Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Avrasiya məkanında nəqliyyat-logistika sahəsinə böyük töhfələr verir

Azərbaycan region üçün vacib layihələrin təşəbbüskarı olmaqla yanaşı, həm də Bakı-Tbilisi-­Ceyhan, Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi kimi vacib beynəlxalq layihələrin əsas həmicraçısı, beynəlxalq nəqliyyat dəhlizlərində daşımaların, o cümlədən multimodal infrastrukturun təşviqinə dəstək verən Şərq-Qərb və Cənub-Qərb avtomobil yolları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər yerli layihələrin icraçısıdır.
İlham ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti


Azərbaycanda son 17 il ərzində inkişaf edən infrastruktur sahələrindən biri kimi nəqliyyat sektoruna irihəcmli investisiyaların yönəldilməsi nəticəsində hava limanları, körpülər, tunellər və yol qovşaqlarının tikilməsi, yeni avtomobil və dəmir yollarının çəkilməsi, yenidən qurulması ilə bağlı mühüm işlər görülüb. 
Tranzit potensialının reallaşdırılması istiqamətində də irimiqyaslı layihələr həyata keçirilib, o cümlədən Avropa-Qafqaz-Asiya (TRASECA) nəqliyyat dəhlizinin fəaliyyəti güclənib, Bakı-Tbilisi-Qars dəmir yolu istismara verilib, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində Ro-Ro terminalının açılışı olub, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə magistral yolların tikintisi layihələri uğurla davam etdirilib. 
Tarixi İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan Azərbaycan, həm də ötən dövrdə digər dəhlizlərlə müqayisədə yüklərin ölkəmizin ərazisindən keçməklə müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı şərait yaradıb, daha əlverişli şərtlərlə qısa müddətdə, təhlükəsiz və vaxtında çatdırılmasına, tranzit daşımaların həcminin dəfələrlə artmasına nail olub.
Hazırda dünyanın bir sıra ölkələri tərəfindən Azərbaycanın tranzit imkanları yüksək qiymətləndirilir. Məsələn, Çin və Avropa arasında yükdaşımalarda Şərq-Qərb marşrutundan və onun tərkib hissəsi kimi Azərbaycanın nəqliyyat-tranzit potensialından istifadə edilməsi vaxt və maliyyə baxımından daha sərfəli olduğu bildirilir. Ona görə də Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yaradılması ölkəmizin mühüm tranzit uğurlarından sayılır. Bu marşrut 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın yükdaşımalarda iştirak edən müvafiq qurumlarının birgə təşəbbüsü ilə yaradılıb. Daha sonra Ukrayna, Rumıniya və Polşanın da aidiyyəti qurumları Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna qoşulub. Hazırda bu marşrut Çin-Qazaxıstan sərhədindən başlayaraq Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstandan keçməklə Avropa ölkələrinə qədər uzanır.
Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan bu gün regionun mühüm nəqliyyat və logistika mərkəzi kimi tanınır. Avropa İttifaqı ölkələri ilə bu sahədə uğurlu əməkdaşlıq həyata keçirilir. Ölkəmizin ərazisindən keçən Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizləri yükdaşımalar üçün məsafə və müddət baxımından olduqca əlverişlidir. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycanın Xəzər dənizində ən böyük ticarət donanması, müasir gəmiqayırma zavodu, müasir standartlara cavab verən avtomobil yolları həmin nəqliyyat dəhlizlərinin imkanlarını daha da genişləndirir. Bu imkanlar fonunda tranzit yüklərin həcmi də getdikcə əhəmiyyətli dərəcədə artır. 
Onu da vurğulayaq ki, Azərbaycan müasir nəqliyyat və logistika infrastrukturu yaratmaqla mühüm nəqliyyat mərkəzinə çevrilməklə bərabər, Şərq-Qərb və Şimal-Cənub dəhlizləri layihələrində iştirak edən ölkələr arasında əməkdaşlığı genişləndirir. Beynəlxalq nəqliyyat layihələri ölkələr və xalqlar arasında münasibətlərin dərinləşdirilməsinə xidmət edir. “Bir kəmər, bir yol” təşəbbüsü də nəqliyyat sahəsində yeni imkanlar açmaqla yanaşı, ticarəti, turizmi, xalqlar arasında təmasları təşviq edir və Avrasiya məkanında sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olması işinə xidmət göstərir.
Əfqanıstan Prezidentinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun videokonfrans vasitəsilə görüşündə dövlətimizin başçısı çıxış edərək, son 17 ildə iqtisadi sahədə mühüm layihələr icra olunduğu, bunun nəticəsində böyük uğurlar qeydə alındığı barədə ətraflı danışıb. Dövlətimizin başçısı bildirib ki, ötən müddətdə ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı irimiqyaslı layihələr həyata keçirilib, bu sahəyə böyük həcmli dövlət investisiyaları yönəldilib. Başqa sözlə, avtomobil yollarının və dəmir yolu xətlərinin, xüsusilə Gürcüstan, Rusiya və İran istiqamətində ölkə ərazisindən keçən magistral yolların beynəlxalq standartlar əsasında yenidən qurulması, Bakıda, habelə regionlarda beynəlxalq hava limanlarının, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində gerçəkləşdirilən layihələr Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafında əhəmiyyətli rol oynamaqla yanaşı, ölkəmizin tranzit potensialını daha da gücləndirib.
Ölkə rəhbərinin çıxışında qeyd edildiyi kimi, artıq Azərbaycanda nəqliyyat sektoruna qoyulan iri investisiyalar sayəsində müasir nəqliyyat və logistika infrastrukturu fəaliyyət göstərir. Bu sahədə Ələt Beynəlxalq Dəniz Ticarət Limanı mühüm önəm daşıyır. Mütəxəssislərin fikrincə, 15 milyon ton yük və 100 min konteyner yükaşırma qabiliyyətinə malik olan bu ticarət limanının gələcəkdə imkanları 25 milyon ton yükə və 1 milyon konteynerə qədər artırıla bilər.
Azərbaycan bu gün, eyni zamanda, Xəzər dənizində 260 gəmidən ibarət ən böyük donanmaya malikdir. Respublikamızda fəaliyyət göstərən müasir gəmiqayırma zavodunda 2013-cü ildən indiyədək 10 gəmi tikilib, 140 gəminin və platformaların təmiri həyata keçirilib. Hazırda zavodda 2 ropaks bərə gəmisi və 3 neft tankeri inşa edilməkdədir. Gələn il əlavə gəmilərin tikilməsi nəzərdə tutulub. Bu gəmilərin Xəzər dənizi vasitəsilə yükdaşımaların artırılmasına xidmət edəcəyi nəzərdə tutulub. 
Bütün bunlarla bərabər, ölkəmizdə avtomobil yollarının inkişafı da diqqətdə saxlanılıb. Son 16 ildə Azərbaycanda 16 min kilometr avtomobil yolu çəkilib. Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında yolların keyfiyyətinə görə, Azərbaycan dünyada 27-ci yerdə qərarlaşıb. Azərbaycanda 6 beynəlxalq hava limanı tikilib. Hava nəqliyyatının səmərəliliyinə görə Azərbaycan dünyada 12-cidir.
Yeri gəlmişkən, xatırladaq ki, 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu işə salınıb. Bu layihə qitələri birləşdirir. Azərbaycan Asiya və Avropa arasında yerləşən ölkə kimi Avrasiya məkanında nəqliyyat-logistika sahəsinə böyük töhfələr verir. Bakı-Tbilisi-Qars dəmir yolu ilə bu ilin ilk altı ayında daşınmış yüklərin həcmi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə çoxdur.
Nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən və əlverişli geostrateji mövqeyə malik olan Azərbaycanda nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində son illər görülən işlər sırasında Şərq-Qərb nəqliyyat dəhlizinin yaradılması xüsusi önəm daşıyır. Bu dəhliz Çinlə Avropa arasında ən qısa marşrut olduğundan, tranzit və yükdaşıma baxımından səmərəlidir. Orta hesabla 5400 kilometr uzunluğunda olan dəhlizin tranzit müddəti 15 gündür. Əhəmiyyətinə görə “Dəmir İpək yolu” adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsindən sonra isə Şərq-Qərb nəqliyyat dəhlizi quru xətlə birbaşa Avropaya çıxış imkanı yaradıb. 
Hazırda Şərq-Qərb nəqliyyat dəhlizinə maraq getdikcə artmaqdadır. Hələ bir il əvvəl Azərbaycana səfər etmiş Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Ələt Beynəlxalq Dəniz Ticarət Limanına gedərək, buradakı imkanlarla yerində tanış olub. Artıq bu dəhlizə bir neçə Avropa ölkəsi qoşulub. Digər tərəfdaş dövlətlər də dəhliz vasitəsilə yükdaşımalara böyük maraq göstərir.
Şərq-Qərb nəqliyyat dəhlizi bu gün tam şəkildə fəaliyyət göstərir. 2019-cu ildə bu dəhlizlə 8,7 milyon ton yük daşınıb. Cari ilin ilk dörd ayı ərzində bu rəqəm artıq 3 milyon tona çatıb. Azərbaycan, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin fəal iştirakçısıdır. Dəhlizin Azərbaycan hissəsində bütün işlər başa çatdırılıb. Bu dəhliz vasitəsilə keçən il 2,1 milyon ton, bu ilin ilk dörd ayı ərzində isə 800 min ton yük daşınıb.
Şərq-Qərb nəqliyyat dəhlizi çərçivəsində Azərbaycan Əfqanıstan və Türkmənistanla əməkdaşlıqda müsbət nəticələr əldə edib. Dövlət başçısının 2018-ci ilin noyabr ayında Türkmənistana rəsmi səfəri zamanı imzalanan 21 sənəddən 9-u nəqliyyat sektoruna aid olub. Bu ilin birinci yarısında Ələt Beynəlxalq Dəniz Ticarət Limanında Türkmənistan və əks istiqamətdə 1,5 milyon tondan çox yük aşırılıb. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 28 faiz çoxdur. Aşırılan quru yükün həcmi 7,7 dəfə artaraq 370 min tondan çox olub. Türkmənistan tərəfi limanda tikilməsi nəzərdə tutulan gübrə terminalının idarə olunması üzrə yaradılacaq konsorsiumda iştiraka dəvət edilib.
Qeyd edək ki, Türkmənistandan Əfqanıstandakı iki quru limanına – əvvəlcə Akina, sonra Toraqundi limanına dəmiryolu uzadılıb. Beləliklə, xüsusilə Toraqundi limanı Əfqanıstana Azərbaycana birbaşa xətt çəkməyə imkan verib. 
İki il əvvəl Lapis Lazuli marşrutunun Bakı-Tbilisi-Qars dəmir yolu ilə birləşdirilməsindən sonra artıq Əfqanıstandan yüklər Türkmənistan üzərindən Azərbaycana, daha sonra Qərb istiqamətində daşınmağa başlanıb. 2018-ci ilin dekabr ayında Əfqanıstandan yola salınan ilk sınaq yükü 12 gün ərzində Bakı limanına çatdırılıb. Bu ilin yanvar-may ayları ərzində Azərbaycan vasitəsilə Əfqanıstan istiqamətində və əks istiqamətdə 55,5 min ton yük daşınıb. Azərbaycan yük təyyarələri ilə həmin dövrdə ölkəmizə və digər ölkələrə məxsus 12 min tona yaxın yükü Əfqanıstana çatdırıb.
Şərq-Qərb nəqliyyat dəhlizinin imkanlarının daha da artırılması üçün səylər davam etdirilir. Azərbaycan, Türkmənistan və Əfqanıstan prezidentlərinin videokonfrans vasitəsilə keçirilən görüşündə də yükdaşımaların optimallaşdırılması üçün tariflərin unifikasiyasının həyata keçirilməsinin vacibliyi qeyd olunub. Sözügedən tədbirin nəticələrinin və gələcəkdə atılacaq addımların müzakirəsi üçün üç ölkənin nəqliyyat strukturlarının işçi görüşünün keçirilməsi də təklif edilib. Bu da dəhlizin imkanlarından getdikcə daha çox istifadə olunacağını bildirir.
Üçtərəfli görüşdə Azərbaycanın Əfqanıstan və Türkmənistan ilə çoxtərəfli formatda səmərəli əməkdaşlıq etdiyi, ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını daim dəstəklədikləri xüsusi vurğulanıb. Videokonfransda, eyni zamanda, indiki dövrün ən aktual problemi olan koronavirus xəstəliyinin dünyada faciəvi nəticələrə gətirib çıxarması, pandemiya şəraitində ölkələr arasında və beynəlxalq təşkilatlar çərçivəsində həmrəylik və əməkdaşlığın zəruriliyi diqqətə çatdırılıb. Bununla bağlı dövlətimizin başçısı pandemiyanın mənfi təsirlərinə baxmayaraq, Azərbaycanın tranzit yüklərin daşınması üçün əlavə tədbirlər görüldüyünü, Şərq-Qərb nəqliyyat dəhlizi ilə beynəlxalq yük daşımalarının fasiləsiz olaraq həyata keçirildiyini bildirib. 

 

Vaqif BAYRAMOV, 
“Xalq qəzeti”

8 2020 21:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Avqust 2020 | 03:39
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə