Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı Ağ Şəhərin yeni kvartalında tikinti işləri başlanıb

Nobel və Babək prospektləri, N.Rəfiyev və X.Rüstəmov küçələrinin əhatəsində yerləşən 28 ha sahəsi olan kvartalda infrastruktur çatışmazlığı, ərazinin relyef səviyyəsinin kəskin dəyişməsi, yol şəbəkəsi və parkinq olmaması, ətrafın düzənsizliyi buranı təcrid olunmuş sahəyə çevirib.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının 10.01.2018-ci il tarixili, 08 saylı sərəncamı əsasında Bakı Ağ Şəhər Baş Planına uyğun olaraq kvartalın texniki inventarlaşdırılması, inşa olunacaq tikililərin memarlıq və şəhərsalma göstəriciləri, nəqliyyat və digər infrastruktur layihələndirilməsi işləri aparılıb.

Ərazi daxilində layihələndirilən yeni yol şəbəkəsinin Babək və Nobel prospektlərinə rahat çıxışı, yolayrıcıları və piyada keçidləri modelləşdirilmişdir. Kvartalın tikintialtı sahələrə və landşaft zonalarına bölgüsü aparılmış, sahələrin təyinatı, tikinti sıxlığı, hündürlük siyasəti müəyyənləşdirilmiş və ərazinin Bakı Ağ Şəhər Baş Planına uyğunlaşdırılmış layihəsi müvafiq razılaşmalar üçün Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilib.

28 ha kvartalında ötən illərdə Harmony Hotel, Alfa Hotel and Hostel, “Ağ Şəhər – 2” yarımstansiyası istifadəyə verilmişdir. Hazırda kvartal ərazisində Ağ Şəhər Baş Planına uyğun olaraq yeni tikililərin inşası aparılır. Burada layihələndirilmiş yaşayış, kommersiya və inzibati binalar fərqli dizaynı və funksionallığı ilə seçilir.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin yeni inzibatı binası müasir memarlıq üslubunda layihələndirilib. Süleyman Vəzirov və Nəcəfqulu Rəfiyev küçələrinin kəsişməsində tikilən 13 mərtəbəli inzibati binada həmçinin Kənd Təsərrüfatı Nazirliyi Muzeyi nəzərdə tutulub.

Tikintisi davam edən Uşaq Yaradıcılıq Mərkəzində uşaqların istedad və qabiliyyətinin inkişafı məqsədilə müxtəlif incəsənət sahələri istiqamətində dərslər təşkil ediləcək. Xəqani Rüstəmov küçəsindəki Mərkəzin qarşısında yerli heykəltəraşların yaratdığı incəsənət nümunələrinin quraşdırılması üçün təkliflər araşdırılır.

Landşaftı və memarlığı ilə seçilən 20 mərtəbəli BCR Xətai yaşayış kompleksi sakinlərə geniş xidmət təklif edir. Bir neçə binadan ibarət kompleks eni 45 m nəzərdə tutulmuş və Bakı Ağ Şəhər Baş Planına uyğun olaraq rekonstruksiyası layihələndirilən Nəcəfqulu Rəfiyev küçəsində yerləşir və Xəqani Rüstəmov küçəsindən də rahat keçid alır.

28 ha kvartalının ərazisində layihələndirilmiş 10 mərtəbəli çoxfunksiyalı ictimai binada apart-otel, ofislər, idman zalı, konfrans zalı və restoran nəzərdə tutulub.

Hazırda kvartalda su təchizatı, kanalizasiya və yağış suları sistemləri, qaz təchizatı boruları, elektrik xətləri və İT kanal sistemləri təmin edilməsi üçün yol şəbəkəsi və infrastruktur kommunikasiyası layihələri işlənilib. Layihələr Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Azərsu ASC, Azərişıq ASC, Azəriqaz İB və Delta Telekom ilə razılaşdırılıb və hazırda icra olunur.

Yeni layihə əsasında 226 saylı elektrik yarımstansiyasında aparılan yenidənqurma işləri kvartalın yol şəbəkəsində yeni küçə üçün imkan yaradacaqdır.

Müasir şüşə fasadlı Boks Federasiyası və Qafqaz Sahil Baku Hotel kompleksi, keçmiş enerji stansiyası binasında fəaliyyət göstərən Paulaner pivə istehsalı və restoranı, Azərbaycan Təbabəti Muzeyi artıq 28 ha kvartalının görməli binaları sırasındadır.

Yeni kvartal Ağ Şəhərin son illər təhvil verilmiş digər əraziləri kimi yaşıl canlı küçələri, kölgəli piyada yolları, müasir dizaynlı binaları ilə şəhərin sakinlərin zövqünü oxşayacaqdır.

Bakı Ağ Şəhər layihəsi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 28 sentyabr 2006-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində həyata keçirilir.

8 2020 10:17 -

Köhnə versiyamızdan xəbərləri izlə