə bitirdi.
Zərdabi qədim adətlərimizdən bəhs edən digər bir “Elm xəbərləri”ndə Azərbaycanda qızların zorla götürülüb qaçırılaraq ev dustağı halına salınmasını, kişinin onunla qul kimi davranmasını tənqid edirdi: “Keçmişdə kəbin olmayıb.Hər camaatın övrətləri ol camaatın kişilərinin olub. Belədə bir kişi bir övrət məxsusi onun olmasını istəyəndə labüd qalıb onu qeyri -camaatdan oğurlayıbdır... Bu səbəblərə çox kəs indiyəcən övrəti götürüb qaçır ki, onu əsir edirəm və ondan sonra onu özünə qul hesab edir ki, guya əsir edibdir”.
Zərdabi azyaşlı qızların ərə verilməsinin zərərini də elmi biliklərin təbliği adı ilə ictimaiyyətin diqqətinə çatdırırdı: “Övrətlərin də ömrü kəbində uzun olur, əgər kəbin 20 yaşından sonra olmuş ola. Amma 20 yaşdan az olsa, onların ömrünü qısa edir”.
“Əkinçi”dən sonra Tiflisdə Azərbaycan dilində nəşr olunan “Ziya” (“Ziyayi-Qafqaziyyə”,1879-1884) qəzeti qız məktəblərinin təmiri ilə bağlı məsələ qaldırsa da, qadın azadlığı ilə bağlı problemlərə diqqət yetirmədi. “Kəşkül” (1883- 1891) nəşrini dayandırdıqdan sonra isə Şimali Azərbaycan 12 il ana dilində mətbuat orqanından məhrum oldu. Ona görə də ümummilli problemlərin xalqa çatdırılması və həlli yollarının axtarılması ləngiyirdi. 
Bünövrəsi “Əkinçi”dən qoyulan qadın problemlərinin mətbuat vasitəsilə islahına çalışılması XX əsrin əvvəllərində yenidən və qətiyyətlə gündəmə gəldi və onların ləğvi uğrunda gərgin mübarizəyə başlanıldı. 1904- cü ildə Tiflisdə nəşr etdiyi “Şərqi-Rus” qəzetində Məhəmməd ağa Şahtaxtlı yazırdı ki, qadınların kişilərdən gizlənməsi “Şərqin qədimi xəstə naxoşluğu, tarixi bəladır. … Səltənəti olan bir nasyon ... arvad tayfasına öz cəmiyyəti içində azad ali bir məqam və mövqe verməlidir”.
Əli bəy Hüseynzadə və Əhməd bəy Ağayevin birlikdə nəşr etdikləri və “Əkinçi”dən sonra Bakıda ana dilində çıxan ikinci qəzet olan “Həyat” bu sahədə öz siyasətini: “qadın övladının tərbiyəçisidir, ona görə özü təhsil almalıdır ki, uşağına da təlim-tərbiyə verə bilsin” - fikri üzərində qurmuşdu. Yerlərdən gələn, oxumaq həsrəti ilə dolu səsləri – qız məktublarını ictimaiyyətin nəzərinə çatdırırdı. Qəzetdə 40-dək belə məktub dərc olunmuşdur.
Əhməd bəy Ağayev “Tərəqqi” qəzetində XX əsrin ilk onilliyinin sonunda yaranmaqda olan qadın cəmiyyətləri, o cümlədən Türkiyə qadınlarının bu sahədəki səyləri barədə məqalələr dərc edirdi. Qəzetin 1908-ci il 49-cu nömrəsində Türkiyədə Qanuni əsasiyyənin elanından sonra yaranan cəmiyyətlər haqqında xəbər verilərək yazılırdı ki, cəmiyyətlərin təşkilindən əsas məqsəd qadınlara kişilərlə bərabər hüquqlar verilməsi uğrunda çalışmaqdan ibarətdir. “Tərəqqi” osmanlı xanımlarının özlərinə məxsus iki qəzetə malik olduqlarını vurğulayır və həmin qəzetlərdə qadınlar tərəfindən yazılmış bir məqalədən sitat gətirirdi: “Şübhə yox ki, az bir zamandan sonra hər kəs kimi biz dəxi üzü yaşmaqsız küçəyə, adam içinə çıxa biləcəyiz. … Quranın heç bir yerində bir sərahət yoxdur ki, müsəlman övrətləri evindən bayıra çıxdığı vaxt üzünü örtsün”.
1906-cı ildən başlayaraq “Molla Nəsrəddin” və onun davamçıları olan “Bəhlul”, “Zənbur”, “Tuti”, “Babayi-Əmir”, “Məzəli”, “Arı” jurnalları qadın azadlığı əleyhdarlarına qarşı daha amansız mövqe tutmuşdular. 
Artıq nəşrə başlayan hər bir qəzet qadınların müdafiəsinə qalxır, əks cəbhədə olan mətbu orqanlarla fikir mübarizəsinə qoşulurdu. Bəzi hallarda mətbu orqanlar cəbhələrə bölünərək hər biri öz mövqeyini ortaya qoyurdu. “İqbal”, “Səda” qəzetləri ilə mühafizəkar mövqedə dayanan “Tazə həyat”ın mübahisələri bitmək bilmirdi.
Azyaşlı qızların ərə verilməsi ilə bağlı Zərdabinin fikirlərini davam etdirən “İqbal” qəzetində “Müsəlman qadınların bugünkü vəziyyəti üçün heç bir təşəbbüs edilmir” sərlövhəli məqalə ilə çıxış edən Hacı İbrahim Qasımov düşüncəsiz valideynlərin vicdanlarını oyatmaq üçün üzünü onlara tutub yazırdı: “Möhtərəm atalar! Siz 16 yaşında qızınızı 80 yaşında qocalara verirsiniz! Siz qızınızın rəy və istəklərinə, ümid və arzularına xilaf hərəkətdə olub onları həmişəlik əzab və ələm içində yaşadırsınız. ...Atalar! Övladlarınızın bəxti ilə oynayıb onları ümid və arzularından məhrum etməyin! ...Bunların heyvanlar kimi satlıq olmadıqları vaxtı yetişmişdir!”.
“İqbal”da dərc edilən “Müsəlman qızının faciəsi” adlı digər bir yazıda Timurçin şəhəri yaxınlığındakı bir kənddə 60 yaşında kişiyə ərə verilən qızın 2-3 dəfə qaçaraq ata evinə pənah gətirdiyi və valideynlərin onu zorla ər evinə qaytardığından bəhs edilirdi. Sonu faciə ilə bitən əhvalatda qız üstünə neft tökərək küçənin ortasında özünü yandırmışdı.
Mətbuatda səsləndirilən məsələlərdən biri də müsəlman qadının çadraya bürünməsi ilə bağlı idi. “Səda” qəzeti qadınların tərəfini tutaraq bu barədə daha çox müzakirə açmışdı. Bu çəkişmələrə cavab olaraq Zaqafqaziya müftisi Hüseyn Əfəndi Qayıbov qəzetə göndərdiyi məktubda qadınların “üzləri açıq olmasının caizi” (iznli olması -A. Q.) məsələsinə dair Qurani-Şərifdən bir neçə məsəl çəkdikdən sonra yazırdı: “Kəndi tərəfimdən dəxi əlavə edirəm ki, … nisvanın əlləri, üzü, ayaqları açıq olmaları caizdir…və bunların xilafına olanlar… zəif və dərəceyi etibardan bilmərrə saqqətlardır (xəstələr – A.Q.)”.
Mübahisələrə münasibət bildirən Əbdürrəhim bəy Haqverdiyev “İqbal”da yazırdı: “Biz nə qədər danışaq, nə qədər vuruşaq, zəmanə öz işini görəcək və övrət məsələsini layiqincə həll edəcək. Neçə ki, indi edir; ...Ona görə də övrət məsələsini bir yandan zəmanəyə buraxmalı. Və bir yandan övrətlərin özlərinə vagüzar etməli”. 
Azərbaycan maarifçiliyinin görkəmli nümayəndələri, o cümlədən Həsən bəy Zərdabi, Mirzə Fətəli Axundov və başqaları tərəfindən XIX əsrin sonlarında səsləndirilən qadın problemləri XX yüzilliyin əvvəllərində Azərbaycan mətbuatı tərəfindən uzun müddət gündəmdə saxlanıldı, onların ictimai, siyasi, sosial problemləri – haqqında qanunun olmaması ucbatından ailədə qarşılaşdıqları mənəvi sarsıntılar bitənədək mübarizə davam etdirildi. 

 

Amalya QASIMOVA, 
tarix üzrə fəlsəfə doktoru, jurnalist

8 2020 21:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə