Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan dünya miqyasında çox önəmli rol oynayan ölkə kimi özünü bir daha təsdiqləyib

Heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək. İşğal edilmiş bütün torpaqlar işğalçılardan azad edilməlidir, Azərbaycan vətəndaşları öz dədə-baba torpaqlarına qayıtmalıdırlar. Bu, prinsi­pial mövqedir və dünya birliyi bu mövqeyi dəstəkləyir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirak etdikləri koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalın açılışında bildirilib ki, Fövqəladə Hallar Nazirliyi­nin Tibb Mərkəzinin modul tipli müəssisəsi 10 korpusdan ibarətdir və burada 800 xəstəni qəbul etmək üçün hər cür imkan var. Hospitalda yaradılan şərait müalicə işi ilə yana­şı, laborator müayinələri də qısa müddətə və keyfiyyətlə aparmağa imkan verir. Belə modul tipli xəstəxanaların istifadəyə verilməsi koronavirusa yoluxanların lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetmə və tibbi əlaqələndirmənin təmin edilməsində böyük rol oynayır.

Azərbaycan dövlətinin koronavirus pandemiyasının yayıldığı ilk günlərdən onunla mübarizə istiqamətində atdığı çox mühüm addımlar sırasında mo­dul tipli xəstəxanaların yaradılması böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, ölkə ərazisində, ümumilikdə, 10 modul tipli xəstəxana komplek­sinin quraşdırılmasına başlanıldı ki, onlardan da bir neçəsinin artıq açılışı olub. Ümumilikdə, yaradılacaq modul tipli xəstəxana kompleksləri ölkənin səhiyyə sisteminə əlavə 2 min çarpa­yılıq ehtiyat yaradır.

Hospitalda yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibə verib. Dövlətimizin başçısı müsahibəsində əvvəlcə tibb ocağında yaradılan şəraitlə bağlı təəssüratlarını bölüşüb. Ölkə rəhbəri deyib: “Təəssüratlar çox müsbətdir. Əsas odur ki, bu xəstəxana çox qısa müddət ərzində ərsəyə gəlib və burada 800 xəstənin yerləşməsi nəzərdə tutulur. Nəzərə alsaq ki, COVID xəstələrinin sayı artmaqdadır, bizə əlavə çarpa­yılar lazımdır və bu istiqamətdə işlər aparılır.

Bu xəstəxanada bütün lazımi şərait yaradılıbdır. Palatalar, labora­toriya, diaqnostika mərkəzi, həkimlər üçün yaxşı şərait vardır. Ən önəmlisi odur ki, bu xəstəxana 800 çarpayı­lıqdır. Bu ərazidə təqribən bir ay-ay yarım ərzində yeni xəstəxana inşa ediləcək. O da modul tipli xəstəxana olacaq. Orada çarpayıların sayı 1300-ə qədərdir. Yəni, təqribən iki ay ərzində biz 2 mindən çox xəstəni yerləşdirə biləcəyik. Beləliklə, xəstəliklə mübarizədə bizim əlavə imkanlarımız olacaqdır”.

Azərbaycan Prezidenti “Gələcəkdə də bu cür əlavə tibb ocaqlarının yara­dılması, inşası nəzərdə tutulurmu?” sualına cavabında belə bir məsələnin gündəlikdə olduğunu, həmçinin hazırda modul tipli 5 xəstəxananın artıq fəaliyyət göstərdiyini, həmin tibb müəssisələrinin tez bir zamanda inşa edildiyini vurğulayıb. Qeyd edib ki, bu, onu göstərir ki, Azərbaycan, hətta, seytnot vəziyyətdə belə lazımi addım­lar atmaq gücünə malikdir.

Dövlətimizin başçısı qeyd edib ki, heç bir ölkə bu pandemiyaya hazır deyildi. Azərbaycanda mövcud çarpa­yıların sayı adi rejimə hesablanmışdı. Ona görə modul tipli xəstəxanaların tikintisi zəruri idi və ölkə rəhbərliyi bu məsələni gerçəkləşdirdi. Bakı, Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda artıq fəaliyyətdə olan bu cür müəssisələrin daha beşinin də tikintisi gedir: “Hesab edirdik ki, on xəstəxana bizə kifayət edəcək. Ancaq görürük ki, əlavə xəstəxanalara ehtiyac olacaq. Ona görə mən bu yaxınlarda göstəriş verdim ki, əlavə on modul tipli xəstəxana sifariş olunsun, onların yerləri müəyyən edilsin və biz ən kritik vəziyyətə hazır olmalıyıq. Əslində, modul tipli bu on xəstəxananın tikintisi ilə bağlı qərarı biz o vaxt vermiş­dik ki, xəstəliyin yayılması o qədər də geniş vüsət almamışdı. Həmin qərar aprel ayında verilmişdi, o vaxt gündə, təqribən 30, 40, 50, 60 insan xəstələnirdi. Əlbəttə, qabaqlayıcı tədbirlərin görülməsi zəruri idi. Ancaq biz təxmin edə bilməzdik ki, xəstəlik necə inkişaf edəcək. Lakin ehtimal var idi və dünyada gedən proseslər onu göstərirdi ki, xəstələrin sayı arta bilər. Belə olan halda biz çıxılmaz vəziyyətdə qalar, bu xəstələri harada yerləşdirərdik? Ona görə o vaxt bu qərarın qəbul edilməsi düzgün addım idi. Bu gün yenə də modul tipli əlavə on xəstəxananın tikilməsi barədə qərar gələcəyə hesablanır”.

Azərbaycan Prezidenti müsahibəsində hazırda ölkəmizin 45 xəstəxanasında koronavirus xəstələrinin müalicə aldıqlarını, həmin tibb müəssisələrinin 36-nın dövlətimizin başçısının müvafiq sərəncamları ilə inşa edildiyini vurğula­yıb. Həmçinin diqqətə çatdırıb ki, əgər bu xəstəxanalar tikilməsəydi, indi bi­zim hansı problemlərlə üzləşəcəyimizi təsəvvür etmək elə də çətin deyil.

Ölkə rəhbəri müsahibəsində res­publikada koronavirus pandemiyası ilə bağlı vəziyyəti də qiymətləndirib. Bil­dirib ki, dünyada koronavirus xəstəliyi daha geniş vüsət alır. Azərbaycan kimi bəzi ölkələr yumşalma tədbirlərindən sonra xəstəliyin yayılma tempinin geniş vüsət aldığını görüb, yenidən məhdudlaşdırıcı tədbirlər tədbiq etdilər. Bu, düzgün qərardır. Çünki hazırda bu xəstəliyin tam müalicəsi üçün peyvənd mövcud deyil. Belə olan halda yoluxanların sayı bundan sonra da arta bilər.

“Bizə gəldikdə, bəri başdan bütün qabaqlayıcı tədbirlərin görülməsi ilə vəziyyəti nəzarətdə saxlaya bildik və bu gün də vəziyyət nəzarət altında­dır. Baxmayaraq ki, hazırda gündə, təqribən 500 yeni xəstə qeydə alınır, yəni, yoluxmanın tempi yüksəkdir, ancaq vəziyyət nəzarət altında­dır. Əlbəttə, biz pandemiyanın ilk günlərindən çox önəmli addımlar atdıq. Fevral ayında bizim cəmi altı laboratoriyamız var idi. Hazırda bu laboratoriyaların sayı 29-a çatıb və 15 yeni laboratoriya sifariş edilib, yoldadır, gələcək və laboratoriyaların sayı 44-ə çatacaqdır. Bu, bizə imkan verəcək ki, daha çox test aparaq. Onu da bildirməliyəm ki, bu günə qədər 500 mindən çox test aparılıb və adam­başına düşən testlərin sayına görə Azərbaycan dünyada təqribən 40-cı yerdədir”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Azərbaycan Prezidenti 45 xəstəxananın əksəriyyətinin bölgələrdə yerləşdiyini, həmin tibb müəssisələrinin regional inkişaf proqramı çərçivəsində tikildiyini və ən yüksək standartlara cavab verdiyini də xatırladıb.

Pandemiyaya qarşı mübarizədə məhdudlaşdırıcı tədbirlərdən da­nışan ölkə rəhbəri bununla bağlı vəziyyətə uyğun addımlar atıldı­ğını, məsələn, xəstəliyin yayılma sürəti ilə əlaqədar sərtləşdirilmiş məhdudlaşdırıcı tədbirlər görüldü­yünü, karantin rejiminin qüvvədə qalmasının məqsədəuyğun sayıldığını bildirib. Dövlətimizin başçıcı, həmçinin pandemiya ilə bağlı heç bir ölkənin tam şəkildə özünü sığortalanmış hesab edə bilmədiyini, virusun sərhəd tanımadığını, ona görə də beynəlxalq əməkdaşlığa daha böyük ehtiyac duyulduğunu və Azərbaycanın bu istiqamətdə lazımi tədbirlər gördüyünü diqqətə çatdırıb.

Azərbaycan Prezidentinin sonun­cu fikri ilə bağlı bir qədər ətraflı bəhs etmək istərdik. Dünyada COVID-19 pandemiyasına qarşı mübarizə aparı­lan ilk vaxtlardan etibarən dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə bu dəhşətli virusun aradan qaldırılması üçün beynəlxalq həmrəyliyin gücləndirilməsinə yönələn zəruri təşəbbüslər irəli sürülməyə və əməli addımlar atılmağa başlanıb. Bu məqsədlə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri statusun­da dövlətimizin başçısının təşəbbüsü ilə bu təşkilatın ilk beynəlxalq qu­rum olaraq dövlət və hökumət baş­çıları səviyyəsində aprel ayında COVID-19-a qarşı mübarizə mövzu­sunda fövqəladə zirvə görüşü keçirilib.

Yeri gəlmişkən, 40-dan çox üzv ölkənin dövlət və hökumət başçıla­rının, həmçinin aparıcı beynəlxalq təşkilatların rəhbərlərinin Prezident İlham Əliyevin təşəbbüsünə dəstək verməsi və onların zirvə görüşündə iştirakları, eyni zamanda, respubli­kamızın və onun liderinin nüfuzunun nə qədər yüksək olduğunu bir daha göstərdi. Həmçinin bu beynəlxalq tədbirin gerçəkləşməsi ilə bütün dünyada Azərbaycanın koronavirus pandemiyasına qarşı mübarizədə fəal rol oynaması təsdiqini tapdı. Eyni zamanda, ölkəmizdə pandemiyaya qarşı aparılan mübarizəyə bilavasitə Prezident İlham Əliyevin şəxsən nəzarət etməsi, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu prosesə əvəzsiz dəstək verməsi nümayiş olundu.

Bunun ardınca Azərbaycan Prezi­denti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə Hərəkatın Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü təşkil edildi. İstər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fövqəladə Zirvə görüşü, istərsə də Qo­şulmama Hərəkatının videokonfransı dünya miqyasında ölkəmizin qlobal səviyyədə beynəlxalq həmrəyliyin daha da möhkəmləndirilməsinə əhəmiyyətli töhfəsi kimi dəyərləndirildi.

Azərbaycan Prezidenti İlham Əliyevin pandemiyaya qarşı mübarizə çərçivəsində tədbirlərin görülməsi məqsədilə hazırda rəhbərlik etdiyi Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində video­konfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT-nin Baş katibi Antonio Quterreşə müraciət etməsi beynəlxalq aləmdə olduqca yüksək qiymətləndirilən bir təşəbbüsə çevrilib. Təsadüfi deyil ki, BMT-nin 130-dan çox üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezi­dent İlham Əliyevin Baş Assamble­yanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsü dəstəklənib.

Ölkə rəhbəri yuxarıda qeyd edilən müsahibəsində BMT Baş Assamble­yasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün məqsədi barədə də fikirlərini bildirib. Dövlətimizin başçısı bu barədə deyib: “Biz bu təşəbbüsü irəli sürəndə bir məqsədi güdürdük ki, artıq dünya miqyasında səylərimizi birləşdirək. Bu təşəbbüslə əlaqədar bizim konkret təkliflərimiz də olacaqdır. Çünki türk dünyasında biz bunu keçirdik, 120 ölkəni əhatə edən Qoşulmama Hərəkatı çərçivəsində keçirdik. İndi biz dünya miqyasında bunu keçirmək istəyirik ki, burada va­hid bir yanaşma tətbiq olunsun, ölkələr özlərinə qapanmasın, inkişaf etmiş ölkələr ağır vəziyyətdə olan ölkələrə kömək göstərsinlər. Biz bunu görmü­rük. İndi biz görürük kim kimə kömək göstərir. Peyvənd icad olunandan sonra bu peyvəndi pulla ala bilməyən ölkələrə bu, pulsuz verilsin. Burada donor təşkilatlar, iri biznes qurumları öz sözünü desin. Yəni, biz bu təklifləri buna görə, həm də həmrəyliyi nüma­yiş etdirmək üçün veririk...”.

Prezident İlham Əliyev müsahibəsində koronavirus pandemiya­sının ölkəmizin sosial-iqtisadi sahələrinə təsiri ilə əlaqədar sualı da açıqlayıb. Dövlətimizin başçısı bu ilə çox böyük ümidlərlə, böyük planlarla başlanıldığını, ilin ilk aylarında iqtisadi göstəricilərin kifayət qədər yüksək olduğunu bil­dirib, eyni zamanda, pandemiyanın bütün planlara təsirsiz ötüşmədiyini xatırladıb. Diqqətə çatdırıb ki, bunun nəticəsində Azərbaycan iqtisadiyyatı beş ayın yekunlarına görə 1,7 faiz tənəzzülə uğrayıb: “Altı ayın yekunları yəqin ki, bir neçə gündən sonra məlum olacaq. Amma bilirsiniz, bu, bərpa ediləcək. Ona görə mən bir daha demək istəyirəm ki, seçim qarşısında olanda bizim seçimimiz birmənalı, tərəddüdsüz idi, insanların sağ­lamlığı ön plandadır, iqtisadiyyat ikinci plandadır. Amma buna baxmayaraq, biz heç bir sosial layihəni təxirə salmadıq, ixtisar etmədik. Əksinə, bu il büdcə xətti ilə reallaşan sosial layihələr keçən ilə nisbətdə daha təsirlidir. Misal üçün, ən həssas təbəqəyə aid olan layihələr bu il daha böyük həcmdə icra edilir. Məsələn, bu il məcburi köçkünlər üçün rekord say­da binalar tikiləcək, 7 mindən çox köçkün ailəsi yeni mənzillərlə təmin ediləcəkdir. Şəhid ailələri üçün bu il rekord say­da – 1500 mənzil istifadəyə veriləcək, adətən ildə təqribən 700-800 mənzil təqdim edilir. İyirmi il orduda qüsursuz xidmət etmiş hərbçilərə bu il 400-dən çox mənzilin verilməsi nəzərdə tutulur. Biz ünvanlı sosial yardım alanların sayını artırdıq. Bu rəqəm təqribən 85 minə yaxınlaşır – 85 min ailə, yəni, 300 mindən çox insan. Digər önəmli sosial layihələr icra edildi. Bildiyiniz kimi, işsizləri, o cümlədən, qeyri-formal sahədə işləyənləri dəstəkləmək, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan insanlara maddi yardım göstərmək və digər məqsədlər üçün, təqribən 3 milyard manat vəsait nəzərdə tutulur və o vəsaitin bir hissəsi artıq xərclənib”.

Ölkə rəhbəri müsahibəsində iqtisadiy­yatın tənəzzülə uğradığına baxmayaraq, bəzi sahələrdə inkişafın nəzərə çarpdı­ğını, məsələn, beş ayın yekunlarına görə aqrar sektorda 3 faizdən çox artım qeydə alındığını, kənd təsərrüfatında aparılan islahatların və şəffaflığın bu gün çox yaxşı nəticələrə gətirib çıxardığını vurğulayıb. Azərbaycan Prezidenti qeyri-neft sənayesi sahəsində də artımın beş ay ərzində 16 faiz təşkil etdiyini və bunun son illər ərzində sənayeləşməyə xüsusi diqqət yetirilməsinin nəticəsi olduğunu xatırladıb.

Prezident İlham Əliyev müsahibəsində iqtisadiyyatın digər sahələrindəki mövcud vəziyyət, pandemiyadan sonrakı mərhələdə qarşıda duran vəzifələr, “kölgə iqtisadiyya­tı” ilə bağlı görülən tədbirlər, COVİD-19 ilə mübarizədə bir çox ölkələrə humanitar yardım göstərilməsi barədə də fikirlərini diqqətə çatdırıb. Bütün bunlarla bərabər, ölkə rəhbəri Ermənistanın beynəlxalq aləmdə tutduğu mövqe, işğalçı dövlətin daxilində demokratiyanın, insan haqları­nın pozulması halları haqqında da geniş məlumat verib.

Dövlətimizin başçısı müsahibəsinin so­nunda Ermənistan-Azərbaycan, Dağlıq Qa­rabağ münaqişəsi ilə əlaqədar son dövrlərdə danışıqlarda gedən proseslərə toxunaraq, vurğulayıb ki, bu danışıqlarda Azərbaycanın mövqeyində hər hansı bir dəyişiklik yoxdur, ola da bilməz. Çünki mövqeyimiz həm tarixi ədalətə, həm də beynəlxalq hüquqa əsaslanır: “Bu münaqişə ölkəmizin ərazi bü­tövlüyü çərçivəsində həll olunmalıdır. Heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək. İşğal edilmiş bütün torpaqlar işğalçılardan azad edilməlidir, Azərbaycan vətəndaşları öz dədə-baba torpaqlarına qayıtmalıdırlar. Bu, prinsipial mövqedir və dünya birliyi bu mövqeyi dəstəkləyir”.

 

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

 

8 2020 01:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə