Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İşğalçı ölkədə demokratiya olmaz

Müsahibimiz Azərbaycan Respublikasının Prezidenti ya­nında Dövlət İdarəçilik Akademi­yasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədovdur:

– Elçin müəllim, bu günlərdə Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə Ermənistanın faşist ideologiyasına hüsn-rəğbətindən də söhbət açdı və işğalçı ölkənin təcavüzkar siyasətini bir daha ifşa etdi. Sizin də bu məsələyə münasibətinizi bilmək istərdik.

– Dövlət başçımızın müsahibəsini diqqətlə dinlədim. Son vaxtlar görülən işlər, pandemiyanın daha geniş yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər, iki nüfuzlu beynəlxalq təşkilatın zirvə görüşünün korona­virusla mübarizəyə həsr olunması Azərbaycanın bu sahədə dünyaya nümunə göstərməsindən xəbər verirdi. Prezident İlham Əliyev Qo­şulmama Hərəkatının onlayn zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemi­ya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonf­rans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürdü və bu təklif artıq dünyanın 130-dan çox ölkəsi tərəfindən dəstəklənib. Yalnız Ermənistan bu təşəbbüsün əleyhinə çıxıb.

Əslində, işğalçı ölkə bu təşəbbüsün əleyhinə çıxmaqla özünü gülünc vəziyyətə qoydu. Təbii ki, belə bir əhəmiyyətli təşəbbüsün əleyhinə çıxmaq ağılsızlıq və qeyri-rasional düşüncənin məhsuludur. Çünki işğalçı ölkənin rəhbəri hələ də dərk etmir ki, Azərbaycan Preziden­tinin bu təşəbbüsünə Qoşulmama Hərəkatı bütövlükdə dəstək ver­mişdir. Bu fakt bir daha təsdiqlədi ki, Azərbaycan müstəqil siyasət aparır və bizim siyasətimizə heç bir kənar qüvvə təsir edə bilməz. Bu, müxtəlif məqamlarda dəfələrlə təsdiq olunub. Ona görə bu gün Azərbaycana olan rəğbət ən yüksək səviyyədədir və bizimlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı getdikcə artır. Dövlətimizin baş­çısı müsahibəsində də bu faktı diqqətə çatdıraraq, doqquz il bundan əvvəl – 2011-ci il oktyabrın 24-də ölkəmizin 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkiləri xatırlatdı. Məlum olduğu kimi, həmin seçkilərdə BMT-yə üzv olan 193 dövlətdən 155-nin dəstəyi ilə inamlı qələbə qazandıq. O vaxt Azərbaycandan əvvəl Ermənistan öz namizədliyini irəli sürmüşdü. An­caq görəndə ki, Azərbaycan da öz namizədliyini irəli sürüb, Ermənistan dərhal geri çəkildi. Çünki işğalçı ölkənin rəhbərliyi yaxşı bilirdi ki, Azərbaycanın qarşısında aciz qalacaqlar.

– Sizin fikrinizcə, dünyada işğalçı ölkə kimi tanınan Ermənistanı dəstəkləyən olacaqdımı?

– Dünyanın heç bir ölkəsi işğalçı ölkə ilə əməkdaşlıq etmək istəmir. Ermənistan işğalçılıqdan başqa, faşist ideologiyasına meylli olan dövlətdir. Bu, artıq dünya birliyinə də bəllidir. Ölkə başçısı müsahibəsində bu məqamı da xatırlatdı. Hazırda Ermənistanda faşizm ideologiyası­nın üstünlük təşkil etdiyini bildirən Prezident İlham Əliyev bir daha vurğuladı ki, rejim dəyişə bilər, amma bu ölkənin faşist ideologiyası dəyişməz olaraq qalır və ideologiya­nın hədəfində bizik, eləcə də onların Azərbaycanafob siyasəti bu gün də özünü büruzə verdi. Hazırda işğalçı ölkənin daxilində demokratiyanın, insan haqlarının pozulması halları geniş vüsət alıb. Ancaq ikili standart mərəzi Avropa təşkilatlarının gözlərini bağlayıb. Möhtərəm Prezidentimiz də bütün bunlara göz yumulmasına münasibət bildirərək qeyd etdi ki, bunun əsas səbəbi erməni lobbi­si və onun maliyyə vəsaitidir və erməni lobbisi Ermənistanı bütün təşkilatlarda müdafiə edir: “Mən bunu şəxsən Avropa Şurası Parla­ment Assambleyasında Azərbaycan nümayəndə heyətinin başçısı kimi görmüşəm. Yəni, Ermənistan tamamilə tənqiddən kənarda idi. O vaxt ermənipərəst deputatlar və əslən Avropa ölkələrindən olan varlı ermənilər bütün imkanlardan, öz maliyyə imkanlarından istifadə edib Ermənistanı bütün tənqidlərdən qoruyurdular”.

Ermənistanda insan haqlarının və demokratiyanın pozulması bu gü­nün işi deyil və bu ölkədə heç vaxt demokratiya olmayıb. Müsahibədə qeyd edildiyi kimi, Xocalı soyqırı­mını törədən faşistlər demokratik ola bilməz, eləcə də başqasının torpağına göz dikən, bir milyon insanı evsiz-eşiksiz qoyan ölkə demokrat ola bilməz. Dövlət başçısı qeyd etdi ki, bir milyon Azərbaycan vətəndaşının və Ermənistanda ya­şayan azərbaycanlıların elementar insan haqlarını pozmasına bax­mayaraq, ermənilərə himayədarlıq edənlər, ilk növbədə, erməni lobbisi, onun pulları, ondan sonra Ermənistan hökumətinin Avropa­da çirkin lobbiçilik fəaliyyəti onları həmişə bu tənqiddən qoruyurdu.

Əslində, bunu lobbiçilik fəaliyyəti kimi deyil, sadəcə, korrupsiya fəaliyyəti kimi dəyərləndirən Prezi­dent İlham Əliyev vurğuladı ki, bu fəaliyyət Avropada geniş araşdı­rılmalıdır. Bəzi siyasi xadimlərin, deputatların, bir sıra Avropa ölkələrinin hökumət üzvlərinin Ermənistana xüsusi münasibət bəsləmələri barədə məlumatlar var. Çünki dünyada hələ də ikili stan­dartlar mövcuddur. Elə adamlar var ki, Dağlıq Qarabağa yüzlərlə səfər edib. Bunun arxasında nələr dayan­dığı hamıya bəllidir.

Ona görə Avropanın hüquq-mühafizə orqanları bu məsələni, Ermənistan hökumətinin Avropada korrupsiyanın yayılmasına verdiyi “töhfəni”, əlbəttə ki, Ermənistanın riyakar siyasətini araşdırsınlar. Çünki o, hər bir güc mərkəzinə o güc mərkəzinin eşitmək istədiyini deyir yalandan. O, bir neçə stulda oturmaq istəyir. Bu günə qədər buna müvəffəq olub. O, saxta tarixi, uydurulmuş, yüz il bundan əvvəl dırnaqarası hadisələri – soyqırımı istismar etmək istəyir. Özündən qurban, yazıq bir xalq düzəltmək istəyir. Halbuki, hər kəs yaxşı bilir ki, ermənilər bizə qarşı soyqırımı törətmişlər. Budur, əsas amillər”.

– Ermənistan tərəfi bütün vasitələrlə danışıqlar formatı­nı dəyişməyə cəhd edir. Sizcə, işğalçı ölkə bu niyyətini reallaşdı­ra bilərmi?

– Nikol Paşinyan Ermənistana rəhbərlik edən vaxtdan buna cəhd edir, ancaq heç nəyə nail ola bilmir. Bilməyəcək də. İşğalçı ölkə bəyan edir ki, Azərbaycan qondarma Dağlıq Qarabağın qondarma, saxta, “liderləri” ilə danışıqlar aparma­lıdır. Nikol Paşinyan “Qarabağ Ermənistandır” deməklə tamamilə danışıqların mahiyyətini yerə vurur. “Formatı dəyişmək lazımdır” – fikri danışıqları əhəmiyyətsiz edir. Beynəlxalq təşkilatların buna qəti cavab verməməsi Ermənistanı daha da azğınlaşdırır. Dövlətimizin başçısı müsahibəsində qəti ola­raq bildirdi ki, Azərbaycanın mövqeyində hər hansı bir dəyişiklik yoxdur, ola da bilməz. Çünki biz həm tarixi ədalətə, eyni zamanda, beynəlxalq hüquqa əsaslanırıq və ona görə mövqeyimizdə hər hansı bir dəyişiklik mümkün deyil, münaqişə ancaq ölkəmizin ərazi bütövlü­yü çərçivəsində həll olunmalıdır. Ölkə başçısı qətiyyətlə dedi ki, heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək, işğal edilmiş bütün tor­paqlar işğalçılardan azad edilməlidir, Azərbaycan vətəndaşları öz dədə-baba torpaqlarına qayıtmalıdırlar.

Müsahibəni qələmə aldı:Əliqismət BƏDƏLOV,“Xalq qəzeti”

8 2020 01:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Avqust 2020 | 03:39
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə