Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kütləvi informasiya vasitələri islahatların reallaşmasında fəallıq göstərir

Dövrünün görkəmli ziyalısı olmuş Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, mütərəqqi ideyaları əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır.

Xalqımızı milli istiqlala yaxınlaşdırmış XX əsrin əvvəllərində isə artıb çoxal­mış mətbu nəşrlər milli oya­nış, özünüdərk proseslərinin əsas daşıyıcısı olmuşdur. Mil­li məfkurə düşüncəsini forma­laşdıran anadilli mətbuatımız 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ya­ranması ilə bərpa olunmuş dövlətçiliyimizə də ləyaqətlə xidmət göstərmişdir. So­vet hakimiyyəti dövründə kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərsə də, Azərbaycan mətbuatı milli varlığını qoru­yub saxlaya bilmiş, respubli­kanın ictimai-siyasi həyatında fəal rol oynamışdır. O dövrdə qəzet və jurnalların şəbəkəsi genişlənmiş, jurnalistikanın çeşidli növləri meydana çıxmışdır.

Azərbaycan mətbuatının 145 illiyi barədə Prezident İlham Əliyevin bu günlərdə imzaladığı sərəncamda professional jurnalistikamızın yaranması və inkişafı tarixinə yüksək qiymət növbəti dəfə öz əksini tapmışdır: “145 il əvvəl – 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. Son­rakı illərdə çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, milli özünüdərk və is­tiqlal məfkurəsinin formalaş­masında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir”.

Ötən əsrin sonların­da dövlət müstəqilliyinin bərpasından sonra həyatın bir çox sahələrində, eləcə də mətbuatın inkişafında dönüş yarandı. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə respublikada plüralizm və söz azadlığını təmin etmək üçün mühüm tədbirlər həyata keçirildi. Azərbaycan mətbuatının sürətli tərəqqisi ölkəmizdə dünya standartlarına ca­vab verən müstəqil kütləvi informasiya vasitələrinin yaranmasını şərtləndirdi. Hüquqi, demokratik dövlət və vətəndaş cəmiyyəti qurmaq istiqamətində irəliləyən res­publikamızda 4,5 minə yaxın qəzet, jurnal, informasiya agentliyi və teleradio şirkətləri qeydiyyata alındı. Bununla bərabər, söz və mətbuat azadlığının qanunvericilik bazası möhkəmləndirildi, bu sahədə demokratikləşdirmə diqqət mərkəzində saxlanıldı, mətbuat üzərindən dövlət nəzarəti rəsmi şəkildə aradan qaldırıldı.

Yeri gəlmişkən, burada bir mühüm məqamı da xatır­latmaq istərdim. Bu dövrdə Azərbaycanda söz, fikir və mətbuat azadlığının bərqərar olunması üçün idarəçilik sis­teminin təkmilləşdirilməsi önə çəkildi. Mətbuat və İnformasi­ya Nazirliyi ləğv edildi, kütləvi informasiya vasitələrinin yaranması və fəaliyyətinin hüquqi əsaslarının möhkəmləndirilməsi məqsədilə yeni tipli media­ya nəzarət qurumları olan Mətbuat və Teleradio şuraları yaradıldı. Bir sıra qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borcları donduruldu, sonradan isə ləğv edildi.

Onu da deyim ki, dahi öndərin mətbuata yüksək diqqət və qayğısı jurnalistlər tərəfindən də yüksək dəyərləndirildi. Ümummil­li lider 2002-ci il martın 22-də “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən “Jurnalistlərin dos­tu” mükafatına layiq görüldü. Prezident İlham Əliyev res­publikaya rəhbərlik etdiyi son 17 il ərzində isə ölkəmizdə KİV-in sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələrinə xüsusi diqqət yetirib.

Möhtərəm dövlət baş­çımız milli mətbuatın qa­baqcıl dövlətlərin mütərəqqi ənənələrinə əsaslanılmaqla, xalqın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsinə həssaslıqla yanaşıb, eyni zamanda, jurnalistlər üçün lazımi sosial şəraitin yaradılması, mətbuatın maddi-texniki ba­zasının möhkəmləndirilməsi məqsədilə mühüm ad­dımlar atıb. Müxtəlif vaxt­larda mətbuat işçilərinə fəxri adların verilməsi, peşəkar mətbuat işçilərinin Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülməsi, KİV-ə maliyyə yardımı göstərilməsi ilə bağlı müvafiq sərəncamlar imzalayıb.

Dövlət başçısının hərtərəfli qayğısı nəticəsində Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi kon­sepsiyası əsasında mühüm layihələr gerçəkləşdirilir. Bu gün Azərbaycanda bütün azadlıqlar, o cümlədən, mətbuat, söz və fikir azad­lıqları tam təmin edilir. Respublikada genişzolaqlı internet sərbəst şəkildə fəaliyyət göstərir. Ölkəmizdə KİV nümayəndələrinin rahat və təhlükəsiz fəaliyyət göstərmələri üçün bütün şərait var. Son illərdə isə jurnalistlərin sosial məsələlərinin həlli istiqamətində mühüm layihələr uğurla reallaş­dırılır, dövlət tərəfindən yaşayış binaları inşa olunur və onlara pulsuz olaraq verilir. Bu isə bir daha göstərir ki, ölkəmizdə KİV nümayəndələrinin yüksək səviyyədə fəaliyyət göstərmələri, azad mətbuatın təmin edilməsi ilə yanaşı, dövlətimiz jurnalistlərin mənzil-məişət məsələlərinin həlli, onların yaşayış şəraitinin yaxşılaşdı­rılmasına da xüsusi diqqətlə yanaşır. Ən əsası isə odur ki, bu tədbirlər ardıcıl xarak­ter daşıyır.

Mən uzun illərdir ki, mətbuat sahəsində fəaliyyət göstərirəm. Medianın tənəzzülə uğradığı, böh­ranla üzləşdiyi dövrü də yaxşı xatırlayıram. Ulu öndər Heydər Əliyevin kütləvi informasiya vasitələrinə necə böyük qayğı, həssas münasibət göstərməsini unutmaq mümkün deyil. Cənab İlham Əliyev də pre­zidentlik fəaliyyətinin bütün mərhələlərində mətbuatın inkişafını daim diqqətdə saxlayıb, azad sözün ha­misi olub. Mətbu orqanların maddi-texniki bazasının gücləndirilməsi, jurnalist əməyinin qiymətləndirilməsi, onlara mənzillər hədiyyə edilməsi istiqamətində ciddi addımlar atıb.

Azərbaycanda mediaya belə yüksək qayğı təsadüfi deyil. Çünki KİV ölkəmizdə cəmiyyətin müxtəlif sahələrdə zəngin irsinin qorunmasına xidmət edir, islahatların real­laşmasında fəallıq göstərir. Belə olan təqdirdə bəzi qüvvələrin mətbuatdan öz məqsədləri naminə “qara piar” kampaniyalarının aparılması üçün istifadə etmələri böyük təəssüf doğurur. Şübhəsiz ki, hər hansı bir media orqanı bu cür yolla inkişaf edə, uğur qa­zana bilməz. Belələri gec-tez cəmiyyətdə qınaq obyektinə, tənqid hədəfinə çevrilirlər.

Burada bir məqama da toxunmaq istərdim. “Qara piar” kimi istifadə olunan üzdəniraq, təxribatçı ya­yım vasitələrinin arxasında əsasən Azərbaycanın strateji maraqlarına qarşı gizli çıxış edən qüvvələr dayanır. Onlar bir çox hallarda öz çirkin niyyətlərini belə gizlətmir, ölkəmizdə medianın inki­şafına göstərilən yüksək diqqət və qayğıya, mətbuatın sərbəst fəaliyyətinin təmin olunması istiqamətində görülən işlərə qısqanclıq­la yanaşır, Azərbaycanda gerçəkləşdirilən media siyasətini də gözdən salma­ğa çalışırlar. Bütün bunla­ra Azərbaycanın çağdaş demokratik mediası həqiqətə sadiqlik, xalq və dövlət maraqlarının uca tutulması məramı ilə cavab verir.

Prezident İlham Əliyevin yubiley sərəncamında mediamızın qarşısında duran növbəti vəzifələr də aydın və konkret əksini tapıb:” Ölkəmizdə müstəqil, güclü, fəaliyyətini günümü­zün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqları­nı rəhbər tutan medianın inki­şafı prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində saxlanılır. Bununla belə, kütləvi informasiya vasitələri də ölkəmizdə həyata keçirilən köklü islahatlardan kənarda qalmamalı, kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi hazırkı dövrdə qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğunlaş­malı, cəmiyyətimizin ob­yektiv və peşəkar şəkildə məlumatlandırılması sahəsində öz səylərini daha da gücləndirməlidir”.

Sərəncamda göstərildiyi kimi, ölkəmizdə hazırda həyata keçirilən sistem­li islahatlar, şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan sosial innovasiyaların tətbiqi, idarəetmə sahəsində baş verən keyfiyyət dəyişiklikləri, ictimai nəzarət və siyasi dialoq mühitinin genişləndirilməsi dinamik inkişaf edən Azərbaycanda dövlət quruculuğunun başlıca istiqamətlərini təşkil edir. Dövlət başçısının haqlı ola­raq qeyd etdiyi kimi, media sahəsində modernləşmə, rasionallıq, obyektivlik, kreativlik, qabaqcıl texnologi­yaların geniş tətbiqi, aparıcı trendlərin mənimsənilməsi və gerçəkləşdirilməsi kimi peşəkarlıq amilləri jurnalistlərin bu proseslərə yüksək səviyyədə dəstəyini təmin edəcək.

Mədət MƏMMƏDOV, Azərbaycan Jurnalistlərinin Həmrəyliyi Komitəsi İctimai Birliyinin sədri

8 2020 01:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə