Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı və ətraf ərazilərdə 39 COVID məntəqəsi fəaliyyət göstərir

Ölkədə pandemiyaya qarşı mübarizə tədbirləri nə qədər hərtərəfli aparılsa da, bəzi vətəndaşlar özündə virus olduğunu düşünərək xəstəxana, poliklinika və digər tibb müəssisələrinə müraciət edir, bəziləri isə, ümumiyyətlə, bu simptomları hiss etsə də, gizlədir, tibb müəssisəsinə məlumat vermir. Nəticədə, ölkədə virusa yoluxma halları artmaqda davam edir. İyun ayının 24-də 590 yoluxma qeydə alınmışdı və bu günə qədər bu rəqəm 500-dən aşağı düşmür Vətəndaşlar bilməlidirlər ki, evdə və ya iş yerində özündə virus simptomları aşkar edən şəxs bu vaxta qədər təcili tibbi yardım briqadasına müraciət edirdisə, hazırda bu qaydalar dəyişilib.

Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov məsələ ilə bağlı bildirib ki, artıq özündə COVID–19 xəstəliyinin əlamətlərini görən insanların poliklinikaya getməsinə ehtiyac yoxdur. Çünki bu zaman onlar digər şəxsləri də yoluxdura bilərlər. Bundan sonra belə şəxslər poliklinika ilə əlaqə saxlayacaq, məlumat verəcəklər. On­dan sonra təcili yardım deyil, ilkin səhiyyə xidməti çərçivəsində bri­qadalar həmin şəxsin evinə gələrək analizlər götürəcəklər. Testin nəticəsi çıxana qədər ona təlimat veriləcək. Testin nəticəsi müsbət çıxarsa, sahə həkiminin nəzarəti altında onun müalicəsi evdə aparılacaq. Əgər vəziyyətdə dəyişiklik olacaqsa, bu barədə müvafiq qurumlara məlumat verildikdən sonra xəstə pandemik xəstəxanaların birinə çatdırılacaq.

O, həmçinin qeyd edib ki, Bakı­da və ətraf ərazilərdəki poliklinika­ların əsasında 39 COVID məntəqəsi yaradılıb. Özündə koronavirus əlamətlərini hiss edən şəxslər barədə məlumatlar bu məntəqələrə çatdırılacaq.

Belə məntəqələrdən biri də Sabunçu rayonundakı 22 saylı şəhər poliklinikasının nəzdində yaradılıb. Poliklinikanın baş həkimi Aydın Əhmədov deyir ki, COVID məntəqəsinin əsas binadan bir qədər kənarda təşkil edilməsinin əsas səbəbi viruslu xəstələrin digər pasiyentlərlə təmasına imkan verməməkdir. Məntəqədə müraciət edənlərin müayinələri aparılacaq, vəziyyətinə uyğun olaraq test götürüləcək. Bu insanlar daha sonra xüsusi nəqliyyat vasitəsi ilə evinə aparılacaq.

Ev şəraitində müalicə olu­nan COVID–19 xəstələrinin nəzarətdə saxlanılması Nazirlər Kabinetinin 12 iyun tarixli qərarına edilən dəyişikliklə tənzimlənir. Bu xəstələrin evi tərk etməməsi məqsədilə akt imzalanır. Bu cür xəstələrin vəziyyətinə sahə həkimləri telefonla nəzarət edirlər. Ehtiyac olarsa, həkimlər evə gələrək xəstəyə baxış keçirəcək və vəziyyəti qiymətləndirəcəklər.

Baş həkim, həmçinin bildirdi ki, hər gün Bakı Şəhər Baş Səhiyyə İdarəsi və İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə videogö­rüntülü əlaqə saxlanır, məlumatlar verilir. İdarənin rəisi Nelli Veysova gördüyümüz işlərlə maraqlanır və tövsiyələrini verir. Səhiyyə Nazirliyi tərəfindən ehtiyac duyulan hər cür ləvazimatla təmin edilmişik. Onu da qeyd etməliyəm ki, evdə müalicə olunan COVID–19 xəstələrinə dərmanların poliklinikalar vasitəsilə çatdırılmasına başlanılıb. Əgər şəxsin COVID–19-a yoluxma faktı təsdiqlənibsə və qeydiyyata alınıbsa, bu dərmanlar ona mütləq çatdırılacaq. Ev şəraitində müalicə edilənlər COVID–19-a yoluxan, ancaq simptomsuz olan və yün­gül əlamətləri, toksik dərmanlarla müalicəyə ehtiyacı olmayan xəstələrdir. Onlar immun sistemini gücləndirən yüngül dərmanlarla, əsasən vitaminlərlə müalicə edilirlər.

Aydın Əhmədov sonda bildirdi ki, cənab Prezident iyulun 6-da koronaviruslu xəstələrin müalicəsi üçün Bakının Xətai rayonunda modul tipli hospitalın açılışında da bu vacib məsələyə toxunaraq dedi: “Bilirsiniz ki, biz pandemiya dövründə adətən karantin rejimini bir, ya iki həftə ərzində elan edirdik. Vəziyyəti təhlil edərkən, nəzarət mexanizmlərini gücləndirərkən baxırdıq ki, bu sərtləşdirilmiş tədbirlər nəyə gətirib çıxarır. Deyə bilərəm ki, bir müddət bundan əvvəl yoluxanların sürətlə artan sayı indi sabitləşib. Son bir neçə gün ərzində, dediyim kimi, artıq 500 ətrafında yeni yoluxan insan var. Ancaq biz hələ müsbət dinamikaya çıxmamı­şıq. Bu günə qədər xəstələnənlərin sayı sağalanların sayından çoxdur və bu mənfi dinamika, qeyd etdiyim kimi, bizim səhiyyə sistemimizə də əlavə yükdür. Ona görə indiki rejim nə qədər davam edəcək və bu rejim daha da sərtləşəcək, yoxsa yum­şalacaq, yaxın gələcəkdə biz bunu görəcəyik. Yenə də demək istəyirəm ki, ilk gündən bu günə qədər burada dövlət tərəfindən bütün lazımi ad­dımlar atılıbdır. Xəstəliyin yayılma­sının başlıca səbəbi bəzi insanların məsuliyyətsizliyidir. Onlar sadə qaydaları gözləmirlər, bunlara əməl etmirlər. Ona görə biz məcbur olub cərimələri artırdıq”.

Dövlət tərəfindən pandemiyaya qarşı aparılan mübarizədə hamı həmrəy olmalıdır. Cərimələnməmək üçün qaydalara əməl olunmalıdır. Özündə virus təsdiqlənən, evdə müalicə alanların evdən çıxmaları neçə nəfərin yoluxması deməkdir. Buna görə hər kəs özünü, bununla da cəmiyyəti qorumalıdır. Bizdə xa­rici ölkələrdən fərqli olaraq korona­viruslu xəstələrin istər xəstəxanada, istərsə də evdə müalicəsi dövlət hesabına aparılır. Bunu hər birimiz vətəndaş olaraq dəyərləndirməliyik. Özümüzü qorumaqla dövlətə olan münasibətimizi bildirməliyik.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

8 2020 01:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Avqust 2020 | 03:39
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə