Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fədakarlığınızı Azərbaycan xalqı heç vaxt unutmayacaq

COVID-19 pandemiyası bütün dünya dövlətlərinin əsrlərdən bəri formalaşmış nizamını pozub. Planeti­mizin dörd tərəfində, demək olar ki, bütün ölkələrdə koronavirusa yoluxanlar və bu infeksiyadan həlak olanlar kütləvi şəkil alıb və getdikcə artmaqda davam edir. Təsəvvür edin ki, bu ilin əvvəlindən bəri dünya­da 11,7 milyonadək insan bu dəhşətli infeksiyaya yo­luxub və 538 min nəfərdən çoxu dünyasını dəyişib.

Tarixi təcrübə göstərir ki, insanların bu şəkildə yoluxucu xəstəliklərdən – pandemiya və epidemi­yalardan qırılması faktları, adətən, geridə qalmış ölkələrdə daha kütləvi şəkildə baş vermişdir. İqtisadi və maliyyə sarıdan inkişaf etmiş, səhiyyə sistemi güclü olan dövlətlərdə isə bu, o qədər də dərin fəsadlar yaratmamışdır. Amma, nə sirri-Xudadırsa, COVID-19 pademiyasından daha çox əziyyət çəkən ölkələr, məhz dünyanın ən inkişaf etmiş və müasir səhiyyə sisteminə sahib olan dövlətləridir...

Bu barədə koronaviruslu xəstələrin müalicəsi üçün Xətai rayonunda modul tipli hospitalın açılışın­da Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına, İctimai televiziyaya və “Xəzər” televi­ziyasına müsahibə verərkən ətraflı söhbət getmişdir.

Dövlət başçısı qeyd etmişdir ki, ölkəmizdə pandemiyaya qarşı mübarizə tədbirləri görərkən mütəxəssislərlə, həkimlərlə məsləhətləşmələr aparılır. Yəni, biz bu işi kortəbii aparmırıq, ölçü­lüb-biçilmiş addımlar atırıq. Bu addımların əsas məqsədi insanlarımızı, onların sağlamlığını, həyatını bu xəstəlikdən qorumaqdır. Pandemiya dövründə bütün imkanlarımız səfərbər olunmalıdır ki, biz bu vəziyyətdən az itkilərlə çıxa bilək. Azərbaycan Prezidenti bildirmişdir ki, hazırda ölkəmizin 45 xəstəxanasında koronavirus xəstələri müalicə alırlar. Onu da bildirməliyəm ki, bu xəstəxanaların 36-sı mənim sərəncamımla son müddət ərzində inşa edilibdir. Təsəvvür etmək çətin deyil ki, əgər bu xəstəxanalar tikilməsəydi, indi biz hansı problemlərlə üzləşə bilərdik. Beləliklə, bu gün bizim hələ ki, kifayət qədər boş çarpayılarımız var. Ancaq biz hər bir vəziyyətə hazır olmalıyıq. Bildirməliyəm ki, bu il istifadəyə verilmiş “Yeni klinika”da hazırda 350 xəstə müalicə alır. Biz qısa müddət ərzində orada çarpayı­ların sayını 700-750-yə çatdıracağıq. Ona görə hesab­lamaq çətin deyil ki, əgər buna ehtiyac yaranarsa, biz qısa müddət ərzində 5 mindən çox xəstəni yerləşdirə biləcəyik – yəni, xəstəxanalarda 2100, modul tipli 15 xəstəxanada 3 min, “Yeni klinika”da əlavə 350.

Prezident İlham Əliyev pandemiyanın ölkəmizin sosial-iqtisadi sahələrinə təsirindən danışarkən demişdir:

– Dünya iqtisadiyyatına böyük zərbə vuruldu və Azərbaycan da dünya iqtisadiyyatının bir parçası olduğu üçün, təbii ki, bu, bizim vəziyyətimizə də mənfi təsir göstərmişdir... Azərbaycan iqtisadiyyatı beş ayın yekunlarına görə 1,7 faiz tənəzzülə uğradı. Altı ayın yekunları yəqin ki, bir neçə gündən sonra məlum olacaq. Amma bilirsiniz, bu, bərpa ediləcək. Ona görə mən bir daha demək istəyirəm ki, se­çim qarşısında olanda bizim seçimimiz birmənalı, tərəddüdsüz idi, insanların sağlamlığı ön plandadır, iqtisadiyyat ikinci plandadır. Amma buna baxmaya­raq, biz heç bir sosial layihəni təxirə salmadıq, ixtisar etmədik.

Azərbaycan Prezidenti, məhz bu mövqeyi və əməli işləri ilə xalqın sevimlisinə çevrilmişdir. Dövlət başçısına ünvanlanan minnətdarlıq məktubları da bundan xəbər verir.

 

Jurnalistlər Sizin xidmətlərinizi yüksək dəyərləndirirlər

Möhtərəm cənab Prezident!

Bütün dünya, o cümlədən, Azərbaycan üçün koronavirus pande­miyasının yaratdığı problemlər fonun­da "Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamınız Sizin kütləvi informasiya vasitələrinə və jurnalistlərə nə qədər böyük önəm verdiyinizin sübutu oldu.

Dünyada pandemiya başlayandan hər bir Azərbaycan vətəndaşı – sahib­karlar, muzdlu işçilər, işsizlər, aztəminatlı ailələr Sizin vətəndaşa diqqətinizi hiss etdi, insanlarımızın sağlamlığı naminə dövlətin böyük vəsait ayırdığını gördü. Biz jurnalistlər xüsusi karantin rejimində də Nazirlər Kabineti yanında opera­tiv qərargahın tövsiyələrinə uyğun şəkildə fəaliyyətimizi davam etdiririk, ölkə əhalisini dolğun və ən əsası doğru xəbərlərlə təmin etməyə çalışırıq. Bilirik ki, dövlətimizə, onun rəhbərliyinə qarşı məkrini həyata keçirmək üçün pus­quda dayanan, bizi sevməyən xarici dairələrdən maliyyələşən qüvvələr var və əsl jurnalistlər meydanı onlara burax­mamalıdırlar.

Cənab Prezident, ölkədə koronavi­rusla mübarizənin gərgin bir vaxtında milli mətbuatımızın 145 illik yubileyini­nin qeyd olunması ilə bağlı sərəncam imzalamağınız "mənim köməkçilərim" adlandırdığınız jurnalistləri heç vaxt unutmadığınızın təsdiqidir. Mən bu diqqətin sevincini həm də xüsusi olaraq yaşayanlardanam. Sizin Sərəncamınızla "Əməkdar jurnalist" fəxri adı almağımla fəxr edirəm.

Hörmətlə,

Mahir Rafət oğlu Məmmədli, Əməkdar jurnalist Bakı şəhəri, Yasamal rayonu

Gəncəyə hər səfəriniz Nizami yurdunda toy-bayrama çevrilir

Çox hörmətli Prezidentimiz!

Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Gəncəyə hər səfəri şəhərimizin gündən-günə inkişaf etməsinə, çiçəklənməsinə, gözəlləşməsinə səbəb olur. Sizin diqqət və qayğınız sayəsində Gəncə bu gün Qafqazın ən böyük mədəniyyət mərkəzlərindən birinə çevrilir, bu­rada yeni layihələr həyata keçirilir. Vətəndaşların maddi rifahının yaxşı­laşdırılması, sağlamlığının qorunması istiqamətində atılan addımların bariz nümunəsi kimi yeni tikilən müəssisələri, açılan iş yerlərini, inşa edilən müasir tipli xəstəxanaları, universitet binalarını, tələbə yataqxanalarını, məktəb və bağ­çaları xüsusi qeyd etmək lazımdır. Sizin hər səfərinizdə verdiyiniz tapşırıqlar, təşəbbüsünüzlə həyata keçirilən böyük layihələr qədim Gəncənin daha yaraşıqlı və müasir bir şəhər olması üçün vacib­dir. Sizin Gəncənin inkişafı üçün ayırdı­ğınız böyük maliyyə vəsaitləri hesabına şəhərimiz müasir görkəm alır. Bu gün bütün dünyada COVID-19 pandemiyası­nın tuğyan etdiyi bir vaxtda zamanında qəbul etdiyiniz məqsədyönlü qərarlar sayəsində Azərbaycan bu ağır xəstəlik qarşısındə acız qalmır. Yeni tikilən xəstəxanalar, yeni qurulan tibb ocaqları vətəndaşların sağlamlığının qorunması istiqamətində əməli işlər görür.

Cənab Prezident, Sizə və Birin­ci vitse-prezident Mehriban xanım Əliyevaya Allahdan möhkəm cansağ­lığı arzu edirəm. Ümid edirəm ki, Sizin uzaqgörənliyiniz və böyük təcrübəniz sayəsində xalqımız bütün çətinlikləri arxada qoyacaq.

Dərin hörmətlə,

Mehman Rzayev, Gəncə şəhəri

Xalqımıza böyük qürur hissi yaşadırsınız

Möhtərəm cənab Prezident!

Bütün dünya koronavirusla üz-üzə qaldığı vaxtda Sizin rəhbərliyinizlə dövlətimizin həyata keçirdiyi tədbirlər Azərbaycan xalqında böyük qürur hissi yaradıb. Bəşəriyyəti bürüyən bu bəladan qorunmaq üçün xalqa etdiyi­niz müraciətlər, qisa müddət ərzində çox sayda lobaratoriyaların, modul tipli xəstəxanaların istifadəyə verilməsi, tibbi maska istehsal edən müəssisənin açı­lışı, sosial paketlərin həyata keçirilməsi sübut etdi ki, ölkəmizdə bütün lazı­mi addımlar yüksək səviyyədə atılır. Koronavirus pandemiyası ilə əlaqədar həyata keçirdiyiniz bütün bu qabaqlayıcı tədbirlər xalqımıza olan məhəbbət və sevginizin təzahürüdür.

İndiki ağır günlərdə daim xalqımızı düşündüyünüz, ona dəstək olduğunuz və qayğısına qaldığınız üçün Sizə dərin minnətdarlığımı bildirirəm. İnanırıq ki, tezliklə bu çətin günlər arxada qalacaq, xalqımız bu bəladan xilas olacaq və ölkəmizdə həyat yenidən əvvəlki axarına düşəcəkdir.

Hörmətlə,

Turan Nəsir oğlu Əsədov, Zaqatala şəhəri

Misilsiz işlər görürsünüz

Hörmətli cənab Prezident!

Siz Azərbaycanda COVID-19 infeksi­yasının qarşısının alınması istiqamətində misilsiz işlər görürsünüz. Bu ağır şəraitdə pandemiyaya qarşı mübarizə ilə əlaqədar gördüyünüz tədbirlər, səhiyyə sistemimizin günün tələblərinə uyğun­laşdırılması, əhalinin sosial rifah halı­nın qorunması istiqamətində atdığınız addımlar, insanlarımıza verdiyiniz dəyər xalq tərəfindən alqışlanır.

Cənab Prezident, bizə verdiyi­niz dəyərin ölçüsü yoxdur. Mən ailə üzvlərimizlə birlikdə vətəndaşlarımıza göstərdiyiniz bu diqqət və qayğıya görə Sizə dərin təşəkkürümü bildirirəm. İna­nırıq ki, yaşadığımız bu mürəkkəb dövr tez bir zamanda sona çatacaq, Sizin rəhbərliyinizlə Azərbaycan daha da inki­şaf edəcək. Sizə bu çətin və şərəfli yolda daimi uğurlar arzu edirik. Biz şirvanlıların xeyir-duası həmişə Sizinlədir. Allah Sizi qorusun!

Hörmətlə,

Rafiq Yunis oğlu Səfərov, Şirvan şəhəri

Gördüyünüz tədbirlər səmərəsini verir

Çox dəyərli və hörmətli Prezidentim!

Dönüb keçmişə nəzər salanda, Azərbaycanımızın nə qədər inkişaf etdi­yini, necə gözəlləşdiyini görəndə insanın ürəyi fəxr və fəxarətlə dolur. Bu inkişafın, xüsusilə Sizin prezidentlik dövrünüzdə baş verməsi danılmaz faktdır. Ölkəmizə rəhbərlik etdiyiniz dövrdən bu günə qədər bütün çətinliklərin öhdəsindən əzmlə gələrək uğurlar əldə etmiş, Vətənimizin dünyanın inkişaf etmiş ölkələri arasında layiqli yer tutmasına nail olmusunuz. Bu gün, COVID-19 pandemiyasının bütün dünyada kütləvi insan tələfatına səbəb olduğu zamanda, Sizin və Birinci vitse-prezident Mehri­ban xanım Əliyevanın Azərbaycanın bu bəladan qorunması üçün operativ tədbirlər görməyiniz, aztəminatlı ailələrə humanitar, maddi yardımlar ayırmağınız, sahibkarlara dəstəyiniz göz önündədir. Təbii ki, mən də bir vətəndaş olaraq bunları görürəm və qiymətləndirməyə bilmərəm. Sizə və Mehriban xanıma dərin təşəkkürümü bildirirəm. Sağ olun, cənab Prezident!

Hörmətlə,

Mehriban Yaqub qızı Əsgərova, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi

Xalqımızı pandemiyanın ağır fəsadlarından qorudunuz

Hörmətli cənab Prezident!

Bütün dünyanın COVID-19 pande­miyası ilə mübarizə apardığı bu çətin dövrdə verdiyiniz doğru qərarlar və apardığınız uzaqgörən siyasət bizi bu gözəgörünməz düşmənin daha ağır fəsadlardan qorumaqdadır. Bu gün dünya dəhşətli pandemiya ilə mübarizə aparır, hər gün minlərlə insan həlak olur. Lakin biz Sizin uzaqgörən siyasətiniz nəticəsində ölkəmizin pandemiya ilə mübarizədən alnıaçıq çıxacağına ümidliyik. Yüksək təhlükəsizlik tədbirləri, xüsusi karantin rejiminin tətbiqi və vaxtında verdiyiniz digər bu kimi qərarlar təqdirəlayiqdir.

Hörmətli cənab Prezident, xalqı­mızın sağlamlığı və xoşbəxtliyi üçün göstərdiyiniz xidmətlərə görə Sizə dərin təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Cavid Arif oğlu İsmayılov, Ağcabədi rayonu, Yeni Qaradolaq kəndi

Azərbaycan Sizin rəhbərliyinizlə daha xoşbəxt gələcəyə qovuşacaq

Möhtərəm cənab Prezident!

İsmayıllı rayonunun 7 yaşayış məntəqəsində əkin və həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusunun qazıl­ması məqsədi ilə imzaladığınız 2020-ci il 1 iyul tarixli sərəncam bizi ürəkdən sevindirir. Qazılması nəzərdə tutulan subartezian quyularından 2-si İsmayıllı şəhərinin payına düşür. Bu subartezian quyuları, söz yox ki, şəhər əhalisinin su­varma suyu ilə təminatının yaxşılaşdırıl­masında və içməli suya olan tələbatının ödənilməsində böyük rol oynayacaq.

Cənab Prezident, İsmayıllıya və onun sakinlərinə göstərdiyiniz diqqət və qayğıya görə şəhər ziyalıları, ağsaq­qalları və bütün sakinlərimiz adından Sizə dərin təşəkkürümüzü bildiririk. Heç şübhəsiz ki, Sizin rəhbərliyinizlə ölkəmiz inkişafın ən yüksək mərhələsinə çatacaq və Azərbaycan xalqı daha xoşbəxt gələcəyə qovuşacaqdır. Sizin fədakarlığınız heç vaxt unudulmayacaq.

Dərin hörmət və ehtiramla, Vüqar Sovetxan oğlu Muradəliyev, İsmayıllı şəhəri

Təqdim etdi: Qüdrət PİRİYEV, “Xalq qəzeti”

8 2020 01:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə