Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İşğalçı ölkədə ictimai-siyasi gərginlik pik həddə çatıb

Hamı Paşinyana qarşıdır... Hətta kilsə də

Cənubi Qafqaz regionunda pandemik vəziyyətin daha ağır olduğu və COVID-19-a yoluxanların sayının 28 mini keçdiyi Ermənistanda həm də siyasi vəziyyət gərginləşməkdədir. Artıq Paşinyan hökumətinə və iqtidarına qarşı mövcud siyasi və müxalif qüvvələrin fəallığı artıb. Paşinyanın siyasi fəaliyyətindən narazı olan bir sıra siyasi qüvvələr artıq bununla bağlı əməli fəaliyyətə keçmək planları barədə müzakirələr aparırlar. 

İstər Erməni kilsəsi ilə qarşıdurma, istər “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri, oliqarx Qaqik Sarukyanın saxlanılması, 4 milyon ABŞ dolları girovu qarşılığında keçmiş prezident Robert Koçaryan barəsində həbs qətimkan tədbirinin ləğv olunması və Konstitusiyaya dəyişikliklər edilməsi və bunun nəticəsi kimi, əvvəlki hakimiyyət dövründə təyin edilmiş hakimlərin səlahiyyətlərinin ləğvi və s. Ermənistan iqtidarına olan etiraz və narazılığı daha da gücləndirən əsas amillərdəndir.


Konstitusiya “islahatları”: məhkəmə hakimlərinə “əlvida!”


Paşinyan uzun zamandır, müzakirə edilən konstitusiya islahatları öz “nəticə”sini verdi. Beləliklə, keçmiş hakimiyyətin təyin etdiyi Ermənistan Konstitusiya Məhkəməsinin (KM) üzvlərinin və sədr Hrayr Tovmasyanın səlahiyyətləri ləğv edildi. Hrayr Tovmasyan Serj Sarkisyanın rəhbərlik etdiyi Respublikaçılar partiyasının sonuncu yüksək vəzifəli şəxsidir. Onun və digər üzvləri ilə bağlı hadisə ictimai-siyasi sferada və mediada da böyük səs-küylə qarşılandı. Səlahiyyətləri əlindən alınmış bir sıra üzvlər KİV vasitəsilə bunun qanunsuz olduğunu bildirərək etiraz etdilər. Hətta Konstitusiya Məhkəməsi sədrini əvəz etmiş Alvina Gülümyanın sona qədər pozulmuş hüquqlarını müdafiə edəcəklərini kəskin şəkildə bildirməsi onu deməyə əsas verir ki, Paşinyan hakimiyyətindən narazı olan və istefaya göndərilmiş hakimlərin səsinin beynəlxalq məhkəmələrdən də gəlmə ehtimalı böyükdür.


 “Çiçəklənən Ermənistan” rəhbərinin saxlanılması


Bir vaxtlar Paşinyanı inqilab dövründə küçə mübarizəsini dəstəkləyənlər arasında Sarukyanın partiyası ön sıralarda idi. Hətta Paşinyanla onun sanrakı dövrdə təkbətək görüşləri də münasibətlərin yaxşı olduğunu göstərirdi. Ta ki, Sarukyan pandemiya ilə bağlı əhaliyə çağırış edənə və Paşinyan hökuməti əleyhinə tənqidi fikirlər səsləndirənə qədər. Sarukyanın siyasi nüfuzu və kütlənin müəyyən qisminin rəğbətinin qazanmasını Paşinyan öz hakimiyyəti üçün bir təhlükə olaraq görür. Odur ki, Milli Təhlükəsizlik Xidməti tərəfindən “Çiçəklənən Ermənistan” partiyasının rəhbər heyəti və bir sıra üzvlərinin “mütəşəkkil rüşvət paylama aksiyalarına” cəlb edilməsi faktları və korrupsiya ittihamı ilə əlaqədar yoxlamalar aparılıb. 
Uzun məhkəmə çəkişmələrindən sonra keçmiş prezident Robert Koçaryan barəsində həbs qətimkan tədbirinin ləğv edilərək onun azadlığa buraxılmasından sonra keçmiş hakimiyyətdə olmuş şəxslər, yeni müxalif qüvvələr daha da fəallaşıblar. 


Erməni apostol kilsəsi Paşinyana qarşı


İllərdir, ermənilərin ictimai-siyasi həyatında mühüm yer alan Erməni apostol kilsəsi Paşinyan hakimiyyətinə müxalif mövqedədir. Belə ki, əvvəlki hakimiyyətlə dərin əməkdaşlıq və əlaqədə olan Erməni apostol kilsəsi Robert Koçaryanın müdafiəsində də fəallığı ilə diqqət çəkib ki, bu Paşinyan hakimiyyəti tərəfindən heç də xoş qarşılanmadı. Bu səbəbdən də kilsənin siyasi və iqtisadi dayaqlarının çökdürülməsi əsas məsələ oldu. Paşinyan kilsənin artıq dünya ermənilərini birləşdirəcək potensialının olmadığını əsas gətirib, onun gücünü hər yolla zəiflətməyə başladı.
Lakin Respublika partiyasının dəstəyini alması, Paşinyanın komandasına qarşı olan biznes oliqarxlarla əməkdaşlığı ona imkan verir ki, təbliğat üsulları ilə Paşinyan iqtidarına qarşı fəaliyyətini davam etsin. 
Bu qarşıdurmalar fonunda hakim “Mənim addımım” fraksiyasının üzvünün İrəvanda kilsə tikintisi üçün ayrılan torpaq sahəsinin bələdiyyələrə geri qaytarılması fikrini səsləndirməsi Paşinyan hakimiyyətinin kilsəyə mesajıdır.
Ermənistanın hazırkı iqtidarının fəaliyyəti bununla məhdudlaşmır, məhz onun dəstəyi ilə Eçmiədzin kilsəsinin yerləşdiyi eyniadlı şəhərin merinin ateist Diana Qasparyanın seçilməsi iqtidar-kilsə münasibətlərində uçurumu daha da dərinləşdirib. Sözsüz ki, bu halın Apostol kilsəsi tərəfindən kəskin narazılıqla qarşılanması bu münasibətlərin daha da gərginləşəcəyinə işarədir. Vəziyyət o həddə çatıb ki, 2003-cü ildən etibarən məktəblərdə tədris olunan “Erməni kilsəsinin tarixi” adlı fənninin Ermənistanın Təhsil Nazirliyi tərəfindən tədris planından çıxarılması kilsə və inanclı vətəndaşlar tərəfindən hiddətlə qarşılanıb. Baş yepiskop Navasard Kçoyana qarşı Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən fırıldaqçılıq və çirkli pulların yuyulması ittihamı ilə cinayət işinin açılması, kilsə xadimlərinin mümkün yollarla səlahiyyətlərinin aradan qaldırılması, ən əsası keçmiş rejimin kilsə ilə əlaqələrinə son qoyulması Paşinyan hakimiyyətinin hazırkı kilsə siyasətinə daxildir. Əsas məsələ isə ölkədə kilsə rəhbərliyinin dəyişdirilməsinə nail olmaq, onun hakimiyyət maraqlarına uyğun din xadimlərinə səlahiyyət vermək, erməni kilsəsinin simasında hakimiyyətə qarşı etiraz və narazılıqlara son qoymaqdır. 


Bu da bir repressiyadır....


Deputat Arman Abovyan Paşinyanın müxalif fikirdə olan siyasətçiləri susdurmağa çalışmasını kəskin tənqid edib və Qaqik Sarukyanın deputatlıq toxulmazlığından məhrum edilməsinə aid səsverməni siyasi repressiya adlandırıb: “Təəssüf edirəm ki, demokratik dəyərlərin bərpası, söz və ifadə azadlığına hörmət şüarları ilə gələn əksəriyyət, siyasi müxalifləri susdurmağa çalışır. Bu, səhv yoldur və Ermənistanı iflasa aparır”.
Bu yaxınlarda ictimai-siyasi xadim, “Gallup International Association”ın üzvü olan MPG LLC” təşkilatının rəhbəri Samvel Farmanyan keçirilmiş sorğuda Paşinyanın yüksək reytinq toplamasının reallığı əks etdirmədiyini bildirib. Onun sözlərinə görə, sosiologiya Nikol Paşinyanın yalanlar imperiyasında mühüm yer tutur. Koronavirusa qarşı aparılan mübarizənin fonunda uğursuz sosial-iqtisadi çöküşü, Konstitusiya Məhkəməsi ətrafındakı “meymun oyunları”nı, polis tərəfindən mediaya qarşı inzibati məhkəmə işlərinin başlanmasını xatırladan S.Farmanyan bildirib ki, Nikol Paşinyanın real və əks olunmamış reytinqi 11-13 faiz təşkil edir.
“Politekonomia” Tədqiqatlar İnstitutunun direktoru Andranik Tevanyan öz Facebook səhifəsində baş nazirin siyasətinin nəticə kimi, cəmiyyəti bölücülük və ayrı-seçkiliyə məruz qoymasına toxunub: “Nikol Paşinyan cəmiyyətimizi son hücrəyə qədər ayırmağı bacardı. Rənglərlə -- qara və ağ, siyasi görüşlərlə -- inqilabçılar və əks-inqilabçılara, dövrlər üzrə -- indiki və keçmiş, ödənişlərinə və loyal münasibətə görə -- oliqarxlar və sahibkarlara bölüb.” 
Ermənistanın Vatikandakı keçmiş səfiri, keçmiş prezident Serj Sarkisyanın kürəkəni Mikayıl Minasyanın da mütəmadi olaraq, Paşinyan hakimiyyətinə qarşı informasiya hücumlarına keçməsi də anlaşılandır. 
Bu siyasi fonda isə pandemiyadan əziyyət çəkən insanların sayı gündən-gündən artmaqdadır, COVID-19-a yoluxanların sayı 28 mini ötüb. 

 

Ə.ƏLƏSGƏRLİ,
“Xalq qəzeti”

 

8 2020 20:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Avqust 2020 | 03:39
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə