Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ədəbiyyat İnstitutunun onlayn elmi şurası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 2020-ci ildə birinci yarımillik üçün son elmi şurası onlayn formatda keçirilib. Bu barədə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

İnstitutun direktoru akademik İsa Həbibbəylinin rəhbərlik etdiyi iclasda direktor müavinləri, elmi katib, şöbə müdirləri və digər əməkdaşlar iştirak ediblər.

AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli gündəlikdəki elmi-təşkilati məsələlər barədə məlumat verib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında Sərəncamına uyğun olaraq Ədəbiyyat İnstitutunun fəaliyyət planı müzakirə edilib. İnstitutun Mətbuat tarixi və publisistika şöbəsində hazırlanmış “Molla Nəsrəddin” ensiklopediyasının Sərəncama Ədəbiyyat İnstitutunun yaxşı bir töhfəsi olduğu qeyd edilib.

Akademik İsa Həbibbəyli pandemiya dövründə İnstitutun şöbələrinin elmi tədqiqat işlərinin yerinə yetirilməsi ilə maraqlanıb, tapşırıq və tövsiyələrini verib.

İnstitutun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Tahirə Məmmədi 60 illiyi münasibətilə rəhbərlik və elmi şura iştirakçıları təbrik ediblər.

İnstitutun Ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusifli “Ədəbi proses-2019” Yaradıcılıq müşavirəsinin məruzələrinin hazırlıq vəziyyəti barədə çıxış edib. O bildirib ki, bir çox məruzələr hazırdır, digərləri isə yaxın günlərdə təhvil veriləcək.

Azərbaycan ədəbiyyatı tarixi on cildliyinin ikinci cildinin çapa hazırlıq vəziyyəti barəsində akademik İsa Həbibbəyli və professor İmamverdi Həmidov məlumat veriblər. Cildin artıq nəşrə hazır olduğu qeyd olunub. Eləcə də, Azərbaycan ədəbiyyatı tarixi 7 cildliyinin V cildinin çapa hazırlanması haqqında da fikir mübadiləsi aparılıb.

Filologiya elmləri doktoru Almaz Ülvi Binnətova “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının Azərbaycan-özbək ədəbi əlaqələrinə həsr olunmuş xüsusi buraxılışının çapa hazır olduğunu bildirib. Türk xalqları ədəbiyyatı şöbəsinin hazırladığı “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının görkəmli qazax şairi Abay Kunanbayevə həsr olunmuş Xüsusi buraxılışı üzərində işlər aparıldığı qeyd edilib.

İnstitutun Türk xalqları ədəbiyyatı şöbəsində hazırlanmış “Muxtar Auezov: Həyatı və yaradıcılığı” kollektiv  monoqrafiyasının, Uşaq ədəbiyyatı şöbəsində hazırlanmış “Uşaq ədəbiyyatında Xanımana Əlibəyli imzası”, fil.e.d. Almaz Ülvi Binnətovanın Əlişir Nəvainin əsri və nəsri (elmi-filoloji və dini-təsəvvüfi əsərləri) və İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənlinin “Çingiz Aytmatov fenomemi və Azərbaycan” monoqrafiyaları çapa tövsiyə olunub.

Əfsanə BAYRAMQIZI,
 “Xalq qəzeti”

8 2020 12:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Avqust 2020 | 03:39
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə