Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“ABAD”ın yaradılması Azərbaycanda sosial xidmətlər sahəsində aparılan islahatların məntiqi nəticəsidir

“ABAD”ın yaradılması Azərbaycanda sosial xidmətlər sahəsində aparılan islahatların məntiqi nəticəsidir

Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədi ilə sosialyönümlü layihələr həyata keçirən “ABAD” (Ailə Biznesinə Asan Dəstək) mərkəzlərinin fəaliyyəti getdikcə genişlənir. Artıq “ABAD”ın respublikamızda ailə bizneslərinin və ailə brendlərinin inkişaf etdirilməsinə yönələn təşəbbüsləri uğurla həyata keçirilir, bu layihə əhalinin məşğulluq səviyyəsinin artırılmasında və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasında mühüm rol oynayır.  
Yeri gəlmişkən, “ABAD” Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən və 2016-cı il sentyabrın 23-də yaradılan publik hüquqi şəxsdir. O, Dayanıqlı İnkişaf Məqsədlərinin əldə olunmasına dəstək verməyi nəzərdə tutan yeni sosial innovasiya konsepsiyasıdır. Layihənin məqsədi kiçik və orta sahibkarlığın inkişafına, məşğulluq səviyyəsinin artırılmasına, rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına, ölkədə regionların və kənd təsərrüfatının inkişafına dəstək verməkdir. 
Qeyri-kommersiya və sosialyönümlü qurum olan “ABAD” yeganə ictimai təşkilatdır ki, ailə təsərrüfatının “ideyadan rəflərə” daşınmasına kömək edir. “ABAD” istehsalın planlaşdırılmasından məhsulların satışına qədər olan bütün biznes prosesinin idarə edilməsini reallaşdırır, yığılan gəlirin ailələrə köçürülməsini təmin edir. Ailələr öz bizneslərini qurmaq üçün ictimai və özəl qurumlarla birbaşa qarşılıqlı əlaqə saxlamır. Bu funksiya “ABAD” tərəfindən həyata keçirilir. 
“ABAD” ailələr üçün bacarıqların inkişaf etdirilməsi təlimləri də təşkil edir, “vahid pəncərə” prinsipindən istifadə edərək ailə məhsullarının sertifikatlaşdırılmasını gerçəkləşdirir. 
Layihənin mütəxəssisləri ailələrə bazaryönümlü qablaşdırma həlləri və məhsulların dizaynı ilə bağlı kömək göstərirlər, supermarket şəbəkəsində ailə məhsullarının satışını, habelə onların daşınması və saxlanmasını idarə edirlər. 
“ABAD” əl işlərinin satışı müvafiq incəsənət mərkəzlərində təşkil edilir. İndiyədək bir sıra məkanlarda, eləcə də İçərişəhərdə, Heydər Əliyev Beynəlxalq Aeroportunda incəsənət mərkəzləri istifadəyə verilib.  
Prezident İlham Əliyev Balakən rayonunda “ABAD Mərkəz”in yaradılması mərasimində çıxış edərək deyib: “Bu mərkəzin fəaliyyəti nəticəsində minlərlə insan işlə təmin olunacaq, özünüməşğulluq proqramı sürətlə icra ediləcək. Mən bu barədə artıq bütün müvafiq tapşırıqları vermişəm ki, növbəti illərdə özünüməşğulluq proqramı Azərbaycanda geniş vüsət almalıdır, dövlət isə, öz növbəsində, bu şəraiti yaradır…”. 
Hazırda “ABAD” tərəfindən dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək layihələri də davam etdirilir. “ABAD” qida məhsullarının istehsalı sahəsində regional mərkəzlərin sakinlərinə kömək göstərir. Bu gün belə regional mərkəzlər Masallı, Balakən və Quba rayonlarında fəaliyyətdədir. Həmin mərkəzlər tərəfindən 41 ailə üçün qida brendləri yaradılıb. Dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində isə bütün respublika üzrə 226 “ABAD”çı ailəsi məşğul olur.   
“ABAD”ın fəaliyyətində son vaxtlar nəzərə çarpan bir hadisə barədə isə bir qədər ətraflı danışmaq istərdik.  Bu yaxınlarda İqtisadiyyat Nazirliyinin və Türkiyənin Azərbaycandakı səfirliyinin birgə həyata keçirdiyi layihələr çərçivəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində istixana və arıçılıq təsərrüfatları yaradılıb.
Bununla əlaqədar Cocuq Mərcanlıda İqtisadiyyat Nazirliyinin, Türkiyənin Azərbaycandakı səfirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin, sahibkarların və Cocuq Mərcanlı sakinlərinin iştirakı ilə tədbir keçirilib.
Tədbirdə Azərbaycanda regionların, xüsusilə sərhəd rayonlarının inkişafına böyük diqqət və qayğı göstərildiyini vurğulayan iqtisadiyyat naziri Şahin Mustafayev birgə layihənin Cocuq Mərcanlının sosial-iqtisadi inkişafında və sakinlərin məşğulluğunun təmin olunmasında əhəmiyyətini qeyd edib. Bildirilib ki, burada məhsullar “Cocuq Mərcanlı” brendi altında istehsal olunacaq. 
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 15 ədəd hər biri 160 kvadratmetr sahəyə malik polietilen örtüklü tunel tipli istixanalar qurulub. İstixanalar damcı suvarma sistemi ilə təchiz olunub, istifadəçilərə toxum, gübrə və pestisidlər, bitkilərə qulluq üçün alət və avadanlıqlar verilib. Bunlarla yanaşı, layihə iştirakçılarına tərəvəzin becərilməsi ilə bağlı 3 ay müddətində təlim və məsləhət xidməti göstəriləcək.
Birgə həyata keçirilən layihələr çərçivəsində, həmçinin Cocuq Mərcanlıda 15 ailənin hər birinə 10 arı ailəsi olmaqla 150 arı ailəsi verilib. Arı təsərrüfatlarının hər biri 10 ədəd ikimərtəbəli iyirmi çərçivəli yeşiklə, arıçılıq avadanlıqları və materiallarla (gəzdirmə qutusu, qəfəs, fırça, arıcı libası və s.), xəstəliklərə qarşı dərman vasitələri ilə təmin olunub. Birgə layihənin birinci mərhələsi çərçivəsində 30-dan çox Cocuq Mərcanlı sakininin məşğulluğu təmin edilib.
Cocuq Mərcanlıda daha bir layihənin - suvenir istehsalı müəssisəsinin tikintisinə başlanılıb. Müəssisədə istehsal sahəsi, sərgi zalı, yeməkxana və s. fəaliyyət göstərəcək. Müəssisənin bu ilin sonuna istifadəyə verilməsi nəzərdə tutulur. Burada istehsal olunacaq məhsullar “Cocuq Mərcanlı” brendi ilə satışa çıxarılacaq.
Bunlarla yanaşı, Cocuq Mərcanlıda Türkiyə ilə daha bir birgə layihə çərçivəsində ilkin mərhələdə 150 başlıq cins heyvandarlıq kompleksinin yaradılması işlərinə başlanılıb. Birgə layihələrdə Türkiyəli mütəxəssislərin təcrübəsindən də istifadə olunacaq.
 

V. BAYRAMOV, 
“Xalq qəzeti”

6 2018 23:24 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə