Ən son xəbərlər

Son buraxılış
Arxiv

Akademik Şahin Mustafayev Parisdə elmi ezamiyyətdə olub

Akademik Şahin Mustafayev Parisdə elmi ezamiyyətdə olub

AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Şahin Mustafayev  Parisdə keçirilən “Fransa və Özbəkistan arasında mədəni irs körpüsü” adlı beynəlxalq elmi-mədəni forumda iştirak edib.

www.science.gov.az saytı yazırmki, tədbirdə Özbəkistan və Fransa arasında çoxillik elmi-mədəni əlaqələr, Fransa alimlərinin Özbəkistan və Mərkəzi Asiya regionunda apardıqları elmi tədqiqatlar və arxeoloji qazıntılar, Özbəkistanın qədim və orta əsrlər tarixi və mədəniyyətinin öyrənilməsində əldə etdikləri nailiyyətlər və onların Avropada tanıdılması kimi məsələlər müzakirə edilib.

Forumda akademik Şahin Mustafayev UNESCO-nun Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutunun direktoru vəzifəsində işlədiyi dövrdə fransalı həmkarları ilə görülən müştərək işlər və həyata keçirilən layihələr barədə məlumat verib. Bu sahədə əməkdaşlığın genişləndirilməsinin zəruri olduğunu deyən alim özünün elmi redaktəsi ilə hazırlanmış “Mərkəzi Asiyada mədəni transfer” və iki cildlik “Mərkəzi Asiya arxeologiyası və tarixi fransız alimlərinin əsərlərində” adlı kitablarının Parisdə rus və fransız dillərində nəşr olunduğunu bildirib.

Azərbaycanlı alim, həmçinin Ümumdünya Özbəkistan Mədəniyyətini Öyrənmə, Qoruma və Populyarlaşdırma Cəmiyyətinin birinci toplantısında iştirak edib. O, bu qurumun idarə heyətinin və Elmi şurasının üzvü seçilib.

Səfər çərçivəsində akademik Ş.Mustafayev UNESCO-nun Baş qərargahında da bir sıra görüşlər keçirib. Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri səfir Anar Kərimov, UNESCO-nun Sosial və humanitar elmlər sektorunun Dialoq naminə tarix və yaddaş bölməsinin rəhbəri Ali Moussa-İye və digər rəsmi şəxslərlə görüşlərdə Azərbaycanın UNESCO-nun İpək Yolu layihələrində iştirakı, bu sahədə əldə olunmuş nailiyyətlər və perspektivlər barədə fikir mübadiləsi aparılıb. 

                                            

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

6 Oktyabr 2018 10:23 - ELM
ELM

Ən son xəbərləri səhifəmizdən də izləyin