Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ədliyyə Nazirliyində Avropa İttifaqının və diplomatik korpusun təmsilçiləri ilə videokonfrans formatında görüş keçirilib

Ədliyyə Nazirliyində Avropa İttifaqının və 15-ə yaxın dövlətin ölkəmizdəki səfirliklərinin təmsilçiləri ilə “Ədliyyə orqanlarında COVID-19 infeksiyası ilə mübarizə tədbirləri” mövzusunda videokonfrans formatında görüş keçirilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vətəndaş cəmiyyəti nümayəndələrinin də qa­tıldıqları görüşdə məqsəd koronavirus pandemiyasına qarşı görülən tədbirlər barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması, bu sahədə əməkdaşlıq məsələlərini müzakirə etmək olub.

Nazirliyin struktur qurum­larının rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə COVID-19 infeksiyasına qarşı aparılan qəti tədbirlərdən bəhs olunub, ədliyyə orqanlarında pandemiya ilə mübarizədə görülən işlərdən danışılıb.

Məlumat verilib ki, na­zirlik tərəfindən ədliyyə qurumlarında, xüsusilə peni­tensiar müəssisələrdə davamlı dezinfeksiya, profilaktik və digər preventiv işlər aparılıb, vətəndaşların müraciətləri və qəbulu işi, əhaliyə göstərilən ədliyyə xidmətləri, habelə beynəlxalq hüquqi yardımın həyata keçirilməsi elektron qay­dada təşkil edilib, əlçatanlığın asanlaşdırılması məqsədilə müasir innovasiyaların tətbiqi genişləndirilib.

Həmçinin qlobal pandemi­ya şəraitində Ali Məhkəmənin tövsiyələrinə uyğun olaraq məhkəmələr karantin rejiminə uyğun fəaliyyət göstərib. Eyni zamanda, yenilik olaraq qeyri-cinayət işləri üzrə məhkəmə prosesləri onlayn rejimdə video­konfrans formatında da keçirilib.

Qeyd olunub ki, bu ərəfədə qanunvericiliyinə edilmiş dəyişikliklərlə cinayət işlərində də “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə videokonfransın tətbiqi imkanla­rı yaradılıb.

Tədbirdə dövlətimizin başçısının əfv Sərəncamı ilə vi­rusa yoluxması daha riskli olan yaşı 65-dən yuxarı 176 nəfər məhkumun azadlığa buraxıldığı, həmçinin davamlı xarakter alan cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə və daha yüngül rejimli müəssisəyə keçirmə institutunun tətbiqinin dərhal intensivləşdirildiyi vurğula­nıb, BMT və Avropa Şurası tərəfindən eyni tövsiyələrin bütün dövlətlərə ünvanlandığı qeyd olunub. Bildirilib ki, bu humanist institutun şəffaf tətbiqi məqsədilə yaradılmış nazirliyin xüsusi Komissiyası pande­miya dövründə fəaliyyətini gücləndirmiş rejimdə davam etdirərək məhkumların işləri öyrənilib. Videokonfrans vasitəsilə virtual qaydada keçirilən iclaslarda onlarla söhbətlər aparılıb və qanunve­riciliyin tələblərinə cavab verən şəxslər barədə materiallar dərhal məhkəməyə təqdim olunub. Həmin işlərə məhkəmələr tərəfindən təxirəsalınmadan baxılaraq pandemiya dövründə 1000 nəfərədək məhkum vaxtın­dan əvvəl şərti olaraq azadlığa buraxılıb, 429 həbs edilmiş şəxs isə ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad ediliblər.

Görüşdə, həmçinin na­zirliyin Tibb baş idarəsi tərəfindən fəaliyyətini Ümum­dünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun quraraq Səhiyyə Nazirliyi və TƏBİB ilə sıx əlaqədə penitensi­ar müəssisələrdə saxlanı­lan məhkumların, istintaq təcridxanalarına yeni daxil olan həbs edilmiş şəxslərin müayinəsinə xüsusi diqqətlə yanaşıldığı bildirilib. Məhkumların sağlamlığına, tibb, dərman və digər təminatlarına monitorinqlər aparılmaqla gündəlik nəzarət olunduğu, bu məqsədlə nazirlik tərəfindən yaradılmış vətəndaş cəmiyyəti nümayəndələrinin daxil olduğu xüsusi monitorinq qrupunun fəaliyyəti qeyd olunub.

Bu dövrdə beynəlxalq təşkilatların, o cümlədən Avropa İttifaqının birgə həyata keçirilən layihə çərçivəsində, habelə Beynəlxalq Qızıl Xaç Komitəsinin penitensi­ar müəssisələrdə COVID-19 infeksiyasına qarşı mübarizə tədbirlərinə öz dəstəklərini əsirgəmədikləri bildirilib. Eyni zamanda, qeyd olunub ki, bu ərəfədə Azərbaycan Hökuməti ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında müvafiq saxlama yerlərinə, o cümlədən penitensiar müəssisələrə maneəsiz baş çəkməyə imkan verən Sazişin müddətinin uza­dılmasına dair Protokol imza­lanıb və Azərbaycan Prezidenti tərəfindən artıq təsdiq edilib.

Vətəndaş cəmiyyətinin təmsilçiləri Ədliyyə Nazirliyi tərəfindən pandemiyaya qarşı ilk gündən çox ciddi addım­ların atıldığını, bununla bağlı keçirilən monitorinqlərdə, şərti azadetmə institutunun tətbiqi ilə bağlı Komissiyanın iclaslarında yaxından iştirak etdiklərini söyləyərək bu sahədə görülən işləri, səmərəli ictimai nəzarətin həyata keçirilməsini yüksək dəyərləndiriblər. Avropa İttifaqının nümayəndəsi görüşün üçtərəfli formatda keçirilməsini təqdirəlayiq olduğunu vurğu­layaraq əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini qeyd edib, nazirlik tərəfindən pandemiyaya qarşı görülən tədbirlərə dəstək göstərməyə hazır olduğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fay­dalı fikir mübadiləsi aparılıb.

8 2020 01:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə