Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bütün qoruyucu vasitələrdən istifadə etmək vacibdir

“Bütün dünya koronavirus yayılandan insanlar arasında yaranan həyəcan, gərginlik artıb. Səbəb dövlətimizin başçısı tərəfindən görülən mübarizə tədbirlərinə, operativ qərargahın qoyduğu qaydalara, tələblərə baxmayaraq, bəzi vətəndaşların laqeydcəsinə öz normal həyatlarına davam etmələridir”. Bu fikirləri iqtisad üzrə fəlsəfə doktoru Vüsal  BAYRAMOV pandemiyaya qarşı mübarizədə vətəndaş məsuliyyətindən danışarkən bildirdi.  O, daha sonra dedi:

– Cənab Prezident hələ ötən ay Tərtər və Ağcabədi rayonlarında yeni istifadəyə verilən müəssisələrin  açılış mərasimlərində iştirakı zamanı  tibbi maska taxmaqla bunun sağlamlığımızın qorunması baxımından  çox vacib olduğunu nümayiş etdirdi, hamıya örnək oldu. Prezident, həmçinin modul tipli xəstəxanaların açılışında etdiyi çıxışlarında da yenə qoruyucu vasitə kimi maskanın önəmini vurğuladı və insanlara bu qoruyucu vasitədən istifadə etməyi tövsiyə etdi. Vətəndaşlar görmürmü ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da  tibbi maskadan istifadə edir. Məgər  bu, kiminsə gözəlliyinə xələl gətirir? Tibbi maskalardan istifadə etməyənlər ətrafındakı insanları düşünməli, onları yoluxdurmaqdan ehtiyatlanmalıdırlar. 

Milli Məclis qoruyucu vasitələrdən istifadə etməyənlərin cərimələnməsi barədə qərar qəbul etdikdən sonra, bir neçə gün maska taxanların sayı artdı. Küçədə, metroda, avtobusda maskasız insana rast gəlmək mümkün deyildi. İki gün sonra yenə maskalar çıxarıldı, “istidir, adam boğulur” – deyə qoruyucu vasitədən istifadə edənlərin sayı azaldı. Belələrindən soruşmaq lazımdır ki, əgər maska taxmaqla boğulursansa, bəs virus ciyərinə təsir edəndə necə, boğulmayacaqsan? Bir az çətin nəfəs almağa dözmək yaxşıdır, yoxsa palatada gözlərini tavana zilləyib süni tənəffüs aparatına möhtac olmaq?  Fikrimcə, son günlər az da olsa, insanlar cərimələnməkdən ehtiyat edərək maska taxırlar. Lakin çox istərdik ki, insanlar maskaları cəriməyə görə deyil, sosial məsuliyyətlərinə görə taxsınlar. Doğrudur, biz buna alışmamışıq. Koreya, Vyetnam, Çin və bir sıra ölkələrdə ilin çox vaxtı əhalinin böyük əksəriyyəti maskada gəzir. Amma, unutmamalıyıq ki, cərimələrin tətbiqi məcburiyyətdən irəli gələrək atılan addımdır. Əgər insanlar sosial məsuliyyətlərini başa düşsəydilər, maska taxmaqla özlərini və yaxınlarını virusdan qoruduqlarını dərk etsəydilər, cərimələrin tətbiqinə ehtiyac olmazdı. 

Onu da xatırladım ki, virusa yoluxma sayı gündəlik 1–5 nəfər olanda bir çox ölkələr kimi Azərbaycan da pandemiyaya  hazır olmadığından ölkədə maska qıtlığı yaranmışdı. Bəzi insanlar bütün günü “maska yoxdur, nə taxaq?”--kimi  bəhanələrlə, məsuliyyətdən uzaqlaşmağa cəhd edirdilər. Cənab Prezidentin tapşırığı ilə ölkədə maska və kombinezon istehsal edən müəssisələr işə salındı və bu problem aradan qalxdı.  Amma insan özü anlamalıdır ki, maska taxmalıdır, müəyyən müddət maskada gəzməyə məcburdur. Biz buna könüllü əməl etməliyik.

Məhz qoruyucu vasitələrə laqeydliyin nəticəsidir ki, son günlər yoluxma sayı  500- dən aşağı düşmür. Biz maska taxmışıqsa, yaxınlığımızda xəstə adam olsa belə, yoluxma ehtimalını azaldırıq. Xəstə adam da maska taxmış olarsa, yoluxma ehtimalı lap aşağı düşür. Ən ehtiyatlı qorunma məsafə saxlamaqdır. İnsanların nəfəsi ilə nəfəs alacağınız qədər onlara yaxın durmaq olmaz. Məsafə saxlanmalıdır ki, orqanizminizə virus düşməsin və immunitetinizi yükləməyisiniz.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

8 2020 10:42 -

Köhnə versiyamızdan xəbərləri izlə