Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham Əliyevin təşəbbüsünün dünya dövlətləri tərəfindən dəstəklənməsi Azərbaycanın beynəlxalq nüfuzunun əyani təsdiqidir

Dünyada yeni virus infeksiyasının pandemiyaya çevrildiyi ilk vaxtlardan etibarən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu dəhşətli bəlaya qarşı strateji xarakter daşıyan mübarizəyə başlanıldı. Dövlətimizin başçısı müvafiq tibbi-profilaktik tədbirlər görülməsi, lazımi diaqnostik və müalicəvi ləvazimatların alınması üçün ciddi addımlar atdı, uyğun strukturlara sərhədlərin bağlanılması, xaricdə yaşayan vətəndaşlarımızın ölkəyə gətirilərək, karantin rejimində saxlanılması kimi mühüm tapşırıqlar verdi. Bütün bunlarla bərabər respublikamızda pandemiya və qlobal böhran təhdidlərinə çevik reaksiya verilərək, COVID-19- un iqtisadiyyata təsirlərinin minimuma endirilməsi, zərərçəkmiş sahibkarlara və muzdlu işçilərə maliyyə dəstəyinin göstərilməsi, iş yerlərinin qorunması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə təsirli tədbirlərin gerçəkləşdirilməsinə başlanıldı.

Bu dövrdə koronavirusla mübarizənin kompleks və bir mərkəzdən idarə edilməsi məqsədi ilə Baş Nazirin rəhbərliyi ilə operativ qərargah və Koronavirusla mübarizəyə dəstək Fondu yaradıldı. Ölkənin ən yaxşı otellərində karantin şəraitində olan xaricdən təxliyə olunan vətəndaşlarımız tam dövlət hesabına saxlanıldı. “Yeni Klinika” da daxil olmaqla müxtəlif bölgələri əhatə edən 20-dən artıq klinika koranoviruslu xəstələrin müalicəsinə yönəldildi. Qısa müddətdə respublikada dezinfeksiyaedici vasitələr və tibbi maska istehsalına başlanıldı. Eyni zamanda, ölkə rəhbəri tərəfindən koronavirus infeksiyasina tutulan xəstələrin ixtisaslı müalicəsi üçün 6-sı dövlət, 4-ü özəl olmaqla10 yeni xəstəxananın tikilməsinə qərar verildi və bu məqsədlə, 14,8 milyon manat, tibb avadanlığının alınması üçün isə 97 milyon manat ayrılması barədə sərancam imzalandı.

Ölkə Prezidenti Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalda yaradılan şəraitlə tanışlıqdan sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına verdiyi müsahibədə respublikamızda koronavirusla mübarizə tədbirləri ilə bağlı deyib: “Pandemiyanın yayıldığı ilk günlərdən bütün qabaqlayıcı tədbirlərin görülməsi ilə vəziyyəti nəzarətdə saxlaya bildik və bu gün də vəziyyət nəzarət altındadır. Baxmayaraq ki, hazırda gündə, təqribən, 500 yeni xəstə qeydə alınır, yəni, yoluxmanın tempi yüksəkdir, ancaq vəziyyət nəzarət altındadır. Əlbəttə, biz pandemiyanın ilk günlərindən çox önəmli addımlar atdıq. Fevral ayında bizim cəmi altı laboratoriyamız var idi. Hazırda bu laboratoriyaların sayı 29-a çatıb və 15 yeni laboratoriya sifariş edilib, yoldadır, gələcək və laboratoriyaların sayı 44-ə çatacaqdır. Bu, bizə imkan verəcək ki, daha çox test aparaq. Onu da bildirməliyəm ki, bu günə qədər 500 mindən çox test aparılıb və adambaşına düşən testlərin sayına görə Azərbaycan dünyada təqribən 40-cı yerdədir”.

Dövlətimizin başçısı daha sonra pandemiyaya qarşı mübarizə dövründə məhdudlaşdırıcı tədbirlərin vəziyyətə uyğun həyata keçirildiyini, bu zaman əsas məqsədin insanların sağlamlığını, həyatını qorumaq olduğunu bildirib.

Burada bir məsələni də xüsusi vurğulamaq istərdim. Dünyada COVID-19 pandemiyasına qarşı mübarizə aparılan ilk vaxtlardan etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə bu dəhşətli virusun aradan qaldırılması üçün beynəlxalq həmrəyliyin gücləndirilməsinə yönələn zəruri təşəbbüslər irəli sürülməyə və əməli addımlar atılmağa başlanıb. Bu məqsədlə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri statusunda dövlətimizin başçısının təşəbbüsü ilə bu təşkilatın ilk beynəlxalq qurum olaraq dövlət və hökumət başçıları səviyyəsində aprel ayında COVID-19-a qarşı mübarizə mövzusunda fövqəladə zirvə görüşü keçirilib.

Yeri gəlmişkən, 40-dan çox üzv ölkənin dövlət və hökumət başçılarının, həmçinin aparıcı beynəlxalq təşkilatların rəhbərlərinin Prezident İlham Əliyevin təşəbbüsünə dəstək verməsi və onların zirvə görüşündə iştirakları, eyni zamanda, respublikamızın və onun liderinin nüfuzunun nə qədər yüksək olduğunu bir daha göstərdi. Həmçinin bu beynəlxalq tədbirin gerçəkləşməsi ilə bütün dünyada Azərbaycanın koronavirus pandemiyasına qarşı mübarizədə fəal rol oynaması təsdiqini tapdı. Eyni zamanda, ölkəmizdə pandemiyaya qarşı aparılan mübarizəyə bilavasitə Prezident İlham Əliyevin şəxsən nəzarət etməsi, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu prosesə əvəzsiz dəstək verməsi nümayiş olundu.

Bunun ardınca Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə Hərəkatın Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü təşkil edildi. İstər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fövqəladə Zirvə görüşü, istərsə də Qoşulmama Hərəkatının videokonfransı dünya miqyasında ölkəmizin qlobal səviyyədə beynəlxalq həmrəyliyin daha da möhkəmləndirilməsinə əhəmiyyətli töhfəsi kimi dəyərləndirildi.

Azərbaycan Prezidenti İlham Əliyevin pandemiyaya qarşı mübarizə çərçivəsində tədbirlərin görülməsi məqsədilə hazırda rəhbərlik etdiyi Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT-nin Baş katibi Antonio Quterreşə müraciət etməsi beynəlxalq aləmdə olduqca yüksək qiymətləndirilən bir təşəbbüsə çevrilib. Təsadüfi deyil ki, BMT-nin 130-dan çox üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsü dəstəklənib.

Yuxarıdakı fikri bir qədər də konkretləşdirib qeyd edim ki, müvafiq qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi (97 ölkə) müvafiq təşəbbüsə dəstək verdiyi təqdirdə, xüsusi sessiya təşkil oluna bilər. Artıq vurğuladığım kimi, 130-dan çox ölkənin təşəbbüsə dəstək nümayiş etdirməsi barədə Baş katibin ofisi məlumat yayıb. Xatırladım ki, bu təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir.

BMT-nin 130-dan çox üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisi kimi dəyərləndirilir. Bunu təsdiqləyən digər bir tarixi hadisəyə də diqqət yetirməyi zəruri bilirəm. Belə ki, 2011-ci il oktyabrın 24-də Azərbaycan 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə BMT-yə üzv olan 193 dövlətdən 155-nin dəstəyi ilə inamlı qələbə qazanaraq, bu nüfuzlu beynəlxalq təşkilatın Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunub.

Əlbəttə, Azərbaycanın diplomatiya tarixində belə bir uğura imza atması son illər ərzində sabit inkişaf edən, yüksək iqtisadi göstəricilərə nail olan və beynəlxalq siyasətdəki fəaliyyəti ilə dünya ictimaiyyətinin rəğbətini qazanan dövlət kimi tanınmasının parlaq ifadəsi idi.

Ölkə rəhbəri yuxarıda qeyd edilən müsahibəsində BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün məqsədi barədə də fikirlərini bildirib. Dövlətimizin başçısı bu barədə deyib: “Biz bu təşəbbüsü irəli sürəndə bir məqsədi güdürdük ki, artıq dünya miqyasında səylərimizi birləşdirək. Bu təşəbbüslə əlaqədar bizim konkret təkliflərimiz də olacaqdır. Çünki türk dünyasında biz bunu keçirdik, 120 ölkəni əhatə edən Qoşulmama Hərəkatı çərçivəsində keçirdik. İndi biz dünya miqyasında bunu keçirmək istəyirik ki, burada vahid bir yanaşma tətbiq olunsun, ölkələr özlərinə qapanmasın, inkişaf etmiş ölkələr ağır vəziyyətdə olan ölkələrə kömək göstərsinlər. Biz bunu görmürük. İndi biz görürük, kim kimə kömək göstərir. Peyvənd icad olunandan sonra bu peyvəndi pulla ala bilməyən ölkələrə bu, pulsuz verilsin. Burada donor təşkilatlar, iri biznes qurumları öz sözünü desin. Yəni, biz bu təklifləri buna görə, həm də həmrəyliyi nümayiş etdirmək üçün veririk...”.

Azərbaycan Prezidenti İlham Əliyev müsahibəsində BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təşəbbüsün yüksək səviyyədə dəstəklənməsi ilə bağlı fikirlərini də diqqətə çatdırıb. Bildirib ki, bizə təşəbbüsün reallaşması üçün 97 səs lazım idi. Lakin bu rəqəmdən daha yüksək–130-dan çox ölkənin səsi əldə edildi. Burada iki əsas amil öz rolunu göstərdi – bu mövzunun aktuallığı və beynəlxalq müstəvidə Azərbaycana olan dəstək və rəğbət. Azərbaycan bu rəğbəti uzun illər ardıcıl fəaliyyət hesabına, prinsipial, müstəqil siyasətimiz sayəsində qazanıb.

Yuxarıda qeyd edilənləri yekunlaşdırıb deyə bilərəm ki, Azərbaycanın apardığı müstəqil siyasətə heç bir kənar qüvvə təsir edə bilməz. Müxtəlif məqamlarda bunun dəfələrlə şahidi olmuşuq. Ona görə bu gün Azərbaycana olan rəğbət, doğrudan da, ən yüksək səviyyədədir. Azərbaycan doqquz il bundan əvvəl 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilib. Dövlətimizin başçısı cənab İlham Əliyevin sözləri ilə desək, o vaxt bizdən əvvəl Ermənistan namizədliyini vermişdi: “Ancaq görəndə ki, biz namizədliyimizi irəli sürdük, Azərbaycanın qarşısında aciz olduqlarını başa düşüb namizədliklərini sakitcə geri götürdülər – yəni, o diplomatik döyüş arenasından qaçdılar. Ondan beş il sonra döyüş meydanından da qaçdılar və beləliklə, Azərbaycan işğal edilmiş torpaqların bir hissəsini işğalçılardan azad etdi. Ona görə bu, 10 ildən sonra yenidən bizə verilən böyük beynəlxalq dəstəkdir. Mən öz ölkəmizi heç kimlə müqayisə etmək istəmirəm. Amma hesab etmirəm ki, bir çox ölkələr BMT-də bu qədər dəstək qazana bilər. Bu, yenə də bizim dürüstlüyümüzün, sözümüzə əməl etməyimizin nəticəsidir. Mən dəfələrlə demişəm, bizim sözümüz imzamız qədər təsirlidir və bunun təsiri eynidir. Biz sözümüzü tutan ölkəyik”.

Sonda diqqəti xüsusi önəm daşıyan bir cəhətə də yönəltmək istərdim. Belə ki, Prezident İlham Əliyevin yeni təklifini dəstəkləyən ölkələr tərəfindən BMT Baş katibinə ünvanlanan məktublarda dövlətimizin başçısının Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında irəli sürülən və çox böyük ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır. Eyni zamanda, belə bir ideyanın gerçəkləşməsi COVID-19-a qarşı mübarizədə yeni metod və üsulların tapılması ilə əlaqədar səyləri birləşdirməklə problemin mümkün həlli istiqamətlərinə də öz töhfəsini verə biləcəyi əminliyini ifadə edir. Çünki bu gün beynəlxalq aləmin, o cümlədən, ölkəmizin tezliklə bu təhlükəli virusa qarşı effektiv bir vasitənin tapılmasına ehtiyacı var. Ona görə də dövlətimizin başçısının belə bir təşəbbüsü dünya dövlətləri ilə bərabər, cəmiyyətimiz tərəfindən də olduqca yüksək qiymətləndirilir.

Qasım ABDULLAYEV, Əməkdar mühəndis, texnika elmləri doktoru

8 2020 01:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Avqust 2020 | 03:39
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə