Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanın müstəqillik tarixi, əslində, rüsvayçılıq tarixidir

Ermənistanın müstəqillik tarixində sivil, hüquqi dövlət anlayışları ilə üst-üstə düşə biləcək hər hansı bir fakta rast gəlmək mümkün deyil. Bu tarix siyasi terrorla, kütləvi qətllərlə, korrupsiya, quldurluq və digər ağır cinayətlərlə zəngin olan rüsvayçılıq tarixidir. Son illər ərzində Ermənistanda açılan ağır cinayət işlərinin xeyli hissəsini bu ölkədə siyasi hakimiyyətdə təmsil olunan, orduya rəhbərlik edən şəxslərin kriminal əməlləri təşkil edir. Bu gün Ermənistanda diktatura hökm sürür. Siyasi hakimiyyət öz rəqiblərini ən müxtəlif yollarla sıradan çıxarmağa, bizneslərinə sahiblənməyə çalışır.

Ermənistan hakimiyyətini tənqid edən siyasətçilər təqib olunur, barələrində cinayət işləri açılır, həbsxanalara atılır, intihara sürüklənirlər. Bu ölkədə kütləvi informasiya vasitələrinin redaksiyalarına hücumların təşkil edilməsi, jurnalistlərin döyülməsi, sərbəst toplaşmaq azadlığının ən amansız üsullarla məhdudlaşdırılması adi hala çevrilib. Amma buna baxmayaraq, Avropa Şurası, ATƏT-in Media azadlığı ofisi, hüquq-müdafiə təşkilatları Ermənistanda getdikcə daha da azğınlaşmaqda olan diktatura rejiminin əməllərinə göz yumurlar. Çünki bu gün işğalçı ölkənin rəhbərliyində təmsil olunan şəxslər onların “öz uşaqlarıdır” və həmin adamlar dünyanı qanlı inqilablarda boğmaq istəyən siyasi biznes, maliyyə dairələrinin çoxsaylı layihələrindən çıxıblar. 
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, postsovet məkanında, Orta Şərqdə, Aralıq dənizi hövzəsində “inqilab”ları, əslində isə qanlı çevrilişləri təşkil edənlər indiki Ermənistan rəhbərlərinin himayədarlarıdır. Prezident İlham Əliyev Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında iştirak edərkən bildirib ki, Ermənistanın prezidentləri rüşvətxor, generalları oğru, qəhrəmanları cinayətkardır: “Ermənistan artıq bir neçə ildir ki, dərin böhran içindədir. Deyə bilərəm ki, Ermənistanın müstəqillik tarixi, prinsipcə, rüsvayçılıq tarixidir. Çünki indiki iqtidar artıq dəfələrlə bəyan və sübut edib ki, 1998-ci ildən 2018-ci ilə qədər Ermənistana rəhbərlik etmiş şəxslər cinayətkardır, oğrudur, quldurdur. Ermənistan tarixi doğrudan da rüsvayçılıqlarla doludur. Ermənilərin XIX əsrdə bizim torpaqlara köçürülməsindən, XX əsrin əvvəllərində Azərbaycan ərazilərində yaradılan Ararat Respublikasından indiyə qədər onların “dövlətçilik” tarixlərinin hansı rüsvayçılıqlarla zəngin olduğu dünya tarixçilərinə məlumdur. Saxta, qondarma tarix yaratmaqla öz müstəqillik tarixlərinin də saxta olduğunu meydana qoyurlar”.
 Ermənistan işğal altındakı torpaqlarımızda toponimləri saxtalaşdırır, mədəni abidələrimizi, məscidlərimizi məhv edir. Ancaq Ermənistanın hazırkı ərazisi də tarixi Azərbaycan torpaqlarıdır. Beynəlxalq təşkilatlar birmənalı olaraq bu məsələyə reaksiya verməli, işğala son qoyulmalıdır. Xüsusən ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində apardığı qanunsuz məskunlaşmaya reaksiya verməlidirlər. Dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycan münaqişə ilə bağlı öz mövqeyində möhkəm dayanıb və bir addım geri atmayacaq. Beynəlxalq təşkilatlar indi ərazi bütövlüyü prinsipini xüsusilə qeyd edirlər. Ərazi bütövlüyü prinsipi insanların, xalqların öz müqəddəratını təyin etmək prinsipindən üstündür. Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək. Azərbaycan dinc vasitə ilə, ­danışıqlar yolu ilə, bu mümkün olmazsa, istənilən vasitə ilə ərazi bütövlüyünü bərpa edəcək. Ermənistanda hakimiyyətin siyasi opponentləri təqib və həbs olunur, konstitusiyaya qanunsuz dəyişikliklər edilir.
Bu, bir faktdır ki, Ermənistanda hakimiyyət bölgüsü tamamilə pozulub, hakimiyyət qolları artıq bir adamın əlindədir. Ermənistanda korrupsiya, talançılıq, rüşvətxorluq, qohumbazlıq kütləvi xarakter alıb. Qaçaqmalçılıqla baş nazir Nikol Paşinyanın özü və onun ailəsi məşğuldur. Zəngin iş adamlarına qarşı cinayət işləri açılır, sonra da onlar məcbur edilir ki, pullarını xüsusi yaradılmış fonda köçürsünlər. O fonddan da bu pullar çəkilir, mənimsənilir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi bu gün Ermənistanın baş naziri, onun yaxın qohumları və ətrafı rüşvətxorluq rəmzinə çevrilib. Bu gün Paşinyanın başında durduğu rejim müxtəlif yollarla hakimiyyəti əlində saxlamağa çalışır. Əslində isə xaricdəki dairələr, fondlar həmin oyuncaq insanların əli ilə Ermənistanı idarə edirlər. 
Söz və ifadə azadlığının boğulmasına, müxalifət liderlərinin həbsinə , baş verən qanunsuzluqlara, aclıq aksiyası elan edən jurnalistin ölməsinə belə heç bir beynəlxalq təşkilat, Avropa Şurası, ATƏT-in Media azadlığı ofisi bir səs belə çıxarmırlar. Nə üçün? Çünki bilirlər ki, indiki Ermənistanın rəhbərləri kimdir. Ermənistan bir dövlət deyil, sadəcə, müəyyən xarici qüvvələrin əlində vasitəyə çevrilib. Ermənistanın inkişaf perspektivi yoxdur, ölkə özünü saxlaya, sərhədlərini qoruya bilmir. Ermənistanda iqtisadiyyatı düz qura bilmirlər, ancaq yalvara-yalvara, dilənə-dilənə kreditlər hesabına yaşayırlar. Ermənistanda demoqrafik böhran yaşanır, insanlar bu ölkəni tərk edir və təbii azalma gedir. Ermənistanın real əhalisi 2 milyon nəfərdən azdır. Bu gün Azərbaycan istər iqtisadi, istər ordu quruculuğu, istər də beynəlxalq nüfuzuna görə Ermənistandan qat-qat üstündür və aradakı fərq zaman keçdikcə artır. Qüdrətli Azərbaycan isə işğal altındakı torpaqlarını mütləq azad edəcək. 
Dövlət başçısı İlham Əliyev dəfələrlə bildirib ki, Ermənistan--Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan, yəni Ermənistan torpaqlarımızdan çıxmayınca bölgədə heç bir müsbət irəliləyiş mümkün olmayacaq və Azərbaycan öz milli maraqları uğrunda sona qədər mübarizə aparacaq. Eyni zamanda, bu mübarizədə ədalətin Azərbaycanın tərəfində olduğunu söyləyən Prezident İlham Əliyev dünyaya bəyan edib ki, Azərbaycan bundan sonra da nə danışıqlarda prosesində, nə də bölgədə gedən digər proseslərdə öz prinsipial mövqeyindən dönməyəcək.

 

Allahverdi HAXVERDİYEV,
YAP Qubadlı rayon təşkilatının sədri

 

8 2020 20:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Avqust 2020 | 03:39
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə