Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham Əliyev: Biz haqlı olmağımızı həm beynəlxalq arenada göstərmişik, həm də döyüş meydanında və heç kimin Aprel döyüşləri yadından çıxmasın!

Ölkəmizin ərazi bütövlüyü ilə əlaqədar bütün aparıcı beynəlxalq təşkilatlar müxtəlif vaxtlarda, o cümlədən son vaxtlarda açıq-aydın ifadələr işlədiblər, qərarlar, qətnamələr qəbul ediblər. BMT, onun Təhlükəsizlik Şurası, onun Baş Assambleyası, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa İttifaqı, Avropa Şurası Parlament Assambleyası, NATO və digər təşkilatlar qətnamələr qəbul ediblər. Yəni, bu, hüquqi müstəvidir, bizim mövqeyimizi tam möhkəmləndirən mənzərədir.
Prezident İlham Əliyevin yerli televiziyalara müsahibəsindən
Bakı, 6 iyul 2020-ci il


Dəfələrlə qeyd etdiyimiz kimi, dövlət başçımızın istənilən tədbirdəki çıxışı, nitqi və ya müsahibəsi kifayət qədər genişmiqyaslı və mesaj xarakterli olur. İyulun 6-da Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışı zamanı yerli televiziyaların suallarını cavablandırarkən də Prezident ənənəvi ampluasını davam etdirdi. Üstəlik, daha böyük qətiyyət, prinsipiallıq və peşəkarlıqla. 
Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin modul tipli hospitalı 10 korpusdan ibarətdir və burada 800 xəstəni qəbul etmək üçün hər cür imkan var. Modul tipli hospitalda yaradılan şərait müalicə işi ilə yanaşı, laborator müayinələri də qısa müddətə və keyfiyyətlə aparmağa imkan verir. Təbii ki, belə modul tipli xəstəxanaların istifadəyə verilməsi koronavirusa yoluxanların lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetmə və tibbi əlaqələndirmənin təmin edilməsində böyük rol oynayır.
Dövlətimizin başçısı bu tibb ocağında yaradılan şəraitlə tanışlıqdan sonra Azərbaycan , İctimai və “Xəzər” televiziyalarına verdiyi müsahibədə bugünkü Azərbaycan həqiqətlərinin bütün spektrlərinə və ölkə vətəndaşlarını narahat edən bütün məsələlərə yığcam, aydın və əsaslandırılmış şəkildə cavab verdi. Əslində, həmin cavablar o qədər sadə dillə verilmişdir ki, onları sistemləşdirmək və ya ayrı-ayrı qruplara bölmək zərurəti qətiyyən yoxdur. Amma onu qeyd etməliyik ki, cənab Prezidentə sual verən Azərbaycan jurnalistləri olsa da, həmin sualın cavabı daha çox beynəlxalq təşkilatlara, dünyadakı anti–Azərbaycan qüvvələrə, ikili standart müəlliflərinə, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrlərinə və xüsusən, işğalçı Ermənistanın rəhbərliyinə ünvanlanırdı. 
Təbii ki, həmin gün Azərbaycan xalqı dövlət başçımızdan koronavirus pandemiyası ilə bağlı mövcud vəziyyəti qiymətləndirməsini də gözləyirdi və eşitdi. Dövlət başçımız qeyd etdi ki, biz əvvəldən bütün qabaqlayıcı tədbirlərin görülməsi ilə vəziyyəti nəzarətdə saxlaya bildik və bu gün də vəziyyət nəzarət altındadır: “Baxmayaraq ki, hazırda gündə təqribən 500 yeni xəstə qeydə alınır, yəni, yoluxmanın tempi yüksəkdir, ancaq vəziyyət nəzarət altındadır. Əlbəttə, biz pandemiyanın ilk günlərindən çox önəmli addımlar atdıq. Fevral ayında bizim cəmi altı laboratoriyamız var idi. Hazırda bu laboratoriyaların sayı 29-a çatıb və 15 yeni laboratoriya sifariş edilib, yoldadır, gələcək və laboratoriyaların sayı 44-ə çatacaqdır. Bu, bizə imkan verəcək ki, daha çox test aparaq. Onu da bildirməliyəm ki, bu günə qədər 500 mindən çox test aparılıb və adambaşına düşən testlərin sayına görə Azərbaycan dünyada təqribən 40-cı yerdədir”.
Pandemiya dövründə atılan ən mühüm addımlardan biri barədə danışan Prezident qeyd etdi ki, biz bu günə qədər 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərmişik. Onu deyə bilərəm ki, biz bu haqda heç məlumat da vermirdik. Çünki biz bunu piar üçün yox, sadəcə olaraq, ölkələrə həmrəylik borcu kimi edirdik. Ancaq bir neçə dövlət başçısı mənə təşəkkür məktubu ünvanladıqdan sonra bu, artıq bilindi və biz də əlbəttə ki, bunu gizlətmirik. Əksinə, hesab edirəm ki, bu, bizim böyük üstünlüyümüzdür. Çünki hətta çətin bir dövrdə biz 30-dan çox ölkəyə yardım göstərmişik və düz etmişik. Əlbəttə, məhz çətin günlərdə ölkələr bir-birinə dəstək verməlidirlər. 
Prezident Azərbaycanın bədxahlarına növbəti dəfə xatırlatdı ki, biz müstəqil siyasət aparırıq və bizim siyasətimizə heç bir kənar qüvvə təsir edə bilməz. Üstəlik, müxtəlif məqamlarda bunu dəfələrlə nümayiş etdirmişik. Biz doqquz il bundan əvvəl 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilmişik. Bildirməliyəm ki, o vaxt bizdən əvvəl Ermənistan namizədliyini vermişdi. Ancaq görəndə ki, biz namizədliyimizi verdik, bizim qarşımızda aciz olduqlarını başa düşdülər və namizədliklərini sakitcə geri götürdülər -- yəni, o diplomatik döyüş arenasından qaçdılar. Ondan beş il sonra döyüş meydanından qaçdılar və beləliklə, Azərbaycan işğal edilmiş torpaqların bir hissəsini işğalçılardan azad etdi. 
Dövlət başçımız bugünkü Ermənistan həqiqətləri barədə danışarkən də faktları məhz olduğu şəkildə, beynəxalq ictimaiyyətin gözünün qabağında cərəyan edən proseslər formatında, həm də özünün şahidi olduğu faktlar əsasında dilə gətirdi: “Erməni lobbisi Ermənistanı bütün təşkilatlarda müdafiə edir. Mən bunu şəxsən Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin başçısı kimi görmüşəm. Yəni, Ermənistan tamamilə tənqiddən kənarda idi. O vaxt ermənipərəst deputatlar və əslən Avropa ölkələrindən olan varlı ermənilər bütün imkanlardan, öz maliyyə imkanlarından istifadə edib Ermənistanı bütün tənqidlərdən qoruyurdular”. 
Azərbaycan Prezidenti Avropa qurumlarının fəaliyyəti barədə həmişə obyektiv fikirlər səsləndirib. Yəni o, Avropa miqyaslı qurumların fəaliyyətindəki müsbət cəhətləri təqdir edəndə də haqlı olub, mənfilikləri tənqid edəndə də. Ona görə də ermənilərdən başqa heç kəs dövlət başçımızın arqumentlərinə qarşı çıxmır. Cənab Prezident bu dəfə də qitə miqyaslı qurumların ünvanına tənqid söyləyəndə qətiyyətli idi: “Avropa qurumlarının saxtakarlığını biz Ermənistanda keçirilmiş bütün seçkilərdə görmüşük. Bütün seçkilər saxtalaşdırılıb, amma bütün seçkilərə müsbət rəy verilib. Heç uzağa getməyək. Guya ki, onlarda baş verən inqilabdan əvvəl Sarkisyan hakimiyyəti qanunsuz zəbt etmək istədi, parlament seçkilərini saxtalaşdırdı, özünə 50 faizdən çox səs yazdırdı. Avropa Şurası Parlament Assambleyası, ATƏT-in müşahidəçi missiyası buna müsbət rəy verdilər. Yaxşı, görmürdünüz ki, bu adam saxtakardır, bu adam səsləri oğurlayıb, Ermənistanda seçicilərin kütləvi qaydada satın alınması prosesi gedir?! Beynəlxalq müşahidəçilər Sarkisyan hakimiyyətinə, onun saxtalaşdırılmış seçkilərinə müsbət rəy verir, ondan sonra xalq ayağa qalxır”. 
Lakin Prezident Avropa qurumlarını təkcə bu riyakarlığa, ikiüzlülüyə görə qınamır, həm də bir çox Qərb siyasətçilərinin qeyri-obyektiv, ədalətdən kənar mövqeyini əsaslandırılmış şəkildə tənqid edir: “Ermənistanın baş naziri deyir “Qarabağ Ermənistandır”. Buna mən cavab verirəm və lazımi cavab verirəm. Amma Minsk qrupu niyə buna cavab vermir? Niyə cavab vermir ki, bu ifadə, əslində, Minsk qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir. Minsk qrupunun həmsədrləri buna adekvat reaksiya veriblər? Verməyiblər! Ermənistan tərəfi iki ildir danışıqların formatını dəyişmək istəyir və bəyan edir ki, Azərbaycan qondarma Dağlıq Qarabağın qondarma, saxta, dırnaqarası liderləri ilə danışıqlar aparmalıdır. Buna adekvat cavab… Verilmir!” 
Yaxud, Ermənistanın işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apardığından söz açan Prezident xatırladır ki, bu məsələ ilə bağlı Minsk qrupunun həmsədrləri heç bir açıqlama vermirlər. ATƏT-in axırıncı faktaraşdırıcı missiyası işğal olunmuş torpaqlarda 10 il bundan əvvəl olub. Yəni on il keçib: “Son bir neçə il ərzində biz onlara təkidlə deyirik ki, yeni missiya getməlidir. Bu 10 il ərzində Ermənistan Suriyadan və başqa yerlərdən erməniləri oraya gətirib, onları zorla saxlayır. Bizim şəhərlərimizin tarixi adlarını dəyişdirir, işğal edilmiş torpaqlarda kilsələr tikir. Yəni, sabah deyəcək ki, bu, erməni torpağıdır. … Yəni,10 il ərzində faktaraşdırıcı missiyanı göndərmək olmaz?”
Münaqişənin həlli üçün aparılan danışıqlara gəlincə isə, dövlət başçımız daha qətiyyətlidir: “Biz danışıqları mahiyyət üzrə aparmaq istəyirik… Əks halda, mənasız danışıqların aparılmasına heç bir ehtiyac qalmayacaq. Bax, biz Minsk qrupundan bunu gözləyirik və öz mövqeyimizdə möhkəm dayanmışıq, haqq-ədalət bizim tərəfimizdədir”. 

 

İ. MƏMMƏDCANOĞLU, “Xalq qəzeti”

 

8 2020 21:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Avqust 2020 | 03:39
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə