Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qaydalar hər kəs üçün əsas olmalıdır

Bu ilin əvvəlindən COVID-19-un insan sağlamlığına, ölkələrin iqtisadiyyatına vurduğu zərbə göz önündədir. Hər bir ölkə bu çətinliklərdən az itki ilə çıxmaq istəsə də, reallıq tamamilə onun əksini göstərir. Əlbəttə, hər bir məsələ müqayisə tələb edir. Statistikaya müraciət etdikdə görürük ki, Azərbaycanla əhalisi eyni olan bəzi inkişaf etmiş ölkələrdə yoluxanların sayı 60-70 min, ölənlərin sayı 10 mindir. Amma o ölkələrin səhiyyə sistemi bir çox hallarda nümunə kimi göstərilirdi. Belə faktlar onu deməyə əsas verir ki, heç bir ölkə tam şəkildə özünü sığortalanmış hesab edə bilməz, ən əsası,  xəstəlik sərhəd tanımır. 

Koronavirusla mübarizənin birinci mərhələsini az itki ilə sona çatdıran ölkəmiz bu tədbirləri daha da sərtləşdirməklə insanların sağlamlığının prioritetliyini ön plana çəkdi. Azərbaycan Prezidenti İlham Əliyev, eyni zamanda, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri addımları davamlı olaraq gerçəkləşdirir. Məhz Azərbaycanın COVID-19-dan qorunmaq strategiyasının beynəlxalq səviyyədə yüksək dəyərləndirilməsinin, həmçinin bu xəstəliklə mübarizədə təkmil təcrübəyə malik olmasının nəticəsidir ki, bir sıra dövlətlər bizim təcrübəmizdən yararlanır.  
Dövlətimizin başçısı İlham Əliyev koronaviruslu xəstələrin müalicəsi üçün Bakının Xətai rayonunda modul tipli hospitalın açılışı çərçivəsində Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibəsində ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin uğurlu nəticələrindən bəhs edib. Prezident İlham Əliyev bu fikri xüsusi önə çəkib ki, bu xəstəlik belə bir reallığı da göstərib: adətən hesab olunurdu ki, belə dəhşətli pandemiyalar, epidemiyalar, insanların yoluxucu xəstəliklərdən kütləvi şəkildə həlak olması ancaq geridə qalmış ölkələrdə mümkündür. Amma həyat onu göstərdi ki, bu, belə deyil. Həyat onu göstərdi ki, bu gün pandemiyadan ən çox əziyyət çəkən ölkələr inkişaf etmiş ölkələrdir. Əgər onlar bu məsələyə tam çarə tapa bilmirlərsə, əlbəttə ki, o qədər də inkişaf etməmiş, yaxud da geridə qalmış ölkələrdə vəziyyəti təsəvvür etmək çətin deyil.
Ölkəmiz ilk gündən atdığı bütün addımlarını dərindən təhlil etdi, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini əsas götürdü. Pandemiya elan olunan ilk gündən Ümumdünya Səhiyyə Təşkilatı  Azərbaycanın bütün çağırış və təşəbbüslərini dəstəkləyib, öz növbəsində ölkəmiz də bu qurumun fəaliyyətini dəstəkləyir, ona maliyyə yardımı göstərir. İstər Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunun dövlətimizin başçısına ünvanladığı məktublarında, istərsə də cənab ­İlham Əliyevin təşəbbüsü ilə keçirilən Zirvə görüşlərinə videomüraciətində səsləndirdiyi fikirlər Azərbaycanın ilk gündən seçdiyi yolun düzgünlüyünü bir daha təsdiqləyir. Atılan addımlarda məqsəd, təbii ki, insanların sağlamlığını, həyatını qorumaqdır. Ölkə rəhbəri İlham Əliyev ona nail olmağa çalışır ki, pandemiya dövründə bütün imkanlarımız səfərbər olunsun və biz bu vəziyyətdən az itkilərlə çıxa bilək.
Hazırda Azərbaycan səhiyyəsi yeni inkişaf dövrünü yaşayır. Pandemiyaya qarşı mübarizə tədbirlərinə başlanan andan səhiyyə infrastrukturu bu mübarizəyə istiqamətləndirilərək, aidiyyəti qurumların fəaliyyəti əlaqələndirildi. Prezident ­İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə bu günlərdə açılışı olan modul tipli hospital bu diqqət və qayğının tərkib hissəsidir. Dövlət başçısının sərəncamı əsasında inşa ediləcək 10 modul tipli xəstəxana kompleksi ölkənin səhiyyə sisteminə əlavə 2000 çarpayılıq ehtiyat yaradır.
Ölkəmizin səhiyyə sistemi koronavirus xəstələrinin müalicəsinə tam imkan yaradır. 45 xəstəxanada koronavirus xəstələri müalicə alırlar. Bu addımlar bir daha dövlətimizin kompleks tədbirlərinin nə dərəcədə böyük əhəmiyyət daşıdığını, bu günümüzlə yanaşı, gələcəyimizə də hesablandığını bir daha ortaya qoyur. Bu gün koronavirus xəstələrinin ixtiyarında olan 45 xəstəxanadan 36-sı məhz möhtərəm Prezidentimizin sərəncamı əsasında son illərdə inşa edilib. İnsanların sağlamlığının qorunması üçün bütün xəstəxanalarda lazımi şərait yaradılıb. 
Pandemiya ilə mübarizə tədbirlərinə başlananda Azərbaycanda cəmi 6 laboratoriya var idisə, hazırda bu laboratoriyaların sayı 29-a çatıb. Möhtərəm Prezidentimiz İlham Əliyev müsahibəsində bu rəqəmləri də açıqlayıb ki, 15 yeni laboratoriya sifariş edilib, laboratoriyaların sayı ümumilikdə 44-ə çatacaq. Bu isə öz növbəsində daha çox test aparmağa imkan yaradacaq. Bu günə qədər 500 mindən çox test aparılıb. Azərbaycan adambaşına düşən testlərin sayına görə dünyada təqribən 40-cı yerdədir.
Bürtün bunlarla yanaşı, pandemiya ilə mübarizədə bu gün bir önəmli vəzifə də hər kəsin üzərinə düşən məsuliyyət hissini artırmaqdır. Mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır. Çünki bütün qaydalar insanların, o cümlədən karantin rejimini pozanların sağlamlığının qorunmasına hesablanıb. Əgər dövlət lazım olan bütün tədbirləri həyata keçirirsə, həkimlərimiz sağlamlığımızın keşiyində dayanırlarsa, polis orqanları karantin qaydalarına riayət olunması üçün bütün qüvvə və bacarıqlarını səfərbər edirlərsə, təbii ki, hər bir vətəndaş bu diqqət və qayğıdan özünün sağlamlığı üçün nəticə çıxarmalı, özünün və ətrafının sağlamlığına çalışmalıdır. 
Qaydaları pozan insanlar daha məsuliyyətli olarlarsa və nizam-intizama riayət edərlərsə, pandemiyanı nəzarətdə saxlamaq mümkün olacaq. Modul tipli hospitalın açılışı zamanı  dövlət başçısı İlham Əliyevin ölkə telekanallarına verdiyi müsahibədə də bu məqamlara xüsusi diqqət yetirilib. 2020-ci ilin əvvəlindən indiyədək reallaşan sosial layihələrin davamlılığı göstərir ki,  hazırda insanların sağlamlığı ilə yanaşı, sosial müdafiələrinin gücləndirilməsi də dövlətimiz üçün prioritetdir. Heç bir sosial layihə təxirə salınmayıb. Cənab İlham Əliyev müsahibəsində vurğulayıb ki, cari ildə məcburi köçkünlər üçün rekord sayda binalar tikiləcək, 7 mindən çox köçkün ailəsi yeni mənzillərlə təmin ediləcək. Şəhid ailələri üçün bu il 1500 mənzil istifadəyə veriləcək. İyirmi il orduda qüsursuz xidmət etmiş hərbçilərə cari ildə 400-dən çox mənzilin verilməsi nəzərdə tutulur. Ünvanlı sosial yardım alanların sayı artırıldı və 85 min ailəni, yaxud da 300 mindən çox insanı əhatə etdi. İşsizləri, o cümlədən qeyri-formal sahədə işləyənləri dəstəkləmək, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan insanlara maddi yardım göstərmək və digər məqsədlər üçün təqribən 3 milyard manat vəsait nəzərdə tutulur. 
  Dövlətimizin başçısı İlham Əliyevin müsahibəsində diqqət yönəltdiyi məsələlərdən biri kimi daxili bədxahlarımızın, düşmən dəyirmanına su tökənlərin bədnam antimilli fəaliyyətidir. Prezidentin qeyd etdiyi kimi, neftin qiymətinin düşməsinə sevinən bir Ermənistandır, bir də özünü müxalifət adlandıran antimilli şura. Azərbaycan xalqı bu iyrənc mənzərəni görərkən bir daha əmin olur ki, kim kimdir. Ermənistana dəstək olan, ölkədə əhalinin sosial vəziyyətinə təsir etmək imkanında olan hansısa hadisəni sevinclə qeyd edən belələrinin xalqın adından danışmağa haqqı yoxdur.
Dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, neftin qiyməti hətta 14 dollar da olsa, Azərbaycan ayaqda duracaq. 2008-ci ildə dünyanı bürüyən iqtisadi və maliyyə böhranı bu kimi məqamlara işıq salmışdır. Həmin dövrdə Azərbaycan öz iqtisadi artımı ilə dünyanın diqqətində oldu. Azərbaycanın davamlı inkişafı üçün möhkəm baza mövcuddur.

 

Vüqar RƏHİMZADƏ,
“İki sahil” qəzetinin baş redaktoru, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü 

 

8 2020 21:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Avqust 2020 | 03:39
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə