Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət qayğısı milli mətbuatımızı yeni uğurlara yönləndirir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli mətbuatımızın yaranmasının 145 illik yubileyi haqqında bu günlərdə imzaladığı sərəncam ölkənin media ictimaiyyətində böyük məmnunluq yaradıb, əlamətdar hadisənin ümumxalq bayramı səviyyəsində qeyd edilməsi üçün müvafiq tədbirlərə start verilib.

“525-ci qəzet”in baş redaktoru, Azərbaycan Mətbuat Şurası idarə heyətinin üzvü Rəşad Məcid sərəncamın media ictimaiyyətində doğurduğu məmnunluğu və onun ictimai-mədəni önəmini belə ifadə etdi:

– Dövlət müstəqilliyi illərində Azərbaycan milli mətbuatının ildönümlərinin hər il jurnalistika cameəsində, hər beş ildən bir isə cəmiyyət miqyasında təntənə ilə qeyd edilməsi ənənəsinə baxmayaraq dünyanı baş-ayaq qoymuş pandemiya şəraitində çap mediamızın ərsəyə gəlməsinin 145 illiyinin yenə dövlət səviyyəsində keçirilməsi o qədər də gözlənilən deyildi. Lakin ötən illərdə jurnalistlərin ən yaxın dostu adını qazanmış Prezi­dent İlham Əliyev qələm adamlarının həyatındakı əlamətdar hadisələrə yüksək həssaslığını bir daha sübut etdi. Dövlət başçısı əvvəlki dövrdə olduğu kimi, mətbuatımızın tarixinə, jurnalistlərin çağdaş fəaliyyətinə böyük önəm verdi­yini bu dəfə də nümayiş etdirdi. Buna görə möhtərəm İlham Əliyevə ürəkdən təşəkkür edirik.

Yubiley sərəncamı ilə bağlı diqqətçəkən məqam ondan ibarətdir ki, möhtərəm Prezident ölkəmizdə də təhlükəli pandemiya dövrü yaşanmasına, ciddi karantin rejimi qoyulmasına bax­mayaraq 22 İyul Milli Mətbuat Gününün bayram təntənəsi altında keçirilməsini zəruri sayıb. Bu müstəsna diqqət ölkə rəhbərinin Azərbaycan mediasına nə qədər yüksək diqqət yetirdiyinin daha bir göstəricisidir. Sərəncamda pandemiya dövrünün şərtləri və Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyələri nəzərə alınmaqla müvafiq tədbirlərin gerçəkləşdirilməsi nəzərdə tutulub.

Dövlət başçısının Azərbaycan profes­sional jurnalistikasının keçdiyi şərəfli yola yüksək qiymət verən, milli mətbuatımızın qarşıdan gələn yubileyinin ölkə miqyasın­da təntənə ilə qeyd edilməsini nəzərdə tutan sərəncamında, eyni zamanda, mediamızın qarşısında duran önəmli vəzifələr də aydın və yığcam əksini tapıb. Sənəddə Azərbaycanda başlamış köklü islahatlar dalğasının media sahəsində də uğurla getdiyi vurğulanır və dövlətin mətbuatdan gözləntiləri nəzərə çatdırılır, jurnalistlərəin qarşıdakı fəaliyyətləri ilə bağlı çağdaş meyarlar göstərilir.

Baş redaktor daha sonra qeyd etdi ki, Prezident İlham Əliyevin jurna­listikamıza bayram əhvalı gətirən sərəncamında vurğuladığı məqamlar, əslində, müstəqil dövlətimizin kütləvi informasiya vasitələrinin bundan son­rakı fəaliyyətinə də aydınlıq gətirir:

– Sərəncamda göstərildiyi kimi, kütləvi informasiya vasitələri də ölkəmizdə həyata keçirilən köklü isla­hatlardan kənarda qalmamalı, kom­munikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi hazırkı dövrdə qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğunlaşmalı, cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılması sahəsində öz səylərini daha da gücləndirməlidir. Modernləşmə, rasionallıq, obyektivlik, kreativlik, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi medianın inkişafını şərtləndirən başlıca amillər olmalıdır”.

Burada göstərilən modernləşmə, kreativləşmə, obyektiv informasiya yayma və dünya media trendlərinə çatma kimi meyarların tam mənimsənilməsi Azərbaycan jurnalistikasının növbəti mərhələdə inkişaf və zənginləşdirilməsini təmin etməlidir. Sərəncamda əksini tap­mış bu vəzifələrin yerinə yetirilməsi üçün dövlət tərəfindən ardıcıl tədbirlər görü­lüb, lazımi siyasi-hüquqi, maddi-mənəvi təminatlar yaradılıb.

Azərbaycan mətbuatının inkişafı naminə ölkə başçısı son illərdə misilsiz xidmətlər göstərib, jurnalitikamızın tarixinə qızıl hərflərlə yazılan addım­lar atıb. Son illərdə davamlı olaraq Azərbaycan jurnalistlərinin məişət şəraitinin yaxşılaşdırılması, digər zəruri dəstəklərin göstərilməsi kimi əhəmiyyətli addımların şahidi olmuşuq. Jurnalistlər də həmişə bu ali münasibəti qədirbilənliklə, azad sözün təntənəsi naminə demokratik cəmiyyətə xidmət borcunu dərindən anlamaqla cavab­landırıblar. Yubileylərdə isə həmişə Prezidentlə görüşüb, təbrikini canlı surətdə qəbul etmək, zəhmətimizə ver­diyi qiyməti öz dilindən eşitmək, duyğu-düşüncələrimizi səmimiyyətlə bölüşmək imkanı qazanmışıq.

Rəşad Məcid açıqlamasının sonunda dedi:

– Sərəncamda dövlət başçısının xoş məramı ilə uzun illər mətbuatda çalışan jurnalistlərin dövlət tərəfindən mükafatlandırılması da nəzərdə tutulub. Bu, doğrudan da, çətin və şərəfli peşə sahibi olan jurnalistlərin həyatının, karyerası­nın bir zəmanəti, stimuldur. Fəaliyyətləri, yüksək xidmətləri olan jurnalistlərin bu dəfə də mükafatlandırılması mediamıza bayram sevinci gətirəcək, yaradıcılıq əhvalını yüksəldəcək. Dövlət qayğı­sı milli mətbuatımızı yeni uğurlara yönləndirir.

Ümid edirik ki, karantin şəraitinə baxmayaraq, Prezidentin bu dəfəki sərəncamı da zəruri yubiley tədbirlərinin keçirilməsinə yüksək səviyyədə imkan yaradacaq.

Hazırladı: Tahir AYDINOĞLU, “Xalq qəzeti”

8 2020 01:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Avqust 2020 | 03:39
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə