Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq reytinq təşkilatları Azərbaycanda iqtisadi islahatların nəticələrini yüksək qiymətləndirir

Azərbaycanda son 17 ildə iqtisadi sahədə mühüm layihələr icra olunub, bunun nəticəsində böyük uğur­lar əldə edilib. Ötən müddətdə ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı irimiqyaslı layihələr həyata keçirilib, bu sahəyə böyük həcmli dövlət investi­siyaları yönəldilib. Başqa sözlə, avtomobil yollarının və dəmir yolu xətlərinin, xüsusilə Gürcüstan, Rusiya və İran istiqamətində ölkə ərazisindən keçən magistral yolların beynəlxalq standartlar əsasında yenidən qurulması, Bakı­da, habelə regionlarda beynəlxalq hava limanlarının, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində gerçəkləşdirilən layihələr Azərbaycanın nəqliyyat infrast­rukturunun inkişafında əhəmiyyətli rol oynamaqla yanaşı, ölkəmizin tranzit potensialını daha da gücləndirib.

Əfqanıstan Prezidentinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev, Əfqanıstan Prezi­denti Məhəmməd Əşrəf Qani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun videokonfrans vasitəsilə görüşündə dövlətimizin başçısı yuxarıdakı uğurlarla bərabər, beynəlxalq reytinq təşkilatlarının qiymətləndirdikləri fikirləri də diqqətə çatdırıb. Dövlətimizin başçısı bildi­rib ki, Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında yolların keyfiyyətinə görə, Azərbaycan dünyada 27-ci yerdə qərarlaşıb. Respublikamız­da 6 beynəlxalq hava limanı tikilib. Hava nəqliyyatının səmərəliliyinə görə Azərbaycan dünyada 12-cidir.

Ölkə rəhbəri çıxışında digər görülən işlərə də toxunaraq, respublika daxilində dəmir yolu infrastruktu­runun sürətlə yeniləndiyini, Davos İqtisadi Forumunun son hesabatında dəmir yollarının səmərəliliyinə görə, Azərbaycanın dünyada 11-ci yerdə qərarlaşdığını, bütövlükdə həmin hesabatda nəqliyyat infrastrukturunun səviyyəsinə görə ölkəmizin dünya­da 34-cü yerdə dayandığını diqqətə çatdırıb.

Birləşmiş Millətlər Təşkilatının və “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin məlumatlarında bildirilir ki, Azərbaycan artıq iqti­sadi cəhətdən azad ölkədir. Respub­likada əlverişli biznes, investisiya mühiti mövcuddur. Eyni zamanda, hökumət vergi gəlirlərində və kapital xərclərində, habelə milli valyutanın məzənnəsi ilə bağlı təsirli nizamlayıcı addımlar atmaqla mövcud valyuta ehtiyatlarının azalmasının qarşısını alır. Bu isə liberal iqtisadi islahatların, düşünülən, elmi əsaslara malik inkişaf konsepsiyasının həyata keçirilməsi, siyasi iradə nəticəsində mümkün olub və Azərbaycan dövlətinin dünyanın in­kişaf etmiş ölkələri səviyyəsinə çatmaq əzmindən xəbər verir.

“S&P Global Ratings” Azərbaycan manatının məzənnəsi ilə bağlı da proq­noz verib. Belə ki, agentlik növbəti dörd ildə Azərbaycan manatının məzənnəsinin ABŞ dollarına nisbətdə sabit 1,7 səviyyəsində olacağını proq­nozlaşdırır. Beynəlxalq reytinq agentli­yi hazırda manatın məzənnəsinin dövri fiksasiya ilə çevik məzənnə rejimi kimi təsvir edir. Agentliyin hesab­lamasına görə, neftə olan qiymətlər gözləniləndən aşağı ensə, Azərbaycan Mərkəzi Bankı manatın məzənnəsini operativ şəkildə tənzimləyəcək.

“S&P Global Ratings” agentliyi Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının 2024-cü ilə qədər 20,2 faiz artaraq 7,521 milyard ABŞ dolları­na çatacağını da proqnozlaşdırır.

Agentliyin hesabatında Azərbaycanda bu il ÜDM-in artım tempinin 1,7 faiz, 2021-ci ildə isə 3,2 faiz səviyyəsində olacağı bildirilir. Eyni zamanda, 2022-2023-cü illərdə iqtisadı artımın 2,2 faiz səviyyəsində olacağı gözlənilir.

“S&P Global Ratings” agentliyinin məlumatında, həmçinin vurğulanır ki, 2020-ci ildə Azərbaycan iqtisadiyya­tına yatırılan investisiyalar ÜDM-in 19,6 faizini, 2021-ci ildə 18,7 faizini, 2022-ci ildə 18,4 faizini, 2023-cü ildə isə 18,2 faizini təşkil edəcək.

Agentlik sözügedən dövrdə ölkənin dövlət borcunun nisbətən aşağı səviyyədə olacağını da diqqətə çatdırıb. Şübhəsiz ki, belə bir proqnoz respublikada reallaşdırılan islahatlara əsaslanılaraq hazırlanıb.

“Moody`s” beynəlxalq reytinq agentliyinin son hesabatında da Azərbaycanda iqtisadi dayanıq­lılıqla bağlı təhlilləri müsbətdir. COVID-19 pandemiyasının əhatə dairəsinin genişlənməsinə, bununla bağlı neft və təbii qazın dünya bazar qiymətlərində son 3 ay ərzində nəzərə çarpan mərhələli enişlər baş verdiyinə baxmayaraq, bu çərçivədə reytinq agentliyinin ölkəmizin xarici şoklara davamlılığının hazırkı dövrdə təminatlı qiymətləndirməsi müsbət amildir.

Adı çəkilən reytinq agentliyi tərəfindən Azərbaycanda makroiqti­sadi dayanıqlılığın əsas qarantı kimi ölkəmizin valyuta rezervləri göstərilir ki, bu da Beynəlxalq Valyuta Fondunun metodoloji təlimatına görə, Neft Fondu və Mərkəzi Bankda yığılan ehtiyatlar­dır. Makroiqtisadi şoklar çərçivəsində toplanan və idarəolunan ehtiyatlar isə enerji qiymətlərinin enməsi fonunda məzənnə və fiskal siyasətin dayanıqlı­lığının və sabitliyinin qorunması üçün yeganə zəmindir. Bundan əlavə, neft-qaz gəlirləri hesabına formalaşan ehti­yatların dövlət borcunu üstələməsi və ödənməli borcların bağlanması, habelə büdcə defisitini kompensasiya etmə kimi rahatlıq, əminlik və inam forma­laşdırması makroiqtisadi dayanıqlılıq üçün əlavə zəmanət rolunu oynayır.

Başqa bir maraqlı məqama da to­xunmaq istərdik. Pandemiya şəraitində dünya ölkələrinin iqtisadiyyatında cid­di geriləmələr nəzərə çarpır. Bununla bağlı Beynəlxalq Valyuta Fondunun (BVF) Orta Şərq və Mərkəzi Asiya regionu üzrə verdiyi yeni proqno­za əsasən, bu il sözügedən region ölkələrinin Ümumi Daxili Məhsulu (ÜDM) 2,8 faiz azalacaq.

BVF-nin “World Economic Out­look” hesabatında daha sonra bildirilir ki, regionun təkcə neft ixrac edən ölkələrinin iqtisadiyyatları ortala­ma 3,9 faiz kiçiləcək. ÜDM-nin ən kəskin azalması isə İran və Əlcəzairdə gözlənilir. BVF-nin proqnozuna görə, kiçilmə müvafiq olaraq 6 faiz və 5,2 faiz səviyyəsində olacaq.

Hesabatda, həmçinin vurğulanır ki, Orta Şərq və Mərkəzi Asiya regionu­nun neft ixracatçıları sırasında ÜDM-i ən az təsirlənən Küveyt, Azərbaycan və Türkmənistan olacaq. BVF-nin proqnozuna görə, cari il Küveyt və Azərbaycanın iqtisadiyyatı müvafiq olaraq 1,1 faiz və 2,2 faiz azalacaq, Türkmənistan iqtisadiyyatı isə 1,8 faiz artacaq.

Azərbaycanın adı şəkilən region ölkələri arasında pandemiyadan ən az itkilərlə çıxacağının proqnoz­laşdırılması təsadüfi deyil. Milli Məclisin deputatı Vüqar Bayramovun bildirdiyinə görə, koronavirus prak­tik olaraq qlobal iqtisadiyyatda şok effekti yaradan bir pandemiyadır. İlkin qiymətləndirmələrə görə, onun qlobal iqtisadiyyata mənfi təsirləri 3 trilyon dollardan çoxdur. Azərbaycanda da bu xəstəliyin iqtisadiyyatın fərqli sektor­larına təsiri özünü göstərir. Buna görə Azərbaycan pandemiyaya çevik reak­siya verir və koronavirusun təsirlərini minimumlaşdırmaqla bağlı operativ tədbirlər həyata keçirir.

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi isə Azərbaycanda sığorta sektorunun dinamik inkişaf etdiyini bildirib. Agentlik, həmçinin ölkənin sığorta sektorunda tənzimləyici və nəzarətedici rejimin gücləndiyini, bununla belə şəffaflıq və hüquqi tətbiqetmənin səmərəliliyinin artırılma­sının zəruriliyini də diqqətə çatdırıb.

V.BAYRAMOV, “Xalq qəzeti”

8 2020 01:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Avqust 2020 | 03:39
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə