Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Notlar üzərində yaşanmış həyat

Onu yaxşı tanıyırdım. Rəhbərlik etdiyi Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin İçərişəhərdə yerləşən ofisində tez-tez görüşərdik. Hər dəfə ofisə gələndə onu pianonun arxasında hansısa mahnını ifa etdiyini görərdim. Piano arxasında olanda hər şeyi unudardı. “Sarı gəlin”i ifa etməkdən həzz alardı.

Görüşlərimizin birində xahiş etdim ki, “Sarı gəlin”i ifa etsin. Barmaqlarını necə yanğı ilə pianonun dilləri üzərində gəzdirdi. Sonra əllərini pianodan çəkib mənə tərəf çevrildi: “Bizim çox qədim xalq mahnımızdır”, – dedi. 
 Həsənağa müəllim danışdıqca gözlərimi ondan çəkmirdim. Və istər-istəməz, özlüyümdə fikirləşirdim: Onun ürəyi ilə barmaqları arasında məsafə nə qədər də yaxındır. Yoxsa həmin barmaqlar o ürəyin yanğısını pianonun dillərinə necə köçürərdi? 
O vaxtdan gör neçə illər ötüb. Neçə illərdir ki, əcəl onu aramızdan vaxtsız aparıb. Müdriklərdən birinin sözüdür: “İztirab və kədər baş versə, rahatlığı musiqidə axtarın.” Biz də onun yoxluğunu unutmaq üçün bu virtuoz sənətçinin həzin musiqisini dinləməkdən özgə əlac tapa bilmirik.
Bu günlər Həsənağanı tanıyanlar onun 65 yaşını qeyd etməyə hazırlaşır. Biz də istərdik ki, bu yazıda onun şərəfli həyat yoluna qısa bir nəzər salaq. Naxçıvanda doğulmuşdu. Bu əsrarəngiz diyarın dağ çiçəkləri kimi təmiz sularından içmişdi, el-obanın adət-ənənələri ilə böyümüşdü. Əmək fəaliyyətinə 1978-ci ildən Naxçıvan şəhər mədəniyyət evində müəllim, ­C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında pianoçu kimi başlamışdı. Sonralar Ş.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aparıcı dirijor, Naxçıvan Musiqi Texnikumunun direktoru, Azərbaycan Televiziyasının “Dan ulduzu” instrumental ansamblının bədii rəhbəri vəzifələrində işləmişdi. 1998-ci il mayın 25-də Azərbaycan Prezidenti Heydər Əliyevin sərəncamı ilə “Əməkdar incəsənət xadimi” fəxri adı ilə təltif edilmişdi.
Ömrünün son illərini Bakıda yaşasa da, Naxçıvanı heç vaxt unutmurdu. Deyirdi ki, nəbzim daim Naxçıvanla vurur. Həmişə də demişəm ki, Naxçıvan mənim əbədi və əzəli baba yurdumdur. Həsənağa müəllim musiqiyə həvəsinin də burada yarandığını deyirdi. Burada musiqi qəlbini ovsunlayıb və bu sənəti seçib. Seçib deyəndə ki, əslində, bu, tale qisməti, Tanrı bəxşişi idi. Hərdən mənə elə gəlir ki, musiqi olmasaydı, Həsənağa müəllim heç dünyaya gəlməzdi. 
Həsənağa Qurbanov xoşbəxt insan idi. Ona görə ki, qəlblərə yol tapa bilmişdi. Millətini, xalqını sevən insan idi. Bütün varlığı ilə, sənəti ilə bu xalqa bağlı idi. Deyirdi ki, Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi lideri olub. Ulu öndərlə görüşlərindən qürur hissi ilə danışardı. Bir də deyirdi ki, yalnız ulu öndərin ölməz ideyaları bu xalqı xoşbəxt gələcəyə qovuşduracaq. Çox əfsus ki, Həsənağa müəllim özü bu xoşbəxt günlərimizi görə bilmədi.
 Onunla görüşlərimiz çox səmimi keçərdi. Bir gün dedi ki, Gülarə xanım Əliyeva haqqında bir kitab üzərində işləyirəm. Xeyli material toplamışam. İstəyirəm bunları oxuyub nəşrə hazırlayasan. Bir qovluq çıxarıb verdi mənə. Oxuyandan sonra məlum oldu ki, burada Gülarə xanım haqqında ayrı-ayrı sənət adamlarının xatirələri toplanıb. Biz o kitabı çapa hazırladıq. Lakin o kitabı Həsənağa müəllimin vaxtsız ölümündən sonra çap etdirdik. Kitabın adını isə “Bizim Gülarə xanım” qoyduq. Bu, Həsənağa müəllimin son arzusu idi. 
“Dan ulduzu” ansamblında çalışdığı illəri həmişə hörmət və məhəbbətlə xatırlayırdı. Deyirdi ki, Gülarə xanımla işləmək çox maraqlı ıdi. O, Azərbaycan musiqisi ilə Avropa musiqisinin sintezini yaratmışdı. O vaxtlar bunu biganə qarşılayanlar olsa da, Gülarə xanım ansamblın repertuarını zəginləşdirirdi.
Gülarə xanımın faciəli ölümündən sonra bu ansambla Həsənağa Qurbanov rəhbərlik etməyə başlamışdı. Ansambla əvvəlki münasibət də yox idi. Amma, nə qədər çətin olsa da, bu ansablı yaşatmaq istəyirdi. Konsertlər təşkil edirdi, müğənnilər cəlb etmişdi.
Ona vəzifə də vermişdilər. 2001-ci ildə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsinə irəli çəkilmişdi. Azərbaycan milli musiqisinin Azərbaycanda və respublikanın hüdudlarından kənarda tanınmasında və təbliğində Həsənağa müəllimin böyük xidmətləri olmuşdur.
Əməkdar incəsənət xadimi Həsənağa Qurbanov 2007-ci il noyabrın 6-da 52 yaşında dünyasını dəyişdi. Onun əziz xatirəsi heç zaman unudulmayacaq.

 

M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”

8 2020 20:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Avqust 2020 | 03:39
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə